Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-213/2025 24.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi"nə dair ərizəsini nəzərdən keçirib müəyyən etdim: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 mart 2024-cü il tarixli, **********50 qeydiyyat nömrəli, **********51 qeydiyyat nömrəli, **********52 qeydiyyat nömrəli, **********53 qeydiyyat nömrəli, **********55 qeydiyyat nömrəli, **********56 qeydiyyat nömrəli çıxarışlara əsasən 14 iyun 2016-cı il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış 1/7 hissədə olan torpaq sahələrinin faktiki qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Çünki, ərizəçilərin hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi miras əmlakın əldə edilməsi olmuşdur ki, bu hala da, mülki məhkəmə icraatının xüsusi icraat qaydasında deyil, iddia tələbi daxilində mülki iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10, 10.1 və 10.2-ci bəndlərinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Qeyd edilir ki, xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyəzən rayon dövlət notariat ofisindən Ərizəçi2 müraciətinə cavab olaraq, 14 iyun 2016-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinə görə, qeyd edilən Məcəllənin 1248-ci maddəsinin tələblərinə uyğun məhkəməyə müraciət etməli olduğu bildirilsə də, ərizəçilər xüsusi icraat qaydasında hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Lakin, Siyəzən rayon dövlət notariat ofisi ərizəçilər tərəfindən mirasın qəbulundan imtina edərkən, səthi yanaşaraq, işin hallarını müfəssəl araşdırmamış, vərəsələrin dairəsini müəyyənləşdirməməklə, onların arasında hüquq barədə mübahisənin olubolmamasını aydınlaşdırmadan mirasın qəbulundan imtina etmişdir. Belə olan halda, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mülki iddia icraatı qaydasında notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməli və ya mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idilər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə də, hesab edirəm ki, ərizəyə xüsusi icraat qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçilərə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bu Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Eyni zamanda ərizəçilərə izah edilsin ki, onlar hüquq barədə mübahisə olmadığı halda yenidən aidiyyəti üzrə notariat ofisinə, əks təqdirdə isə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdirlər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, ərizəyə əlavə olunmuş 15 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 268-cı maddələrinə rəhbər tutaraq qərara aldım: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi"nə dair ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçi tərəfə geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi1 geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, onlar hüquq barədə mübahisə olmadığı halda yenidən aidiyyəti üzrə notariat ofisinə, əks təqdirdə isə iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-213/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-213/2025
24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver