Məhkəmə qərarları › İş №2(059)-16/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-16/2020

19.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-16/2020 19.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X11, cavabdeh, eləcə də digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1, cavabdeh X6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı “torpaq sahəsi və üzərindəki evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı “torpaq sahəsi və üzərindəki evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Siyəzən şəhəri, Gənclik qəsəbəsi, Musa Nağıyev küçəsində yerləşən 0,05 ha torpaq sahəsindən və onun üzərində tikilimiş evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X16 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən şəhəri, Gənclik qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi xx xxxxxxx 2011-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində iddiaçıya məxsus və sonuncunun şəxsi vəsaiti hesabına tikilmiş, yaşayışa tam hazır olmayan tikili vardır. Cavabdehlər iddiaçının uzaq qohumu X2 arvadı və sonuncunun valideynləridir. Cavabdeh3 ilə Orxan Rzayevin nikahı 2019-cu ilin fevral ayında pozulmuşdur. 2014-cü ildə iddiaçı özü Abşeron rayonunda yaşadığına görə uzaq qohumu Orxan Rzayevdən mübahisəli torpaq sahəsində onun üçün ev tikməsini xahiş etmişdir. Beləliklə, sözügedən tikili 2014-2016-cı illərdə inşa edilmiş, tikintiyə nəzarəti isə Orxan Rzayev həyata keçirmişdir. Mübahisəli tikili suvaqlı olmaqla, yaşayış üçün tam yararlı olmamış, hətta həmin vaxt tikilinin qaz, su, işıq xətti belə çəkilməmişdir. Daha sonra, yəni 2019-cu ilin may ayında Orxan Rzayev iddiaçıya zəng edərək üzrxahlıq etmiş, keçmiş arvadı Cavabdeh3 onun evinə qanunsuz olaraq girdiyini bildirmişdir. Bundan əlavə, iddiaçıya qohumu Orxanın bildirdiyinə görə, sonuncu 2017-ci ilin sentyabr ayında Şabran rayon sakini Cavabdeh3 ilə faktiki nikaha daxil olmaqla evlənmiş, xx xxx 2018-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmiş, həmin ilin sentyabr ayınadək evləndikləri vaxtdan Orxanın atasına məxsus Şabran rayonunun Vələsli kəndindəki evdə birlikdə yaşamış, xx xxxxxx 2019-cu il tarixdə isə rəsmi ayrılmışlar. Nikah pozulduqdan sonra, xx xxx 2019-cu il tarixdə cavabdehlər əşyaları ilə birlikdə iddiaçıya məxsus olan torpaq sahəsində sonuncunun vəsaiti hesabına inşa edilmiş tikilidə mülkiyyətçinin razılığı olmadan yerləşmişlər. Bu barədə iddiaçı polisə şikayət etsə də, heç bir nəticəsi olmamış, cavabdehlərin qanunsuz hərəkətlərinə görə iddiaçının artıq öz mülkiyyətində olan torpaq sahəsinə və onun üzərində olan tikiliyə hüquqları məhdudlaşdırılmışdır. Belə ki, İddiaçı öz evinə gedə, onun tikintisini yekunlaşdıra bilmir. Dəfələrlə cavabdehlərə müraciət edilsə də, sonuncular torpaq sahəsindən və tikilidən çıxmaq istəmirlər. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eləcə də digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2016-cı ilin iyul ayında qızı Qönçə X4 ilə nişanlanmış, həmin ilin avqust ayında isə mübahisəli tikilinin inşasına başlanılmışdır. Orxan Rzayev torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, özü isə peşəkar usta olduğu üçün 2016-cı ilin avqust ayında tikilini inşa etməyə başlamışdır. Həmin vaxt mübahisəli tikilinin təkcə bünövrəsi qazılaraq, beton tökülmüş, tikilinin hörgü işlərini təxminən 20-25 gün içərisində başa çatdırmış, bu işdə Orxanın atası Abdalıb və onun iki oğlu da kömək etmiş, üç otaq və sanitar qovşaqdan ibarət olan bu tikilinin hörgü işlərini tamamlamışdır. Mübahisəli tikilinin materiallarına cəmi 8000 manat pul xərclənmiş, bu pulun yarısını o, yarısını isə Orxan Rzayev vermiş, sonuncudan zəhmət haqqını da istəməmişdir. Qızı Qönçə ilə Orxan Rzayev 2017-ci ilin sentyabr ayında faktiki nikaha daxil olmaqla evlənmiş, xx xxx 2018-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmiş, evləndikləri vaxtdan həmin ilin sentyabr ayınadək Orxanın atası Abdalıba məxsus Şabran rayonunun Vələsli kəndindəki evdə birlikdə yaşamış, xx xxxxxx 2019-cu il tarixdə rəsmi ayrıldıqdan sonra, xx xxx 2019-cu il tarixdə qızı Qönçə ilə birlikdə mübahisəli tikilidə yerləşmişlər. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər cavabdeh X12 əri Cavabdeh1 izahatına uyğun, eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdeh tərəfin izahatlarını, eləcə də şahidlərin ifadələrini dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X22 ifadəsində göstərdi ki, cavabdehlər Cavabdeh1 keçmiş qaynatası, Sübhiyyə Qasımova keçmiş qaynanası, Cavabdeh3 isə keçmiş arvadıdır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi uzaq qohumu (bacısının ərinin bibisi oğlu) İddiaçı məxsus olmaqla, sonuncunu çoxdan tanıyır. Belə ki, o, əvvəllər də İddiaçı üçün iş görmüş, tikinti işlərinə nəzarət etmişdir. Odur ki, İddiaçı sözügedən tikilinin inşası işlərini aparmağı ona həvalə etmişdir. 2014-cü il tarixdə bu tikilinin bünövrəsi qoyulmuş, 2016-cı il tarixdə isə tikilini inşa edilməklə, dam örtüyü vurulmuşdur. Keçmiş qaynatası Cavabdeh1 və atası Abdalıb Rzayev bu tikilinin hörgü işlərini görmüş, cavabdehin oğlanları isə inşada iştirak etməmişlər. Bundan başqa, tikilinin dam örtüyü 2017-ci il tarixdə X17 tərəfindən vurulmuş, oranın bünövrəsini isə dayısı Nəbi Məmmədov qazmışdır. O, 2016-cı ilin iyul ayında Cavabdeh3 ilə nişanlanmış, 2017-ci ilin sentyabr ayında faktiki nikaha daxil olmaqla evlənmiş, xx xxx 2018-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmiş, evləndikləri vaxtdan həmin ilin sentyabr ayınadək atasına məxsus Şabran rayonunun Vələsli kəndindəki evdə birlikdə yaşamış, xx xxxxxx 2019-cu il tarixdə isə rəsmi ayrılmışlar. Bundan sonra, xx xxx 2019-cu il tarixdə Aysel adlı başqa bir qadınla əvvəlcə faktiki, xx xxxx 2019-cu il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Elə bu məqamda, yəni xx xxx 2019-cu il tarixdə onun yenidən evləndiyini eşidən Cavabdeh1 qızı Qönçəni hər hansı bir formada razılıq olmadan icazəsiz şəkildə bu tikilidə yerləşdirmiş, səbəb kimi isə guya tikilinin inşasına onun da xərc çəkməsini göstərmişdir. Lakin, onun dedikləri tamamilə yalandır. Mübahisəli tikili torpağın mülkiyyətçisi İddiaçı vəsaiti hesabına inşa edilmiş, oranın materiallarına iddiaçı tərəfindən 20 000 manat pul sərf olunmuş, Cavabdeh1 isə həmin vaxt yenicə qohum olduqlarına görə ondan zəhmət haqqı olaraq təxminən 200-300 manat pul almış, qalan pulu isə istəməmişdir. X3 ifadəsində göstərdi ki, 2016-cı ildə keçmiş qudası Cavabdeh1la birgə mübahisəli tikilini inşa etmiş, tikintidə sonuncunun oğulları iştirak etməmişlər. Mübahisəli tikili İddiaçı üçün sonuncunun vəsaiti hesabına inşa edilmiş, tikinti işlərinə isə oğlu Orxan nəzarət etmişdir. X7 ifadəsində göstərdi ki, Cavabdeh1 qonşu kəndin sakini kimi tanıyır. Sözügedən tikilinin dam örtüyünün inşasına xx xxxxxx 2016-cı il tarixdə başlamış, həmin ilin noyabr ayının 17-də isə tamamlamışdır. Dam örtüyünü Abdalıb Rzayev və sonuncunun qaynı Nəbi ilə birlikdə vurmuş, usta Cavabdeh1 oğlu Ülvü də qonşunun həyətindən şifer daşımaqla onlara kömək etmişdir. Dam örtüyünün vurulmasına görə 400 manat zəhmət haqqını Abdalıb Rzayev ona vermiş, Cavabdeh1 isə ona hər hansı məbləğdə pul verməmişdir. Həmçinin, Abdalıb Rzayev evi qohumu Rahib adlı şəxs üçün tikdiyini bildirmişdir. X8 ifadəsində göstərdi ki, Abdalıb Rzayev bacısının əridir. Torpaq sahəsi onun qızının qohumu Rahib adlı şəxsə məxsus olmaqla, sözügedən tikilinin bünövrəsini 2012- 2013-cü illərdə o, qoymuşdur. Tikilini qohumu Rahib üçün inşa etmiş, buna görə onlardan zəhmət haqqı almamışdır. Bundan sonra, səhhəti ilə əlaqədar evin hörgü işlərini o, deyil, başqa usta görmüş, həmçinin, evin qohumu Rahib üçün tikildiyini əvvəldən bilmişdir. Məhkəmə iclasında şahid X20 ifadəsində göstərdi ki, o, Cavabdeh1 oğludur. 2016-cı ilin avqust ayında mübahisəli tikilini inşa etmişlər. Bu tikilinin hörgü işlərində, həmçinin dam örtüyünün vurulmasında da o, iştirak etmişdir. Mübahisəli tikilinin hörgü işlərinə 2016cı ilin avqust ayında başlanmış, sentyabr ayında isə tamamlanmışdır. O, tikinti işlərində cəmi bir həftə iştirak etmiş, bundan sonra, 2017-ci ilin sentyabr ayında bacısı Cavabdeh3 ilə Orxan Rzayevin toyu olmuşdur. Tikili bacısı Cavabdeh3 üçün inşa edildiyindən, gördüyü işlərin müqabilində zəhmət haqqı almamışdır. Mübahisəli tikilinin inşasına təxminən 10 000 manat pul xərclənmiş, atası Cavabdeh1 bu pulun yarısını, yəni 5000 manatını tikinti işlərinə nəzarət edən bacısı Qönçənin keçmiş əri Orxan Rzayevə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı Siyəzən şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin mülkiyyətçisidir. İşdə olan Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2019-cu il tarixli, 2(031)-236/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 ilə X22 arasında Şabran rayon qeydiyyat şöbəsində xx xxx 2018-ci il tarixdə bağlanmış 70 saylı nikahın pozulması, həmçinin Orxan Rzayevdən xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, ayda 130 manat məbləğində alimentin tutulub xx xxxx 2018-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh3 verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Siyəzən rayonu Siyəzən bələdiyyəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş 763 A saylı arayışdan görünür ki, Qasımov X10 şəhəri, M.Nağıyev küçəsindəki ona məxsus birmərtəbəli fərdi yaşayış evində yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2019-cu il tarixli, **********87 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 20631 saylı rəyindən görünür ki, mübahisə predmeti olmaqla, cavabdehlərin faktiki istifadəsindəki torpaq sahəsinin 0,04 ha hissəsinin xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü təsbit edilməklə, yanaşı cavabdehlərin hazırda faktiki yaşadıqları mübahisə predmeti olan tikilinin 86 kv.m hissəsinin iddiaçının mülkiyyətindəki 0,05 ha torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, **********57 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2960 saylı rəyindən görünür ki, mübahisə predmeti olmaqla, xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış **********83 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0,05 ha torpaq sahəsinin 292 kv.m hissəsinin və cavabdehlərin faktiki istifadəsində olan tikilinin 38 kv.m hissəsinin 6kV-lıq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmiş, həmçinin, mübahisə predmeti olmaqla, cavabdehlərin faktiki istifadəsindəki torpaq sahəsinin 0,04 ha hissəsinin xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış **********83 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü təkrarən müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri cəmi 108,20 manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 10 (on) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləni 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə, Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin İ və İİ hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Bu Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Bu Məcəllənin 84-cü maddəsinin İ və İİİ hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Bu məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd olunan Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Bu Məcəllənin 166.3-cü maddəsinə əsasən isə yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. xx xxxxxx 2010-cu il tarixdə dərc edilmiş, V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx xxxxx 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövürdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüququları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir . Beləliklə məhkəmə iclasında tədqiq edilmiş mötəbər sənəd və sübutlarla müəyyən edildi ki, Siyəzən şəhərinin Musa Nağıyev küçəsində yerləşən mübahisəli 0,05 ha torpaq sahəsi xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmış, habelə bu torpaq sahəsinin üzərində 2014-2016-cı illər ərzində cavabdehlərin faktiki yaşadıqları mübahisəli tikili inşa edilmiş, tikili suvaqlı olmaqla, yaşayış üçün tam yararlı olmamış, hətta həmin vaxt evin qaz, su, işıq xətti belə çəkilməmiş, tikintiyə nəzarəti isə İddiaçı uzaq qohumu Orxan Rzayev həyata keçirmiş, həmçinin sonuncu 2016-cı ilin iyul ayında Cavabdeh3 ilə nişanlanmaqla, 2017-ci ilin sentyabr ayında əvvəlcə faktiki, xx xxx 2018-ci il tarixdə isə rəsmi qaydada evlənmiş, xx xxxxxx 2019-cu il tarixdə isə ondan rəsmi olaraq ayrılmışdır. Bundan sonra, iddiaçının uzaq qohumu Orxan Rzayev xx xxx 2019-cu il tarixdə başqa bir qadınla əvvəlcə faktiki, xx xxxx 2019-cu il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmiş, elə bu məqamda, yəni xx xxx 2019-cu il tarixdə onun yenidən evləndiyini eşidən cavabdeh tərəf iddiaçının hər hansı bir formada razılığı olmadan icazəsiz şəkildə mübahisəli tikiliyə yerləşmişlər. Cavabdehlər mübahisəli torpaq sahəsinin üzərində yerləşən tikilidə yaşasalar da, həmin torpaq sahəsinə və onun üzərində olan tikiliyə hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. İşin faktiki hallarından da göründüyü kimi cavabdehlər mübahisəli torpaq sahəsinin yerləşdiyi ünvanda deyil, başqa ünvanda, yəni Şabran rayonu, Qazbabalı kəndində qeydiyyatdadırlar. Bundan əlavə, Cavabdeh3 ilə iddiaçının uzaq qohumu Orxan Rzayev 2017-ci ilin sentyabr ayında əvvəlcə faktiki, xx xxx 2018-ci il tarixdə isə rəsmi qaydada evlənsələr belə, sonuncular mübahisəli torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə köçüb, orada yaşamamış, buna cəhd göstərməmiş, o cümlədən bu torpaq sahəsi və tikili ilə bağlılıqları yaranmamışdır. Belə ki, adları çəkilən şəxslər 2017-ci ilin sentyabr ayından evləndikdən sonra, 2018-ci ilin sentyabr ayınadək Orxan Rzayevin atasına aid Şabran rayonu, Vələsli kəndindəki evdə birlikdə yaşamış, habelə Cavabdeh3 bu evə gəlin köçmüşdür. Hətta, iddiaçının uzaq qohumu Orxan Rzayev ilə Cavabdeh3 2018-ci ilin sentyabr ayından faktiki olaraq ayrıldıqdan sonra belə, sonuncu mübahisəli torpaq sahəsində və onun üzərində inşa edilmiş tikilidə bir gün belə yaşamamış, habelə nikah pozulma ərəfəsində Şabran rayonu, Qazbabalı kəndində yaşamışdır. Bu hal isə Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2019-cu il tarixli qətnaməsində təsbit edilmişdir ki, bu da işin mübahisələndirilməyən hallarındandır. Digər tərəfdən, Cavabdeh3 iddiaçının uzaq qohumu Orxan Rzayev ilə nikahda olarkən İddiaçı mülkiyyətindəki mübahisəli torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə köçüb, orada yaşamaması, habelə buna hər hansı bir formada cəhd göstərməməsi, lakin, xx xxx 2019-cu il tarixdə Orxan Rzayevin ikinci dəfə evlənməsindən 10 gün sonra, yəni xx xxx 2019-cu il tarixdə valideynləri olan digər cavabdehlərlə razılıq almadan icazəsiz şəkildə mübahisəli tikiliyə yerləşməsi cavabdeh tərəfin bunu qısqanclıq, eqoizm hissləri eləcə də qıcıqlandırmaq niyyəti ilə etməsinə dəlalət edir və bu hal istisna edilməməklə, yüksək dərəcədə ehtimal edilir. Bundan əlavə, cavabdeh tərəfin mübahisəli tikilinin inşa edilməsi üçün çəkilən xərcin yarısını ödəməsi ilə bağlı istinad etdiyi hal məhkəmə iclasında öz təsdiqini tapmamaqla, yanaşı, mötəbər sənəd və ya sübutlarla əsaslandırılmamışdır ki, bu da qeyd olunan halın cavabdeh tərəfin şəxsi mülahizəsindən ibarət olması və sonuncunun özü, eləcə də ailəsi üçün əlverişli nəticənin yaranmasına çalışması kimi qiymətləndirilməlidir. Hətta, şahid X20 ifadəsində mübahisəli tikilinin inşasına sərf edilmiş təxminən 10 000 manat pulun 5000 manatının atası Cavabdeh1 tərəfindən verildiyini qeyd etsə belə, şahid cavabdeh tərəfin yaxın qohumu olmaqla, sonuncunun iddiaçı və onun uzaq qohumu, keçmiş yeznəsi Orxan Rzayevlə olan münasibətlərini bildiyindən, iş üzrə cavabdeh tərəfindən ifadə verməsi, beləliklə də, şahid dəvət edildiyi tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduğundan əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş, ekspert rəylərindən də göründüyü kimi mübahisə predmeti olmaqla, cavabdehlərin faktiki istifadəsindəki torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməklə, yanaşı cavabdehlərin hazırda faktiki yaşadıqları mübahisə predmeti olan tikili də iddiaçının mülkiyyətindəki torpaq sahəsinin coğrafi koordinatları daxilindədir. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmlakından maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Beləliklə, bir daha qeyd olunur ki, cavabdeh tərəf edilən xəbərdarlıqlara məhəl qoymadan mübahisəli torpaq sahəsində və onun üzərindəki tikilidə yaşasa da, oraya hər hansı bir formada əmlak hüquqları əldə etməməsinə baxmayaraq, İddiaçı həmin torpaq sahəsinə yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki və torpaq qanunvericiliklərinin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, ekspert rəyi ilə mübahisə predmeti olmaqla, iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış torpaq sahəsinin və mübahisəli tikilinin bir hissəsinin 6kV-lıq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilsə də, iddiaçının adına mülkiyyət hüququ barəsində verilmiş çıxarış hazırda da qüvvədədir və hər hansı bir formada mübahisələndirilmədiyindən ona münasibətdə reyestrin məzmunun həqiqiliyi, eləcə də tamamlığı prezumpsiyası tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Siyəzən şəhərinin Musa Nağıyev küçəsində yerləşən 0,05 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən (yaşayış sahəsindən) çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri cəmi 108,20 manat isə eyni qaydada cavabdehlərdən tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı hesablaşma hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Siyəzən şəhərinin Musa Nağıyev küçəsində yerləşən 0,05 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən (yaşayış sahəsindən) çıxarılsınlar. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 (bir yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri cəmi 108,20 (bir yüz səkkiz manat 20 qəpik) manat isə eyni qaydada cavabdehlərdən tutularaq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilsin. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar