Məhkəmə qərarları › İş №2(059)-214/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-214/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-214/2021 31.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 47 saylı evin 25-ci mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və qeydiyyat çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər sırasından çıxarmaqla, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 47 saylı evin 25-ci mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və qeydiyyat çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Siyəzən şəhəri, T. İsmayılov küçəsindəki 47 saylı evin 25-ci mənzilini 20 iyun 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 34 500 manata almış, elə həmin müqavilə əsasında da, 10 iyul 2019-cu il tarixdə bu mənzil dövlət reyestrində adına qeydiyyata alınmışdır. Hazırda, cavabdehlərə görə o, mənzil üzərindəki hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər alqı-satqı müqaviləsi bağlandıqdan sonra sözügedən ünvanda yaşamasalar da, formal olaraq qeydiyyatda qalmışlar. Nəticədə, cavabdehlərin qeydiyyatdan çıxmaması səbəbindən o, mənzil və kommunal xidmət haqlarına görə daha artıq xərc çəkmək məcburiyyətində qalmışdır. Cavabdehlərin formal pasport qeydiyyatında qalması onun xüsusi mülki olan mənzilinə hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlum olan axırıncı yaşayış yerlərinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamadıqları üçün məhkəmə bildirişlərini onlara təqdim etmək mümkün olmamış və bildirişlər aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməklə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş, 20 iyun 2019-cu il tarixdə 4Ə-1731 reyestr sayı ilə qeydə alınmış həmin tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh3 mülkiyyətindəki Siyəzən şəhərinin T. İsmayılov küçəsində yerləşən 47 saylı evin 25-ci mənzilini İddiaçı 34 500 manata satmışdır. İşdə olan 19 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrin surətlərindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 mülkiyyətindəki Siyəzən şəhərinin T. İsmayılov küçəsində yerləşən 47 saylı evin 25 saylı mənzilinin satılmasına etiraz etməmişlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki ümumi sahəsi 61.1 kv.m olan 47 saylı evin 25-ci mənzili 10 iyul 2019-cu il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********10-05101-093007 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan ASAN-Quba tərəfindən 24 sentyabr 2020-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatdadırlar. İşdə olan 05 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, 20 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətindəki Siyəzən şəhərinin T. İsmayılov küçəsində yerləşən 47 saylı evin 25-ci mənzilini İddiaçı 34 500 manata satmış, elə həmin müqavilə əsasında da, bu mənzil 10 iyul 2019-cu il tarixdə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Mənzilin satıldığı vaxtdan mənzilin keçmiş sakinləri olan cavabdehlər köçüb getmiş, lakin mənzildən qeydiyyatdan çıxmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh3 adına mübahisəli mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyi və həmin mənzilə mülkiyyət hüququ İddiaçı keçdiyi, o cümlədən digər cavabdehlər mübahisəli mənzilin satılmasına razılıq verdikləri üçün onların Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 47 saylı evin 25-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddiaçının hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi də nəzərə alınmalıdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının məqsədi cavabdehlərin qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına da nail olmaqdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehlərin Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 47 saylı evin 25-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi barədə qətnamə onların həmin mənzildən qeydiyyatdan çıxmaları üçün əsas verir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Siyəzən şəhəri, T. İsmayılov küçəsindəki 47 saylı evin 25-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 47 saylı evin 25-ci mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar