Məhkəmə qərarları › İş №2(059)-212/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-212/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-212/2022 11.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə iddiaçı Siyəzən Rayon Mənzil İstismar Sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Siyəzən Rayon Mənzil İstismar Sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin mənzilə olan istifadə hüquqları itirilməklə, qeydiyyatdan çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 21 saylı korpusun 5-ci mənzilinə olan istifadə hüquqları itirilərək, qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəf işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 21 saylı korpusun 5-ci mənzilinə dair istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin müdiri Nümayəndə3 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının 02 oktyabr 2009-cu il tarixli, 241 saylı sərəncamı ilə “Siyəzənneft” NQÇi-nin balansında olan yaşayış və qeyri-yaşayış binalarının Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilməsi məqsədilə təhvil-təslim komissiyası yaradılmış, habelə bu komissiyanın iştirakı ilə tərtib edilmiş aktla Dövlət Neft Şirkəti “Azneft” İB-nin “Siyəzənnneft” NQÇİ-nin balansında olan bina və tikililər əvəzsiz olaraq RİHB-nın balansına verilmişdir. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2009-cu il tarixli, 290 nömrəli sərəncamı ilə “Siyəzənneft” NQÇİ-nin balansında olan yaşayış binaları və tikililərin Mənzil İstismar Sahəsinin balansına verilməsi təmin edilmişdir. Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki həmin korpuslar qəzalı vəziyyətdə olmaqla, həmin tikililərin istismar müddəti bitmişdir. Bu vəziyyət binada yaşayanlar üçün həyati təhlükə daşımış, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri həmin yaşayış binalarına texniki baxış keçirmiş, onların qəzalı vəziyyətdə və istismara yararsız olması barədə rəy tərtib etmişlər. Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi ilə yaşayış üçün yararsız, istismar müddəti bitmiş sayılan korpusların yığışdırılıb, ərazinin abadlaşdırılması, sakinlərin yeni tikiləcək mənzillərə köçürülməsi nəzərdə tutulmuşdur. Lakin, bəzi sakinlər həmin yararsız tikililərin sökülüb abadlaşdırılmasına süni maneələr yaratmaqla, işin gedişinə mane olmuşdur. Belə ki, cavabdehlər Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 21 saylı korpusun 5-ci mənzilində uzun müddət yaşamamalarına baxmayaraq, qeydiyyatdan çıxmaqdan imtina edirlər. Bundan əlavə, şəxsin qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlər isə faktiki olaraq başqa yerdə yaşasalar da, həmin mənzildə qeydiyyatdadırlar. Halbuki sözügedən mənzilin 14 fevral 2022-ci il tarixdə vəfat etmiş təsərrüfat başçısı X2 ilə əldə edilmiş razılığa əsasən sonuncuya ərazidə bina inşa etmək niyyətində olan "xxxx" MMC tərəfindən 30000 manat pul ödənilmişdir. Həmçinin, mərhum Xavər Qafarova ilə birgə hazırkı iş üzrə cavabdehlər mənzildən şirkətin xeyrinə imtina etməklə, gələcəkdə həmin əmlakla bağlı heç bir iddia və tələblərinin olmayacağı ilə əlaqədar 09 sentyabr 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələr də vermişlər. Bundan sonra, cavabdehlər mənzili sökməklə, sökülmüş materialları özləri ilə aparmışlar. Hazırda Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 21 saylı korpusun 5-ci mənzili tamamilə sökülmüş və ərazi boşaldılmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, 2018-2019-cu illərdən Siyəzən şəhərində qəzalı vəziyyətdə olan binaların sökülərək, əvəzinə təmsil etdiyi MMC tərəfindən yeni binaların tikilməsi prosesinə başlanılmışdır. Sözügedən mənzilin 14 fevral 2022-ci il tarixdə vəfat etmiş təsərrüfat başçısı X2 ilə əldə edilmiş razılığa əsasən sonuncuya ərazidə bina inşa etmək niyyətində olan "xxxx" MMC tərəfindən 30000 manat pul ödənilmişdir. Həmçinin, mərhum Xavər Qafarova ilə birgə hazırkı iş üzrə cavabdehlər mənzildən şirkətin xeyrinə imtina etməklə, gələcəkdə həmin əmlakla bağlı heç bir iddia və tələblərinin olmayacağı ilə əlaqədar 09 sentyabr 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələr də vermişlər. Lakin, cavabdehlər mənzili könüllü qaydada sökmələrinə, həmçinin Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 21 saylı korpusun 5-ci mənzilində uzun müddət yaşamamalarına baxmayaraq, qeydiyyatdan çıxmaqdan imtina edirlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin digər nümayəndəsi Nümayəndə2 Nümayəndə1 izahatına uyğun, eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə, işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdehlər notarial qaydada təsdiq edilmiş 09 sentyabr 2021-ci il tarixli ərizələrlə qeydiyyatda olduqları ümumi sahəsi 37,1 kv.m olan Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 21 saylı korpusun 5-ci mənzilindən gələcəkdə müasir tipli çoxmərtəbəli bina inşa etmək niyyətində olan "xxxx" MMC-nin xeyrinə öz iradələri ilə imtina etmiş, habelə gələcəkdə həmin əmlakla bağlı heç bir iddia və tələblərinin olmayacağını bildirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, eləcə də cavabdehlərin notarial qaydada tərtib etdikləri ərizələri nəzərə almaqla, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin balansında olan yaşayış və qeyri-yaşayış binalarının Siyəzən Mənzil istismar sahəsinin balansına verilməsi məqsədilə təhvil-təslim komissiyası yaradılması barədə 02 oktyabr 2009-cu il tarixli, 241 saylı, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin balansında olan bina və tikililərin Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilməsi barədə 22 dekabr 2009-cu il tarixli, 290 nömrəli Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarının və 18 dekabr 2009-cu il tarixli aktın surətindən görünür ki, Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin balansında olan bina və tikililərin Siyəzən Mənzil İstismar Sahəsinin balasına verilməsi ilə əlaqədar yaradılmış komissiyanın təhvil-təslim aktı nəzərə alınmaqla, bina və tikililər Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilmişdir. İşdə olan Siyəzən şəhəri, T,İsmayılov küçəsi 1, 6, 12, 13, 17, 18, 21, 22, 26 və ünvan 1 ünvanlarında yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında 01 noyabr 2020-ci il tarixli rəyin surətindən görünür ki, 21 saylı yaşayış evi təxminən 1940-cı illərdə birmərtəbəli, kürsüsüz tikilmiş, tikilinin uzunluğu 22 metr, eni 8,7 metr, mərtəbənin daxili hündürlüyü isə 2,6 metrdir. Yaşayış evinin yükdaşıyan konstruksiyaları hazırda qüvvədə olan tikinti norma və qaydalarına cavab vermir. İnsanların yaşaması (olması) üçün təhlükənin mövcud olduğu şəraitdə konstruksiyaların yükdaşıma qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi ilə xarakterizə olunan yaşayış evinin texniki vəziyyəti yolverilməzdir. Yaşayış evində yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi zəruridir. İşdə olan mötəbər sənədlərdən, o cümlədən Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 26 yanvar 2022-ci il tarixdə verilmiş arayışlardan görünür ki, cavabdehlər Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsindəki 21 saylı korpusun (evin) 5-ci mənzilində qeydiyyatdadırlar. İşdə olan Siyəzən Mənzil İstismar Sahəsinin rəisi Nümayəndə3, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 12 saylı korpusun 6-cı mənzilində yaşayan və qeydiyyatda olan X4, eləcə də, həmin küçədəki 17 saylı korpusun 5-ci mənzilində yaşayan və qeydiyyatda olan X1 tərəfindən 01 mart 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 21 saylı korpusun 5-ci mənzilində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 1 ilə yaxın müddətdə mənzili tərk etmiş və işləri ilə əlaqədar Bakı şəhərində (ailə qurması səbəbindən/işləməsi səbəbindən/ailə vəziyyəti səbəbindən) daimi qeydiyyatsız yaşamaqdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə, məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olundu ki, Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİnin balansında olan bina və tikililərin Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilməsi ilə əlaqədar yaradılmış komissiyanın təhvil-təslim aktı nəzərə alınmaqla, bina və tikililər, o cümlədən mübahisəli mənzilin yerləşdiyi bina 22 dekabr 2009-cu il tarixdə Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilmişdir. Sözügedən yaşayış sahəsi texniki cəhətdən qəzalı olduğundan sökülmüşdür. Bundan əlavə, cavabdehlər 2021-ci ilə kimi mübahisəli ünvanda yaşasalar da, həmin tarixdən Bakı şəhərinə köçərək orada yaşamağa başlamış, habelə mübahisəli mənzildə qeydiyyatda olsalar da, onların həmin tarixdən mübahisəli mənzillə bir daha daimi əlaqələri olmamışdır. Hətta, cavabdehlər notarial qaydada təsdiq edilmiş 09 sentyabr 2021-ci il tarixli ərizələrlə qeydiyyatda olduqları ümumi sahəsi 37,1 kv.m olan Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 21 saylı korpusun 5ci mənzilindən gələcəkdə müasir tipli çoxmərtəbəli bina inşa etmək niyyətində olan "xxxx" MMC-nin xeyrinə öz iradələri ilə imtina etmiş, habelə gələcəkdə həmin əmlakla bağlı heç bir iddia və tələblərinin olmayacağını bildirmişlər. Bununla da, cavabdehlər mübahisəli mənzili tərk edərək, daimi yaşayış yerinə malik olmuşlar ki, bu da mənzil qanunvericiliyinə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə) əsasən onların mübahisə predmeti olan mənzilə yaranmış istifadə hüquqlarının itirilməsinə əsas verir. Nəticədə, cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının hüquqlarını məhdudlaşdırır və sonuncunun vəzifələrini həyata keçirməsinə mane olur. Həmçinin, cavabdehlər yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifələrini də yerinə yetirmirlər. Eyni zamanda, cavabdehlər mübahisəli mənzili müvafiq olaraq 2021-ci ildə tərk edənədək oranın keçmiş sakinləri kimi həmin mənzildən istifadə hüquqlarının yaranmasına münasibətdə məhkəmə qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı məqamda, cavabdehlərin mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi institutunun zəruri olduğu təəssüratı yaransa da, belə bir institutun tətbiqi üçün əsasların yaranması məhkəmə iclaslarında müəyyən edilməmişdir. Çünki, kompensasiya institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, evdən (mənzildən) istifadə hüquqlarına xitam verilən, başqa sözlə evdən (mənzildən) çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Qanunverici belə kompensasiyanın verilməsini yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkün hesab edir. Hazırda, mübahisəli mənzildə istifadə hüququnu əldə etmiş cavabdehlərin uzun müddət oradan istifadə etmədikləri, oranı sərbəst iradələri ilə könüllü surətdə tərk etmələri və davamlı surətdə, daimi olaraq, başqa yerdə yaşadıqları müəyyən edilmişdir. Əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş sakinin istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsindəki 21 saylı korpusun (evin) 5-ci mənzilinə olan istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni zamanda, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin 1-ci hissəsinin 14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunmuş şəxslər kateqoriyasından olduğundan, bu hal dövlət rüsumuna münasibətdə nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsindəki 21 saylı korpusun (evin) 5-ci mənzilinə olan istifadə hüquqları itirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar