Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-226/2022 11.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1165A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə ona məxsus olan torpaq sahəsində inşa etdirdiyi Siyəzən şəhərinin Ş.Baxşıyev küçəsindəki 14 saylı evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Məmməd oğlu iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, keçmiş Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli qərarına əsasən ona Siyəzən şəhəri ərazisində 500 kv.m torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, habelə Siyəzən şəhəri, Ş.Baxşıyev küçəsindəki bu torpaq sahəsi Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün onun mülkiyyətinə verilmişdir. 1991-2005-ci illərdə həmin torpaq sahəsinin üzərində 4 otaq və sanitar qovşaqdan ibarət fərdi yaşayış evi inşa etdirmiş, 2005-ci ilin payızında tikinti və təmir işləri tamamlandıqdan sonra arvadı Firuzə İbrahimova ilə birgə bu evə köçərək bir müddət orada yaşamışlar. 2006-cı ildə böyük oğlu Emin İsayevin arvadı X3 ilə birgə sözügedən evə köçməsi ilə əlaqədar o, arvadı Firuzə ilə birlikdə Siyəzən şəhərinin H.Aslanov küçəsindəki 6 nömrəli evə qayıtmışdır. Kiçik oğlu, Cavabdeh1 isə 28 sentyabr 2009-ci il tarixdə oğlan toyundan sonra keçmiş arvadı Cavabdeh2 ilə birgə həmin fərdi yaşayış evində yaşamağa başlamış, habelə sonuncular özlərinə ayrıca ev alanadək müvəqqəti orada yaşamaları barədə əvvəlcədən razılaşma olmuşdur. Lakin, artıq xeyli müddət keçməsinə baxmayaraq, Cavabdeh1 05 yanvar 2022-ci il tarixdə sözügedən evdən çıxsa da, digər Cavabdeh2 hal-hazıradək bu evindən çıxmayaraq, bu istiqamətdə heç bir əməli tədbir görməmişdir. Hazırda o, öz vəsaiti hesabına inşa etdirdiyi mübahisə predmeti olan evə köçüb, orada yaşamaq istəsə də, Cavabdeh2 hərəkətlərinə görə Siyəzən şəhərinin H. Aslanov küçəsində 6 nömrəli evdə yaşamağa məcbur qalmışdır. Cavabdeh2 evin təmir və yenidənqurma işlərinə guya 20000 manat vəsait xərcləməsi barədə dedikləri tamamilə yalandır. Belə ki, 2005-ci ildən ev yaşayış üçün tam yararlı və təmirli vəziyyətdə olmuşdur. Həyətyanı torpaq sahəsindəki mağazanı da öz vəsaiti hesabına inşa etdirmiş və 2005-ci ildən içərisini zəruri ləvazimatlarla təmin etmişdir. Cavabdeh2 isə evdən çıxmaq barədə xəbərdarlıqlarına məhəl qoymadan özbaşınalıq etməklə, 2021-ci ilin dekabrından sonra evin bütün açarlarını dəyişmiş, əşyalarını baxmaq istəyərkən polis şöbəsinə zəng etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə münasibətdə izahatında göstərdi ki, atası Cavabdeh1 tərəfindən tam təmir etdirilərək, yaşayış üçün yarlı vəziyyətdə olan Siyəzən şəhərinin Ş.Baxşıyev küçəsindəki 14 nömrəli evə 28 sentyabr 2009-cu ildə keçmiş arvadı Cavabdeh2 ilə birgə köçmüş, 05 yanvar 2022-ci il tarixədək, yəni sonuncu evin açarlarını dəyişənə qədər orada birgə yaşamışlar. Sözügedən evə köçdükdən sonra hamamı yüngülvari təmir etdirmiş, mətbəx mebelini öz vəsaiti ilə quraşdırmış, soyuducu və televizor almışdır. 05 yanvar 2022-ci il tarixdən məcburən valideynlərinin yaşadığı Siyəzən şəhərinin H.Aslanov küçəsindəki 9 ( 6 nömrəli evlə eyni ünvandır) nömrəli evdə yaşamağa məcbur olmuşdur. Hazırda işi ilə əlaqədar 15 gün Gəncə şəhərində, 15 gün isə valideynlərinin yanında qalır. Odur ki, onsuzda yaşamadığı mübahisəli evdən çıxarılması barədə iddia tələbinin ona aid hissədə təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1lə 18 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olsalar da, hazırda yaşadığı ünvana 28 sentyabr 2009-cu il tarixdə oğlan toyundan sonra gəlin köçmüşdür. Keçmiş qayınatası, İddiaçı qeyd edir ki, guya keçmiş əri Cavabdeh1lə evlənərkən onların bu evdə müvəqqəti yaşamalarına icazə vermişdir. Əvvəla belə bir müqavilə bağlanmamış, bu barədə söhbət olmamışdır. Halbuki, onda olan qayınanasına məxsus səs yazılarında sonuncunun mübahisəli evin onlara veriləcəyinə dair sözləri vardır. O, 12 ildən artıq bu evdə yaşasa da, qayınatası onu və övladlarını qeydiyyata salmamış, buna səbəb kimi də evin dövlət qeydiyyata alınmasına dair müvafiq çıxarışın olmamasını bildirmişdir. İlk övladı Fatimə İsayeva 19 iyul 2010-cu, digər övladı Sevinc İsayeva isə 03 dekabr 2011-ci il tarixlərdə bu evdə yaşayarkən doğulmuşlar. Hazırda böyük qızı Fatimə “2-ci dərəcəli skolioz” xəstəliyindən əziyyət çəkir və mütəmadi olaraq həkim müayinəsinə ehtiyacı vardır. O, hər iki övladını hazırda yaşadığı Siyəzən şəhərinin Ş.Baxşıyev küçəsindəki 14 nömrəli evdə böyütmüş, həmçinin onlar Siyəzən şəhər 2 saylı tam orta məktəbində təhsil alırlar. Onun başqa yaşayış yeri yoxdur. Belə ki, atası 11 ildən çox olar vəfat etmiş, xəstə təqaüdçü anası isə hazırda Xaçmaz rayonunda, qardaşı və sonuncunun ailə üzvləri ilə birgə yaşayır. O, gəlin köçdüyü gündən etibarən qayınatasının yaşadığı evi onlara verəcəyinə dair vədinə inanıb, ərinin və özünün vəsaiti hesabına evdə yenidənqurma işləri aparmışdır. Belə ki, gəlin köçərkən orta təmirli vəziyyətdə olan evi yenidən təmir etdirmiş, sanitar qovşaq tikmiş, 2014-cü ildə evin plastik tavanını asma tavanla əvəz etmişlər. Bundan başqa, keçmiş əri Məmmədlə birgə həyətyanı sahədə 2 böyük otaqlı, sahəsi 50 kvadratmetr olan mağaza inşa etdirmiş, oranın inşasında 3500 manatlıq qızılları satmış, bundan əlavə borc götürmüş, yenidənqurma işlərinə ümumilikdə 20000 manatdan çox pul vəsaiti xərclənmişdir. İddiaçının hazırkı iddia ərizəsi ilə müraciət etməsinə səbəb oğlu Cavabdeh1lə arasındakı nikahın pozulması barədə məhkəməyə müraciət etməsi olmuşdur. Siyəzən Rayon Məhkəməsində 07 fevral 2022-ci il tarixdə Cavabdeh1 onun xeyrinə aliment təyin edildikdən 3 gün sonra, yəni 10 fevral 2022-ci il tarixdə və sonrakı tarixlərdə İddiaçı və arvadı Firuzə İbrahimova yaşadığı evdə dəfələrlə üzərinə hücum çəkmiş, ona və uşaqlarına psixoloji şiddət göstərərək, əşyalarını, uşaqların oyuncaqlarını dağıtmaqla, onu və uşaqlarını çölə atacaqları ilə hədələmişlər. Hətta, qızı Fatiməyə valideynlərinin nikahı pozularsa, məktəbdə ona pozğun deyiləcəyi belə bildirilmişdir. Onun və övladlarının başqa yaşayış yerlərinin olmamasını nəzərə alıb, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırmaqla belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin 09 avqust 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışın, müqavilənamənin, eləcə də 12 sentyabr 1991-ci il tarixdə təsdiq edilmiş İddiaçı Siyəzən şəhərində 500 kv.m sahədə inşa edəcəyi fərdi yaşayış evinin layihəsinin surətlərindən görünür ki, keçmiş Dəvəçi XDS Soveti icraiyyə komitəsinin 30 aprel 1991-ci il tarixli qərarına müvafiq olaraq İddiaçı Məmməd oğluna fasadı 20 metr, arxa cəhəti 20 metr, sağ cəhəti 25 metr, sol cəhəti 25 metr, ümumi sahəsi 500 kv.m olmaqla, müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Bu 500 kv.m ölçüdə 2 otaqdan ibarət həyətyanı tikililəri ilə 09 avqust 1991-ci il tarixli, 12 nömrə ilə təsdiq olunan proyektə tam müvafiqdir. Həmçinin, İddiaçı ayrılmış torpaq sahəsində rayon tikinti və memarlıq şöbəsinin təsdiq etdiyi layihə əsasında fərdi yaşayış evinin tikintisini aparmaqdan ötrü icazə verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1165A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,05 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Məmməd oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(059)-102/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında Xaçmaz rayon qeydiyyat şöbəsində 18 noyabr 2008-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 387 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 19 iyul 2010-cu il təvəllüdlü X4 və 03 dekabr 2011-ci il təvəllüdlü X5 anaları, iddiaçı Cavabdeh2 himayəsində və yanında saxlanılmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(059)-103/2022 saylı qətnaməsinin surətindən görünür ki, 19 iyul 2010-cu il təvəllüdlü X1 və 03 dekabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 17 dekabr 2021-ci il tarixdən başlayaraq, Cavabdeh1 Cavabdeh2 xeyrinə hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan 22 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq olaraq 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, keçmiş Dəvəçi XDS icraiyyə komitəsinin 30 aprel 1991-ci il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Siyəzən şəhəri ərazisindən 0,05 ha ölçüdə torpaq sahəsi ayrılmış, habelə həmin komitənin 09 avqust 1991-ci il tarixli qərarı ilə ona bu torpaq sahəsində rayon tikinti və memarlıq şöbəsinin təsdiq etdiyi layihə əsasında fərdi yaşayış evinin tikintisini aparmaqdan ötrü icazə verilmiş, həmçinin 12 sentyabr 1991-ci il tarixdə torpaq sahəsinin üzərində inşa ediləcək tikilinin layihəsi təsdiq edilməklə, həmin torpaq sahəsi Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə onun mülkiyyətinə verilmişdir. Bundan əlavə, cavabdehlər 18 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olsalar da, Cavabdeh2 28 sentyabr 2009-cu il tarixdə oğlan toyundan sonra mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, habelə bu evin artıq həmin tarixədək inşa edilməklə, yaşayış üçün normal və zəruri şəraitə malik olması işin mübahisələndirilməyən halına çevrilmişdir. Bundan əlavə, cavabdehlər etibarlı ailə münasibətlərində yaşadıqları dövrdə 19 iyul 2010-cu il təvəllüdlü Fatimə və 03 dekabr 2011-ci il təvəllüdlü Sevinc adından uşaqları doğulmuş, habelə onlar 05 yanvar 2022-ci il tarixə qədər mübahisəli evdə birgə yaşasalar da, ailədaxili münasibətlərin kəskinləşməsi səbəbindən Cavabdeh1 oranı tərk edərək, valideynlərinin yaşadığı Siyəzən şəhərinin H.Aslanov küçəsindəki evə köçmüş, o cümlədən həmin ünvanda yaşamağa başlasa da, onların arasında nikahın pozulmasına baxmayaraq, digər Cavabdeh2 hazırkı vaxtadək mübahisəli ünvanda yaşamaqda davam edir. Bundan əlavə, işdə olan sübutlardan göründüyü kimi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, habelə tərəflərdən hər hansı biri həmin evə dair sərəncamla bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Bununla belə, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda qeyd edilən evə münasibətdə işin faktiki hallarına, eləcə də təqdim olunmuş mötəbər sübutlara əsasən məhz iddiaçının gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin "Önəryıldız Türkiyəyə qarşı" işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, "Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" hesab oluna bilməz (bax: Marks Belçikaya qarşı, b. 50; Zverjinskinin işi, b. 61). Lakin etiraf etmək lazımdır ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı. Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından "mülkiyyətə" bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55) " Tre Traktöreer AB İsveçə qarşı (07.07.1989, A seriyası, c59, s21, .59) və Van Marle və başqaları Niderlanda qarşı (26.06.1986, A seriyası,c.101, s13,b.40) işlər üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsi ilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüququn sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın "hüquq" kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin "mülkiyyət hüququ" hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda "mülkiyyət" hesab edilməsinin qarşısını almır. 29 yanvar 2010-cu il tarixdə dərc edilmiş, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin, daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Qərarda həmçinin göstərilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri) Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edərək qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. (Konstitusiya Məhkəməsi Plenumunun "F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 19 noyabr 2004-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Göründüyü kimi sözügedən evə münasibətdə İddiaçı oğlu, Cavabdeh1 və keçmiş gəlini Cavabdeh2 ilə arasında hüquq münasibəti 28 sentyabr 2009-cu il tarixdə, yəni mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə onun mülkiyyətinə verildiyi vaxtdan sonra yaranmışdır. Belə olan halda, hazırda tələbə tətbiq ediləcək maddi hüquq normaları baxımından hər iki cavabdeh üzrə ayrı-ayrılıqda münasibət bildirilməsi daha məqsədəmüvafiqdir. Bu mənada, Cavabdeh1 münasibətdə qeyd olunur ki, sonuncu 05 yanvar 2022-ci il tarixdən mübahisəli evi tərk edərək, daimi yaşamaq üçün valideynlərinin yaşadığı ünvana köçməklə, onlarla yaşamağa başlamışdır. Bu səbəbdən də, işin mübahisələndirilməyən sözügedən halı iddianın Cavabdeh1, eləcə də sonuncunun iddianı qəbul etməsi məsələsinə münasibətdə öz əhəmiyyətini itirməsi ilə nəticələnmişdir. Lakin, mübahisəli evi tərk etməyərək, hazırkı vaxtadək orada yaşayan Cavabdeh2 münasibətdə qeyd olunmalıdır ki, sonuncu ilə İddiaçı arasında hüquq münasibəti hazırda qüvvədə olan Mülki Məcəllənin qüvvəyə mindiyi 01 sentyabr 2001-ci il tarixdən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evindən çıxarılma ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsinə baxmayaraq, Mülki Məcəllənin 11.1-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Mülki Məcəllənin aşağıda qeyd edilən normalarının hazırki iddia tələbinə tətbiq olunmasına əsas verir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Göründüyü kimi hazırkı iş üzrə hüquq münasibətləri 2001-ci ilin sentyabrın 1-dən sonra yarandığından, mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27.05.2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin "mülkiyyətçinin razılığı" müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla eyni zamanda müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olsa da, ora 28 sentyabr 2009-cu il tarixdə gəlin köçmüş və İddiaçı tərəfindən Cavabdeh2 müvəqqəti yaşamaq imkanı verilmişdir. Bununla da, məhkəmə iclasında araşdırılmış sübutlarla Aygün İsayevnın mübahisəli evə hər hansı bir formada əmlak hüquqlarının mövcud olması barədə hər hansı hüquqi əsas müəyyən edilmədi. Buna baxmayaraq iddiaçı tərəfin mübahisəli evə dair torpaq sahəsinə olan mülkiyyət hüququndan irəli gələn gözlənti ilə mülkiyyət hüquqları mövcuddur və bu hüquq mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Yəni, hazırda Cavabdeh2 mübahisəli evdə hər hansı bir hüququ olmadan yaşaması iddiaçı tərəfin qanunla qorunan hüquq və maraqlarını pozur. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə Cavabdeh2 mübahisəli yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinə münasibətdə Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları) kateqoriyasına aid olan şəxslərdən deyildir. Belə olan halda, yuxarıda qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinə münasibətdə Cavabdeh2 onun ailə üzvü sayılmadığından onun bu evə Mülki Məcəllənin 228.5-ci maddəsi ilə hüquqlarının olması istisna edilir. Eyni zamanda, Cavabdeh2 etirazının əsası kimi istinad etdiyi hallardan olan, o cümlədən gəlin köçərkən orta təmirli vəziyyətdə olan mübahisəli evi yenidən təmir etdirilməsi, sanitar qovşağın tikilməsi, evin plastik tavanının asma tavanla əvəz edilməsi, bundan başqa keçmiş əri Məmmədlə birgə həyətyanı sahədə 2 böyük otaqlı, sahəsi 50 kvadratmetr olan mağaza inşa etdirmələri, oranın inşasında 3500 manatlıq qızıllarını satması, bundan əlavə borc götürməsi, yenidənqurma işlərinə ümumilikdə 20000 manatdan çox pul vəsaitinin xərclənməsi əsasları da iddia tələbinin ona münasibətdə təmin edilməməsi üçün mötəbər dəlillər deyildir. Belə ki, sözügedən halların mövcudluğunun müəyyən edilməsi, habelə təsdiq edilməsi məqsədilə Cavabdeh2 tərəfindən məhkəməyə mötəbər sübut və ya sənədlər təqdim edilməmişdir. Bütün bunlar isə cavabdehin hazırkı iddianın təmin edilməməsi üçün özünə münasibətdə formal əsas, habelə mübahisə predmetinə münasibətdə hüquqi bağlılıq yaratmaq niyyətinin olmasına, yüksək dərəcədə ehtimal verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1165A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində sonuncunun inşa etdirdiyi Siyəzən şəhərinin Ş.Baxşıyev küçəsindəki 14 saylı evdən çıxarılmalıdır. Bundan əlavə, hələ iddia ərizəsi məhkəməyə daxil olmamışdan əvvəl Cavabdeh1 mübahisəli fərdi yaşayış evində yaşamaması səbəbindən iddia tələbinin əhəmiyyəti ona münasibətdə itmiş, habelə tələbin bu əsasla da ona münasibətdə təmin edilməsi istisna edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən İddiaçı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh2 torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1165A nömrəli, 30501004 kodlu şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsində sonuncunun inşa etdirdiyi Siyəzən şəhərinin Ş.Baxşıyev küçəsindəki 14 saylı evdən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-226/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-226/2022
11.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver