Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-315/2021 22.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılması” tələbinə dair iddiaları üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Siyəzən şəhəri, X4 qəsəbəsindəki 1 saylı evin 33-cü mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Nigar Hüseynova iddia həcminin və predmetinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh Sahibə Qasımovanın cavabdehlər siyahısından çxarılmaqla, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 10 fevral 2017-ci il təvəllüdlü Əsra Qasımlı və 26 iyul 2019-cu il təvəllüdlü Elxan Qasımlı ilə birlikdə onun mülkiyyətində olan Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 1 saylı evin 33-cü mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 29 mart 1994-cü il tarixli, 167 nömrəli sərəncamına əsasən yaşayış sahəsi 38,4 kv.m, ümumi sahəsi 76,4 kv.m olan Siyəzən şəhəri, X4 qəsəbəsində yerləşən 1 nömrəli binanın 33-cü mənzili iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı özü hazırda mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən digər evində yaşayır. Qeyd edir ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh qayınanası Sahibə Qasımova iddiaçının rəfiqəsidir. İddiaçı Siyəzən şəhərindəki evinin sahibsiz qalmaması üçün rəfiqəsi Sahibə Qasımovaya həmin evdə müvəqqəti yaşamağa icazə vermiş və sonuncu qızı Sahilə Qasımova ilə birlikdə həmin evdə yaşamışdır. Həmin ərəfədə rəfiqəsi Sahibənin oğlu Elmar Qasımov hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra Cavabdeh ilə evlənmişdir. 2015-ci ilin yay aylarında Elmar Qasımov Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onlar həmin vaxtdan mübahisəli evdə birgə yaşamağa başlamışlar. Bir müddət sonra qonşuları tərəfindən həmin mənzildə tez-tez münaqişələr baş verməsi, saatından asılı olmayaraq səs-küylər gəlməsi, hətta bir neçə dəfə polis əməkdaşlarının da bu mənzilə gəlməsi iddiaçıya bildirilmişdir. Evində baş vermiş narazılıq səbəbindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda sözügedən mənzildə cavabdehin keçmiş əri Elmar Qasımov və iddiaçının rəfiqəsi Sahibə Qasımova yaşamasa da, sonuncunun gəlini Cavabdeh övladları - 10 fevral 2017-ci il təvəllüdlü X9 və 26 iyul 2019-cu il təvəllüdlü X5 ilə birlikdə bu mənzildə yaşayırlar. Bu hal isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarına xələl gətirir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, sözügedən mənzilin mülkiyyətçisi olan İddiaçı keçmiş qaynanası Sahibə Qasımova ilə rəfiqədir. Bildirir ki, Sahibə Qasımovanın oğlu olan Elmar Qasımovla nikahlarını 26 may 2015-ci il tarixdə qeyd etdirməklə evlənmiş, 05 iyun 2015-ci il tarixdə Siyəzən şəhəri, H.Talıbov küçəsində yerləşən 1 nömrəli binanın 33-cü mənzilinə gəlin köçmüşdür. Elmar Qasımovla birgə nikahdan 10 fevral 2017-ci il tarixdə Əsra, 26 iyul 2019-cu il tarixdə Elxan adlı iki uşaqları doğulmuşdur. Sonradan əri ilə aralarında yaranmış mübahisələrdən sonra 2020-ci ilin iyun ayında Elmar və anası Sahibə sözügedən mənzili tərk edərək, Siyəzən şəhəri, H.Talıbov küçəsindəki 1 nömrəli binanın özlərinə məxsus olan 44 nömrəli digər mənzilində yaşamağa başlamışlar. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən əri Elmar Qasımovla aralarında olan nikah pozulmuşdur. Hazırda da o, iki övladı ilə birlikdə mübahisəli mənzildə yaşamaqda davam edir. Övladlarının başqa yaşayış yeri olmadığına görə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 29 mart 1994-cü il tarixli, 167 nömrəli sərəncamının, eləcə də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 29 mart 1994-cü il tarixli, 167 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış Siyəzən şəhəri, X4 qəsəbəsindəki 1 saylı evin 33-cü mənzili onun adına qeydiyyata alınmışdır. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin 09 sentyabr 2021-ci il tarixli, 92 nömrəli məktubundan görünür ki, Siyəzən şəhəri, X4 qəsəbəsindəki 1 saylı evin 33-cü mənzili hazırda Siyəzən şəhəri, H.Talıbov küçəsindəki 1 saylı evin 33-cü mənzilidir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(059)-28/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 26 may 2015-ci il tarixdə, 62 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 10 fevral 2017-ci il təvəllüdlü Əsra və 26 iyul 2019-cu il təvəllüdlü Elxan anaları, Cavabdeh himayəsində və yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün X8 Qasımovanın xeyrinə 21 sentyabr 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan 17 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq olaraq 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Elmar Qasımovla 26 may 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bundan sonrakı ay isə cavabdeh mübahisəli mənzilə gəlin köçmüş, habelə sonuncunun Elmarla Qasımovla nikahından 10 fevral 2017ci il təvəllüdlü Əsra və 26 iyul 2019-cu il təvəllüdlü Elxan övladları doğulmuş, həmçinin 19 fevral 2021-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulduqdan sonra da, o, daimi olaraq mübahisəli mənzili tərk etməmiş və orada övladları ilə birlikdə yaşamağa davam etmişdir. Mülkiyyətçi İddiaçı Cavabdeh mübahisəli mənzildə müvəqqəti yaşamaq imkanı versə də, məhkəmə iclasında aparılmış araşdırma zamanı sonuncunun mübahisəli mənzilə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Belə olan təqdirdə, Cavabdeh İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 1 saylı evin 33-cü mənzilinə istifadə hüququnun olmadığı müəyyən edilir. Çünki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxslərdən deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləni 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı hər hansı bir formada qohumluğu olmayan, eləcə də əvvəllər müvəqqəti yaşamasına icazə verilmiş Cavabdeh artıq icazəsiz surətdə iddiaçıya məxsus mübahisəli mənzildə yaşamaqla onun mülkiyyət hüquqlarını, o cümlədən sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Cavabdeh övladları Əsra və Elxanla birlikdə mənzildən çıxmaları ilə bağlı mülkiyyətçi tərəfindən dəfələrlə xəbərdarlıqlar edilsə də, sonuncular bundan imtina etmişlər. Cavabdeh, eləcə də övladları Əsra və Elxan mübahisəli mənzildə yaşasalar da, həmin mənzilə hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. Buna baxmayaraq İddiaçı həmin mənzilə yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Yəni, hazırda Cavabdeh övladları Əsra və Elxanla birlikdə mübahisəli mənzildə hər hansı bir hüququ olmadan yaşaması İddiaçı qanunla qorunan hüquq və maraqlarını pozur. Eyni zamanda, məhkəmə, yetkinlik yaşına çatmayan, 10 fevral 2017-ci il təvəllüdlü Əsra Qasımlıya və 26 iyul 2019-cu il təvəllüdlü Elxan Qasımlıya münasibətdə qeyd edir ki, onlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edildiklərindən, o cümlədən bu kateqoriyadan olan şəxslər cavabdeh sayıla bilməyərək valideynlərinin himayəsində olduqlarından iddia tələbinin onlara qarşı hissəsində bu hal nəzərə alınmalı və onların qeyd edilən mənzildən çıxarılmaları valideyninin himayəsi altında baş verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 10 fevral 2017-ci il təvəllüdlü X9 və 26 iyul 2019-cu il təvəllüdlü X6 ilə birlikdə İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 1 saylı evin 33-cü mənzilindən çıxarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən İddiaçı iddia tələbi üzrə ödədiyi 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən Cavabdeh tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 10 fevral 2017-ci il təvəllüdlü X9 və 26 iyul 2019-cu il təvəllüdlü X6 ilə birlikdə İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 1 saylı evin 33-cü mənzilindən çıxarılsın. İddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-315/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-315/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver