Məhkəmə qərarları › İş №2(059)-25/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-25/2022

02.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-25/2022 02.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsi və sonuncunun oradan çıxarılması” tələbi barədə iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsi və sonuncunun oradan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olmaqla, Siyəzən şəhərində yerləşən 0,05 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş tikililərinin sonuncunun hesabına sökülməsi və onun zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı əvvəllər Siyəzən şəhər sakini olsa da, 07 noyabr 2006-cı il tarixdə X5 ilə rəsmi nikaha daxil olduqdan sonra Bakı şəhərinə köçmüş, ora köçənədək isə Siyəzən RİHB-in 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə fərdi yaşayış evi tikilməsi üçün iddiaçıya Siyəzən şəhəri ərazisindən 0,05 ha torpaq sahəsi ayrılmış və JN seriyalı, 2084 A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 2006-cı ildən daimi olaraq Bakı şəhərində yaşayan iddiaçı uzun müddət mülkiyyətində olan mübahisə predmetini təşkil edən torpaq sahəsi ilə maraqlanmamış, lakin bir müddət əvvəl ona qonşusu Cavabdeh sözügedən torpaq sahəsinin xeyli hissəsini zəbt edərək, orada müxtəlif təyinatlı yardımçı tikililər inşa etdirməsi məlum olmuşdur. Bununla da, iddiaçı cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində hazırda öz əmlakının çox hissəsindən faktiki olaraq məhrum olmuş, habelə torpağının zəbt edilmiş hissəsindən istifadə etmək və ona dair sərəncam vermək hüquqları məhdudlaşmışdır. Cavabdehlə aralarında yaranmış bu mübahisəni həll etməkdən ötrü iddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh bundan sonra da onun zəbt olunmuş torpaq sahəsindən çıxmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi, eləcə də Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilmiş məhkəmə xərci olan 311 (üç yüz on bir) manat vəsaitin də cavabdehdən alınaraq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Siyəzən bələdiyyəsinin 25 aprel 2006-cı il tarixli, 4-8 saylı qərarı ilə Siyəzən şəhəri, Gənclik qəsəbəsi, A.Zahirov küçəsində yerləşən 500 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə oğlu Cavabdeh satılmışdır. 2006-cı il tarixdə oğlu Cavabdeh tərəfindən 72 kv.m-lik ərazidə hasar inşa edilmiş və o, hasarın iddiaçının mülkiyyətindəki torpaq sahəsinə düşməsindən məlumatlı olmamışdır. Hazırda mütəxəssis rəyi ilə bu hal təsdiqini tapdığı üçün hasarın sökülməsinə etiraz etmirlər. Ona görə də iddia tələbinin qismən təmin edilməsi, o cümlədən mütəxəssis rəyi ilə müəyyən edilmiş hissədə hasarın sökülməsi barədə qətnamə çıxarılmasına razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 2084 A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,05 ha torpaq sahəsi Siyəzən şəhər sakini X1 mülkiyyətinə verilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən 07 noyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 263257 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 07 noyabr 2006-cı il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 874 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Soltanova” soyadı verilmişdir. İşdə olan mötəbər sübutlardan, o cümlədən Siyəzən bələdiyyəsinin 25 aprel 2006-cı il tarixli, 4-8 saylı qərarının, eləcə də eyni tarixdə tərtib edilməklə, təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktın surətlərindən görünür ki, Siyəzən şəhərinin “Gənclik” qəsəbəsində yerləşən 500 kv.metr torpaq sahəsi ayrılaraq fərdi yaşayış evinin tikintisi məqsədilə Cavabdeh satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin 04 fevral 2022-ci il tarixli, C-05 saylı mütəxəssis rəyindən görünür ki, JN seriyalı, 2084 A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Siyəzən şəhəri ərazisində yerləşməklə, iddiaçının mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin, eləcə də Siyəzən bələdiyyəsinin 25 aprel 2006-cı il tarixli, 4-8 saylı qərarı əsasında Siyəzən şəhərinin Gənclik qəsəbəsindəki A. Zahirov küçəsində yerləşməklə, cavabdehə verilmiş 500 kv m torpaq sahəsinin sərhədləri və onun qonşuluğunda olan torpaq sahələrinin və kommunikasiyaların yerləşməsi müəyyən olunmuş, iddiaçının mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi ilə Siyəzən bələdiyyəsinin 25 aprel 2006-cı il tarixli 4-8 saylı qərarı əsasında Siyəzən şəhəri, Gənclik qəsəbəsi, A. Zahirov küçəsində yerləşməklə Cavabdeh verilmiş 500 kv.metr torpaq sahəsinin üst-üstə düşməməsi təsbit edilmişdir. Bununla belə, mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olmaqla, cavabdehin faktiki istifadəsindəki torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi ilə 72 kv.m hissədə üst-üstə düşür və məhz bu sahə cavabdeh tərəfindən istifadə olunur. Bundan əlavə, iddiaçının mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin cənub-qərb istiqamətində cavabdeh tərəfindən 5 metr enində 14,40 metr uzunluğunda mişar daşı ilə hasar hörülmüşdür. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına iddiaçı tərəfdən məhkəmə xərci olan 311 manat vəsait ödənilmiş, iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə 10 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə 27.09.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu Məcəllənin 180.4-cü maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iclasında işin faktiki halları, habelə tədqiq edilmiş mötəbər sübutlarla, eləcə də mütəxəssis rəyi ilə müəyyən edildi ki, Siyəzən RİHB-nın 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,05 ha torpaq sahəsi iddiaçı Soltanova (Qüvvətova) Aybəniz İsfəndi qızının mülkiyyətinə verilmiş, lakin, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan bu torpaq sahəsinin cənub-qərb istiqamətində 72 kv.m hissədə hər hansı bir formada əmlak hüquqları əldə etmədən eni 5, uzunluğu 14,40 m olan hasarı özbaşına inşa etdirərək, sonuncunun mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşdur. Bu səbəbdən də, iddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 01 oktyabr 2021-ci il tarixədək Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, JN seriyalı, 2084 A nömrəli, kod 30501004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Siyəzən şəhəri ərazisində İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin cənub-qərb istiqamətində 72 kv.m hissədə eni 5 m, uzunluğu 14,40 m olan mişar daşından inşa edilmiş daş hasar Cavabdeh vəsaiti hesabına sökülməklə, sonuncu oradan çıxarılmalı və iddia tələbi qalan tikililərin sökülməsi hissəsində sübutlarla təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı tərəfin xeyrinə sonuncu tərəfdən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilmiş məhkəmə xərci olan 311 manat vəsait tutulmalı, eyni zamanda, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. JN seriyalı, 2084 A nömrəli, kod 30501004 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Siyəzən şəhəri ərazisində İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin cənub-qərb istiqamətində 72 kv.m hissədə eni 5 m, uzunluğu 14,40 m olan mişar daşından inşa edilmiş daş hasar Cavabdeh vəsaiti hesabına sökülməklə, sonuncu oradan çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iddiaçı tərəfin xeyrinə sonuncu tərəfdən Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilmiş məhkəmə xərci olan 311 (üç yüz on bir) manat vəsait tutulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar