Məhkəmə qərarları › İş №2(059)-187/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-187/2022

18.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-187/2022 18.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “avtoyuma məntəqəsinin fəaliyyətinə son qoyulması və bu tikilinin sökülməsi” tələbi barədə iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “avtoyuma məntəqəsinin fəaliyyətinə son qoyulması və bu tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olmaqla, Siyəzən rayonunun Böyük Həmyə kəndində həyətyanı torpaq sahəsinə bitişik, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan, habelə şəhərsalma və tikinti normalarını, eləcə də qaydalarını pozaraq, tikilmiş avtoyuma məntəqəsinin fəaliyyətinə son qoyulması və bu tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini Cavabdeh yaşadığı həyətyanı torpaq sahəsinə bitişik, avtomobil yolunun çiyin hissəsində, habelə onun evinin gediş-gəliş yolunun üzərində qanunsuz və özbaşına avtoyuma məntəqəsi inşa etdirərək fəaliyyət göstərir. Avtoyuma məntəqəsinin qanunsuz fəaliyyəti səs-küyün yaranmasına, eləcə də su damcılarının yaşadığı evin üzərinə səpələnməsinə, yaranan çirkab suların hara gəldi axıdılmasına və əsasən brakonyerlərin balıqtutan torlarını yuyarkən üfunət iyinin ətrafa yayılmasına səbəb olur ki, nəticədə ailəlikcə narahat olub, stress keçirirlər. Başqa sözlə, Cavabdeh qanunsuz fəaliyyəti nəticəsində yaşadıqları ərazidə həyətyanı torpaq sahələrindən və yaşayış evlərindən təyinatı üzrə istifadə edib, yaşaya bilmirlər. Belə ki, cavabdehin qanunsuz təşkil etdiyi avtoyuma məntəqəsi evinin giriş hissəsində yerləşdiyindən və oradan su damcılarının insanın üzərinə düşməsi səbəbindən həmin hissədən keçib getmək, hər hansı təsərrüfat işlərini görmək və hasarının qarşısında dayanıb taksi gözləmək mümkün deyildir. Bundan başqa, ərazidə nəqliyyat vasitələrinin necə gəldi durması və dayanması nəticəsində həmin sahə yüksək təhlükə mənbəyinə çevrilmişdir. Cavabdehin bu qanunsuz fəaliyyəti ilə əlaqədar tərəfindən müxtəlif aidiyyəti orqanlara müraciət olunmuş və alınan cavablardan sonuncunun qanunsuz fəaliyyətinə görə inzibati qaydada cərimə edilməsi, habelə torpaq sahəsindən təyinatına uyğun istifadə edilməməsi və qanunsuz tikililərin aparılması barədə xüsusatların baxılmasından ötrü Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməsi məlum olmuşdur. Beləliklə, bütün şikayətlərə verilən cavablardan məlum olur ki, cavabdeh tərəfindən qanunsuz inşa edilmiş avtoyuma məntəqəsi yalnız məhkəmənin qərarı ilə sökülməli, bununla da avtoyuma məntəqəsinin qanunsuz fəaliyyəti zamanı səs-küyün yaranmasına, su damcılarının yaşadığı evin, habelə həmin hissədən keçməklə həyətə daxil olarkən ailə üzvlərinin üzərinə səpələnməsinə, brakonyerlərin balıqtutan torlarını yuyarkən ətrafa yayılan üfunət iyinə və yaxud yaranan çirkab suların hara gəldi axıdılmasına son qoyulmalıdır. Bir ədəd kompakt diskin yaddaşına 12 yanvar 2022-ci il tarixdə köçürülmüş videogörüntülərdə əksini tapan ət kəsiminin aparılması, heyvan leşinin əraziyə tullanılması, eləcə də iri yük maşınlarının yuyulması halları 2021-ci ilin yanvar və mart-aprel aylarına aiddir. Cavabdehin sadalanan hərəkətləri barəsində etdiyi şikayətlərdən sonra bu hallara qismən son qoyulsa da, cavabdeh tərəfindən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan, habelə şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla, inşa etdirdiyi avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində mülkiyyətindən hazırda da istədiyi kimi istifadə edə bilmir. Belə ki, həyətinə maneəsiz girib-çıxa bilmir, yəni mülkiyyətindən istifadə hüquqları məhdudlaşmışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı iddia ərizəsində tez-tez mülkiyyət hüququna istinad edərək həqiqəti əks etdirməyən, heç bir hüquqi əsası olmayan halları sadalayır, halbuki ərizədə göstərilənlər əsassız fikirlərdir. Belə ki, avtoyuma məntəqəsi üçün istifadə etdiyi həyətyanı torpaq sahəsinə bitişik olan əvvəllər Həmyə bələdiyyəsinə məxsus olmuş 1000 kv.metr torpaq sahəsini həmin torpağın mülkiyyətçisi olan bələdiyyədən alqı-satqı yolu ilə almış və bu barədə müvafiq sənədləşmə aparılmaqla, torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olmasını təsdiq edən çıxarışın verilməsi üçün hüquq müəyyənedici sənədlər DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur. Bundan əlavə, avtoyuma məntəqəsi iddia ərizəsində göstərildiyi kimi qanunsuz fəaliyyət göstərmir. Belə ki, məntəqnin fəaliyyəti ilə əlaqədar onun müvafiq sənədləri, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Uçotu haqqında qeydiyyat nömrəli şəhadətnaməsi və ona dövlət proqramı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən özünü məşğulluğa cəlb olunmuş şəxs kimi lazımi avadanlıqlar, o cümlədən hava kompressoru, köpük-maye, püskürmə tankı, yuma aparatı və texniki tozsoran verilmişdir. İddiaçı özünü onunla qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim etməklə, bu zaman əsassız olaraq hüquqlarının tərəfindən pozulmasını bildirsə də, evinin və həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Əgər iddiaçının evinin tikildiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə sonuncuya məxsus olması qəbul edilsə belə, onun avtoyuma məntəqəsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin arasındakı məsafə 35-40 metr olmaqla, iddianın əsassız olmasını bir daha təsdiq edir. Bundan başqa qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş kompakt diskdə nümayiş etdirilən görüntülər 2021-ci ilin yanvar və aprel-may aylarına aiddir. Belə ki, qonşusu İddiaçı şikayətlərindən sonra sexdə ət kəsiminı, eləcə də iri yük maşınlarının yuyulmasına son qoymuşdur. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etməyərək cavabdehin izahatını təsdiq etməklə, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq izahatında göstərdi ki, ixtisası memar olmaqla, Siyəzən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri vəzifəsində işləyir. İddia ərizəsində sökülməsi tələb olunan yardımçı tikili yerli sakinlərin bildirdiyinə görə, uzun illər mövcud olmuş, lakin iddiaçının tələbinin qanuni əsası kimi istinad etdiyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2018-ci ildə qüvvəyə minmişdir. Bundan başqa, həmin məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Sözügedən tikili isə bu kateqoriyalardan hər hansı birinə daxil olmadığından, vətəndaşlar bu tikililəri inşa edərkən dövlət orqanlarını məlumatlandırmaq vəzifəsi daşımırlar. Tikintiyə icazə yalnız sahibkarlıq məqsədilə inşa olunan tikililərə şamil olunur. Hesab edir ki, iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsinin hasarı ilə avtoyuma məntəqəsi arasında 5 metrədək məsafə mövcud olduğundan, məntəqənin fəaliyyət göstərməsi iddiaçı və onun ailə üzvlərinə maneəçilik yarada bilməz. Odur ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon Həmyə Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin bələdiyyə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mötəbər sənədlərin, o cümlədən Şabran rayon Dövlət Arxivinin 27 avqust 2021-ci il tarixli, 134 nömrəli arxiv çıxarışının surətindən görünür ki, İddiaçı özünə məxsus fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi olmadığına görə ona Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1988-ci il tarixli, 387 saylı qərarı əsasında 0,03 hektar torpaq sahəsinin verilməsi barədəki Dənizkənarı üzümçülük sovxozunun 20 mart 1989-cu il tarixli, 302 saylı əmri və Həmyə kənd XDS İcraiyyə Komitəsinin 31 mart 1989-cu il tarixli, 03 saylı qərarı nəzərə alınmaqla, ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin 12 yanvar 2021-ci il tarixli, 183-380-1221 nömrəli məktubundan görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 266.2.3-cü maddəsilə inzibati protokol tərtib edilmiş, habelə sonuncu inzibati qaydada cərimə olunmuşdur. Bundan əlavə, İddiaçı, avtoyuma obyektinin sökülməsi ilə bağlı Siyəzən Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının aparatının 23 fevral 2022-ci il tarixli, MT/05-08 nömrəli rəyinin surətindən görünür ki, Həmyə bələdiyyəsinin mülkiyyətinə aid olan fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə 1000 kv.m və ya 0,1 ha torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi şöbəsinin 06 aprel 2022-ci il tarixli, 250 nömrəli rəyinin surətindən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, icarəyə verilməsi nəzərdə tutulan 1000 kv.m (0,1 ha) torpaq sahəsi Həmyə bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, YMT kateqoriyalı, tikinti təyinatlıdır. Bonitet balı 100, İ keyfiyyət qrupuna daxildir və alqı-satqı predmetidir. İşdə Siyəzən rayon Həmyə Bələdiyyəsinin 06 aprel 2022-ci il tarixli, 21 nömrəli məktubundan görünür ki, Cavabdeh kəndin kənddaxili torpaqlarından fərdi mənzil tikintisi ilə əlaqədar 0,10 ha torpaq sahəsi ayrılması barədə bələdiyyəyə daxil olmuş ərizəsi 16 avqust 2021-ci il tarixli, 13 nömrəli iclas protokolunda baxılmış, bununla bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nə müraciət olunmuşdur. Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi tərəfindən döngə nöqtələri vurulmuş, situasiya planı hazırlanmış, Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Memarlıq Tikinti şöbəsindən 23 fevral 2022-ci ildə rəy alınmış, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi şöbəsinə rəy bildirilməsi üçün müraciət edilmiş, həmçinin rəy alınmışdır. İşdə olan 05 mart 2021-ci il tarixli “Özünəməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə dəyişiklik edilməsi barədə” razılaşmanın, eləcə də eyni tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın mülkiyyətə verilməsinə dair təhvil-təslim aktının surətlərindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən Cavabdeh özünüməşğulluğa cəlb olunmuş şəxs kimi lazımi avadanlıqlar, o cümlədən hava kompressoru, köpük-maye, püskürmə tankı, yuma aparatı və texniki tozsoran verilmişdir. İşdə olan bir ədəd kompakt diskin yaddaşına 12 yanvar 2022-ci il tarixdə köçürülmüş videogörüntülərlə ərazidəki mövcud vəziyyətlə bağlı ilkin təəssürat yaranmaqla, yanaşı ərazidə ət kəsiminin aparılması, sexdən bir qədər aralıda yolda heyvan leşinin olması, eləcə də iri yük maşınlarının yuyulması halı müəyyən edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(059)-187/2022 nömrəli yerində müayinə protokolundan görünür ki, iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsindən sol tərəfdə təxminən 5 metr məsafədə cavabdehin istifadəsində olan avtoyuma məntəqəsi yerləşir. Cavabdehin istifadəsində olan avtoyuma məntəqəsindən sağ tərəfdən təxminən 20 metr arxa hissədə iddiaçının istifadəsində olması qeyd edilən fərdi yaşayış evi yerləşir. İddiaçı cavabdehin istifadəsində olan avtoyuma məntəqəsinin bayır tərəfində bəzi vaxtlarda “Şaqman” yük maşınları və traktorların yuyulmasını və bu zaman su damcılarının həyətinə düşərək, ona və ailə üzvlərinə narahatlıq yaratdığını bildirsə də, Cavabdeh qeyd edilən yük maşınlarının sonuncu dəfə bu ilin yanvar ayında yuyulduğunu, iddiaçının şikayətindən sonra məntəqədə ağır yük maşınlarının yuyulmamasını bildirmişdir. Eyni zamanda, yerində müayinə zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 cavabdehin istifadəsində olan həyətyanı torpaq sahəsinin qarşısında təxminən 18 il bundan əvvəl tikilmiş, əvvəllər tövlə kimi istifadə edilən yardımçı tikilinin sonuncunun müraciəti əsasında Dövlət Məşğulluq Xidmətinin icazəsi ilə artıq 2 il 5 ay olar avtoyuma məntəqəsi kimi istifadə olunmasını bildirmişdir. Yerində müayinə zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 və Siyəzən rayon Həmyə bələdiyyəsinin sədri Nümayəndə3 avtoyuma məntəqəsinin fəaliyyətinin iddiaçının həyətyanı sahəsinə və evinə gediş-gəliş yoluna hər hansı maneələr yaratmamasını bildirmişlər. Bundan sonra, Siyəzən rayon Həmyə bələdiyyəsinin sədri Nümayəndə3 hazırda bələdiyyənin mülkiyyətində olan, gələcəkdə fərdi yaşayış evinin tikintisi məqsədilə cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulan Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən 1000 kv.m torpaq sahəsi barədə bələdiyyənin rəyinin surətini məhkəməyə ünvanlanmış yazılı məktubla birgə təqdim etmişdir. İşdə olan 10 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələbə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bu Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqlarına bölünür. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 47-ci maddəsinə, eləcə də "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları bələdiyyə ehtiyat fondu torpaqlarıdır. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Yenə həmin Məcəllənin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər. Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane olmur. Zəruri hallarda, müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər, mütəxəssislər və şahidlər çağırıla bilər. Sübutlar olduğu yerdə müayinə və tədqiq edildikdən sonra dərhal protokol tərtib edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 202.3-cü maddəsinə əsasən müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar, sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar, yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir. Məhkəmə iclasında verilən izahatlar, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla, habelə yerində müayinə ilə müəyyən edildi ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində iddiaçının həyətyanı torpaq sahəsinə qonşuluqda yerləşən cavabdehin istifadəsində olan avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində (su damcılarının axıdılması, səs-küyün gəlməsi və s.) iddiaçının evdən və həyətyanı torpaq sahəsindən istifadə hüququna hər hansı formada (rahat yaşama şəraitini pisləşdirməsi, eləcə də evə gediş-gəlişə maneə olması və s.) təsir göstərmir. Belə ki, yerində müayinə zamanı iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsindən sol tərəfdə təxminən 5 metr məsafədə cavabdehin istifadəsində olan avtoyuma məntəqəsinin, oradan sağ tərəfdən təxminən 20 metr arxa hissədə isə iddiaçının istifadəsində olması qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda, yerində müayinə zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 cavabdehin istifadəsində olan həyətyanı torpaq sahəsinin qarşısında təxminən 18 il bundan əvvəl tikilmiş, əvvəllər tövlə kimi istifadə edilən yardımçı tikilinin sonuncunun müraciəti əsasında Dövlət Məşğulluq Xidmətinin icazəsi ilə artıq 2 il 5 ay olar avtoyuma məntəqəsi kimi istifadə olunmasını bildirmiş, həmçinin sonuncu ilə yanaşı Siyəzən rayon Həmyə bələdiyyəsinin sədri Nümayəndə3 avtoyuma məntəqəsinin fəaliyyətinin iddiaçının həyətyanı sahəsinə və evinə gediş-gəliş yoluna hər hansı maneələr yaratmamasını qeyd etmişlər. Beləliklə, yerində müayinə zamanı iddiaçının, yaşayış sahəsinə gediş-gəlişi təmin edən yoldan sərbəst şəkildə istifadə etmək imkanının olduğu, həmçinin bu imkanın hər hansı bir formada cavabdeh tərəfindən məhdudlaşdırılmadığı öz təsbitini tapmışdır. Eyni zamanda, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi kompakt diskin yaddaşına 12 yanvar 2022-ci il tarixdə köçürülmüş videogörüntülərlə ərazidəki mövcud vəziyyətlə bağlı ilkin təəssürat yaransa da, yerində müayinə zamanı sexdə ət kəsiminin aparılması, eləcə də iri yük maşınlarının yuyulması halı müşahidə edilməmişdir. Bundan başqa, mübahisəli avtoyuma məntəqəsi 2 il 5 aylıq müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, iddiaçı təxminən 2020-ci ildən fəaliyyətə başlamış avtoyuma məntəqəsindən yalnız 2021-ci ildən etibarən narazı qalmağa başlamış və müvafiq orqanlara müraciətlər etmişdir. Buradan da göründüyü kimi tərəflər arasında olan hazırkı mübahisə son 1 il ərzində yaranmaqla, birbaşa cavabdehin fəaliyyəti ilə deyil, onların arasında olan başqa mübahisənin nəticəsindən yarandığı təəssüratını güclü şəkildə ortaya qoyur. Digər tərəfdən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 28 aprel 2015-ci il tarixə kimi qüvvədə olan redaksiyasının 80.1-1-ci maddəsinə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirildiyi və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasının tələb olunduğu göstərilsə də, hazırda mübahisə predmeti olan tikililərin inşası zamanı dövlət orqanlarının məlumatlandırılması vəzifəsi mövcud olmamışdır. Bununla belə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi şöbəsindən alınmış 06 aprel 2022-ci il tarixli rəylə Həmyə bələdiyyəsinin mülkiyyətinə aid olan, mübahisə predmetini təşkil edən tikilinin yerləşdiyi 1000 kv.m (0,1 ha) torpaq sahəsinin YMT kateqoriyalı, tikinti təyinatlı olduğu müəyyən edilmiş, habelə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən ərazi üzrə döngə nöqtələri vurulmuş, situasiya planı hazırlanmış, Siyəzən Rayon İcra Hakimiyyəti aparatının Memarlıq Tikinti şöbəsindən də ərazinin alqı-satqısına müsbət rəy verilmişdir. Beləliklə, cavabdehin istifadəsində olan avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində (su damcılarının axıdılması, səs-küyün gəlməsi və s.) iddiaçının evdən və həyətyanı torpaq sahəsindən istifadə hüququna hər hansı formada (rahat yaşama şəraitini pisləşdirməsi, eləcə də evə gediş-gəlişə maneə olması və s.) təsir göstərməsi iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Bununla da, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının qanunla qorunan hüququnun, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “avtoyuma məntəqəsinin fəaliyyətinə son qoyulması və bu tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “avtoyuma məntəqəsinin fəaliyyətinə son qoyulması və bu tikilinin sökülməsi” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar