Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-197/2021 16.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "cavabdehlərin istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, X6 və X3 qarşı "cavabdehlərin istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı ərizə ilə müraciət edərək, X9, X4 və X2 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 1985-ci il tarixdə cavabdehlər Eyvaz və Cavabdeh3ların qardaşı Vidadi Kərimovla rəsmi nikaha daxil olmaqla, evlənmiş və Siyəzən şəhəri, Xətai küçəsindəki 99 nömrəli evə gəlin köçmüş, 2009-cu ilədək bu evdə yaşamış, həmin ildə sonuncu ilə aralarındakı nikah pozulmuşdur. 10 yanvar 2011-ci il tarixdə keçmiş əri Vidadi Kərimovdan bu evi 20 000 manata notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almış, bundan sonra, evini dövlət qeydiyyatından keçirərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da əldə etmişdir. Cavabdehlərin qeydiyyat yeri mülkiyyət hüququ ilə ona məxsus olan ev olsa da, sonuncular faktiki olaraq Siyəzən şəhərində müxtəlif ünvanlarda – Babək Bayramov və A.Zahirov küçələrindəki evlərində yaşayırlar. Bir neçə müddət bundan əvvəl evini satmaq istəyərkən ona cavabdehlərin evdə qeydiyyatda qalmaları məlum olmuşdur. Cavabdehlərin evindən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar tərəfindən yazılı ərizə ilə Siyəzən RPŞ-yə ünvanlanmış müraciətinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlərin evində qeydiyyatda qalmaları formal xarakter daşıyır, sonuncular artıq uzun müddət özlərinə məxsus evlərdə yaşayırlar. Hazırda bu evdə o, tək yaşayır. Cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda olmaları mülkiyyətçi kimi hüquqlarını pozur. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli evin tikintisində cavabdeh olan digər qardaşı Həsrətlə birlikdə hələ uşaq ikən iştirak etmişdir. Belə ki, həmin evdən əsgərliyə getmiş, 1988-ci ildə isə əsgərlikdən qayıdıb, yaşamışdır. Bundan sonra, 1989-cu ildə Rusiyaya gedib, 1991-ci ildə təkrarən bu evə qayıtmışdır. 1991-ci ildə Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, 1994-cü il tarixdə müharibədən qayıdıb, ata evləri olan mübahisəli evə gəlmişdir. 1998-ci ildə evləndikdən sonra, həmin evdən çıxaraq, bir neçə il arvadı Nahidənin evində yaşamışdır. 2003-cü ildə Siyəzən şəhəri, A.Zahirov küçəsində 5 sot torpaq sahəsi alıb, özü üçün ev tikməyə başlamış, 2004-cü ildə ev hazır olduqdan sonra bu evə köçmüş və hazırda da ailə üzvləri ilə birlikdə bu evdə yaşamaqdadır. Ata yurdu olan sözügedən evin satılmasından xəbəri olmamış, həmçinin, ata ocaqları olduğuna görə evdən istifadə hüququnun itirilməsini, qeydiyyatdan çıxarılmasını istəmir. Eyni zamanda, evin analarının adından iddiaçının keçmiş əri, onun isə qardaşı olan Vidadinin adına keçməsindən xəbəri olmamış, bunu pasportları dəyişərkən bilmişdir. Hazırda ayrı yaşayış yerləri olsa da, ata yurdları olduğundan bu evdən qeydiyyatdan çıxmaq istəmir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, da 2000-ci ilədək mübahisə predmeti olan ata yurdlarında yaşamışdır. İddiaçı və qardaşı Vidadi Kərimovla mübahisələri olduğu üçün 2000-ci ildə evi tərk etmişdir. Belə ki, 3 il qonşu Qaraxanın evində, 2 il isə müxtəlif ünvanlarda yaşamışdır. 2005-ci ildə evlənib, Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən evinə köçmüşdür. Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən evi isə 1990-cı ildə almışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehlər Eyvaz və Cavabdeh3ların izahatlarını, eləcə də şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, şahid X12 ifadəsində göstərdi ki, iddiaçı keçmiş arvadı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3lar isə qardaşlarıdır. Mübahisəli evi təxminən 1980-ci illərdə, toyundan təxminən 5-6 il əvvəl özü tikmiş, evin inşa edilməsində qardaşları Eyvaz və Həsrətin köməkliyi olmamışdır. Anası 1986-cı ildə vəfat etdikdən sonra ev vərəsəlik qaydasında onun adına keçmiş, habelə bununla bağlı cavabdehlər də notariusa razılıq ərizələri vermişlər. 2009-cu ildə arvadı Səadətdən boşandıqdan sonra o, da bu evi tərk etmiş, orada yaşamamışdır. Daha sonra, həmin evi 10 yanvar 2011-ci il tarixdə alqı-satqı yolu ilə keçmiş arvadı Səadətə satmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 10 iyun 2021-ci il tarixli, 05/01-2307/11 nömrəli məktubu ilə göndərilmiş Siyəzən rayon dövlət notariat ofisində 29 iyun 1998-ci il tarixdə 2V-245 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin surətindən görünür ki, Siyəzən şəhərinin Xətai küçəsindəki 1 mərtəbəli, 2 yaşayış otaqlı, 67,5 kv.m yaşayış, 128,3 kv.m ümumi sahəsi olan 99 nömrəli fərdi yaşayış evi keçmiş Dəvəçi rayon XDS-in icraiyyə komitəsinin 13 may 1981-ci il tarixli, 9 nömrəli qərarı ilə X1 adına qeydə alınmış, sonuncu 18 avqust 1986-cı il tarixdə öldükdən sonra onun ailə üzvləri, o cümlədən qızı Rəsmiyyə Kərimova, oğulları Həsrət və Cavabdeh1lar mərhum analarından miras qalan evdən onlara çatan paydan qardaşları Vidadi Kərimovun xeyrinə imtina etmiş, nəticədə sonuncu qeyd edilən miras əmlaka münasibətdə mərhum Dürnisə Kərimovanın vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 15 aprel 2009-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 67,5 kv.m yaşayış, 60,8 kv.m köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 avqust 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 078670 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X7 arasında olan nikah 27 avqust 2009-cu il tarixdə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 20 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişi soyadında qalmış, qadına Abdulova soyadı verilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiqlənmiş, 10 yanvar 2011-ci il tarixdə 4Ə-04 reyestr nömrəsi ilə qeydə alınmış həmin tarixli müqaviləyə əsasən satıcı X12 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən 09 dekabr 2010-cu il tarixdə verilmiş 46 saylı etibarnamə əsasında çıxış edən nümayəndəsi X8 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 99 saylı fərdi yaşayış evini İddiaçı 20000 manata satmışdır. İşdə olan 10 yanvar 2011-ci il tarixli, 4Ə-04 nömrəli notariat işində olan X5 ərizəsinin surətindən görünür ki, o, atası Vidadi Kərimovun mülkiyyətindəki Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı evin satılmasına etiraz etməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 15 yanvar 2011-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı ev həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********03-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RPŞ QvŞV qrupu tərəfindən 15 yanvar 2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatdadır. İşdə olan 03 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Həsrət və Cavabdeh1lar, habelə sonuncunun qızı Cavabdeh2 ilə İddiaçı arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə, məhkəmə iclasında verilmiş izahatlar, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi keçmiş Dəvəçi rayon XDS-in icraiyyə komitəsinin 13 may 1981-ci il tarixli, 9 nömrəli qərarı ilə Dürnisə Kərimovanın adına qeydə alınmış, sonuncu 18 avqust 1986-cı il tarixdə öldükdən sonra onun ailə üzvləri, o cümlədən qızı Rəsmiyyə Kərimova, oğulları Həsrət və Cavabdeh1lar mərhum analarından miras qalan evdən onlara çatan paydan qardaşları Vidadi Kərimovun xeyrinə imtina etmiş, nəticədə sonuncu qeyd edilən miras əmlaka münasibətdə mərhum Dürnisə Kərimovanın vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, habelə bu ev 15 aprel 2009-cu il tarixdə Vidadi Kərimovun adına qeydiyyata alınmışdır. Bundan sonra, Vidadi Kərimov 10 yanvar 2011-ci il tarixdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən 09 dekabr 2010-cu il tarixdə verilmiş 46 saylı etibarnamə əsasında çıxış edən nümayəndəsi X8 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçəsindəki 99 saylı fərdi yaşayış evini İddiaçı 20000 manata satmış, habelə bu müqavilə əsasında həmin ev 15 yanvar 2011-ci il tarixdə sonuncunun adına rəsmiləşdirilmişdir. Bununla belə, cavabdehlər Eyvaz və Cavabdeh3lar mübahisəli fərdi yaşayış evini müvafiq olaraq 1998-ci və 2000-ci illərdə tərk edənədək oranın keçmiş mülkiyyətçisi, anaları Dürnisə Kərimova və sonrakı sahibi, habelə mülkiyyətçisi qardaşları Vidadi Kərimovla birgə yaşamaqla ümumi təsərrüfat idarə etdiklərindən onların həmin evdən iddiaçı ilə birlikdə istifadə hüquqları yaranmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh2 da mübahisəli ünvana münasibətdə də istifadə hüquqlarının yaranmaqla, mövcud olmuş olması istisna edilmir. Belə ki, belə bir hüquq onun ailə üzvü olan atası Cavabdeh1 hüququndan əmələ gələn törəmə hüquq olmuşdur. Yəni, Cavabdeh2 09 sentyabr 2000-ci il tarixdə doğularkən mübahisəli ünvanda yaşamasa da, atası Cavabdeh1 mövcud olmuş hüququndan valideyninin yanında yaşayan şəxs kimi bəhrələnmiş, habelə bu hüquqa şərik olmuşdur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı məqamda, cavabdehlər Həsrət və Cavabdeh1ların, habelə sonuncunun qızı Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi institutunun zəruri olduğu təəssüratı yaransa da, belə bir institutun tətbiqi üçün əsasların yaranması məhkəmə iclaslarında müəyyən edilməmişdir. Çünki, kompensasiya institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, evdən (mənzildən) istifadə hüquqlarına xitam verilən, başqa sözlə evdən (mənzildən) çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Qanunverici belə kompensasiyanın verilməsini yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkün hesab edir. Hazırda, mübahisəli fərdi yaşayış evində istifadə hüququnu əldə etmiş cavabdehlər Həsrət və Cavabdeh1ların özlərinin də məhkəmə iclasında izahatlarında etiraf etdikləri kimi uzun müddət oradan istifadə etmədikləri və davamlı surətdə, daimi olaraq başqa yerdə yaşadıqları müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh1 qızı digər Cavabdeh2 da atası ilə birlikdə hələ azyaşlı olarkən mübahisəli ünvanı tərk etdiyi uzun müddət oradan istifadə etmədiyi və davamlı surətdə, daimi olaraq başqa yerdə valideynlərinin yanında yaşadığı məlumdur və bu da işin müəyyən edilmiş digər faktiki halları kimi mübahisə olunmazdır. Əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Qeyd olunan bu bənzər, eləcə nəticələri uyğun olan hala, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında hüquqi qiymət vermiş, o cümlədən mövqeyini əsaslandırmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinin həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olduğunu qeyd etmişdir. Bundan əlavə, cavabdehlər Həsrət və Cavabdeh1lar, mübahisəli fərdi yaşayış evi mərhum anaları Dürnisə Kərimovadan miras qalarkən öz paylarından qardaşları Vidadi Kərimovun xeyrinə imtina etdiklərindən, habelə belə bir halın hansı hüquqi nəticələrə səbəb olacağını dərk etməklə, iradələrini nümayiş etdirib, imtinalarını notariat qaydada təsdiq etdiklərindən oranın qardaşları Vidadi Kərimovun adına rəsmiləşdirilməsini, sonradan üçüncü şəxslərə satılması ehtimalını da qəbul etməklə, buna şüurlu şəkildə imkan yaratmışlar. Bu isə cavabdeh tərəfin, mübahisəli evin onlardan xəbərsiz Vidadi Kərimovun adına rəsmiləşdirilməsi, sonradan isə satılması kimi fikirlərinin onların şəxsi arqumentləri olmasını, habelə mübahisənin onların xeyrinə həll olunmasına əsas yaratmaq niyyətlərinin olmasını düşünməyə zəmin yaradır və bunun belə də olması istisna edilmir. Çünki, mübahisə predmeti ilə bağlı Vidadi Kərimovun adına mülkiyyət hüququ barəsində verilmiş 15 aprel 2009-cu il tarixli çıxarış 15 yanvar 2011-ci il tarixdə ləğv edilənə kimi hər hansı bir formada mübahisələndirilmədiyindən ona münasibətdə reyestrin məzmunun həqiqiliyi, eləcə də tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Bununla da, məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı evə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı evə olan istifadə hüquqlarına xitam verilsin. İddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-197/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-197/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver