Məhkəmə qərarları › İş №2(059)-158/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-158/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-158/2021 19.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsindən, eləcə də ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsini, eləcə də üzərində yerləşməklə, ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evini xx xxxx 2018ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 48000 manata almış, habelə satıcı tərəfdən bu müqaviləni sonuncunun adından etibarnamə əsasında çıxış edən nümayəndəsi Cavabdeh2 imzalamışdır. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə torpaq sahəsi və fərdi yaşayış evi dövlət reyestrindən onun adına qeydiyyatdan keçirilmişdir. Həmin vaxtdan kifayət qədər zaman keçməsinə, eləcə də edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər evdən, eləcə də torpaq sahəsindən çıxmır, oranı boşaltmırlar. Belə ki, cavabdeh tərəf hər dəfə bir bəhanə ilə onu aldadaraq yola verir. O, mülkiyyətçi olsa da, cavabdeh tərəfin bu qanunsuz hərəkətləri nəticəsində hal-hazıradək fərdi yaşayış evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Bundan başqa, o, Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki torpaq sahəsini və fərdi yaşayış evini alarkən oranı satmaq niyyəti olmuş, hətta cavabdeh tərəflə ev satılarkən sonuncuların dərhal oradan çıxmaları ilə bağlı razılaşmışlar. Eyni zamanda, o, cavabdeh tərəfə sonuncu dəfə 2020-ci ilin oktyabr ayında ona məxsus əmlakdan əşyaları ilə birgə çıxmaları ilə əlaqədar xəbərdarlıq etsə də, Cavabdeh1 ona hədə-qorxu gələrək, buna qəti etiraz etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş, xx xxxx 2018-ci il tarixdə 4Ə-1874 reyestr sayı ilə qeydə alınmış həmin tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 (Siyəzən rayon X1 xx xxx 2018-ci il tarixli, 1234 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən nümayəndəsi Cavabdeh2 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsini, eləcə də üzərində yerləşməklə, ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evini İddiaçı 48000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixdə verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsi, eləcə də onun üzərində yerləşən ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evi həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********18-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdeh tərəfə ona məxsus torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmaları, eləcə də həmin əmlakı ona təhvil vermələri ilə əlaqədar xəbərdarlıq etmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yenə bu Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Bu Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Cavabdeh1 (Siyəzən rayon X1 xx xxx 2018-ci il tarixli, 1234 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən nümayəndəsi Cavabdeh2 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsini, eləcə də üzərində yerləşməklə, ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evini xx xxxx 2018-ci il tarixdə İddiaçı 48000 manata satmış, qeyd edilən əmlak sonuncunun adına xx xxxxxx 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, İddiaçı məxsus həmin evin cavabdehlərə müvəqqəti yaşamaq üçün verilməsi məlum olmuşdur. İddiaçı mübahisəli torpaq sahəsindən və fərdi yaşayış evindən çıxması üçün cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncular bundan imtina etmişdir. Cavabdehlər mübahisəli fərdi yaşayış evində yaşasalar da, ora hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. Torpaq sahəsinin və fərdi yaşayış evinin satıldığı vaxtdan oranın keçmiş sakinləri (satıcılar) xeyli müddət keçməsinə baxmayaraq, daşınmaz əmlakı alıcıya vermək barədə alqı-satqı müqaviləsinin 8 və 11-ci bəndlərinə əsasən öhdəlik götürsələr də, öhdəlik yerinə yetirilməmişdir. Cavabdehlərin mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə hər hansı bir formada əmlak hüquqları olmasa da, İddiaçı həmin əmlaka yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsindən, eləcə də ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla, həmin torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Siyəzən şəhərinin H.Z. Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsindən, eləcə də ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla, həmin torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı təhvil verilsin. İddia üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar