Məhkəmə qərarları › İş №2(059)-19/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-19/2020

31.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-19/2020 31.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndələri X1 və X2, üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “cavabdehin torpaq sahəsindən çıxarılaraq onun vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə ona qaytarılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “cavabdehin torpaq sahəsindən çıxarılaraq onun vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə ona qaytarılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin çıxarılaraq, həmin torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilməklə, onun sahibliyinə qaytarılması və xx xxxx 2010-cu il tarixdən xx xxxx 2019-cu il tarixə kimi əldən çıxmış fayda - 9000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2019-cu il tarixdə verilmiş çıxarışa əsasən Siyəzən rayonu Zarat kəndində yerləşən 0,5414 ha torpaq sahəsi onun mülkiyyətindədir. Əvvəllər anasıGüldəstə Fərzəliyevanın, daha sonra onun mülkiyyətində olan mübahisəli torpaq sahəsində yonca əkməklə ailəsini dolandırsa da, təxminən 10 il bundan əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 0,5414 ha torpaq sahəsinin əkinə yararlı 0,387 ha hissəsi zəbt olunmuşdur. Bununla da o, xeyli müddətdir torpaq sahəsindən istifadə edə bilmir. Qeyd olunan məsələ ilə bağlı o, xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, müraciətinə cavab olaraq torpaq sahəsinin Nazirlik tərəfindən deyil, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığı və ona alternativ torpaq sahəsinin ayrılması üçün İcra Hakimiyyəti və müvafiq bələdiyyəyə müraciət etməsi tövsiyə olunmuşdur. Daha sonra, Siyəzən RİHB-yə və Siyəzən rayon Zarat Bələdiyyəsinə müraciət etsə də, bu qurumlardan da müsbət cavab ala bilməmişdir. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cavab məktubunda məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Siyəzən rayon Zarat Bələdiyyəsi isə bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşların mülkiyyətinə verilməsinin bələdiyyənin səlahiyyətinə aid olmaması və bələdiyyənin ehtiyat fondunda kənd təsərrüfatı təyinatlı torpaqların qalmaması bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməməklə izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi 0,54 ha olmaqla Bakı-Quba magistral avtomobil yolunun 80-ci kilometrliyində sağ tərəfdə yerləşir və 6 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisinə aiddir. Həmin ərazilərin yaşıllaşdırılması Siyəzən Rayon İcra Hakimiyyətinin xx xxxx 2010-cu il tarixli razılıq məktubuna əsasən 2010-2012-ci illər ərzində aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası, Dövlət Proqramları ilə əlaqədar sözügedən ərazidə yaşıllıqlar salınmağa başlanılmışdır. Qeyd edir ki, təmsil etdiyi təşkilat tərəfindən iddiaçının torpaq sahəsi zəbt olunmamışdır. Belə ki, aidiyyəti üzrə Siyəzən rayon Zarat bələdiyyəsinin əməkdaşları ilə razılaşdırılmaqla, sözügedən torpaq sahəsində müxtəlif növ ağaclar əkilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh ASC-nin digər nümayəndəsi X5 da nümayəndə Bəhruz Hüseynovun izahatına uyğun, eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iddianın həllini məhkəmənin mülahizəsinə buraxaraq izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli Sərəncamının və Dövlət Proqramlarının ilə əlaqədar sözügedən ərazidə yaşıllıqlar salınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Siyəzən Rayon İcra Hakimiyyətinə müraciət olunmuş, Siyəzən RİH tərəfindən isə torpaq sahəsinin ayrılması üçün aidiyyəti üzrə Siyəzən rayon Zarat bələdiyyəsi ilə razılaşdırılması Nazirliyə tövsiyə olunmuşdur. Əlavə olaraq qeyd edir ki, İddiaçı bələdiyyə ehtiyat fondundan torpaq sahəsi ayrılması ilə bağlı yenidən Siyəzən rayon Zarat bələdiyyəsinə müraciət edə bilər. Digər üçüncü şəxs Siyəzən rayonu Zarat Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Bələdiyyə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, 24/01-03-451 nömrəli məktubundan görünür ki, ərizəçinin müraciətinə baxılmış, habelə yaşıllıqların Prezident fərmanları və dövlət proqramları əsasında salındığını, onların əhəmiyyətini, daşıdıqları funksiyaları, köçürülmələrinin qeyrimümkün olduğunu nəzərə alaraq, iddiaçıya iddia etdiyi yaşıllıq salınmış ərazinin digər alternativ torpaq sahəsi ilə əvəz olunması üçün Siyəzən Rayon İcra Hakimiyyətinə və Siyəzən rayon Zarat Bələdiyyəsinə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyətinin xx xxxx 2019-cu il tarixli, 298/3-F-1-148 nömrəli və Siyəzən rayon Zarat Bələdiyyəsinin xx xxxx 2019-cu il tarixli, 71 nömrəli məktublarının surətindən görünür ki, müvafiq olaraq İddiaçı məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmiş, həmçinin bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşların mülkiyyətinə verilməsinin bələdiyyənin səlahiyyətinə aid olmadığı və bələdiyyənin ehtiyat fondunda kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qalmadığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx xxxx 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,5414 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilməklə mülkiyyət hüququ əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X6 Mərkəzi MMC-nin X12 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, C-17 saylı mütəxəssis rəyindən, eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 31175 saylı ekspert rəyindən görünür ki, xx xxxx 2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 0,5414 ha torpaq sahəsinin cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən zəbt olunub-olunmaması müəyyənləşdirilməmiş, habelə, İddiaçı **********26 reyestr nömrəli çıxarış ilə mülkiyyətə verilmiş 0,5414 ha torpaq sahəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin nə qədər hissəsində cavabdeh tərəfindən ağac və kol bitkilərinin əkildiyini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 31175 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 73,20 (yetmiş üç manat 20 qəpik) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 30 (otuz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında işin faktiki halları, toplanmış sübutlar, habelə ekspert və mütəxəssis rəyləri ilə müəyyən edildi ki, cavabdehin iddiaçıya aid torpaq sahəsindən qanunsuz istifadə etməklə, sonuncuya zərər vurmasının heç bir qanuni əsası yoxdur və bunun əksi mötəbər sənəd və ya sübutlarla öz təsdiqini tapmır. Belə ki, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti ilə əlaqədar təyin edilmiş kompleks məhkəmə texniki və əmtəəşünaslıq ekspertizasına dair qərardada əsasən tərtib edilmiş müvafiq rəydən də göründüyü kimi iddiaçıya aid torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir formada müdaxilə və ya zəbt edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi iş üçün əhəmiyyətli olan halları özündə əks etdirdiyindən əsaslı və mötəbər hesab edilməlidir. Belə ki, mübahisəli ərazi üzrə aparılan ekspert tədqiqatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsaslanmaqla, sonuncu rəy isə mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Xidmətin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilməklə, tərtib edilmişdir. Həmçinin, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "xx xxxx 2010-cu il tarixdən xx xxxx 2019-cu il tarixə kimi əldən çıxmış fayda - 9000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması" hissəsi hazırkı əsaslarla əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olması, bunun üçün görmüş olduğu tədbirlər barədə hər hansı bir sübut təqdim etməmiş, eləcə də ona aid torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “cavabdehin torpaq sahəsindən çıxarılaraq onun vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə ona qaytarılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, eyni zamanda, aparılmış məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat iddiaçıdan Azərbaycan Respublikasının dövlət büdcəsinin xeyrinə tutulmaqla, yanaşı, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 73,20 (yetmiş üç manat 20 qəpik) manat məbləğində pul da ondan alınaraq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin "Kapital Bank" X8 1 saylı Xətai filialındakı hesablaşma hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “cavabdehin torpaq sahəsindən çıxarılaraq onun vəsaiti hesabına əvvəlki vəziyyətinə gətirilməklə ona qaytarılması və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 73,20 (yetmiş üç manat 20 qəpik) manat məbləğində pul İddiaçı tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin "Kapital Bank" X8 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank)**********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar