Məhkəmə qərarları › İş №2(059)-257/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-257/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-257/2021 03.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2512 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Füzuli rayonundan olan məcbur köçkün olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Həmçinin, bildirir ki, İİ qrup əlil kimi tək böyrəklə yaşamaqla yanaşı, bir neçə ağır xəstəlikdən də əziyyət çəkir. Səhhətinə çox ziyan olsa da, ailəsinin ehtiyaclarını ödəmək və dərmanlarını almaq üçün qaynaqçı işləyir. 2017-ci ilin avqust ayında əvvəllər Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yerləşən kərpic zavodunda birgə işlədiyi Cavabdeh ona Göyçay rayonunun Qızılağac kəndində Anar adlı şəxsə məxsus pomidor istixanasında təmir işlərində qaynaq işini görməyi təklif etmiş, gördüyü işin müqabilində isə ona hər gün 50 manat ödəniş etməyə söz vermişdir. İşin ağır olmasına və təklif olunan məbləğin yüksək olmamasına baxmayaraq, o, cavabdehlə razılaşmışdır. Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən o, 24 avqust 2017-ci il tarixdə qaynaq üçün lazım olan avadanlıqlarını da, özü ilə götürüb Göyçay rayonunun Qızılağac kəndində yerləşən istixanaya işləmək üçün getmişdir. Bəzən, hətta, 45-54 dərəcə temperaturda gecə-gündüz işləmiş və 22 oktyabr 2017-ci il tarixdə işi tamamilə bitirərək cavabdehə təhvil vermişdir. Həmin vaxt Cavabdeh ona ilkin ödəniş kimi 800 manat pul vermişdir. Qeyd edilən tarixdə bu obyektdə iş dayandığından Cavabdeh onu eyni şərtlərlə işləmək üçün Salyan rayonunun Xalac kəndindəki istixanaya göndərmişdir. 04 dekabr 2017-ci il tarixədək orada da gecə-gündüz qaynaq işlərini gördükdən sonra evinə geri qayıtmışdır. Beləliklə, Cavabdeh onu 2017-ci ilin avqust ayında 7 gün yarım, sentyabr ayında 15 gün, oktyabr ayında 20 gün, noyabr ayında 26 gün, dekabr ayında isə 4 gün işlətmişdir. Hər günə 50 manatdan hesablanmaqla, cavabdeh ona 2017-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına görə müvafiq olaraq 375, 750, 1000, 1300 və 200 manat olmaqla, ümumilikdə 3625 manat pul verməli olsa da, cavabdeh həmin puldan cəmi bir dəfə 800 manat ödəmiş, həmçinin, aralarında olan razılığa əsasən 313 manat yemək xərci də ümumi məbləğdən çıxılmışdır. Bundan sonra, qalan 2512 manat pulu isə Cavabdeh hal-hazıradək ona verməmişdir. 2018-ci ilin dekabr, 2019-cu ilin may aylarında müxtəlif instansiyalara bununla əlaqədar şikayət etmiş, ərizələrinə cavab olaraq, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, iddiaçıya gördüyü işlərin müqabilində 2512 manat pul ödəməli olsa da, maddi vəziyyəti ilə əlaqədar həmin vəsaiti ona ödəyə bilməmişdir. Gələcəkdə borcundan hissə-hissə ödənişlər edəcəyinə vəd verir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, X1 teleqramla məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, İddiaçıla 24 avqust 2017-ci il tarixində Göyçay rayonunun Qızılağac kəndində, 23 oktyabr – 04 dekabr 2017-ci il tarixlərdə isə Salyan rayonunun Xalac kəndindəki istixana təsərrüfatlarında birlikdə işləmiş, İddiaçı qaynaq işləri aparmışdır. İşdə olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 01 iyul 2019-cu il tarixli, 070-8514K-1219 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan mübahisə mülki xarakterli olduğundan sonuncuya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Cavabdeh tərəfindən 03 may 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, İddiaçı olan 2512 manat borcunu etiraf etmişdir. İşdə olan 14 noyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasındakı razılığa əsasən İddiaçı 24 avqust - 22 oktyabr 2017-ci il tarixlərdə Göyçay rayonunun Qızılağac kəndində, 23 oktyabr – 04 dekabr 2017-ci il tarixlərdə isə Salyan rayonunun Xalac kəndindəki istixanalarda qaynaq işlərini görmüş və görülmüş işlərin dəyərini tərəflər hər gün üçün 50 manat məbləğində razılaşdırmaqla, Cavabdeh tərəfindən iddiaçıya ödənilməsini sövdələşmişlər. Cavabdeh görülmüş işlərə görə sifarişçi kimi podratçı (İddiaçı) razılaşmada nəzərdə tutulan işi icra etdikdən sonra razılaşdırılmış muzdu podratçıya, yəni İddiaçı ödəməyi öhdəsinə götürməklə, sonuncunun etirafına əsasən cəmi bir dəfə İddiaçı ümumilikdə 800 manat versə də, iş təhvil verildikdən sonra görülmüş işin qalıq dəyərini ödəməmiş, o cümlədən bundan yayınmışdır. Belə ki, Cavabdeh İddiaçı 2017-ci ilin avqust ayında 7 gün yarım, sentyabr ayında 15 gün, oktyabr ayında 20 gün, noyabr ayında 26 gün, dekabr ayında isə 4 gün işlətmiş, hər günə 50 manatdan hesablanaraq, cavabdeh iddiaçıya 2017-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına görə müvafiq olaraq 375, 750, 1000, 1300 və 200 manat olmaqla, ümumilikdə 3625 manat pul verməli olsa da, cavabdeh həmin puldan cəmi bir dəfə 800 manat ödəmiş, həmçinin, aralarında olan razılığa əsasən 313 manat yemək xərci də, ümumi məbləğdən çıxılmışdır. Bununla da, İddiaçı görülmüş işin dəyərinin qalıq hissəsini, yəni 2512 manatını Cavabdeh tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Yenə bu Məcəllənin 752-ci maddəsinin İ və İİ hissələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir ki, nəticədə o, öhdəliyin lazımi səviyyədə icra edilmədiyi bütün hallar üçün İddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Bununla da, məhkəmə belə hesab hesab edir ki, Cavabdeh İddiaçı görülmüş işlərin və xidmətlərin qalıq dəyəri olan 2512 manat məbləğində pulu ödəmədiyindən, sonuncunun qanunla qorunan hüquqlarını və maraqlarını kobud şəkildə pozmuşdur. Bununla da, qeyd edilməlidir ki, İddiaçı Cavabdeh ödənilməmiş həmin məbləği tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 2512 (iki min beş yüz on iki) manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2512 (iki min beş yüz on iki) manat pul tutulsun. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar