Məhkəmə qərarları › İş №2(059)-249/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-249/2023

09.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-249/2023 09.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Siyəzən Rayon Rayon Dövlət Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i : iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Siyəzən Rayon Rayon Dövlət Notariat Ofisinə qarşı “miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların 24 avqust 2021-ci il tarixdə ölmüş X4 vərəsəsi kimi tanınmaları, mərhum Vaqif Mahmudovdan miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzilinin 1/5 hissəsinin miras əmlak kimi tərəflərindən qəbul edilməsi faktının, eləcə də həmin 1/5 hissə üzərində tam hissədə onların miras paylarının müəyyən edilməsi, həmçinin sözügedən mənzilin 1/5 hissəsi üzərində onların tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, iddiaçı tərəf işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 cavabdeh qismində işdə iştirak etməyə cəlb edilmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzili iddiaçılar İddiaçı2 oğlu və İddiaçı1 qardaşı Kənan Mahmudova məxsus olmuşdur. Kənan Mahmudov öldükdən sonra həmin mənzil vərəsəlik üzrə iddiaçılar İddiaçı2 əri və İddiaçı1 atası X9, Kənanın arvadı X21, Kənanın oğlu Fədail və qızı Türkan arasında 1/5 nisbətində bölünmüşdür. Daha sonra, X15 24 avqust 2021-ci il tarixdə ölmüş və sonuncunun həmin mənzildə olan 1/5 nisbətində payı üçün birinci növbəli vərəsəsi X7 Əlisultan Vaqif oğlu vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməmişdir. Qeyd edilən mənzilin 1/5 hissəsinin mülkiyyətçisi olan Vaqif Mahmudovun birinci növbəli vərəsəsi kimi onların miras pay hüquqları yaranmışdır. Həmçinin, bununla bağlı notariat ofisinə müraciət edərkən iddiaçı Sona Mamudovaya həmin əmlakla bağlı mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi ilə bağlı imtina məktubu verilmişdir. Bundan əlavə, həmin əmlaka görə vərəsəlik şəhadətnaməsi üçün 6 aylıq müdət ötürülsə də, Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı 15 sentyabr 2023-cü il tarixli, İddiaçı1 isə 17 iyul 2023-cü il tarixli ərizələrində iclasın iştirakları olmadan keçirilməsini və iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Siyəzən Rayon Rayon Dövlət Notariat Ofisi, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, ona görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzilinin ¼ hissəsinə münasibətdə atasının qanun üzrə birinci növbə vərəsəsi kimi qanunvericiliklə ona düşən payın verilməsini tələb etdiyini bildirməklə, yanaşı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X18, X11 və X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X11 ərizələrlə məhkəməyə müraciət edərək, mərhum ataları X2 qalmış mübahisəli miras əmlakdan onlara düşən payın verilməsini tələb etdiklərini bildirməklə, yanaşı məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 28 aprel 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 39,7 kv.m, yaşayış sahəsi 29,3 kv.m, yardımçı sahəsi 10,4 kv.m olan 2 otaqdan ibarət Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzili ¼ hissədə X12, Cavabdeh2, Cavabdeh3 və mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 iyun 2023-cü il tarixli, 3-21-3-31/2-2009/2023 nömrəli məktubdan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil üzərində 12 dekabr 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X16 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Siyəzən rayonu dövlət notariat kontorunun 21 dekabr 2009-cu il tarixli, 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özgəninkiləşdirilmiş, 28 aprel 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X12, Cavabdeh2, Cavabdeh3 və X4 ¼ hissə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan keçmiş Dəvəçi rayonunun VVAQ şöbəsi tərəfindən 16 yanvar 1976-cı il tarixdə verilmiş İ-ЖГ seriyalı, 365212 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X14 16 yanvar 1976-cı il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 5 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mahmudova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2017-ci il tarixdə verilmiş, AZ-T seriyalı, 004623 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X13, anası İddiaçı2 olan İddiaçı1 05 fevral 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 22 dekabr 2008-ci il tarixdə verilmiş 444058 nömrəli arayışın surətindən görünür ki, atası X13, anası İddiaçı2 olan X22 03 noyabr 1976cı il tarixdə keçmiş Dəvəçi rayonunda doğulmuşdur. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 05 aprel 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 001900 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X29 05 aprel 2002-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 38 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Mahmudova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X22 ilə X12 birgə nikahından xx xxxxxx 2002-ci il tarixdə, Siyəzən şəhərində Fədail adlı oğlan, xx xxxxxx 2006-cı il tarixdə, Şərur rayonunun Cəlilkənd kəndində isə Türkan adlı qız övladları doğulmuşdur. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 29 yanvar 2008-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 278730 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 14 avqust 2007-ci il tarixdə Türkiyə Respublikasının Afyonkarahisar rayonunun Osmanköy kəndində yol qəzası nəticəsində tənəffüs çatışmamazlığından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 yanvar 2008-ci il tarixdə 13 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 23 avqust 2023-cü il tarixdə verilmiş, AZ-İİ seriyalı, 322288 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 16 dekabr 2005-ci il tarixdə Siyəzən şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 dekabr 2009-cu il tarixdə 171 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174083 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda ürək çatmamazlığından ölmüş, bu barədə 31 avqust 2021-ci il tarixdə 199 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 08 fevral 2023-cü il tarixli, 35 nömrəli məktubundan görünür ki, İddiaçı1, 24 avqust 2021-ci il tarixdə ölmüş atası X3 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar 14 avqust 2007-ci il tarixdə vəfat etmiş X16 vərəsələri Cavabdeh3, X21 və X19 ilə aralarında yaranmış ixtilafla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 24 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 iddia tələbinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi vərəsəlik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Məhkəmə iclasında işin faktiki halları, eləcə də tədqiq edilmiş mötəbər sübut və sənədlərlə müəyyən edildi ki, İddiaçı1, Cavabdeh4, Şövqiyyə Mahmudovanın, Zümrüd Dadaşzadənin, Samirə Əmiraslanlının, eləcə də mərhumlar X28 Mahmudovanın mərhum Vaqif Mahmudovla İddiaçı2 birgə nikahından doğulması, habelə onların qeyd olunan şəxslərin uşaqları olmaları, bundan əlavə, atası Vaqif Mahmudovdan daha əvvəl, yəni 16 dekabr 2005-ci il tarixdə ölmüş Dilguşə Mahmudovanın ölənə qədər evlənməməsi, eləcə də sonuncunun övladının olmaması da işin hamı tərəfindən qəbul edilən mübahisələndirilməyən hallarındandır. Bundan başqa, mübahisəli Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzili 28 aprel 2011-ci il tarixdə ¼ hissədə paylı mülkiyyət hüququ üzrə mərhum Vaqif Mahmudovun adına dövlət qeydiyyatına alınmış, sonuncu 24 avqust 2021-ci il tarixdə ölmüş, bundan sonra mərhum Vaqif Mahmudovun arvadı İddiaçı2, eləcə də övladları, İddiaçı1, Cavabdeh4, Şövqiyyə Mahmudova, Zümrüd Dadaşzadə, Samirə Əmiraslanlı birinci növbədə vərəsə kimi mərhumun öldüyü məqamadək malik olduğu əmlak hüquqlarına, o cümlədən Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzili ¼ hissəsinə bərabər pay hüquqlu vərəsəlik hüququ əldə etmişlər. Eyni zamanda, işdə iştirak edən şəxslər sözügedən miras əmlakın onlar tərəfindən qəbul edilməsinə razı olmuş, buna hər hansı bir formada etiraz etməmişlər ki, bu da işin mübahisələndirilməyən hallarındandır. Bundan əlavə, Vaqif Mahmudov 24 avqust 2021-ci il tarixdə öldükdən sonra sonuncunun adından vərəsəlik işi açılsa da, aralarında olan mübahisə ilə əlaqədar vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş, habelə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən də, iddiaçılar məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Digər tərəfdən vərəsələrdən Zümrüd Dadaşzadə, mərhum atasından miras qalmış əmlak kütləsindən ona çatası payı Cavabdeh4, Şövqiyyə Mahmudova və Samirə Əmiraslanlı kimi məhkəməyə ərizə ilə müraciət edib, birbaşa tələb etməsə də, o, mirası qəbul etməkdən imtina etməmiş, həmçinin məhkəmənin 12 iyul 2023-cü il tarixli hazırlıq iclasında mübahisəyə öz münasibətini bildirmiş, habelə o da, miras kütləsindən ona çatası payı tələb etmiş, bu isə eyni tarixli məhkəmə iclasının fasiləsiz audio yazısı ilə qeydə alınmış və məhkəmə iclasının protokoluna yazılmışdır ki, bu da mübahisə həll edilərkən nəzərə alınması zəruri hallardandır. Bundan əlavə, məhkəmənin 31 iyul 2023-cü il tarixli iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eləcə də Cavabdeh3 qanuni nümayəndəsi X21 mübahisəli mənzilin mərhum Vaqif Mahmudovdan miras qalan ¼ hissəsinin onun övladları da nəzərə alınmaqla, mərhumun bütün birinci növbə vərəsələri arasında bərabər qaydada bölünməsinə etiraz etməmiş və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil da bununla razılaşmışdır. Bu mənada, məhkəmə, mərhum Vaqif Mahmudovun mərhum övladı Kənan Mahmudova miras əmlakdan çatası paya münasibətdə qeyd edir ki, mərhum Kənan Mahmudovun vərəsələri cavabdehlər Cavabdeh3 və Cavabdeh2 atalarına çatan paya münasibətdə miras əmlakdan bərabər şəkildə pay hüquqları vardır. Çünki, onların valideyni Kənan Mahmudov miras qoyan Vaqif Mahmudovdan əvvəl vəfat etdiyinə görə atalarına çatası miras kütləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq varis kimi onlara verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Bu Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Qeyd olunan Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Sözügedən Məcəllənin 1159-cu maddəsinin İ hissəsinin İ və İİİ bəndlərinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Yenə də bu Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Bu Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 76-cı maddəsinin İ və İİ hissələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, X1 miras qalmış Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzilinin ¼ hissəsinə münasibətdə iddiaçılar İddiaçı2, İddiaçı1, X5, X8, X6 və Cavabdeh4 1/7 hissədə payları müəyyən edilməli, həmçinin iddiaçılar İddiaçı2, eləcə də İddiaçı1 onlara aid hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Siyəzən rayon Dövlət Notariat Ofisinə həvalə edilməlidir. Eyni zamanda, X1 miras qalmış həmin miras kütləsinin ¼ hissəsindən mərhum X20 çatası 1/7 hissəyə münasibətdə vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bərabər (hər bir vərəsəyə 1/2 hissədə) şəkildə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X1 miras qalmış Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzilinin ¼ hissəsinə münasibətdə iddiaçılar İddiaçı2, İddiaçı1, X5, X8, X6 və Cavabdeh4 1/7 hissədə payları müəyyən edilsin və iddiaçılar İddiaçı2, eləcə də İddiaçı1 onlara aid hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Siyəzən rayon Dövlət Notariat Ofisinə həvalə edilsin. X1 miras qalmış həmin miras kütləsinin ¼ hissəsindən mərhum X20 çatası 1/7 hissəyə münasibətdə vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bərabər (hər bir vərəsəyə 1/2 hissədə) şəkildə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar