Məhkəmə qərarları › İş №2(059)-219/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-219/2022

27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-219/2022 27.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi "sosial sığorta stajının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "sosial sığorta stajının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 yanvar 1978-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kənd 28 May üzümçülükmaldarlıq sovxozunda fəhlə və mexanizator işləyərək, əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən təqdim edə bilmədiyi üçün həmin müddətin sosial sığorta stajı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 04 avqust 1956-cı il tarixdə Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində doğulmuşdur. Hələ kiçik yaşlarından sovxozda işləməyə başlamaqla, 23 avqust 1993-cü il tarixədək, yəni Füzuli rayonu işğal edilənə kimi həmin rayonda 28 May (keçmiş Orjanikidze) adına üzümçülük-maldarlıq sovxozunda əvvəlcə fəhlə, daha sona isə mexanizator işləmişdir. Füzuli rayonu işğal ediləndən sonra Siyəzən rayonunda məskunlaşmış, 01 may 1994-cü il tarixdən “Siyəzənneft” NQÇİ-də fəhlə işinə qəbul olunmaqla, orada işləmiş, bu yaxınlarda 65 yaşlı tamam olduqdan sonra pensiya təyinatı üçün zəruri sənədlərlə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialına müraciət etsə də, müraciətinin təmin edilməsindən 22 dekabr 2021-ci il tarixli məktubla imtina edilmişdir. Belə ki, imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə görə işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti əmək stajına daxil edildiyi göstərilmişdir. Bundan əlavə, onun ərizəsinə əlavə etdiyi arxiv arayışında qeyd olunan iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün həmin illəri əmək stajına daxil etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarına və “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarında əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəblərdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas vermədiyi və həmin sığorta stajı 25 ildən az olduğu üçün onun yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətinə imtina cavabı verilərək, məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bununla əlaqədar bildirir ki, o, 20 noyabr 1975-ci il tarixdə həmin vaxt yaşadığı Füzuli rayonunun Hərbi Komissarlığı tərəfindən keçmiş Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilərək, 25 noyabr 1977-ci il tarixdə ordu sıralarından tərxis olunmaqla, evə buraxılmış və 03 dekabr 1977-ci il tarixdən Füzuli rayonuna qayıdaraq, həmin vaxtdan da komissarlıqda qeydiyyata durmuşdur Həqiqi hərbi xidmətdən sonra o, həqiqətən də, 10 yanvar 1978-ci il tarixdən 10 yanvar 1984-cü il tarixədək Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə, 10 yanvar 1984-cü il tarixdən 23 avqust 1993-cü il tarixədək isə həmin sovxozda mexanizator işləmişdir. Bu faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün olmadığı üçün hazırkı ərizə ilə müraciət etməyə məcbur olmuşdur. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etməklə, eyni zamanda ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini rica edir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Bununla belə, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialı tərəfindən məhkəməyə etiraz ünvanlanmış və bu etirazda qeyd edilmişdir ki, hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasında və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. İş stajının (əmək fəaliyyətinin) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Lakin, iş üzrə icraat materiallarında ərizəçinin işlədiyi illəri təsdiq edəcək hər hansı şahidin isə cəlb olunmadığı aydın görünür. Beləliklə, iş materiallarında ərizəçinin işləməsi faktını təsdiq edən hallar, sənədlər və materiallar mövcud deyildir. Odur ki, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialının ərizəyə etirazını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadəsində göstərdi ki, o, keçmiş iş yoldaşı Ərizəçi 10 yanvar 1978-ci il tarixdən 10 yanvar 1984-cü il tarixədək Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə, 10 yanvar 1984-cü il tarixdən 23 avqust 1993-cü il tarixədək isə həmin sovxozda mexanizator işləməsi faktını təsdiq edir. Belə ki, o, özü də 1976-cı ilin iyun ayında sözügedən sovxozda fəhlə işinə qəbul edilmiş, daha sonra mexanizator işləmiş, bununla da, 23 avqust 1993-cü il tarixdə Füzuli rayonu işğal olunanadək sözügedən sovxozda ərizəçi ilə birgə əmək fəaliyyətini davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, o, keçmiş iş yoldaşı Ərizəçi 10 yanvar 1978-ci il tarixdən 10 yanvar 1984-cü il tarixədək Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə, 10 yanvar 1984-cü il tarixdən 23 avqust 1993-cü il tarixədək isə həmin sovxozda mexanizator işləməsi faktını təsdiq edir. Belə ki, o, özü də 1969-cu ildə 1 ay kolxoz, 01 yanvar 1970-ci ildən etibarən sovxoz kimi fəaliyyət göstərən 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda həmin tarixdən 01 mart 1972-ci il tarixədək fəhlə, sonuncu tarixdən 02 fevral 1983-cü il tarixədək briqadir, 02 fevral 1983-cü il tarixdən 16 noyabr 1987-ci il tarixədək sahə aqronomu, 16 noyabr 1987-ci il tarixdən 03 yanvar 1994cü il tarixədək baş aqronom vəzifələrində işləmişdir. Sözügedən sovxoz 16 noyabr 1987-ci ilədək “Orjanikidze”, həmin tarixdən “28 May” sovxozu adlanmışdır. O, Ərizəçi əmək fəaliyyətinə başladığı vaxtdan əvvəl artıq sözügedən sovxozda işləmişdir. İşdə olan 29 iyul 1969-cı il tarixdə tərtib edilmiş Şahid2 məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, 01 yanvar 1970-ci ildən etibarən sovxoz kimi fəaliyyət göstərən 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda həmin tarixdən 01 mart 1972-ci il tarixədək fəhlə, sonuncu tarixdən 02 fevral 1983-cü il tarixədək briqadir, 02 fevral 1983-cü il tarixdən 16 noyabr 1987-ci il tarixədək sahə aqronomu, 16 noyabr 1987-ci il tarixdən 03 yanvar 1994-cü il tarixədək baş aqronom vəzifələrində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X1 17 sentyabr 2021-ci il tarixli, 74 nömrəli arxiv arayışından görünür ki, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndi “Orjanikidze” kolxoz və sovxozunun 1973-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı yandırılaraq məhv edilmişdir. 1986-1993-cü illərə aid sənədlər isə arxivə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialı tərəfindən Ərizəçi ünvanlanmış 22 dekabr 2021-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas vermədiyi, həmçinin, sığorta stajı 25 ildən az olduğu üçün Ərizəçi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olmaması izah edilmişdir. İşdə olan 17 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 3 saylı qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, ərizəçi iş stajının bərpa edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamışdır. Göründüyü kimi, ərizəçiyə lazım olan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialı tərəfindən əmək pensiyasının təyin edilməsindən imtina üçün gətirilən əsaslar ərizəçinin bu hüququnun təmin edilməməsi üçün əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadəsi, təqdim olunmuş sənədlər ilə təsdiq olunur ki, Ərizəçi 10 yanvar 1978-ci il tarixdən 10 yanvar 1984-cü il tarixədək Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə, 10 yanvar 1984-cü il tarixdən 23 avqust 1993-cü il tarixədək isə həmin sovxozda mexanizator işləməsini təsdiq edən hüquq müəyyənedici sənədlər mövcud olmadığına, yəni, işlədiyi təşkilat, müəssisənin balansında illər üzrə olan sənədlər arxivə təhvil verilmədiyinə görə bu faktın başqa qaydada təsdiq edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin əmək fəaliyyətinə dair qeydin hüquq müəyyənedici sənədlərdə aparılmaması onun iradəsindən asılı olmamış, obyektiv səbəbdən baş vermişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 25-ci maddəsinin birinci hissəsinə əsasən, hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X2rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: “ Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi 10 yanvar 1978-ci il tarixdən 10 yanvar 1984-cü il tarixədək Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə, 10 yanvar 1984-cü il tarixdən 23 avqust 1993-cü il tarixədək isə həmin sovxozda mexanizator işləməsi (sosial sığorta stajı kimi müəyyən edilməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 307, 307.2, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi 10 yanvar 1978-ci il tarixdən 10 yanvar 1984-cü il tarixədək Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə, 10 yanvar 1984-cü il tarixdən 23 avqust 1993-cü il tarixədək isə həmin sovxozda mexanizator işləməsi (sosial sığorta stajı kimi müəyyən edilməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar