Məhkəmə qərarları › İş №2(059)-184/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-184/2022

07.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-184/2022 07.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı "payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı "payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş əri X1 ilə birgə nikah dövründə əldə etdikləri Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən və üzərində yerləşən yaşayış evindən ½ hissədə onun payının müəyyən edilməsi, mirasın kütləsinə daxil olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən yaşayış evinin ½ hissəsindən, Siyəzən şəhəri, T.İsmayılov küçəsində 19 nömrəli binanın 11-ci mənzilindən, Siyəzən rayonu, Zöhrabkənd kəndində yerləşən pay torpaq sahəsindən, Bakı şəhərində yerləşən mənzildən və avtonəqliyyat vasitəsindən vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, cavabdehlərə qarşı yönələn tələb tam dəqiqləşdirilməmiş (aydınlaşdırılmamış), Siyəzən rayonunda mövcud olmayan Zöhrabkənd kəndində yerləşən pay torpaq sahəsinin və eləcə də, Bakı şəhərində yerləşən mənzil və avtonəqliyyat vasitəsinin zəruri əlamətləri (torpağın sahəsi, ölçüsü, mənzilin dəqiq ünvanı, avtomobilin qeydiyyat nömrəsi və s.), habelə iddianın qiyməti göstərilməmişdir. Qeyd olunan halın mövcudluğu gələcəkdə tələbinə mahiyyəti üzrə baxılıb həll edilərkən qətnamənin nəticə hissəsində göstərilməsi üçün vacib məsələlərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan əlavə, iş materialları nəzərdən keçirilərkən hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun qiymətləndirilən iddialara uyğun olaraq ödənilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənildiyi aşkar edilmiş, habelə iddia ərizəsinə əlavə olunmuş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 07 yanvar 2022-ci il tarixli arayışda ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərcin iddiaçı tərəfindən tam şəkildə ödənildiyi qeyd edilsə də, bunu təsdiq edən maliyyə sənədi və ya qəbz ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Bu Məcəllənin 150.1.5-ci maddəsinə əsasən, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, cavabdehlərə qarşı yönələn tələb tam dəqiqləşdirilməməklə (aydınlaşdırılmamaqla), iddianın qiyməti göstərilməməklə iddia ərizəsinin forma və məzmununa əməl edilmədiyinə, habelə dövlət rüsumu müəyyən edilmiş məbləğdə ödənilmədiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı "payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi" tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar