Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-19/2022 26.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı2 və onun nümayəndəsi X8, Cavabdeh1 iştirakları ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1440 manat məbləğində kompensasiya verilməklə onun, arvadı Cavabdeh2, eləcə də, övladları 23 dekabr 2009-cu il təvəllüdlü X5 və 21 noyabr 2018-ci il təvəllüdlü X3 Siyəzən şəhəri, A.Qaradağlı küçəsində yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qərardadına əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “mənzilə köçürülməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Siyəzən Rayon Məhkəməsinin icraatında olmuş 2(059)-19/2019 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək, yəni bu barədə qərar qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmış, həmin məhkəmənin 13 yanvar 2021-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadına əsasən iddiaçılar X1 və X2 cavabdehlər İddiaçı1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “evin özəlləşdirilməsinin etibarsız hesab edilərək, çıxarışın ləğv olunması” tələbinə dair iddiası üzrə Siyəzən Rayon Məhkəməsinin icraatında olan 2(059)-198/2021 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək, yəni bu barədə qərar qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmış, həmin məhkəmənin 20 may 2022-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. Eyni zamanda, iddiaçının hüquqi varisi İddiaçı2 20 may 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraatın təzələnməsi və işin icraatının iddiaçı tərəf qismində onunla davam etdirilməsini xahiş etmiş, habelə 13 iyun 2022-ci il tarixdə İddiaçı1 hüquqi varisi olan iddiaçı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Bundan sonra, İddiaçı2 tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 manat kompensasiya verilməklə, sonuncuların övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X12 və 21 noyabr 2018ci il təvəllüdlü X11 ilə birlikdə Siyəzən şəhərində yerləşən A.Qaradağlı küçəsindəki 7 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan redaksiyasının 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Mərhum İddiaçı1 iddia ərizəsi əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 23.2 kv.m-dən ibarət 2 otaqlı fərdi yaşayış evi tam pay hüququ ilə onun xüsusi mülkiyyətindədir. Bu mənzildən o da, daxil olmaqla 5 nəfərin, cavabdehin arvadı və iki azyaşlı uşaqları nəzərə alınsa, 8 nəfərin istifadə hüquqları mövcuddur. Lakin, hal-hazırda bu evdə 8 nəfərin yaşaması faktiki qeyrimümkündür. Ona görə ki, mənzil sahəsinin norması adambaşına 12 kv/m. müəyyən olunması nəzərə alınsa, hər nəfərə təxminən 3 kv/m. yaşayış sahəsi düşər ki, bu da qeyd olunduğu kimi yaşayış üçün əlverişsizdir. Bundan başqa, cavabdehlərin mübahisəli mənzildə yaşamalarına ehtiyaclarının olmamaları ilə yanası, sonuncular Bakı şəhərində işlədiklərinə görə onların bu mənzildə yəni, Siyəzən şəhərində yaşamaları heç əlverişli deyildir. Birincisi-cavabdeh və arvadı Bakı şəhərində işləyir, onların onsuzda yaşamaları üçün adambaşına düşən yaşayış normasına görə mümkün olmayan mənzildə yaşamaları qeyri-mümkündür. Belə ki, cavabdehlərin məqsədi gələcəkdə o, öldükdən sonra bu evə sahib çıxmaqdır. Lakin, o, Cavabdeh1 məhkəmə qaydasında ləyaqətsiz vərəsə elan etmişdir. İkincisi-Cavabdeh1 məxsus Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsində hal-hazırda tikintiyə dair sənəd alınmasa da, faktiki bu torpaq üzərində tikilmiş evdə cavabdeh və ailəsi yaşayırlar. Üçüncü-cavabdeh mənzildə yaşayarkən onları evdən qovmaq məqsədilə mütəmadi olaraq qərəzli ailə daxili münaqişələr yaratmış, hətta, bu niyyətini həyata keçirmək üçün cavabdeh 29 noyabr 2008-ci il tarixində ona qarşı, yəni anası X6 üzərində zor tətbiq edilməsi hədəsi ilə, nalayiq ifadələr işlətmiş, yəni, xırda xuliqanlıq etmiş, bununla da, İXM-nin 296-cı maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Bu hüquq pozuntusuna görə Cavabdeh1 100 manat məbləğində inzibati cərimə, digər vaxtda 5 gün inzibati həbs olunmuşdur. Bundan nəticə çıxarmayan və onları evdən qovmaq kimi məkrli niyyətini həyata keçirmək üçün Cavabdeh1, yenidən 02 sentyabr 2009-cu il tarixində onun başını divara vuraraq, qolunu burub, ona xəsarətlər yetirməklə, qəsdən fiziki ağrılar yetirmişdir. Ona görə də Cavabdeh1 bu cinayət əməlinə görə Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10% tutulmaqla, 8 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Yuxarıda qeyd edilən cinayət-hüquqi xarakterli əməllərdən açıq-aydın görünür ki, cavabdeh mənzildə yaşayarkən mütəmadi, birgə yaşayış qaydalarını pozmuş və niyyəti isə hər dəfə onları necə olur-olsun evdən qovmaq olmuşdur. Ona görə də, Cavabdeh1, anası X13 tərəfindən Siyəzən Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qətnaməsi ilə qanun üzrə vərəsənin ləyaqətsiz sayılması barədə tələbi təmin olunmuşdur. Odur ki, Cavabdeh1 ləyaqətsiz vərəsə sayıldığından onun gələcəkdə mənzilə hər hansı hissədə gözlənilən mülkiyyət hüququ da məhdudlaşdırılmışdır. Kompensasiya verilməklə, istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni, istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə, onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmamışdır. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil, eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi təmin edilməli və mübahisəli mənzildən cavabdehlərin istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməlidir. Burada Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi, cavabdehin müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülür. Lakin, cavabdehlər hər nəfərə təxminən 3 kv/m. yaşayış sahəsi düşən mübahisəli mənzildə yaşamışdır. Eyni zamanda, cavabdehlər hazırda ailələrinə məxsus xüsusi həyətyanı sahədə inşa etdirdiyi şəxsi mənzildə faktiki yaşayır, onda cavabdehlərə “müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsaitin verilməsi” ifadəsi mahiyyətini itirir, yəni maddi çəkisi azalır. Odur ki, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla, müəyyənləşdirilməlidir. Beləliklə, yuxarıda tələbin faktiki əsasları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus evdən istifadə etməsi iddiaçının iradəsinə zidd olaraq, habelə iddiaçının xüsusi mülkiyyət hüququ ilə özünə məxsus əmlakdan istədiyi kimi istifadə etməsinə maneələr törədilir. Cavabdeh1 özünə məxsus Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş evdə ailəsi ilə daimi yaşamaqda davam etdiyindən, onun mənzilində formal olaraq pasport qeydiyyatında olduğu üçün o, heç vaxt mənzili üzərində sərəncam hüququnu həyata keçirə bilməyəcək, bununla da mülkiyyət hüququndan ömürlük məhrum olacaqdır. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/17279 nömrəli arayışdan görünür ki, mübahisəli fərdi yaşayış evinin 28 oktyabr 2019-cu il tarixli bazar dəyəri 15000 manat təşkil edir. Siyəzən rayonu ərazisində onun evinin faktiki şəraitinə görə belə evlərdə kirayə haqqı 40 manat təşkil edir. Odur ki, 3 illik kirayə haqqı nəzərə alınsa, 36 ay x 40 manat =1440 manat edir. Bununla da, cavabdehə 1440 manat kompensasiya verə bilər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun, eyni məzmunlu izahat verməklə, yanaşı əlavə olaraq göstərdi ki, mübahisəli fərdi yaşayış evi 17 avqust 2022-ci il tarixdən onun adına dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, hazırda cavabdehlərə təklif edilən əvvəlki kompensasiya məbləğini artırmaqla, sonunculara 2000 manat ödəməklə, onların övladları ilə birlikdə Siyəzən şəhərində yerləşən A. Qaradağlı küçəsindəki 7 saylı evə olan istifadə hüquqlarına xitam verilməsini və onların həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 hüquqlarını təmsil etdiyi İddiaçı2 izahatına uyğun, eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli fərdi yaşayış evi ata mülki olmaqla, o və digər bacıqardaşları həmin əmlak üzrə vərəsələrdirlər. İddiaçı əsassız olaraq bütünlüklə fərdi yaşayış evini qanunsuz olaraq özəlləşdirmişdir. Hətta, bununla bağlı aralarında çoxsaylı məhkəmə mübahisələri də olmuşdur. Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2010-cu il tarixli qətnaməsi ilə mərhum İddiaçı1 iddiası təmin edilmiş, onun Siyəzən şəhərinin keçmiş Əzizbəyov indiki A.Qaradağlı küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ tanınmışdır. Qəbul edilmiş qətnamədə həmin yaşayış evinin 1951-ci ildə inşa edildiyi, evin İddiaçı1 mərhum əri Həbib Şahbazovun adına qeydə alınması üçün inventarizasiya və qiymətləndirilməsi aparılsa da, qeydiyyat işlərinin başa çatdırılmadığı, Həbib Şahbazovun 22 avqust 1963-cü ildə vəfat etdiyi, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin İddiaçı1 adına özəlləşdirildiyi və hazırda onun mülkiyyətində olduğu göstərilmişdir. Mərhum İddiaçı1 mübahisəli fərdi yaşayış evinin bir hissəsini özəlləşdirə bilərdi. Belə ki, mülki işlərdən çıxarılmış qətnamədən arxiv çıxarışından görünür ki, evlərdən bir otaq İddiaçı1 dörd uşağın Canlar, Püstəxanın, Canəlinin, Xırdaxanımın payı olaraq alınıb, X9 verilməsinə dair qətnamə qəbul edilmiş, sonuncu isə anaları olmuş, o, 1967-ci ildə vəfat etmişdir. Evi özəlləşdirərkən onun, eləcə də digər vərəsələrin razılıqları olmamışdır. Eyni zamanda, onlar Məhinin qəyyumluğu altında da olmamışlar. Ona görə də iddiaçı tərəfin onların payına, eləcə də üzərilərində hər hansı hüququ olmamışdır. Bu səbəbdən mənzilin bir otağının X9 ayrılmış hissəsinin İddiaçı1 adına özəlləşdirilməsinin əsassız olduğunu hesab edir. Bu səbəbdən də bacıları X4 və X7 çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin özəlləşdirilməsinin etibarsız hesab edilməsinə dair mülki iddia qaldırmışlar. Digər tərəfdən Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə onun və Cavabdeh2 İddiaçı2 və İddiaçı1 qarşı mənzilə köçürülməklə, mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, həmçinin o, arvadı Cavabdeh2 övladları 23 dekabr 2009-cu il təvəllüdlü Elçin və 21 noyabr 2018-ci il təvəllüdlü Sübhan ilə birlikdə Siyəzən şəhərində yerləşən A. Qaradağlı küçəsindəki 7 saylı evə köçürülmüşlər. Həmin iş üzrə cavabdehlər apellyasiya şikayəti versələr də, şikayətləri təmin edilməmişdir. Lakin, qeyd olunan qətnamə bu günə kimi tam icra edilməmişdir. Bu səbəbdən də ərizəsi əsasında 13 noyabr 2019-cu il tarixli qətnamənin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilmişdir. Hazırda xeyli müddət olar, iddiaçı onu evə buraxmır. Ona görə də, məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə kirayələrdə yaşayır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X12 və 21 noyabr 2018-ci il təvəllüdlü X11 ilə birlikdə Siyəzən şəhərində yerləşən M. Əzizbəyov (indiki A.Qaradağlı) küçəsindəki 7 saylı evə köçürülməlidirlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 avqust 2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsindəki 0,03 ha torpaq sahəsində yerləşən 69,30 kv.m-dən ibarət 7 saylı fərdi yaşayış evi İddiaçı2 adına mülkiyyət hüququ ilə 17 avqust 2022-ci il tarixdə qeydə alınmışdır. İşdə olan "X10" MMC tərəfindən 04 mart 2021-ci il tarixdə tərtib edilmiş, 123 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evinin 1 aylıq kirayə haqqının hazırkı orta bazar qiymətinin 40 manat təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan 09 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Həmin Qərarda, həmçinin qeyd olunmuşdur ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış qətnamələri ilə müəyyən olundu ki, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamına əsasən Siyəzən şəhəri ərazisindən 0,03 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmiş, bundan sonra, 01 aprel 2011-ci il tarixdə Siyəzən şəhəri, M.Əzizbəyov (indiki A.Qaradağlı) küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 23.2 kv.m yaşayış, 46.1 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. Tərəflər uzun müddət etibarlı ailə münasibətlərində yaşamış, Cavabdeh1 2008ci ildə Cavabdeh2 ilə evlənməklə burada məskunlaşsa da, ailə üzvləri arasında sonradan mübahisələr yaranmışdır. Eyni zamanda tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından iddiaçı Cavabdeh1, həmçinin onunla etibarlı ailə münasibətlərində olan ailə üzvləri ilə birlikdə Siyəzən şəhəri, M.Əzizbəyov (indiki A.Qaradağlı) küçəsindəki 7 nömrəli fərdi yaşayış evinə dair istifadə hüquqlarının mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. Beləliklə, cavabdehlərin mübahisəli ünvana istifadə hüquqları mövcud olmuş, o cümlədən qeyd edilən hal iddiaçı tərəfindən mübahisələndirilmədiyindən kompensasiya verilməklə mübahisəli ünvana istifadə hüququna xitam verilməsi və oradan çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, müvafiq sahədə ixtisaslaşmış mütəxəssisin verdiyi rəydən müəyyən edilir ki, ünvan 1 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69,3 kv.m olan fərdi yaşayış evinin 1 aylıq kirayə haqqının hazırkı orta bazar qiymətinin 40 manat təşkil edir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsini və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Əks yanaşma özündə Konstitusiya ilə, qanunla və beynəlxalq hüquqla təminat verilən mülkiyyət hüququna əsassız müdaxiləni əks etdirmiş olardı. Ümumi (birgə) mülkiyyətin bölünməsi institutundan fərqli olaraq mənzildən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, mənzildən istifadə hüquqlarına xitam verilən, başqa sözlə mənzildən çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Həm də belə imkan mülkiyyətçi üçün istifadəçini daimi və ya qeyri-müəyyən müddət ərzində yaşayış sahəsi ilə təmin etmək yükünə çevrilməməli, faktiki olaraq onun öz mülkiyyətindən və ya onun əhəmiyyətli hissəsindən məhrum olması ilə nəticələnməməlidir. Bu baxımdan təklif olunan kompensasiyanın məbləği ilə mülkiyyətçiyə məxsus əmlakın ümumi dəyəri arasında hər hansı paralel aparılması da qanuna uyğun deyildir. Qeyd olunanlarla yanaşı, mülkiyyətçinin Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək cavabdehin mənzilə istifadə hüququna müvafiq kompensasiya verməklə məhkəmə qaydasında xitam verilməsini tələb etməsi özündə heç bir halda Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində nəzərdə tutulan evdən qanunsuz məhrum etməni əks etdirmir. Əksinə, həmin tələb birbaşa Mülki Məcəllənin 228.2-ci maddəsinə əsaslanır. Digər tərəfdən isə Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsi başqa şəxslərin mənzil hüquqlarının təmin edilməsini xüsusi mülkiyyət subyektlərinin üzərinə qoymur, məhz dövlətin bu istiqamətdəki pozitiv öhdəliyini müəyyən edir. Həmin öhdəliyin xüsusi mülkiyyət subyektlərinin üzərinə qoyulması isə Konstitusiyanın mülkiyyətin toxunulmazlığını və dövlət tərəfindən müdafiə olunduğunu, mülkiyyətin heç bir növünə üstünlük verilmədiyini və xüsusi mülkiyyət hüququnun qanunla qorunduğunu təsbit edən 13 və 29-cu maddələrinə ziddir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehlərin təxminən beş ilə yaxın müddət ərzində başqa yerdə mübahisəli evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə 2000 manat kompensasiya verilməklə sonuncuların övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X12 və 21 noyabr 2018-ci il təvəllüdlü X11 ilə birlikdə Siyəzən şəhərində yerləşən A. Qaradağlı küçəsindəki 7 saylı evə olan istifadə hüquqlarına xitam verilməli və onlar həmin evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçı tərəfin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı2 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 (iki min) manat kompensasiya verilməklə, sonuncuların övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X12 və 21 noyabr 2018-ci il təvəllüdlü X11 ilə birlikdə Siyəzən şəhərində yerləşən A. Qaradağlı küçəsindəki 7 saylı evə olan istifadə hüquqlarına xitam verilsin və onlar həmin evdən çıxarılsınlar. İddia üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-19/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-19/2022
26.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver