Məhkəmə qərarları › İş №2(059)-256/2020

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-256/2020

16.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-256/2020 16.06.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, İddiaçı Əsgər oğlunun cavabdeh Siyəzən rayonu Zarat bələdiyyəsinə qarşı "bələdiyyə qərarının etibarsız hesab edilməklə, ləğv edilməsi" tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Əsgər oğlu cavabdeh Siyəzən rayonu Zarat bələdiyyəsinə qarşı "bələdiyyə qərarının etibarsız hesab edilməklə, ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ehtiyat fonduna aid örüş torpaqlarından 200 hektar torpaq sahəsinin heyvandarlıq məqsədilə ona icarəyə verilməsi barədə 10 may 2001-ci il tarixli, 06 saylı icarə müqaviləsinin ləğv edilməsinə dair 17 yanvar 2020-ci il tarixli qərarını etibarsız hesab etməklə, ləğv edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əsgər oğlunun iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin tələbinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi iddiaçı mahiyyəti etibarilə mübahisələndirmə haqqında iddia irəli sürmüşdür. Göstərilən Məcəllənin 2.2.1-ci maddəsinin tələbinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunması inzibati məhkəmə icraatı qaydasında mümkündür. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin İ və İİ bəndlərinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 fevral 2020-ci il tarixli Plenum qərarı ilə edilmiş dəyişikliyə əsasən) bəndinə əsasən “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti "İnzibati orqanların Təsnifatı"nın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarının İV hissəsinə əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanlar hesab edilmişdir. Beləliklə iddiaçı hazırkı tələblə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli olduğu halda, Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə uyğun olaraq inzibati məhkəməsində baxılmalı olduğundan rayon məhkəməsində məhkəmə aidiyyəti qaydalarına görə icraata götürülərək baxılması mümkün deyildir. Beləliklə də, hesab edirəm ki, iddia ərizəsinə ümumi məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Eyni zamanda İddiaçı Əsgər oğluna izah olunmalıdır ki, o, hazırkı tələblə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Əsgər oğlunun cavabdeh Siyəzən rayonu Zarat bələdiyyəsinə qarşı "bələdiyyə qərarının etibarsız hesab edilməklə, ləğv edilməsi" tələbinə dair ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı Əsgər oğluna izah olunsun ki, o, hazırkı tələblə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar