Məhkəmə qərarları › İş №2(059)-237/2024

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-237/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-237/2024 22.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi"nə dair ərizəsini nəzərdən keçirib müəyyən etdim: Ərizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında qeyd edilmiş 01 iyul 1997-ci il tarixdən 01 dekabr 2004-cü il tarixədək Azərbaycan-Slovakiya birgə müəssisəsi olan “Daim-Slovak” LTD şirkətinin Siyəzən daş karxanasında çilingər vəzifəsində işləməsi barədə hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizəsinə, eləcə də ona əlavə edilmiş ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən ərizəçinin 01 iyul 1997-ci il tarixdə “Daim-Slovak” LTD şirkətinin Siyəzən daş karxanasında işə başlaması və 01 dekabr 2004-cü il tarixə qədər orada işləməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki halda ərizəyə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt qeyd edilən sənədlə müəyyəndir. Məhkəmə hesab edir ki, bu halda həmin faktın təkrar müəyyən olunması yolverilməzdir və mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndinin İİ və İİİ yarımbəndlərinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə də, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bu Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Eyni zamanda ərizəçiyə izah olunmalıdır ki, o, iş stajının sosial sığorta stajına daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq, aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, ərizəyə əlavə olunmuş 12 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəf məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 268-cı maddələrinə rəhbər tutaraq qərara aldım: Ərizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi"nə dair ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə, eləcə də ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilə birlikdə ərizəçi tərəfə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, iş stajının sosial sığorta stajına daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq, aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar