Məhkəmə qərarları › İş №2(059)-235/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-235/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-235/2021 21.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pulun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pulun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1750 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 2015-ci ilin mart ayında Rusiya Federasiyasının Moskva şəhərində işləyərkən keçmiş arvadı ilə aralarındakı nikahın pozulması və ona məxsus torpaq sahəsinin qanunsuz olaraq keçmiş arvadının adına sənədləşdirilməsinə dair torpaq şəhadətnaməsinin ləğvi üçün hüquqi yardıma ehtiyacı yaranmış, bu səbəbdən də doğulduğu Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşayan sinif yoldaşı Gümrah Hüseynalıyev cavabdehin vəkil tanışının olmasını ona bildirmişdir. Bundan sonra, o, cavabdehlə telefon vasitəsilə əlaqə saxladıqda, sonuncu ona vəkil tanışı olmasını bildirib, vəkilin telefon nömrəsini vermişdir. Onlar vəkil kimi tanıdığı Nazim Məmmədovla arvadı X3 ilə aralarında olan nikahın pozulması və keçmiş Dəvəçi Rayon İcra Hakimiyyətinin 14 mart 1992-ci il tarixli, 70 a saylı əmri ilə onun adına verilmiş 1200 kv.metrlik torpaq sahəsinin qanunsuz olaraq arvadının adına sənədləşdirilməsi barədə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi üçün işlərin aparılması ilə əlaqədar 700 manata razılığa gəlmişlər. Bundan sonra, nümayəndəsi Nazim Məmmədov özü Siyəzən rayonu, Böyük Həmyə kəndindəki evlərinə gələrək əvvəlcə 500 manatı və əlavə olaraq 150 manatı (2015-ci ilin mart ayında) qardaşı Elşən Ələsgərovdan almışdır. Nikahın pozulması prosesi zamanı nümayəndəsi Nazim Məmmədov əlavə olaraq 1100 ABŞ dolları (o vaxtkı məzənnə üzrə 900 manat) pul lazım olduğunu bildirdikdə, o, sonuncuya kəskin etirazını bildirərək işin dayandırılmasını xahiş etmiş, beləliklə, vəkillə aralarında olan münasibətlər pozulmuşdur. Sonradan Cavabdeh onunla telefon vasitəsilə əlaqə saxladıqda, sonuncu hər şeyi özü yoluna qoyacağını bildirmişdir. Həmin 1100 ABŞ dolları (900 manat) pulu kənddəki evlərindən anası Cəmilə Muradova qardaşı Elşənə vermiş, sonuncu da bu pulu cavabdehə təqdim etmişdir. Qətnamə çıxmamış isə cavabdeh ona hər iki işinin həlli üçün şirinlik lazım olduğunu bildirmiş, qardaşı Ələsgər 18-20 kq-lıq toğlunu (təxminən 200 manat dəyərində) kəsdirərək, ətini nümayəndə Nazim Məmmədovun evinə aparmışdır. Lakin, nəticədə ona heç bir qətnamə təqdim edilməmişdir. 2018-ci ildə o, Azərbaycan Respublikasına qayıdarkən qətnaməni məhkəmədən almış və ona nikahın pozulması işinin həll olunması bəlli olmuşdur. Bu barədə Cavabdeh bildirdikdə sonuncu evində yaşamasını bildirərək, buna heç kimin mane olmayacağını qeyd etmişdir. Sonradan dəfələrlə pulunu geri istədikdə o, bundan imtina etmişdir. X6 əlaqə saxladıqda sonuncu ona 900 manat pulun verilmədiyini bildirmişdir. Cavabdehdən dəfələrlə etdiyi şikayətlərin nəticəsi olmadığı üçün əsəbiləşib sonuncuya “dələduz” dediyi üçün cavabdeh ondan Siyəzən RPŞ-yə şikayət etmiş, habelə cavabdeh orada izahatında 1750 manat pulu keçmiş arvadı tərəfə şikayət olunmasın deyə verdiyini bildirmişdir. Belə ki, cavabdehin dediklərinə görə, guya onun anası uşaqlarını keçmiş arvadına qarşı öyrətdiyi üçün sonuncu da anasını məhkəməyə verəcəyini qeyd etmişdir. Halbuki, həmin vaxt uşaqlardan ən kiçiyinin 13 yaşı olmaqla, məhkəmədə fikirlərini müstəqil ifadə etmək hüquqları olmuşdur. Eyni zamanda məhkəmə qətnaməsində uşaq mübahisəsinə dair heç bir qeyd də yoxdur. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyildir. Belə ki, Siyəzən rayonu, Böyük Həmyə kənd sakini olan tanışı Gümrah Hüseynalıyev 2015-ci ildə kənd sakini kimi tanıdığı uzun illər Rusiya Federasiyasında yaşayan İddiaçı bəzi işlərin aparılması ilə əlaqədar vəkil lazım olduğunu bildirmiş, o, da oğlu Rahib Məmmədovun əsgərlik yoldaşı Əlinin atası Nazimin məhkəmə işlərini apardığını bildirərək, onu tövsiyə etmişdir. Sonradan İddiaçı özü Nazim Məmmədovla telefon vasitəsilə danışıb razılığa gələrək, sonuncuya məhkəmə işlərinin aparılması üçün etibarnamə göndərmişdir. 2015-ci ildə yay vaxtı (təxminən iyun ayında) İddiaçı zəng edərək, nümayəndəsinə 700 manat pul çatdırmalı olduğunu bildirib, göstərilən məbləğdə pulu anası Cəmilə Ələsgərovadan götürüb ailəvi tanışları Nazim Məmmədova verməsini xahiş etmişdir. Onun da həmin vaxt Nazim Məmmədovla yalnız qiyabi tanışlığı olduğu üçün bu pulu iddiaçının anasından götürdükdən sonra, nümayəndəyə çatdırması üçün oğlu Rahibə vermişdir. 700 manat puldan başqa iddiaçı, onun anası və qardaşı tərəfindən ona pul verilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Nazim Məmmədov əsgərlik dostu Əlinin atasıdır. 2015-ci ilin iyun ayında atası Cavabdeh Nazim Məmmədovu qiyabi tanıdığı üçün iddiaçının anası Cəmilə Ələsgərovadan aldığı 700 manat pulu ona vermiş, o, da öz növbəsində həmin pulu Siyəzən şəhərində avtovağzalın qarşısında iddiaçının o vaxtlar nümayəndəsi olan Nazim Məmmədova təqdim etmişdir. Qeyd edir ki, o, Siyəzən RİHB-nin Həmyə kənd ərazi dairəsi üzrə nümayəndəsidir. Kənd ərazisində son bir-iki ay ərzində oğurluq hadisələri baş vermiş, oğurlanmış əşyalar (şitil ağacları) iddiaçının həyətindən çıxmışdır. O, da polis əməkdaşları ilə iddiaçının həyətində olarkən sonuncu aqressiv olduğuna görə onu və atasını təhqir etmiş, bununla əlaqədar Siyəzən RPŞ-yə şikayət olunmuşdur. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi də budur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, şahid X8 ifadəsində göstərdi ki, iddiaçını bundan əvvəl görməmiş, yalnız nümayəndəsi olduğu işlə əlaqədar 2015-ci ildə telefon vasitəsilə danışmışdır. Cavabdehin oğlu X5 əsgərlik dostu olduğundan hazırda da ailəvi dostluq münasibətləri davam edir. 2015-ci ildə nümayəndə qismində məhkəmə işlərini aparmışdır. 2015-ci ilin yaz aylarında (təxminən mart ayı) Cavabdeh ona Hətəm adında həmkəndlisinin keçmiş arvadı Zahirə Ələsgərova ilə məhkəmə işlərini (nikahın pozulması və torpaq mübahisəsi) aparmaq üçün nümayəndəyə ehtiyacı olduğunu bildirmiş və iddiaçının telefon nömrəsini ona təqdim etmişdir. Beləliklə, iddiaçı ilə telefon vasitəsilə danışmış, hüquqi yardım göstərilməsi üçün Hətəmlə 700 manata razılaşmışdır. Cavabdehin oğlu Rahib Məmmədov bu pulu ona 2015ci ilin yay fəslində Siyəzən şəhərində avtovağzalın qarşısında çatdırmışdır. Bundan əlavə, 400 manat pulu da Hətəmin ata evində (məhkəmə tərəfindən ərazidə keçirilmiş yerində müayinə zamanı iştirak edərkən) onun qohumu (anası və ya qardaşı olmasını dəqiq xatırlamır) masanın üstünə qoymuş və o, da bu pulu götürmüşdür. Daha sonra, isə həmin ərəfədə iddiaçının böyük oğlu Səxavət ona 18-20 kq-lıq quzunu pay olaraq göndərmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, 2015-ci ilin yay fəslində qardaşı Hətəmə aid olan 500 manat pulu ata evlərində darvazanın qarşısında anası Cəmilədən alıb iddiaçı Cavabdeh vermiş, bu pulun qardaşı Hətəmin məhkəmə mübahisələrinin aparılması məqsədilə nümayəndəyə çatdırılacağını bilmişdir. Belə ki, qardaşı Hətəmin xahişi ilə X6 ilk dəfə o, Bakı şəhərində görüşmüş, hüquqi xidmətin dəyərini 1000-1200 manata razılaşmışlar. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, 2015-ci ilin yaz-yay fəsillərində Cavabdeh, oğlu Hətəmin məhkəmə işlərini aparmaq üçün vəkilə çatdırmasından ötrü iki dəfə pul vermiş, birinci dəfə 900 manat pulu evlərində iddiaçıya təqdim etmiş, ikinci dəfə isə cavabdehə çox etibarı olmadığı üçün 500 manat pulu verərkən oğlu Elşəni evə dəvət edərək pulu sonuncuya vermiş, Elşən də həmin pulu onun yanında darvazalarının qarşısında Cavabdeh vermişdir. İşdə olan 17 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Bu Məcəllənin 443.0.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda işə baxmağa haqlıdır. İş materiallarından da göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikasının, İddiaçı isə Rusiya Federasiyasının vətəndaşıdır və cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malikdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, tərəflərin izahatı, toplanmış, habelə tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehdən ona göstərilmiş hüquqi yardımın qüsurlu olması səbəbindən tərəfindən ödənilmiş məbləğin ona qaytarılmasını tələb edir ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, hazırkı vəziyyətdə cavabdeh kimi Cavabdeh deyil, hüquqi yardımın göstərilməsinə görə 700 manat vəsaiti qəbul etmiş Nazim Məmmədov çıxış etməli olmasına baxmayaraq, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmaqla Cavabdeh hazırkı tələb üzrə cavabdeh qismində cəlb etdiyindən, o cümlədən sonuncu cavab verməli şəxs olmadığından ona münasibətdə iddia tələbinin təmin edilməsi istisna edilir. Bundan əlavə, həm Cavabdeh, həm də şahid Nazim Məmmədov hüquqi yardımın göstərilməsinə görə pulun sonuncuya çatdığını öz izahatları ilə təsdiq etmişlər ki, bu da işin mübahisələndirilməyən halıdır. Bununla da, sübutların tədqiqatı zamanı məhkəmə iclasında hazırkı Cavabdeh cavab verməli şəxs olmadığı aydınlaşmışdır. Göründüyü kimi hazırda Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, İddiaçı ona hüquqi yardım göstərmiş Nazim Məmmədova qarşı gələcəkdə ödənilmiş 700 manat vəsaitin, habelə mötəbər sübutlar təqdim edəcəyi təqdirdə əlavə vəsaitin qaytarılması tələbi ilə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pulun qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "pulun qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar