Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-274/2021 23.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi "yaşayış yeri üzrə qeydiyyatda olma faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi "yaşayış yeri üzrə qeydiyyatda olma faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun XVİİ-ЖГ seriyalı, 710754 nömrəli pasport aldığı 24 mart 1986-cı il tarixdən 07 oktyabr 1998-ci il də daxil olmaqla, Siyəzən rayonu, Gil-Gilçay qəsəbəsində (keçmiş Dəvəçi rayonu, Gil-Gilçay kəndində) yaşayış yeri üzrə qeydiyyatda olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Şabran rayon Polis Şöbəsinin də maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, ona 16 yaşının tamam olması ilə əlaqədar 24 mart 1986-cı il tarixdə XVİİ-ЖГ seriyalı, 710754 nömrəli pasport verilsə də, yeni növ şəxsiyyət vəsiqəsi almaq istəyərkən, bu pasportu və digər sənədləri tapa bilməmişdir. Ona aid sənədlərin harada olduğunu unutduğundan uzun müddətli axtarışları nəticə verməmişdir. Bu səbəbdən də sənədlərinin qaydasına salınması, eləcə də yeni növ şəxsiyyət vəsiqəsinin, beləliklə vətəndaşlığın əldə edilməsi üçün aidiyyəti üzrə müraciətlər etsə də, bunun nəticəsi olmamış, qaldırdığı məsələ öz müsbət həllini tapmamışdır. Bundan sonra, müvafiq orqanlara müraciət edərək, 24 mart 1986-cı il tarixdən 07 oktyabr 1998-ci il də daxil olmaqla, Siyəzən rayonu, Gil- Gilçay qəsəbəsində (keçmiş Dəvəçi rayonu, Gil-Gilçay kəndində) yaşayış yeri üzrə qeydiyyatda olması faktının müəyyən olunması üçün zəruri sənədləri toplamışdır. Qeyd olunan faktın müəyyən edilməsi ölkə ərazisində sənədləşdirilməsi və vətəndaşlığa qəbul olunması üçün vacibdir. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə, Siyəzən və Şabran rayon Polis Şöbələrinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və təmin etməmə səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin arasında hazırkı mərhələdə mülki hüquqi mübahisə mövcud deyildir. İş üzrə icraata xitam verilməsi məsələsi müzakirə edilərkən ərizəçi iş üzrə icraata xitam verilməsinə münasibət bildirmədi. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki halda ərizəyə əlavə edilmiş sənədlərdən arxiv çıxarışından, təhsil haqqında sənədlərin surətlərindən, eləcə də təsərrüfatbaşına kitabın təsdiqlənmiş surətindən görünür ki, ərizəçinin məhkəməyə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt qeyd edilən sənədlərlə müəyyəndir. Məhkəmə hesab edir ki, bu halda həmin faktın təkrar müəyyən olunması yol verilməzdir və məhkəməyə qaydasında baxıla bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yenə Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi "yaşayış yeri üzrə qeydiyyatda olma faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işin icraatına, işə ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən Ərizəçi tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, ərizəçi ölkə ərazisində sənədləşdirilməsi və vətəndaşlığa qəbulla bağlı əvvəlcə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməli, müraciəti müsbət həll edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati məhkəmədə mübahisə qaldırmaq hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 261, 261.0, 261.0.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi "yaşayış yeri üzrə qeydiyyatda olma faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin, ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, ölkə ərazisində sənədləşdirilməsi və vətəndaşlığa qəbulla bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmək, müraciəti müsbət həll edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-274/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-274/2021
23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver