Məhkəmə qərarları › İş №2(059)-34/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-34/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-34/2022 14.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh, onun nümayəndəsi X7 iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsini boşaltmaqla, uşağı ilə birlikdə evdən çıxarılmaları” tələbinə dair iddiaları üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsini boşaltmaqla, uşağı ilə birlikdə evdən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 22 saylı evin 1 otaq və 1 şüşəbənddən ibarət yaşayış sahəsini (şəxsi əşyalarını götürməklə) boşaltmaqla, Ramal adlı uşağı ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə ilə 23 avqust 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, sonuncu 03 sentyabr 2016-cı il tarixdə onun valideynləri və qardaşları (onların ailə üzvləri) ilə birlikdə yaşadığı Siyəzən şəhəri, S.Vurğun küçəsində yerləşən 1 otaq və 1 şüşəbənddən ibarət 22 nömrəli köhnə evə gəlin köçmüşdür. Birgə nikahlarından 30 iyul 2017-ci il tarixdə Ramal adlı bir oğulları doğulmuşdur. Sonradan münasibətləri kəskinləşdiyindən o, nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmaqla, uşaqları ananın yanında saxlanmış, həmçinin hər ay onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Qətnamənin alimentin tutulmasına dair hissəsindən Cavabdeh apellyasiya şikayəti vermiş, nəticədə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi alimentin tutulmasına dair hissədə ləğv edilərək, bu hissədə yeni qətnamə qəbul edilmiş, habelə alimentin miqdarı hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, hal-hazırda da cavabdeh gəlin köçdüyü evdə yaşamaqla, sonuncuya məxsus bütün əmlak, cehiz və qızılzinət əşyaları mübahisəli evdə qalmaqdadır. Eyni zamanda mübahisəli evdə 11 nəfər ailə üzvü yaşayır. Bundan əlavə, mübahisə predmeti olan 1 otaq və 1 şüşəbənddən ibarət köhnə ev mərhum anası Almas İsayevanın mərhum bibisi Seyran Hüseynovaya məxsus olmuşdur. Hazırda bu evə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin əmlak üzərində hüquqlar onun atası İddiaçı1 məxsusdur. Başqa sözlə, atası bu evdə yeganə vərəsə kimi yaşamaqla, miras evi faktiki qəbul edərək ona sahiblik edir, eyni zamanda evə dair mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malikdir. Lakin, yaşayış sahəsi o dərəcədə kiçikdir ki, evin sahibi olan atası mətbəxdə qalmağa məcburdur. Mənzil sahəsinin norması adambaşına 12 kv.m müəyyən olunduğundan cavabdehin bu evdə yaşaması qeyri-mümkündür. Hətta, cavabdeh ilə aralarında olan nikahın pozulmasına baxmayaraq, məcburiyyət qarşısında qalaraq, hazırda sonuncu ilə bir otaqda yaşayır. Övladını gələcəkdə imkanı olarsa, başqa evlə təmin etmək istəyir, lakin hazırda maddi vəziyyəti imkan vermədiyindən bu mümkün deyildir. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ona qarşı “mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 digər İddiaçı2 izahatını təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı2lə 23 avqust 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, 03 sentyabr 2016-cı il tarixdə isə sonuncunun yaşadığı Siyəzən şəhəri, S.Vurğun küçəsində yerləşən 1 otaq və 1 şüşəbənddən ibarət 22 nömrəli köhnə evə gəlin köçmüşdür. İddiaçı2lə birgə nikahlarından 30 iyul 2017-ci il tarixdə Ramal adlı bir oğulları doğulmuşdur. Sonradan münasibətləri kəskinləşdiyindən İddiaçı2 nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmaqla, uşaqları onun yanında saxlanmış, həmçinin hər ay Ağaqafarın qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra, qətnamənin alimentin tutulmasına dair hissəsindən apelyasiya şikayəti vermiş, nəticədə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi alimentin tutulmasına dair hissədə ləğv edilərək, bu hissədə yeni qətnamə qəbul edilmiş, habelə alimentin miqdarı hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmişdir. Sözügedən evdə qeydiyyatda olan İddiaçı2 və sonuncunun ailə üzvləri onun bu evə gəlin köçərək cehiz əşyalarını yerləşdirməsinə etiraz etməmişdilər. Bundan əlavə, gəlin köçdüyü zaman S.Vurğun küçəsində yerləşən 1 otaq və 1 şüşəbənddən ibarət köhnə evin keçmiş qaynanası mərhum Almas İsayevanın mərhum bibisi Seyran Hüseynovaya məxsus olmasını da bilmişdir. O, hazırkı vaxtda da gəlin köçdüyü evdə yaşamaqla, ona məxsus bütün əmlakı, o cümlədən cehiz və qızıl-zinət əşyaları da mübahisəli evdədir. Onun və övladının başqa yaşayış yeri yoxdur. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən onun İddiaçı2 qarşı “mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Sədaqət Eldarova qızı cavabdeh Cavabdeh izahatını təsdiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 23 sentyabr 1962-ci il tarixdə verilmiş 529 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Siyəzən şəhəri, S.Vurğun küçəsindəki 22 saylı ev X6 adına qeydiyyata alınmışdır. İşdə olan keçmiş Dəvəçi rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 19 fevral 1969-cu il tarixdə, reyestrdə 2/529 nömrə ilə təsdiq edilmiş müqavilənamənin surətindən görünür ki, Siyəzən şəhər sovetinin 17 fevral 1969-cu il tarixli, 1305 nömrəli arayışına əsasən X8 məxsus olan Siyəzən şəhəri, S.Vurğun küçəsindəki 1296 kv.m ölçüdəki torpaq sahəsində yerləşən çiy kərpicdən tikilmiş, üstü torpaqla örtülmüş 14,4 kv.m yaşayış sahəsi olan 1 mərtəbəli, 1 otaqlı 22 saylı ev tədavüldən çıxarılmış valyuta ilə 683 manata X1. İşdə olan torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 2365A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,10 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 429550 nömrəli və 054427 nömrəli arayışlardan görünür ki, müvafiq olaraq X5 10 oktyabr 2010-cu il tarixdə, X11 isə 03 mart 2020-ci il tarixdə ölmüşlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 mart 2021-ci il tarixli, **********70 nömrəli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X6 adına Siyəzən şəhəri ünvanında yerləşən 22 nömrəli fərdi yaşayış evinə texniki pasport verilsə də, sözügedən fərdi yaşayış evi üzərində Cahan Bəydəmirovanın mülkiyyət hüququ qeydiyyata alınmamışdır. İşdə olan nikahın pozulmasına dair hissədə qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(059)-151/2020 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 23 avqust 2016-cı il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 79 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, onların birgə nikahından doğulmuş 30 iyul 2017-ci il təvəllüdlü Ramal anası, Cavabdeh himayəsində və yanında saxlanılmış, həmçinin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı2 Cavabdeh xeyrinə 11 iyun 2020ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 avqust 2020-ci il tarixli, 2(105)-2308/2020 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində ləğv edilməklə, bu hissədə yeni qətnamə qəbul edilmiş, habelə 30 iyul 2017-ci il təvəllüdlü Ramalın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı2 Cavabdeh xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(059)-50/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı2 qarşı “mənzilə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan 26 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq olaraq 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Beləliklə məhkəmə iclasında verilmiş izahatlar, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 14 aprel 2021-ci il tarixli qətnaməsi və iş materiallarındakı sənədlərlə müəyyən edildi ki, İddiaçı2lə Cavabdeh 23 avqust 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 30 iyul 2017-ci il tarixdə Ramal adlı övladları doğulmuşdur. Bundan əlavə, 03 sentyabr 2016-cı il tarixdə Cavabdeh İddiaçı2 yaşadığı Siyəzən şəhəri, S.Vurğun küçəsində yerləşən 1 otaq və 1 mərtəbədən ibarət 22 nömrəli evə gəlin köçmüşdür. Lakin, tərəflər arasında münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuşdur. Tərəflər arasında nikahın pozulmasına baxmayaraq, iddiaçı hazırkı vaxtadək mübahisəli ünvanda yaşamaqda davam edir. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 23 sentyabr 1962-ci il tarixdə verilmiş 529 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən X6 adına qeydiyyata alınmaqla, Siyəzən şəhər sovetinin 17 fevral 1969-cu il tarixli, 1305 nömrəli arayışı əsasında sonuncuya məxsus olmuş mübahisəli ünvan 19 fevral 1969-cu il tarixdə onun tərəfindən cavabdehin mərhum anası X9 mərhum bibisi (atasının bacısı) X2 da, sonuncu öz hüququndan istifadə edərək, mövcud tikilini adına qeydiyyata aldırmamışdır. Buna baxmayaraq, mübahisəli tikilinin yerləşdiyi 0,10 ha torpaq sahəsi 03 may 2006-cı il tarixdə Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə mərhum Seyran Hüseynovanın mülkiyyətinə verilmişdir. Bundan əlavə, X5 10 oktyabr 2010-cu il tarixdə öldükdən sonra onun öldüyü məqamadək malik olduğu miras aktivinin istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr tərəfindən qəbul edilməsi halı müəyyən edilməmişdir. Belə ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni zamanda, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda isə vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Hazırda mərhumdan miras qalmış əmlakın iddiaçı və ya onun ailə üzvləri tərəfindən qəbul edilməsi halı müəyyən edilməməklə, yanaşı bunu təsdiq edəcək mötəbər sübut və ya sənəd də məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçı tərəf 03 sentyabr 2016-cı il tarixdən etibarən Cavabdeh onlarla birlikdə mübahisəli fərdi yaşayış evində müvəqqəti yaşamaq imkanı versələr də, əvvəlki məhkəmə iclasında aparılmış araşdırma zamanı cavabdehin mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Belə olan təqdirdə, Cavabdeh mərhum Seyran Hüseynovanın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 14,4 kv. metrdən ibarət 22 saylı fərdi yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırkı vaxtda gəlin köçdüyü mübahisəli evdə yaşaması, ona məxsus bütün əmlakın, o cümlədən cehiz və qızıl-zinət əşyalarının da orada olması belə cavabdehin həmin evə dair istifadə hüququnun yaranması üçün əsas və ya səbəb ola, habelə belə bir hüququn yaranmasına dəlalət edə bilməz. Çünki, cavabdehin özü ilə gətirdiyi cehiz əşyalar onun gəlin köçdüyü ünvanda normal şəraitdə yaşamasını təmin edən alət və vasitədir. Yəni, cavabdehin istinad etdiyi bu halın özü belə sonuncunun mübahisəli evə dair istifadə hüququnun mövcudluğuna təsir edən amil deyildir və belə bir əsas kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə Cavabdeh Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 14,4 kv. metrdən ibarət 22 saylı xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin 19 fevral 1969-cu il tarixdən sahibi olmuş mərhum Seyran Hüseynovaya münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxslərdən deyildir. Eyni zamanda, Cavabdeh keçmiş əri, İddiaçı2 mübahisəli evə dair vərəsəlik hüququndan irəli gələn gözlənti ilə mülkiyyət hüququna görə cavabdehin həmin şəxsin ailə üzvü kimi evdən istifadə hüququnun olması düşünülsə belə, ona münasibətdə bu hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin İV hissəsinə (əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır) əsasən keçmiş ailə üzvləri arasında başqa razılaşma yoxdursa, tərəflərin ailə münasibətlərinə xitam verildiyi andan saxlanmamış, mövcudluğuna son qoyulmuşdur. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mərhum Seyran Hüseynovaya hər hansı bir formada qohumluğu olmayan, eləcə də əvvəllər müvəqqəti yaşamasına icazə verilmiş Cavabdeh artıq icazəsiz surətdə mərhuma məxsus olmuş mübahisəli fərdi yaşayış evində yaşamaqla iddiaçı tərəfin vərəsəlik hüququndan irəli gələn gözlənti ilə mülkiyyət hüquqlarını, o cümlədən sahiblik, istifadə hüquqlarını pozur. Cavabdeh övladı Ramal İsayevlə birlikdə evdən çıxmaları ilə bağlı iddiaçı tərəfdən dəfələrlə xəbərdarlıqlar edilsə də, onlar bundan imtina etmişlər. Cavabdeh, eləcə də övladı Ramal mübahisəli evdə yaşasalar da, həmin evə hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. Buna baxmayaraq iddiaçı tərəfin mübahisəli evə dair vərəsəlik hüququndan irəli gələn gözlənti ilə mülkiyyət hüquqları mövcuddur və bu hüquq mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Yəni, hazırda Cavabdeh övladı Ramalla birlikdə mübahisəli evdə hər hansı bir hüququ olmadan yaşaması iddiaçı tərəfin qanunla qorunan hüquq və maraqlarını pozur. Eyni zamanda, məhkəmə, yetkinlik yaşına çatmayan, 30 iyul 2017-ci il təvəllüdlü Ramal İsayevə münasibətdə qeyd edir ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən, o cümlədən bu kateqoriyadan olan şəxslər cavabdeh sayıla bilməyərək valideynlərinin himayəsində olduqlarından iddia tələbinin ona qarşı hissəsində bu hal nəzərə alınmalı və onun qeyd edilən evdən çıxarılması valideyninin himayəsi altında baş verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Siyəzən şəhəri, S.Vurğun küçəsindəki 22 saylı 1 otaq və 1 şüşəbənddən ibarət yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılmaqla (şəxsi əşyalarını götürməklə), sonuncu yetkinlik yaşına çatmayan uşağı, 30 iyul 2017-ci il təvəllüdlü X12 ilə birlikdə oradan çıxarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən İddiaçı2 iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən Cavabdeh tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Siyəzən şəhəri, S.Vurğun küçəsindəki 22 saylı 1 otaq və 1 şüşəbənddən ibarət yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılmaqla (şəxsi əşyalarını götürməklə), sonuncu yetkinlik yaşına çatmayan uşağı, 30 iyul 2017-ci il təvəllüdlü X12 ilə birlikdə oradan çıxarılsın. İddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar