Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-213/2022 27.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh1, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri Nümayəndə1, Nümayəndə2, üçüncü şəxs X2 iştirakları ilə, iddiaçı Siyəzən Rayon Mənzil İstismar Sahəsinin cavabdehlər Cavabdeh1 və Hüseynova (Astanova) Aynurə Mehti qızına qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Siyəzən Rayon Mənzil İstismar Sahəsi cavabdehlər Cavabdeh1 və Hüseynova (Astanova) Aynurə Mehti qızına qarşı "cavabdehlərin mənzilə olan istifadə hüquqları itirilməklə, qeydiyyatdan çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzilinə olan istifadə hüquqları itirilərək, qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəf işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzilinə dair istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin müdiri X8 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının 02 oktyabr 2009-cu il tarixli, 241 saylı sərəncamı ilə “Siyəzənneft” NQÇi-nin balansında olan yaşayış və qeyri-yaşayış binalarının Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilməsi məqsədilə təhvil-təslim komissiyası yaradılmış, habelə bu komissiyanın iştirakı ilə tərtib edilmiş aktla Dövlət Neft Şirkəti “Azneft” İB-nin “Siyəzənnneft” NQÇİ-nin balansında olan bina və tikililər əvəzsiz olaraq RİHB-nın balansına verilmişdir. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 22 dekabr 2009-cu il tarixli, 290 nömrəli sərəncamı ilə “Siyəzənneft” NQÇİ-nin balansında olan yaşayış binaları və tikililərin Mənzil İstismar Sahəsinin balansına verilməsi təmin edilmişdir. Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki həmin korpuslar qəzalı vəziyyətdə olmaqla, həmin tikililərin istismar müddəti bitmişdir. Bu vəziyyət binada yaşayanlar üçün həyati təhlükə daşımış, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri həmin yaşayış binalarına texniki baxış keçirmiş, onların qəzalı vəziyyətdə və istismara yararsız olması barədə rəy tərtib etmişlər. Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi ilə yaşayış üçün yararsız, istismar müddəti bitmiş sayılan korpusların yığışdırılıb, ərazinin abadlaşdırılması, sakinlərin yeni tikiləcək mənzillərə köçürülməsi nəzərdə tutulmuşdur. Lakin, bəzi sakinlər həmin yararsız tikililərin sökülüb abadlaşdırılmasına süni maneələr yaratmaqla, işin gedişinə mane olmuşdur. Belə ki, sözügedən mənzil oranın daimi sakini olan hazırkı işə üçüncü şəxs qismindən cəlb edilmiş Vəsi Qafarova tərəfindən sökülərək hazırda mövcud olmasa da, cavabdehlər Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzilində uzun müddət yaşamamalarına baxmayaraq, qeydiyyatdan çıxmaqdan imtina edirlər. Bundan əlavə, şəxsin qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlər isə faktiki olaraq başqa yerdə yaşasalar da, həmin mənzildə qeydiyyatdadırlar. Eyni zamanda, 3 il olar Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləməklə, bu müddət ərzində cavabdehlərin Sahənin balansında olmuş mənzilə gəlmələrinin şahidi olmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, xx xxxxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, elə həmin vaxtdan da Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 17-ci korpusun 6-cı mənzilində valideynləri və mərhum nənəsi Firuzə Qafarova ilə birgə yaşamışdır. X18 1991-ci ilədək “Siyəzənneft” NQÇİ-də işləmiş, 1992-ci ilin may ayında ordu sıralarında xidmətə başlaması ilə əlaqədar evi tərk etsə də, məzuniyyətə çıxarkən onların yanına gələrək bu evdə yaşamış, yəni daimi yaşayış ünvanı bu ev olmuşdur. 2001-ci ildə ailəlikcə Abşeron rayonu, Pereküşkül hərbi şəhərciyinə köçərək orada yaşamışlar. 2001-2007-ci illərdə adı çəkilən hərbi şəhərcikdə yaşadıqdan sonra o, 2007-ci ildə həqiqi hərbi xidmətə başlamış, 2007-2016-cı illərdə müqavilə əsasında müddətdən artıq ordu sıralarında xidmətini davam etdirmiş, xəstəliyinə görə ordu sıralarından tərxis olunmuşdur. X13 24 noyabr 2014-cü il tarixdə vəfat etdikdən sonra dayısı arvadı Vəsi Qafarova ona məxsus mənzili dağıdaraq, ona və anasına aid qab-qacağı, taxtı, bir ədəd çarpayını, içərisi qab dolu dolabı, bir ədəd şifoneri dağıtmaqla, elektrik xəttini də kəsmişdir. Anasının vəfatından bir il sonra, yəni 2015-ci ildə atası X14 adlı qadınla evlənərək, 2019-cu ildə atasına şəxsi mülkiyyət kimi verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi, Saray MTK, bina 68, mənzil 57 ünvanında qalmağa başlamışlar. O, hazırda atasının evində yaşasa da, bu çox davam edə bilməz. Belə ki, evləndikdən sonra bir mənzildə yaşamaları qeyri-mümkün olacaqdır. Uzun müddət yaşadıqları və hazırda qeydiyyatda olduqları bu mənzil onun xəbəri olmadan qanunsuz sökülmüş, həmin mənzildə yaşayan dayısı arvadı Vəsi Qafarovaya 3 otaqlı yeni mənzil verilsə də, o və bacısı yaşayış sahəsi ilə təmin olunmamışlar. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, 2018-2019-cu illərdən Siyəzən şəhərində qəzalı vəziyyətdə olan binaların sökülərək, əvəzinə təmsil etdiyi MMC tərəfindən yeni binaların tikilməsi prosesinə başlanılmışdır. Cavabdehlərlə, sonuncuların uzun müddət yaşayış sahəsini tərk etmələri səbəbindən əlaqə saxlamaq mümkün olmamışdır. Belə ki, mənzilin sakini Vəsi Qafarovanın sözlərindən cavabdehlərin hərbçi olması ilə əlaqədar uzun müddət əvvəl oranı tərk etməsi və qeydiyyatlarının tam formal xarakterli olması məlum olmuşdur. Keçən məhkəmə iclasında Cavabdeh2 evləndiyini və ərinin adına ipoteka ilə alınmış evdə, digər Cavabdeh1 isə atası ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, X15 küçəsi, Saray MTK, bina 68, mənzil 57 ünvanında atasına dövlət tərəfindən verilmiş evdə yaşamasını bildirmişdir. Mənzilin sakini Vəsi Qafarova ilə razılaşma əsasında sonuncu bu ilin fevral ayında evi sökməyə başlamış və gedərkən də söküntü materiallarını özü ilə aparmşdır. Vəsi Qafarova ilə müqavilə bağlanmasa da, o, təmsil etdiyi şirkət tərəfindən Siyəzən şəhərinin Azad Əfəndizadə küçəsində inşa edilmiş 44 nömrəli binanın 3 otaqdan və 80 kv. metr sahədən ibarət tam təmirli 4-cü mənzili ilə təmin edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin digər nümayəndəsi Nümayəndə2 Nümayəndə1 izahatına uyğun, eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 izahatında göstərdi ki, sözügedən mənzilə X1 arvadı kimi 1990-cı ilin may ayında gəlin gəlmiş, həmin ilin iyun ayında İbrahim Qafarovla nikahlarını rəsmiləşdirmiş və bu nikahdan 14 aprel 1996-cı il tarixdə Nəcəf adlı İ qrup əlil olan oğlu doğulmuşdur. Həmin vaxt evdə mərhum qaynanası Firuzə Qafarova, baldızı Qızxanım Qafarova və sonuncunun oğlu, hazırkı iş üzrə Cavabdeh1 yaşamışdır. Sonradan digər cavabdeh Vaqifin bacısı Aynurə də bu mənzildə doğulmuşdur. Baldızı Qızxanımın əri Mehti Hüseynov 1992-ci ildə ordu sıralarında xidmətə başladığı üçün mənzili tərk etməli olmuş, ailə üzvləri isə sonradan, yəni 2001-ci ildən Abşeron rayonu, Pereküşkül hərbi şəhərciyində yaşamağa başlamışlar. Cavabdeh1 hazırda atası ilə birgə Abşeron rayonu, Xırdalan şəhərində, bacısı Aynurə Hüseynova isə evlənərək ərinin evinə yaşayır. Cavabdehlərin uzun müddət bu mənzillə hər hansı bağlılıqları olmadığından şirkət təkcə onu mənzillə təmin etmişdir. Belə ki, bu ilin fevral ayında artıq mübahisə predmeti olan mənzil söküldüyü üçün MMC tərəfindən Siyəzən şəhərinin Azad Əfəndizadə küçəsində inşa edilmiş 44 nömrəli binanın 3 otaqdan və 80 kv. metr sahədən ibrət olan, tam təmirli 4-cü mənzili ilə təmin edilmişdir. Digər cavabdeh Hüseynova (Astanova) Aynurə Mehti qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə, işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, X6 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 07 aprel 1989-cu il tarixdən 07 yanvar 1991-ci il tarixədək “Siyəzənneft” NQÇİ-də neft və qazçıxarma üzrə 4cü dərəcəli operator vəzifəsində işləmişdir. İşdə olan “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin balansında olan yaşayış və qeyri-yaşayış binalarının Siyəzən Mənzil istismar sahəsinin balansına verilməsi məqsədilə təhvil-təslim komissiyası yaradılması barədə 02 oktyabr 2009-cu il tarixli, 241 saylı, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin balansında olan bina və tikililərin Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilməsi barədə 22 dekabr 2009-cu il tarixli, 290 nömrəli Siyəzən Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarının və 18 dekabr 2009-cu il tarixli aktın surətindən görünür ki, Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin balansında olan bina və tikililərin Siyəzən Mənzil İstismar Sahəsinin balasına verilməsi ilə əlaqədar yaradılmış komissiyanın təhvil-təslim aktı nəzərə alınmaqla, bina və tikililər Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilmişdir. İşdə olan Siyəzən şəhəri, T,İsmayılov küçəsi 1, 6, 12, 13, 17, 18, 21, 22, 26 və ünvan 2 ünvanlarında yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında 01 noyabr 2020-ci il tarixli rəyin surətindən görünür ki, 17 saylı yaşayış evi (binası) təxminən 1940-cı illərdə birmərtəbəli, kürsüsüz tikilmiş, tikilinin uzunluğu 22 metr, eni 8,7 metr, mərtəbənin daxili hündürlüyü isə 2,6 metrdir. Evin texniki vəziyyəti qəzalıdır. Bununla əlaqədar sakinlər köçürülməli, evin ətrafı çəpərlənməli, evə daxil olan kommunikasiya (işıq, su və qaz) xətləri kəsilməli, evə giriş qadağan edilməli və digər lazımi tədbirlər görülməlidir. İşdə olan mötəbər sənədlərdən, o cümlədən Siyəzən RPŞ-nin 18 mart 2022-ci il tarixli, 183-29914-3222 nömrəli məktubundan, eləcə də şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, cavabdehlər Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 17 saylı korpusun 6-cı mənzilində qeydiyyatdadırlar. İşdə olan Siyəzən RİH-in Mənzil İstismar Sahəsinin 16 mart 2022-ci il tarixli, 45 nömrəli arayışından görünür ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzili sözügedən korpusun 6-cı mənzili ilə eyni ünvandır. İşdə olan Siyəzən Mənzil İstismar Sahəsinin rəisi Vidadi Muradov, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzilində yaşayan və qeydiyyatda olan təsərrüfat başçısı Vəsi Qafarova, eləcə də, həmin küçədəki 12 saylı korpusun 6-cı mənzilində yaşayan və qeydiyyatda olan X12 tərəfindən 14 mart 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzilində qeydiyyatda olan Cavabdeh1 və Hüseynova (Astanova) Aynurə Mehti qızı uzun illərdir mənzili tərk etmiş və həmin mənzildə yaşamırlar. Verilən məlumata görə Bakı şəhərində (ailə vəziyyəti səbəbindən) daimi yaşamaqdadırlar. İşdə olan AD seriyalı, ******* nömrəli şəxsi vəsiqəsinin surətindən görünür ki, X7 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27 dekabr 2018-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 82 A saylı evin ümumi sahəsi 36,2 kv.m-dən ibarət 183-cü mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə X3 adına **********09-05304-093015 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan AO seriyalı, ******* nömrəli hərbi biletin və AD seriyalı, ******* nömrəli müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 11 oktyabr 2007-ci il tarixdən 29 yanvar 2016-cı il tarixə qədər olan dövr ərzində hərbi qulluqçu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olmuşdur. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının aparatının 4 noyabr 2021-ci il tarixli, 1143/3-H-53-068 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Siyəzən şəhərinin mərkəzində mövcud olan istismar vaxtı keçmiş binaların sökülərək yerində yeni müasir binaların inşa olunması nəzərdə tutulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Rayon İcra Hakimiyyətinə verilmiş məlumata əsasən Cəmiyyət tərəfindən Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi 12, 17 və 21 nömrəli binalarda yerləşən bir neçə mənzilin sakinləri ilə qəzalı vəziyyətdə olan binalardan Cəmiyyətə məxsus olan beşmərtəbəli 40 mənzilli yeni binaya köçürülməsi ilə əlaqədar şifahi razılıq əldə edilmiş, digərləri ilə isə bu barədə müvafiq söhbətlər aparılır. Cavabdeh1 Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 17 fevral 2020-ci il tarixli, 16 nömrəli sərəncamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində mənzil uçotuna götürülmüş və hazırda mənzil növbəliliyi siyahısındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə, məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olundu ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzili sözügedən korpusun 6-cı mənzili ilə eyni ünvan olmaqla, yanaşı 07 aprel 1989-cu il tarixdən 07 yanvar 1991-ci il tarixədək “Siyəzənneft” NQÇİ-də neft və qazçıxarma üzrə 4cü dərəcəli operator vəzifəsində işləmiş X10 həmin müddət ərzində bu mənzilin 1 otağında yaşamış, habelə sonuncu 1992-ci may ayından hərbi xidmətdə olmaqla, işlədiyi əvvəlki təşkilatla əmək münasibətlərini bərpa etməmiş, eləcə də Abşeron rayonu, Pereküşkül hərbi şəhərciyində yaşayış yeri ilə təmin edilmişdir. Bundan əlavə, cavabdehlər 2001-ci ilə kimi mübahisəli ünvanda yaşasalar da, həmin tarixdən atalarının yanına Abşeron rayonu, Pereküşkül hərbi şəhərciyinə köçərək orada yaşamağa başlamışlar. Eyni zamanda, cavabdehlərdən Cavabdeh1 11 oktyabr 2007-ci il tarixdən 29 yanvar 2016-cı il tarixə qədər olan dövr ərzində hərbi qulluqçu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olmuş, habelə sonuncu xidmətdən tərxis oldunduqdan sonra X18la birlikdə Abşeron rayonunun ərazisində yaşamağa davam etməklə, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 17 fevral 2020-ci il tarixli, 16 nömrəli sərəncamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində mənzil uçotuna götürülərək, mənzil növbəliliyi siyahısına daxil edilmişdir. Həmçinin digər cavabdeh X7 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmaqla, yanaşı ünvan 4 ünvanı sonuncunun mülkiyyətindədir. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin balansında olan bina və tikililərin Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilməsi ilə əlaqədar yaradılmış komissiyanın təhviltəslim aktı nəzərə alınmaqla, bina və tikililər, o cümlədən mübahisəli mənzilin yerləşdiyi bina 22 dekabr 2009-cu il tarixdə Siyəzən Mənzil İstismar Sahəsinin balansına verilmişdir. Sözügedən yaşayış sahəsi texniki cəhətdən qəzalı olduğundan sökülmüşdür. Göründüyü kimi cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, onlar 2001-ci ildən oranı tərk edib, yaşamaq üçün ataları Mehti Hüseynovun yanına başqa ünvana getmiş və onların bundan sonra mübahisəli mənzillə bir daha daimi əlaqələri olmamışdır. Belə ki, cavabdehlərdən Cavabdeh1 11 oktyabr 2007-ci il tarixdən 29 yanvar 2016-cı il tarixə qədər olan dövr ərzində hərbi qulluqçu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olması, habelə sonuncu xidmətdən tərxis oldunduqdan sonra X18la birlikdə Abşeron rayonunun ərazisində yaşamağa davam etməsi, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 17 fevral 2020-ci il tarixli, 16 nömrəli sərəncamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində mənzil uçotuna götürülərək, mənzil növbəliliyi siyahısına daxil edilməsi, digər cavabdeh X3 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmaqla, yanaşı ünvan 4 ünvanının sonuncunun mülkiyyətində olması işin mübahisələndirilməyən hallarındandır. Bununla da, cavabdehlər mübahisəli mənzili tərk edərək daimi yaşayış yerinə malik olmuşlar ki, bu da mənzil qanunvericiliyinə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə) əsasən onların mübahisə predmeti olan mənzilə ataları Mehti Hüseynovun vasitəsilə yaranmış istifadə hüquqlarının itirilməsinə əsas verir. Nəticədə, cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının hüquqlarını məhdudlaşdırır və sonuncunun vəzifələrini həyata keçirməsinə mane olur. Həmçinin, cavabdehlər yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifələrini də yerinə yetirmirlər. Bununla belə, cavabdehlər mübahisəli mənzili müvafiq olaraq 2001-ci ildə tərk edənədək oranın keçmiş sakinləri olan valideynləri ilə birgə yaşamaqla, ümumi təsərrüfatda iştirakçı olduqlarından onların həmin mənzildən istifadə hüquqları yaranmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı məqamda, cavabdehlərin mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi institutunun zəruri olduğu təəssüratı yaransa da, belə bir institutun tətbiqi üçün əsasların yaranması məhkəmə iclaslarında müəyyən edilməmişdir. Çünki, kompensasiya institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, evdən (mənzildən) istifadə hüquqlarına xitam verilən, başqa sözlə evdən (mənzildən) çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Qanunverici belə kompensasiyanın verilməsini yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkün hesab edir. Hazırda, mübahisəli mənzildə istifadə hüququnu əldə etmiş cavabdehlərin uzun müddət oradan istifadə etmədikləri və davamlı surətdə, daimi olaraq başqa yerdə yaşadıqları müəyyən edilmişdir. Əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Hüseynova (Astanova) Aynurə Mehti qızının Siyəzən şəhəri, T. İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzilinə olan istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni zamanda, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin 1-ci hissəsinin 14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunmuş şəxslər kateqoriyasından olduğundan, bu hal dövlət rüsumuna münasibətdə nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Hüseynova (Astanova) Aynurə Mehti qızının Siyəzən şəhəri, T. İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzilinə olan istifadə hüquqları itirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-213/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-213/2022
27.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver