Məhkəmə qərarları › İş №2(059)-178/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-178/2025

31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-178/2025 31.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və bu torpaq sahəsinin üzərindəki 85,9 kv. ümumi sahəsi olan fərdi yaşayış evinin naturada bölünməsinə (1/4 hissədə Cavabdeh, 3/4 hissədə isə ona aid) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçı 25 iyul 2025-ci il tarixdə iddiadan imtina edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini bildirməklə iş üzrə icraata xitam verilmənin əsaslarının və hüquqi nəticələrinin ona aydın olduğunu qeyd edib, mülki işin icraatına xitam verilməsini, həmçinin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən iddia ərizəsi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu sonuncuya geri qaytarılmalıdır. İşdə olan 01 iyul 2025-ci il tarixli, 10/3139 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı iş üzrə icraatın xitam verilməsi barədə ərizə verdiyinə görə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfin iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin və İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar