Məhkəmə qərarları › İş №2(059)-335/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-335/2023

25.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-335/2023 25.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 iştirakları ilə ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüquqları tanınmaqla, yetkinlik yaşına çatmayan uşaqları ilə birgə həmin mənzilə köçürülmələri” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsinin icarə müqaviləsinin qarşılıqlı iddia üzrə cavabdehlərə münasibətdə mübahisəli mənzildən köçdükləri gündən pozulmuş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüquqları tanınmaqla, yetkinlik yaşına çatmayan uşaqları ilə birgə həmin mənzilə köçürülmələri” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahdan doğulmuş uşaqları, 02 iyul 2008-ci il təvəllüdlü X5, 20 noyabr 2010-cu il təvəllüdlü X6 və 16 avqust 2015-ci il təvəllüdlü X3 ilə birlikdə cavabdehin yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilinə köçürülmələri və həmin mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən yaşayış sahəsinin icarə müqaviləsinin qarşılıqlı iddia üzrə cavabdehlərə münasibətdə mübahisəli mənzildən köçdükləri gündən pozulmuş hesab edilməsi və ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilində qeydiyyatda olan X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməsini xahiş etmişdir. İlk iddia, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o (İddiaçı1), 11 avqust 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş və həmin vaxtdan mübahisəli Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilində yaşamışdır. Cavabdeh onun anasıdır. 25 iyun 2006-cı il tarixdə o, digər İddiaçı2 ilə el adəti üzrə ailə qurmuş və həmin tarixdən də sonuncu da onunla birlikdə mübahisəli mənzildə yaşamağa başlamış, 06 may 2015-ci il tarixdə isə nikahları rəsmiləşdirilmiş, birgə nikahlarından 02 iyul 2008-ci il təvəllüdlü Şair, 20 noyabr 2010-cu il təvəllüdlü Şaiq, 16 avqust 2015-ci il təvəllüdlü Ayxan adlı uşaqları doğulmuşdur. Cavabdeh onları 2008-ci ilin may ayında yaşadıqları mənzildən məcburi qaydada çıxarmışdır. Ona görə də onlar digər İddiaçı2 qohumlarına məxsus Quba rayonunun Vəlvələ kəndində yerləşən 2 otaqlı evdə müvəqqəti məskunlaşmışlar. Bundan sonra, cavabdeh ona (İddiaçı1) qarşı istifadə hüququna xitam verilməklə, qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, buna səbəb isə qeyd edilən mənzili özəlləşdirərək satmaqdan ibarət olmuşdur. Lakin, Siyəzən Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində bir daha qeyd edilmişdir ki, mübahisəli mənzil bu və ya digər şəxsin mülkiyyətində deyildir (özəlləşdirilməmişdir). Deməli, tərəflərin hər birinin bu mənzildə yaşamaq hüquqları, həmçinin yaşayış sahəsindən istifadə etmək ixtiyarları vardır. Eyni zamanda, məhkəmə qətnaməsi ilə bir daha təsdiq olunmuşdur ki, onlar Quba rayonunun Vəlvələ kəndində yaşayış üçün zəruri olan şəraitə, o cümlədən Quba rayonu Vəlvələ bələdiyyəsi ərazisində özəl pay torpaq və həyətyanı sahəyə malik deyillər. Cavabdeh məhkəmə vasitəsi ilə istədiyinə nail ola bilməyəcəyini gördükdən sonra bir müddət heç bir hərəkət etməmiş, 2022-ci ilin yayında yenidən ona (İddiaçı1) zəng edərək heç kəsin ona baxmadığını, tək qaldığını bildirmiş və onlardan gəlib ona baxmalarını və birlikdə yaşamalarını xahiş etmişdir. Onun anasına, yəni Cavabdeh yazığı gəlmiş və onu da alaraq müvəqqəti yaşadıqları Quba rayonunun Vəlvələ kəndinə aparmışdır. Aralarındakı razılaşmaya əsasən bir neçə ay anası onlarla birlikdə Quba rayonunun Vəlvələ kəndində qaldıqdan sonra onlar yenidən Siyəzən şəhərində yerləşən mənzilə köçməyə razılaşmışlar. 2022-ci ilin avqust ayının axırları razılaşdıqları kimi bütün əşyalarını da yığaraq, mübahisəli mənzilə köçmüşlər. Onlar 3 yetkinlik yaşına çatmayan uşaqları da məktəbdən çıxararaq, yenidən Siyəzən şəhərində orta məktəbə qoymuşlar. Siyəzən şəhərinə köçərkən cavabdehin yenidən onları evdən çıxaracağı və mənzilsiz qoyacağı ağıllarına gəlməmişdir. Lakin, Cavabdeh bir müddət onlarla birlikdə Siyəzən şəhərində yerləşən evdə yaşadıqdan sonra yenidən onlarla yola getməməyə başlamış, ona (İddiaçı2) hətta fiziki zorakılıq da göstərmişdir. 2023-cü ilin mart ayının ortalarında Cavabdeh onlarla mübahisə edərək, bütün əşyalarını yenidən çölə atmışdır. Bundan sonra, onlar məcbur qalıb yenidən Quba rayonunun Vəlvələ kəndinə qayıtmışlar. Cavabdehin onlarla mübahisə etməsinin ən böyük səbəbkarları onun (İddiaçı1) bacılarıdır. Hətta, Siyəzən rayon Polis Şöbəsində də onlar cavabdehi öyrətdikləri və mübahisə yaratdıqları barədə xəbərdar edilmişlər. Hal-hazırda onlar yenidən yaşadıqları mənzildən məhrum olmaqla yanaşı, övladlarının təhsil hüquqları pozulmağa başlamışdır. Onlar cavabdehin psixoloji durumuna görə Siyəzən-Quba yollarında qalmaqdan yorulmuşlar. Cavabdehin orderlə hər birinə məxsus olan mənzildən istədiyi kimi onları çıxarması, istədiyi kimi də qəbul etməsi onların mənzil hüquqlarının pozuntusudur. Bir daha qeyd edirlər ki, hal-hazırda mübahisələndirdikləri mənzilə Cavabdeh mülkiyyət hüququ müəyyən edilməmişdir. Onlar hazırda 3 nəfər uşaqla birlikdə cavabdehin təqsirli hərəkətləri nəticəsində mənzillərindən məhrum olmuşlar. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Hesab edirlər ki, mübahisəli hüquq münasibəti 2009-cu ildən əvvəl yarandığından hazırkı mübahisəyə həmin tarixə qədər qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq edilməlidir. Beləliklə, o (İddiaçı1), 1977-ci ildən qeyd edilən mənzildə yaşadığından, digər İddiaçı2 isə 2006-cı ildə həmin mənzilə gəlin köçdüyündən və ev mülkiyyət hüququ əsasında heç kimin adına qeydə alınmadığından onların notarial qaydada təsdiq olunmuş razılaşma olmadan qeyd edilən mənzildən istifadə hüquqları yaranmışdır. Avropa İnsan hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Cavabdeh tərəfindən onların daimi yaşadıqları mənzildən məcburi qaydada çıxarılmaları, hal-hazırda isə həmin evə daxil olmalarına icazə verməməsi onların mənzil hüquqlarının pozulmasıdır və Avropa Konvensiyanın 8-ci maddəsinin təsir dairəsinə düşür. Odur ki, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Qarşılıqlı iddia, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, əvvəla istər ilk iddia üzrə, istərsə də qarşılıqlı iddia üzrə tələbin faktiki əsasını təşkil edən 2008-ci ildə ilk iddia üzrə iddiaçıların mübahisəli mənzili hansı məqsədlə və hansı qaydada tərk etməsi faktına münasibətdə qeyd edir ki, ilk iddia üzrə iddiaçıların bildirdiklərinə görə guya onlar mənzildən məcburi qaydada çıxarılmışlar. İlk iddia üzrə iddiaçıların mənzildən məcburi qaydada çıxarılmaları iddiasının, iftiradan başqa bir şey olmadığı aşağıdakılarla sübut olunur. Belə ki, ilk İddiaçı2 oğlu Ceyhunla 2006-cı ildə qeyri-rəsmi ailə quraraq mübahisəli mənzilə köçənə qədər yaşadığı Quba rayonunun Vəlvələ kəndində doğuşdan 40 gün sonra vəfat etmiş bacısının qız övladını saxlamış, uşaq gözünü açarkən onu anası kimi görüb qəbul etmiş və onlar arasında elə o vaxtdan ana-bala münasibətləri yaranmışdır. Elnarə rəsmi nikah bağlamadan gəlin köçdükdən sonra bu münasibət uşaqla fiziki qırılsa da, uşağa olan bağlılığı, habelə əksinə bir-birilərinə olan ana-bala məhəbbəti onları narahat etmiş, (digər tərəfdən ilk iddiaçı Elnarə 1 ildən çox gəlin gəlməsinə baxmayaraq, övladları olmamışdır), elə bu istək (narahatçılıq), habelə yaşayış sahəsi kiçik olmaqla, (24.7 kv.m.) orada yaşamaq mümkün olmadığından onun mübahisəli mənzili 2008-ci ilin may ayında tərk etməsinə və yenidən uşağa qovuşaraq, aralarında ana-bala münasibətlərin bərpa edilməsinə səbəb olmuşdur (evin qapılarını bağlayıb evdən çıxmaqla, ilk iddiaçıların dəfələrlə əşyalarını götürüb mənzili tərk etmələrinə, köçmələrinə qəsdən maneə olsa da, buna nail ola bilməmişdir). Göründüyü kimi ilk iddiaçılar mənzili könüllü surətdə tərk edərək, daimi yaşamaq üçün uşağın olduğu yerə Quba rayonunun Vəlvələ kəndinə gedib, orada qohumunun evində kirayədə yaşamaqla, özlərinə yaşayış evi tikməyə başlamışlar. İlk iddiaçıların mübahisəli mənzili könüllü surətdə tərk edərək, daimi yaşamaq üçün uşağın olduğu yerə Quba rayonunun Vəlvələ kəndinə getmələri və özlərinə yaşayış evi tikmələri, əvvəla onların həmin kənddə 2008-ci ilin may ayından bu günə qədər 15 il müddətinə yaşamaları ilə təsdiq edilir. Bundan əlavə, ilk iddiaçılar göstərirlər ki, guya o, onlara zəng edərək, tək qaldığını, ona baxanın olmadığını bildirmiş, həmçinin ona baxmalarını və birlikdə yaşamalarını təklif etmiş, oğlu isə ona yazığı gəldiyindən onu Quba rayonunun Vəlvələ kəndinə aparmış, orada onlarla bir neçə ay qaldıqdan sonra yenidən 2022-ci ilin avqust ayının axırlarında mübahisəli mənzilə bütün əşyalarını yığaraq yaşamağa gəlmiş, hətta 3 azyaşlı uşaqlarını da məktəbdən çıxararaq, Siyəzən şəhərində orta məktəbdə oxumağa qoymuşlar. İlk iddiaçıların ona yazıqlarının gəlməsinə, onu yanlarına aparmasına və onun orada bir neçə ay qalmasına münasibətdə bildirir ki, ilk iddiaçılar onu məkrli məqsədlərinə çatmaq, o cümlədən ondan pul və vəsiyyətnamə almaq üçün öz yanlarına aparmışlar. Belə ki, o, oraya çatan kimi ilk iddiaçılar ondan vəsiyyətnamə istədikdə, o, mənzilin çıxarışının olmadığını bildirib, vəsiyyətnamə verə bilməyəcəyini qeyd etmişdir. Bundan sonra, Quba rayonunun Vəlvələ kəndində tikdikləri evin şiferini vurmaq üçün pulları olmadığından ilk iddiaçılar onu dilə tutub, 2022-ci ilin iyul ayında ondan 3000 manat pul almış və hazıra kimi qaytarmaqdan imtina etmişlər. Həmçinin, o, ilk iddiaçıların dediklərinin əksinə, onların yanında bir neçə ay deyil, 15 günə qədər qalmışdır. Uşaqları oradan çıxarıb Siyəzən şəhər məktəbində oxutmalarına gəldikdə isə onu bildirir ki, bu tamamilə yalandır. Ona görə ki, Vəlvələ kənd məktəbi yenidən inşa edildiyinə görə söküldüyündən uşaqların orada oxumaları mümkün olmamış, bu səbəbdən uşaqların Siyəzən şəhərində oxumasına məcburi zərurət yaranmışdır. Bundan əlavə, ilk iddiaçı Elnarənin Quba rayon Sosial Təminat Şöbəsi vasitəsi ilə ünvanlı sosial yardım alması faktı ilk iddiaçıların yaşayış yerlərinin Quba rayonu olmasını təsdiq edir. Ona görə ki, ünvanlı sosial yardım şəxsin yaşayış və qeydiyyatda olduğu ünvan üzrə verilir. Həmçinin, ilk iddiaçıların məkrli niyyətlə 14 ildən sonra mübahisəli mənzilə gəlib-getmələri istisna olmaqla, onların həmin yerlə kifayətedici və davamlı əlaqələri olmamaqla, yanaşı hazırda onların mübahisəli mənzildə hər hansı bir əşyaları yoxdur. İlk iddia üzrə tələbinin hüquqi əsaslarına, o cümlədən Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin ilk iddiaçı Elnarəyə münasibətdə tətbiqinə, habelə tələbin faktiki əsası kimi istinad edilən Siyəzən Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsinə münasibətdə bildirir ki, 2009-cu ilə qədər oğlu Ceyhunun Elnarə ilə rəsmi nikahı olmadığına görə sonuncuya münasibətdə 2009-cu il tarixinə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri tətbiq edilə bilməz. Başqa sözlə, ilk İddiaçı2 Ceyhunla rəsmi nikahı olmadığına görə o, kirayədara, yəni ona münasibətdə ailə üzvü deyil, digər şəxs hesab olunmaqla, kənar şəxs kimi icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmadığına görə icarədarın (cavabdehin) ailə üzvləri hesab edilməmişdir. Eyni zamanda, ilk iddia üzrə iddiaçılar icarədarın ailə üzvləri, habelə mübahisəli mənzildə istifadə hüquqları olduğu halda belə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə (Quba rayonunun Vəlvələ kəndinə) getdiklərinə və orada 15 il daimi yaşadıqlarına görə onların köçdüyü gündən mübahisəli mənzilə dair icarə müqaviləsi pozulmuş hesab edilir. İlk iddia üzrə iddiaçılar 2008-ci ildən mənzili tərk edərək yaşamaq üçün Quba rayonunun Vəlvələ kəndinə köçmüşlər. Nəticə etibarilə, ilk iddia üzrə iddiaçılar mübahisəli mənzilə dair icarə müqaviləsini pozulmuş hesab edilirlər. İlk iddia üzrə cavabdehin, ilk iddia üzrə İddiaçı1 qarşı “istifadə hüququna xitam verilməklə, cavabdehin qeydiyyatdan çıxarılması” tələbinə dair Siyəzən Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsinə münasibət bildirərək, qeyd edir ki, bu qətnamədəki iddia tələbinin əsasları, habelə predmeti hazırkı ilk iddiaya qarşı qarşılıqlı iddia ərizəsinin tələbi və əsası ilə heç bir bağlılığı yoxdur. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsinin iddia tələbi “istifadə hüququna xitam verilməklə, cavabdehin qeydiyyatdan çıxarılması”, tələbin faktiki əsası isə “mənzilin özəlləsdirilməsinə edilən maneə” təşkil etmişdir. Hazırkı qarşılıqlı iddia tələbinin predmeti “yaşayış sahəsinin icarə müqaviləsi qarşılıqlı iddia üzrə cavabdehlərə (ilk iddia üzrə iddiaçılara) münasibətdə mübahisəli mənzildən köçdükləri gündən pozulmuş hesab edilməsi”, tələbin faktiki əsasını isə “İlk iddia üzrə iddiaçıların formal mübahisəli mənzildə qeydiyyatda qalmaları, nəticədə “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş, şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulması təşkil edir. Odur ki, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 müdafiə etdiyi ilk iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, 11 avqust 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş və həmin vaxtdan Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilində yaşamışdır. İlk iddia üzrə Cavabdeh onun anasıdır. O, digər ilk iddia üzrə İddiaçı2 ilə 25 iyun 2006-cı il tarixdə əvvəlcə faktiki nikaha daxil olmuş, habelə nikahlarını 06 may 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Bundan əlavə, faktiki nikaha daxil olduqları tarixdən İddiaçı2 da onunla birlikdə Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilində yaşamağa başlamış, habelə birgə nikahlarından 02 iyul 2008-ci il tarixdə Şair, 20 noyabr 2010-cu il tarixdə Şaiq, 16 avqust 2015-ci il tarixdə isə Ayxan adlı uşaqları doğulmuşdur. İlk iddia üzrə Cavabdeh onları 2008-ci ilin may ayında yaşadıqları mənzildən məcburi qaydada çıxardığından onlar arvadı İddiaçı2 qohumlarına məxsus Quba rayonunun Vəlvələ kəndində yerləşən 2 otaqlı evdə müvəqqəti məskunlaşmışlar. Bundan sonra, ilk iddia üzrə Cavabdeh ona qarşı istifadə hüququna xitam verilməklə, qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin anasının məhkəməyə müraciət etməkdə məqsədi qeyd edilən mənzili özəlləşdirərək satmaqdan ibarət olmuşdur. Siyəzən Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh ona qarşı istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Daha sonra, 2022-ci ilin yayında yenidən onlar mübahisəli mənzildə yaşamağa başlasalar da, mübahisələrə görə 2023-cü ilin mart ayında oradan məcburi qaydada çıxarılmışlar. Bundan əlavə, qarşılıqlı iddia tələbi əsassız olmaqla, orada qeyd edilənlər yalandır. Belə ki, guya onlar arvadı Elnarənin mərhum bacısının uşağına görə Quba rayonunun Vəlvələ kəndinə getmişlər. Halbuki, həmin uşaq babası, yəni qaynatası Kamil Mirzəyevin himayəsində yaşamış, o cümlədən bununla bağlı müvafiq arayışı məhkəməyə təqdim etmişdir. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 müdafiə etdiyi ilk iddia ərizəsində göstərilənləri, eləcə də digər ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 izahatında bildirdiklərini təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, hazırda o və əri İddiaçı1 müvəqqəti olaraq Quba rayonunun Vəlvələ kəndində yaşayırlar. Bundan əlavə, qarşılıqlı iddia tələbində göstərilənlər həqiqəti əks etdirmədiyindən həmin tələblə razı deyildir. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müdafiə etdiyi qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 onun oğlu, İddiaçı2 isə qaynı qızı olmaqla, əri Şair Mirzəyev sonuncuların toy günü avtomobil qəzasında ölmüşdür. 2008-ci ilin may ayında çörək bişirərkən oğlu İddiaçı1 onun yanına gələrək, mübahisəli mənzilin qapılarını bağlamasını istəmiş, o, isə səbəbini soruşduqda, oğlu Ceyhun Quba rayonunun Vəlvələ kəndinə qayınatası, yəni əmisi Kamil Mirəzəyevin evinə getdiklərini bildirmiş, habelə 10-15 günə qayıtmışlar. Hətta, o, oğlu İddiaçı1 və gəlini İddiaçı2 onu təkbaşına qoyub getməsi ilə əlaqədar polisə şikayət etsə də, sonuncu onu evinə gətirib, hər şeyin düzələcəyini bildirmişdir. Avadanlıqlarının verilməsi ilə bağlı aralarında narazılıq yarandığından qarşı tərəf böyük oğlunun yanına gedib, ondan şikayət etmiş, böyük oğlu isə X16ya zəng edib, onunla danışmasını, o cümlədən qarşı tərəfin avadanlıqlarını verməsini istəmişdir. X16 isə onunla söhbət zamanı qardaşı Ceyhungilin avadanlıqlarını verməsini təklif etdikdə, o, qızı Nabatla razılaşmış, habelə avadanlıqlar müvafiq qaydada avtomobilə yüklənərək, daşınmış, yalnız bufet qalmışdır ki, həmin əşya da sonradan Ceyhun tərəfindən aparılmışdır. Bundan başqa, İddiaçı2 bacısı rəhmətə gedəndən sonra mərhumun azyaşlı uşağı Elnarəni anası kimi bilmiş, bu səbəbdən də, o, Elnarəyə həmin uşağa mübahisəli mənzildə yanlarında baxmağı belə təklif etmiş, lakin, Elnarə bununla razılaşmamışdır. Bundan sonra, qızı Sünbülə Tahirovanın uşaqları ona baxmağa başlamışlar. Daha sonra, 2022-ci ilin avqust ayında oğlu Ceyhuna zəng vurub, sonuncunu çağırmış, habelə nəvəsi Şairi aparmasını təklif etmiş, həmçinin Sünbülənin uşaqları evləndikdən sonra qonşusunun onun qayğısına qaldığını bildirmişdir. Bundan sonra, mübahisəli ünvana gəlmiş Ceyhun, ona baxması üçün yanında qalmasını, həmçinin yayda kəndə getməyi, qışda isə mübahisəli mənzildə qalmağı təklif etmiş, əvvəlcə Quba rayonunun Vəlvələ kəndinə getsələr də, bir müddət sonra mübahisəli ünvana qayıtmış, burada isə yenidən mübahisələri başlamışdır. Məhz bundan sonra, oğlu Ceyhun və gəlini Elnarə, o, öldükdən sonra mübahisəli mənzilin onlara qalacağı təklifinə razı olmayıb, mübahisəli mənzildən pay alacaqlarını bildirərək 14 mart 2023-cü il tarixdə oranı tərk etmişlər. O, oğlu Ceyhuna hazırda sonuncunun yaşadığı evin tikintisi, habelə dam örtüyünün vurulması üçün pul versə də, oğlu evinin qayınatasına aid olduğunu bildirməkdədir. Qarşı tərəf onunla heç cürə yola getmir. Odur ki, ilk iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərdi ki, ilk iddia üzrə İddiaçı1 qardaşı, qarşılıqlı iddia üzrə iddiaçı isə anasıdır. Buna baxmayaraq, aralarında kəskin münasibət olduğuna görə tərəflərin bir yerdə yaşaması mümkün deyildir. İlk dəfə 2008-ci ildə qardaşı Ceyhun mübahisəli evi tərk edib, gedərkən anası Gülzədə təkbaşına qalacağından qardaşının ailəsinə aid avadanlıqları verməkdən imtina edirdi. Buna görə də, böyük qardaşının zənginə əsasən bu məsələni həll etmişdir. Hətta, ilk iddia üzrə iddiaçılar mübahisəli mənzili tərk edərkən anası Gülzədə onlara qalıb, bir yerdə yaşamağı belə təklif etmişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayında, yəni sonuncu dəfə ilk iddia üzrə iddiaçıların mübahisəli mənzili tərk etməsi zamanı orada olmamışdır. Beləliklə, o, ilk iddia üzrə iddiaçıların deyil, anası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X7 izahatında göstərdi ki, ilk iddia üzrə İddiaçı1 qardaşı, qarşılıqlı iddia üzrə iddiaçı isə anasıdır. Buna baxmayaraq, aralarında kəskin münasibət olduğuna görə tərəflərin bir yerdə yaşaması mümkün deyildir. Yalnız, anası Cavabdeh öldükdən sonra mübahisəli mənzilin satılması və ya bölünməsi ilə övladlarının haqları verilə bilər. Bundan başqa, anası Cavabdeh razılıq vermədiyindən digər ilk iddia üzrə İddiaçı2 ümumiyyətlə mübahisəli mənzildə yaşamaq hüququ yoxdur. Beləliklə, o, ilk iddia üzrə iddiaçıların deyil, anası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiasının təmin edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının 03 dekabr 2008-ci il tarixli, 332 nömrəli sərəncamının surətindən görünür ki, mübahisəli mənzildə 1967-ci ildən yaşayan Cavabdeh yaşadığı bu mənzilin onun adına rəsmiləşdirilməsi, mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib, həmin çıxarışın Cavabdeh verilməsinin təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsinin Siyəzən şöbəsinə tapşırılmışdır. İşdə olan Quba rayon İHB-nin Vəlvələ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 06 may 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 032939 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 06 may 2015-ci il tarixdə, 12 saylı akt qeydi ilə nikahlarını bağlamışlar. İşdə olan Quba rayon İHB-nin Vəlvələ İƏV üzrə nümayəndəliyi tərəfindən 12 sentyabr 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 116624 nömrəli, 10 yanvar 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 590602 nömrəli və Quba rayon İHB-nin Vəlvələ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 07 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 602113 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq ataları İddiaçı1, anaları İddiaçı2 olan X5 02 iyul 2008-ci il, X6 20 noyabr 2010-cü il tarixdə Quba rayonunun Vəlvələ kəndində, X3 isə 16 avqust 2015-ci il tarixdə Quba şəhərində doğulmuşlar. İşdə olan Sumqayıt “Asan xidmət” Mərkəzindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 21 oktyabr 2019-cu il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı1lə Cavabdeh mübahisəli mənzildə qeydiyyatdadırlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(059)-534/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı1 qarşı "istifadə hüquqlarına xitam verilməklə, cavabdehin qeydiyyatdan çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Quba RİHB-nin Vəl-Vələ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli, 300 nömrəli və Quba rayon Vəlvələ bələdiyyəsi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 65 nömrəli arayışdan görünür ki, Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilində qeydiyyatda olsa da, Quba rayonunun Vəlvələ kəndində qeydiyyatsız yaşayan İddiaçı1 Quba rayonu Vəlvələ bələdiyyəsi ərazisində pay torpaq sahəsi və həyətyanı sahəsi yoxdur. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Siyəzən rayon Təhsil Sektoru Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəb tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 137, 138 və 139 saylı arayışlardan görünür ki, müvafiq olaraq X6 və X3 15 sentyabr 2022-ci il tarixdən 16 mart 2023-cü il tarixə kimi bu məktəbdə təhsil alsa da, X5 həmin məktəbin İX sinfində təhsil alır. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı1 ilk iddia tələbi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumuna görə 100 manat vəsait sərf etmiş, Cavabdeh isə qarşılıqlı iddia tələbi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hər iki iddia tələbinə münasibətdə müəyyən olundu ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1967-ci ildən Siyəzən şəhəri, H.Əliyev küçəsi 147 saylı evin yaşayış sahəsi 24,7 k.v metr ibarət 2 otaqlı 1-ci mənzilində yaşayır və bu hal, Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının 03 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 sözügedən mübahisəli mənzildə qeydiyyatda olmaqla, yanaşı bu mənzildə doğulmuş, habelə burada yaşayarkən, yəni 2006-cı ilin iyun ayında digər ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilə faktiki nikah münasibətlərinə daxil olmuş, 2008-ci ilin may ayında isə Cavabdeh ilə münasibətləri kəskinləşdiyindən həmin tarixdən ailəsi ilə birlikdə qayınatası X11 rayonunun Vəlvələ kəndində yerləşən fərdi yaşayış evinə müvəqqəti yaşamaq üçün getmək məcburiyyətində qalmışdır. Bundan sonra, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı1 qarşı "istifadə hüquqlarına xitam verilməklə, cavabdehin qeydiyyatdan çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Daha sonra, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər 2022-ci ilin avqust ayının axırlarında yenidən mübahisəli mənzilə qayıtsalar da, bu dəfə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ilə olan mübahisə 14 mart 2023-cü il tarixdə onların təkrarən həmin mənzildən çıxıb, Quba rayonunun Vəlvələ kəndində yerləşən fərdi yaşayış evinə müvəqqəti yaşamaq üçün getməyə məcbur etmişdir. Hazırda qeyd edilən mənzillə bağlı tərəflər arasında mübahisə vardır. Mübahisəli mənzil bu və ya digər şəxsin mülkiyyətində deyildir (özəlləşdirilməmişdir). Eyni zamanda, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 münasibətdə məhkəmə əlavə olaraq qeyd edir ki, “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 12 aprel 1985-ci il tarixli “Məhkəmələrin Azərbaycan SSR Mənzil Qanunvericiliyinin tətbiqi təcrübəsinə dair” Qərarına əsasən yaşayış sahəsinə digər şəxslərin hüququna dair mübahisələrin həlli zamanı məhkəmələr nəzərdə tutmalıdırlar ki, yaşayış sahəsinə yalnız o şəxslər tələb irəli sürə bilər ki, onlar mənzil sahibinin yaxud kirayəçinin yaxın qohumlarıdır, yaxud kirayəçidən asılı olan, əmək qabiliyyəti olmayan şəxslərdir. İstisna halda digər şəxslər yalnız o şərtlə müvafiq hüquqa malik olurlar ki, onlar kirayəçi ilə birgə təsərrüfat aparırlar, yaxud onunla ailə münasibətlərindədirlər. Bunlardan biri olmasa şəxs kirayəçinin ailə üzvü hesab edilə bilməz. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Bu mənada, bir daha qeyd olunur ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər nikahlarını 06 may 2015-ci il tarixədək rəsmiləşdirməsələr belə, onlar 25 iyun 2006-cı il tarixdə el adəti ilə toy edərək evlənmiş, habelə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 həmin tarixdən mübahisəli mənzilə gəlin köçmüş, habelə bundan sonra xeyli müddət burada, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, eləcə də onun oğlu (ailə üzvü) digər ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1lə etibarlı ailə münasibətlərində yaşamış, ümumi təsərrüfat aparmışdır. Bu hallar isə bundan əvvəlki məhkəmə mübahisəsi zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özü tərəfindən təsdiq edilmiş, o cümlədən qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə işin mübahisələndirilməyən və təkzib edilməyən halına çevrilmişdir. Məhz bu hallar nəzərə alınaraq məhkəmə tərəfindən belə qənaətə gəlinir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Digər tərəfdən, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin həmin ərəfədə nikah münasibətlərini rəsmiləşdirməməsi onların etibarlı ailə münasibətlərində olmamasına və ya bu münasibətlərin ümumiyyətlə olmamasına dəlalət etmir və belə bir düşüncə inkar edilir. Deməli, tərəflərin hər birinin bu mənzildə yaşamaq hüquqları, həmçinin yaşayış sahəsindən istifadə etmək ixtiyarları vardır. Həmçinin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin Quba rayonu, Vəlvələ kəndində hər bir şəraitə malik fərdi yaşayış evinin olduğunu göstərsə də, sonuncuların yaşayış üçün zəruri olan şəraitə, o cümlədən Quba rayonu Vəlvələ bələdiyyəsi ərazisində özəl pay torpaq və həyətyanı sahəsinə malik olmadığı müəyyən edilmişdir. Sadalanan bu hallar isə hazırda işin mübahisələndirilməyən və təkzib edilməyən hallarındandır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin 1 və 2-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 51-ci maddənin 1 və 2-ci hissəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Bu Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Sözügedən Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Yenə bu Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan başqa, “01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Beləliklə, qeyd edilən mənzilin icarədarının ailə üzvləri, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər oğlu İddiaçı1 və gəlini İddiaçı2 ilk dəfə 2008-ci ilin may ayında, daha sonra 14 mart 2023-cü il tarixdə yaşadıqları mübahisəli mənzili tərk etmələrinə və müvəqqəti yaşamaq üçün Quba rayonu, Vəlvələ kəndində sonuncunun atası Kamil Mirzəyevə aid fərdi yaşayış evinə sığınmalarına baxmayaraq, onların daimi olaraq yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmələri, köçmələri və ya hər hansı bir qanuni əsasla yaşayış yerinə malik olmaları halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin daimi olaraq yaşamaq üçün başqa yerə getmələrini və buna görə də sonuncuların mübahisəli mənzilə olan hüquqlarını itirdiklərini bildirsə də, o, öz qarşılıqlı tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər əsaslandıra bilməmiş, sübuta yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə işin faktiki hallarından və təqdim olunmuş sübutlardan görünür ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə birgə etibarlı ailə münasibətlərində bərabər yaşamış və onlar heç vaxt bu hüquqlarını itirməmişlər. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzildən öz iradələrindən asılı olmayan səbəbdən istifadə edə bilməmələri onların həmin mənzildə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Odur ki, ilk iddia üzrə iddiaçılar mübahisəli mənzildə qarşılıqlı iddiaçı ilə bərabər yaşamaq ixtiyarına malikdir və onlar qeyd edilən mənzildən hər hansı bir maneə olmadan istifadə etməli, onların normal yaşayış yeri və layiqli həyat şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilinə istifadə hüququ tanınmaqla, onlar övladları, 02 iyul 2008-ci il təvəllüdlü X5, 20 noyabr 2010-cu il təvəllüdlü X6 və 16 avqust 2015-ci il təvəllüdlü X3 ilə birlikdə həmin mənzilə köçürülməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsinin icarə müqaviləsinin qarşılıqlı iddia üzrə cavabdehlərə münasibətdə mübahisəli mənzildən köçdükləri gündən pozulmuş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun tutulması həm ilk iddia ərizəsində, həm də məhkəmə iclasında ilk İddiaçı1 tərəfindən ilk iddia üzrə Cavabdeh tələb edilmədiyindən həmin məbləğ ilk iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Eyni zamanda, qarşılıqlı iddia tələbi rədd edildiyindən bu tələb üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia təmin olunsun. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilinə istifadə hüququ tanınmaqla, onlar övladları, 02 iyul 2008-ci il təvəllüdlü X5, 20 noyabr 2010-cu il təvəllüdlü X6 və 16 avqust 2015-ci il təvəllüdlü X3 ilə birlikdə həmin mənzilə köçürülsünlər. İlk iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 aid edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsinin icarə müqaviləsinin qarşılıqlı iddia üzrə cavabdehlərə münasibətdə mübahisəli mənzildən köçdükləri gündən pozulmuş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar