Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-22/2020 21.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi (bələdiyyə sədri) X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin Cavabdeh qarşı "icarə müqaviləsinin etibarsız hesab edilərək, ləğv edilməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsi Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən özbaşına zəbt edilmiş Siyəzən rayonunun Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətinə aid olan 0,70 ha torpaq sahəsinin onun tərəfindən boşaldılaraq əvvəlki təyinatına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qalan hissədə müdafiə etməklə, cavabdeh tərəfindən özbaşına zəbt edilmiş iddiaçı bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsinin onun tərəfindən boşaldılaraq əvvəlki təyinatına qaytarılması, torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməklə, ləğv edilməsi, orada olan tikintilərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (bələdiyyə sədri) X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayonunun Yuxarı Ələz kəndində eyni adlı bələdiyyənin mülkiyyətindəki 0,70 ha torpaq sahəsi cavabdeh tərəfindən özbaşına zəbt edilməklə, orada qanunsuz tikililər inşa edilmişdir. Həmin əraziyə tərəflərindən baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Cavabdeh bu hərəkətləri ilə iddiaçının mülkiyyətçi kimi dövlət tərəfindən tanınan və qorunan sərəncam, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Bundan əlavə, Cavabdeh tərəfindən özbaşına zəbt edilərək inşa edilmiş qanunsuz tikilinin yerləşdiyi 200 ha torpaq sahəsi də bələdiyyənin mülkiyyətində olmaqla, örüş torpaqlarına aiddir və bu ərazi boş sahədən ibarətdir. Bu torpaq sahəsinin istifadə və ya icarəyə verilməsi barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə və ya hüquqmüəyyənedici sənəd mövcud deyildir. Həmçinin, bələdiyyə mülkiyyətindəki mübahisə predmetini təşkil edən 0,70 ha və 200 ha torpaq sahələri ayrı-ayrı ərazilərdir. Belə ki, 0,70 ha torpaq sahəsi 200 ha torpaq sahəsinin coğrafi hüdudları daxilində yerləşmir. Bundan başqa, cavabdeh hazırda onun təmsil etdiyi bələdiyyənin keçmiş sədri ilə xx xxxxxxxx 2019-cu il tarixdə, xx xxxxxxxx 2019-cu il tarixli qərar əsasında 200 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlasa da, aparılmış araşdırma zamanı müqavilənin əsaslanaraq bağlandığı həmin qərarın mövcud olmadığı və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmədiyi müəyyən olunmuşdur. Həmin torpaq sahəsindən isə cavabdeh təyinatı üzrə istifadə etməyərək orada qanunsuz tikililər inşa etmişdir. Cavabdehə bu hərəkətlərinin qanuna zidd olduğu, əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1, 188.2 və 188.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olduğu, zəbt edilmiş torpaq sahəsinin boşadılaraq ilkin təyinatına qaytarılması barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, bunun müsbət nəticəsi olmamışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh müvafiq tikinti işlərini xx xxxxxx 2018-ci il tarixli çıxarışla onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin coğrafi hüdudları daxilində aparmış, hətta bunun üçün icazə də verilmişdir. İddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinə aid olan mübahisəli 200 ha torpaq sahəsi hər il tərəflər arasında müqavilə bağlanılmaqla, cavabdehin istifadəsinə verilməkdədir. Qeyd edilən torpaq sahəsi heyvandarlıq məqsədləri üçün istifadə olunur. xx xxxxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, cavabdeh hazırda da burada öz heyvanlarını saxlamaqda davam edir. Eyni zamanda, mübahisə predmetinə aid olan 0,70 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmək üçün iddiaçı tərəfin subyektiv hüququ yoxdur. Belə ki, bu mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sonuncunun nümayəndəsi (bələdiyyə sədri) tərəfindən məhkəməyə hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin (bələdiyyə sədrinin), eləcə də cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı X4 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Yuxarı Ələz kəndində yerləşən 0,10 ha kənd təsərrüfatlı torpaq sahəsi, eləcə də onun üzərindəki ümumi sahəsi 497,4 kv.m olan əmlak kompleksi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində **********40-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin xəbərdarlıq məktublarından görünür ki, cavabdehdən qanunsuz olaraq zəbt etdiyi torpaq sahələrində inşa etdiyi tikililəri sökməsi, habelə həmin əraziləri boşaltmaqla, əvvəlki təyinatına qaytarması tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, **********58 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 23750 saylı rəyindən görünür ki, mübahisə predmeti olan Siyəzən rayonu, Yuxarı Ələz kəndində yerləşən Cavabdeh üzərində tikinti apardığı torpaq sahəsi RX seriyalı, ******* saylı çıxarışla onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşməklə, kənd təsərrüfatı təyinatlı torpaqlar (kolluq) kateqoriyasına aid olduğu müəyyən olunmuşdur. Həmçinin, rəylərdən görünür ki, Cavabdeh üzərində tikinti apardığı torpaq sahəsinin qismən RX seriyalı, ******* saylı çıxarışla onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi, bu çıxarışla cavabdehin xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin, Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan 0,88 ha torpaq sahəsi ilə (RX seriyalı, ******* saylı çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsindən əlavə cavabdeh Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan 0,70 ha torpaq sahəsindən deyil 0,88 ha torpaq sahəsindən istifadə edir) üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Bundan əlavə, rəylərdən görünür ki, mübahisə predmeti olan Siyəzən rayonu, Yuxarı Ələz kəndində yerləşən Cavabdeh üzərində tikinti apardığı torpaq sahəsi Siyəzən rayonu, Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətində olan 0,88 ha torpaq sahəsinin koordinatları daxilində yerləşmir və bu torpaq sahəsinin təyinatı dəyişdirilməmişdir. Lakin, Siyəzən rayonu, Yuxarı Ələz kəndində yerləşən torpaq sahəsində aparılmış tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1-ci və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, **********88 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/2127 saylı rəyindən görünür ki, Cavabdeh faktiki olaraq istifadəsində olan torpaq sahəsi 0,98 ha təşkil edir və mübahisəli ərazidə texniki pasport sənədində qeyd olunmayan 8x9 metr ölçüdə və 6.5x7.5 metr ölçüdə olan iki yaşayış evi vardır. Həmçinin, mülki iş materiallarında Siyəzən rayonu, Yuxarı Ələz bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 13 saylı qərara əsasən Cavabdeh icarəsinə verilmiş 200 ha torpaq sahəsinə dair plan və ölçü sənədi, ölçülər göstərilməklə hazırlanmış situasiya planı olmadığından mübahisə predmeti olan torpaq sahəsinin həmin 200 ha torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri cəmi 264,84 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında işin faktiki halları, toplanmış sübutlar, habelə ekspert və mütəxəssis rəyləri ilə tələbin ilk hissəsinə münasibətdə müəyyən edildi ki, cavabdehin iddiaçıya aid 0,70 ha torpaq sahəsindən qanunsuz istifadə etməklə, sonuncuya zərər vurmasına dair iddia tələbinin heç bir qanuni əsası yoxdur və bunun əksi mötəbər sənəd və ya sübutlarla öz təsdiqini tapmır. Belə ki, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti ilə əlaqədar təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasına dair qərardada əsasən tərtib edilmiş müvafiq rəydən də göründüyü kimi iddiaçıya aid 0,70 ha torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir formada müdaxilə və ya zəbt edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi iş üçün əhəmiyyətli olan halları özündə əks etdirdiyindən əsaslı və mötəbər hesab edilməlidir. Belə ki, mübahisəli ərazi üzrə aparılan ekspert tədqiqatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsaslanmaqla, sonuncu rəy isə mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Xidmətin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilməklə, tərtib edilmişdir. Həmçinin, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbinin ilk hissəsini, yəni ona aid 0,70 ha torpaq sahəsinin zəbt edilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddia tələbinin ilk hissəsinə, yəni iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinə aid 0,70 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsinə münasibətdə iddiaçı bələdiyyənin qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Beləliklə, məhkəmə iddia tələbinin ilk, yəni “cavabdeh tərəfindən özbaşına zəbt edilmiş Siyəzən rayonunun Yuxarı Ələz bələdiyyəsinin mülkiyyətinə aid olan 0,70 ha torpaq sahəsinin onun tərəfindən boşaldılaraq əvvəlki təyinatına qaytarılması” barədə hissəsinə münasibətdə qeyd edir ki, tədqiq edilmiş mötəbər sübutlara və işin faktiki hallarına əsasən tələb bu hissədə əsaslı hesab edilməməli və təmin edilməməlidir. Bununla belə, məhkəmə iddia tələbinin mübahisəli 200 ha torpaq sahəsinə dair hissəsini qismən əsaslı hesab etməklə, qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bu Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqlarına bölünür. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Yenə bu Məcəllənin 56-cı maddəsinin İ və V hissələrinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bu Qanunun 11-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Qeyd olunan Qanunun 16-cı maddəsinin İ və İİ hissələrinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Sözügedən Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331-ci maddəsinin İ və İİ hissələrinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Yenə bu Məcəllənin 389-cu maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 337-ci maddəsinin İ və İİİ hissələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Beləliklə, məhkəmə hesab edir ki, öhdəliyin əmələ gəlməsi üçün Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsi ilə Cavabdeh arasında müqavilə olmalıdır. Lakin, hazırkı vəziyyətdə belə bir müqavilənin (xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış torpaq icarə müqaviləsinin) olmasına baxmayaraq, həmin müqavilə qeyd edilən tərəflər arasında hər hansı bir öhdəliyin yaranmasına səbəb ola bilməz. Belə ki, Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin sədri ilə icarəçi Cavabdeh arasında bağlanmış, torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı əsasında Bələdiyyənin inzibati ərazisindəki 200 hektar torpaq sahəsi heyvandarlığın inkişafı üçün 10 ay müddətinə Cavabdeh icarəsinə verilmişdir. Lakin, tərəflər arasında icarə müqaviləsi bağlanarkən qanunla müəyyən edilmiş əqdin forma tələblərinə riayət edilməmiş, o cümlədən əqd iddiaçı bələdiyyənin möhürü ilə təsdiq edilməsinə baxmayaraq, onu bağlayan şəxslər, yəni iddiaçı bələdiyyənin keçmiş sədri və Cavabdeh tərəfindən imzalanmamışdır. Nəticədə, yaranmış bu vəziyyət Cavabdeh ilə iddiaçı bələdiyyə arasında yaranmış öhdəliyin etibarsızlığına gətirib çıxarır ki, belə olan təqdirdə tərəflər arasında hər hansı bir formada öhdəliyin yaranması, o cümlədən etibarlığı istisna edilir. Məhz bu əsasla da iddia tələbinin ikinci hissəsi qismən əsaslı hesab edilərək qismən təmin edilməli, o cümlədən Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin sədri ilə icarəçi Cavabdeh arasında bağlanmış, torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli müqavilə əhəmiyyətsiz əqd kimi bağlandığı andan etibarsız sayılmalıdır. Həmçinin, iddiaçı bələdiyyə ona aid mübahisəli 200 hektar torpaq sahəsində cavabdeh tərəfindən tikililər inşa etdiyini göstərsə də, bu halı təsdiq edəcək mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmiş, habelə tədqiq edilmiş mötəbər sübutlarla bunun əksi müəyyən edilməmişdir. Beləliklə, iddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh hüquqi səlahiyyətə, o cümlədən subyektiv hüquqa malik olmamasına baxmayaraq, Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin, eləcə də bu sahədə mövcud olan münasibətləri tənzimləyən normativ aktların tələblərini pozmaqla, iddiaçıya aid olan 200 hektar torpaq sahəsindən qanunsuz istifadə etməklə, ona sahiblik etmişdir ki, bu da nəticədə iddiaçının hüquq və maraqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Bu Məcəllənin 84-cü maddəsinin İ və İİİ hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 200 hektar torpaq sahəsini qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinə aid olan 200 ha torpaq sahəsinin verilməsinə dair xx xxxxxxxx 2019-cu il tarixli icarə müqaviləsi etibarsız hesab edilməklə, həmin torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində pulun 50 %-i, yəni 75 manatı iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsindən, qalan 50 %-i, yəni 75 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri 264,84 manatın 50 %-i, yəni 132,42 manatı iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsindən, qalan 50 %-i, yəni 132,42 manatı isə Cavabdeh tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı hesablaşma hesabına keçirilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. Bu Qanunun 8.4.12-ci maddəsində müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrinə görə məhkəməyə verilən iddia ərizələri üzrə 10 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinin azad edildiyi 10 (on) manat dövlət rüsumunun 50 %-i, yəni 5 (beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsinə aid olan 200 ha torpaq sahəsinin verilməsinə dair xx xxxxxxxx 2019-cu il tarixli icarə müqaviləsi etibarsız hesab edilməklə, həmin torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pulun 50 %-i, yəni 75 (yetmiş beş) manatı iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsindən, qalan 50 %-i, yəni 75 (yetmiş beş) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri 264,84 (iki yüz altmış dörd manat 84 qəpik) manatın 50 %-i, yəni 132,42 (bir yüz otuz iki manat 42 qəpik) manatı iddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsindən, qalan 50 %-i, yəni 132,42 (bir yüz otuz iki manat 42 qəpik) manatı isə Cavabdeh tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilsin. İddiaçının ödəməkdən azad edildiyi 10 (on) manat dövlət rüsumunun 50 %-i, yəni 5 (beş) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-22/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-22/2020
21.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver