Məhkəmə qərarları › İş №2(059)-345/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-345/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-345/2021 28.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "əldən çıxmış fayda və vurulan maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "əldən çıxmış fayda və vurulan maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyanın, o cümlədən əldən çıxmış fayda və vurulan maddi zərərin 11000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2019-cu ilin dekabr ayında Cavabdeh məxsus Siyəzən şəhəri, B.Səfəroğlu küçəsindəki təxminən 60 kv.m-lik ticarət obyektini sonuncudan icarəyə götürməyə dair aralarında şifahi razılaşma olmuş, razılaşmaya əsasən o, hər ay 170 manat icarə haqını ödəməyi, obyekt sahibi cavabdeh isə vergi və sosial sığorta haqlarını özü ödəyəcəyinə vəd vermişdir. 23 yanvar 2020-ci il tarixdə mağazanın açarlarını qardaşı Elman cavabdehdən alıb ona vermiş və növbəti aydan, yəni fevral ayının sonlarından başlayaraq, icarə haqqını cavabdehə ödəməyə bsaşlamışdır. Dəfələrlə cavabdehə icarə müqaviləsi bağlamaq istədiyini bildirsə də, sonuncu sənədləşmə işlərinin qəliz olduğunu əsas gətirərək bundan yayınmışdır. Cavabdehlə aralarındakı razılaşmaya əsasən, sonuncunun bu obyekti satmaq, başqasına kirayə vermək fikri olduqda, 6 ay əvvəlcədən ona xəbərdarlıq etməli idi. Lakin, 03 may 2021-ci il tarixdə cavabdeh icarəyə götürdüyü obyektə gələrək həmin obyekti 40000 manata satdığını bildirmiş, o, isə bu məbləğdə pulu olmadığını deyərək, ilkin qiymət kimi 25000 manat təklif etsə də, Cavabdeh ticarət obyektini 40000 manatdan aşağı qiymətə satmayacağını bildirmişdir. Lakin, təxminən may ayının ortalarında (15-20 may tarixlərində) cavabdehin mağazanı Ülvi adlı şəxsə 30 000 manata satdığını qonşulardan eşitmişdir. Bundan sonra, kiçik qardaşı Elman Əliyevlə xəbər göndərərək, cavabdehin mağazanı ona 31000 manata satmasını təklif etsə də, sonuncu bununla razılaşmamışdır. Beləliklə, iyun ayının əvvəllər Ülvi adlı şəxs obyektə gələrək, oranı aldığını və əşyalarını çıxartmasını tələb etmişdir. Cavabdeh isə iyul ayınadək mağazanın yeni sahibindən onun üçün vaxt ala biləcəyini vəd etmişdir. Sentyabr ayınadək ona vaxt verilsə idi, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdi. Cavabdehin aralarında olan şifahi razılaşmanın tələblərini pozması səbəbindən ona xeyli miqdarda maddi zərər vurulmuşdur. Belə ki, bankdan götürdüyü 30000 manat kredit hesabına alqı-satqı məqsədilə geyim və ev əşyaları alıb mağazadakı vitrinləri doldurmuşdur. Ticarət obyektini icarəyə götürərkən ora təmirsiz olmuş və o, oranı təmir işləri aparmaqla normal vəziyyətə gətirmiş, bu işlərdən ötrü 1000 manata qədər xərc çəkmişdir. Hazırda bu obyektdə 25000 manatadək nisyə malı vardır. Mağazanı boşaltmaq məcburiyyətində qaldığı üçün hazırda obyektdə satış dayanmışdır. Bundan əlavə, hər ayın ticarət dövriyyəsindən qazandığı təxminən 1000 manat gəlirdən də 01 iyun 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək məhrum olmaqla, 6000 manat ziyana düşür. Həmçinin, rayon əhalisinin gəlirləri əmək haqqından asılı olduğu üçün obyektdə ticarət dövriyyəsi nisyə həyata keçirildiyi üçün 4000 manatadək nisyə ödəmələri qalmışdır. Eyni zamanda, mağazanın təmirinə görə 1000 manat xərc çəkmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2019-cu ilin dekabr ayında ona məxsus Siyəzən şəhəri, B.Səfəroğlu küçəsindəki təxminən 44 kv.m-lik ticarət obyektinin icarəyə verilməsinə dair iddiaçı ilə deyil, sonuncunun qardaşı olan X3 ilə aralarında şifahi razılaşma olmuşdur. Razılaşmaya əsasən Elman Əliyev hər ay 170 manat icarə haqqını ona ödəməyi, o, isə obyektin vergi və sosial sığorta haqlarını ödəməyi öhdəmə götürmüşdür. 23 yanvar 2020-ci il tarixdə mağazanın açarlarını iddiaçının qardaşı Elman Əliyevə təhvil versə də, aralarında obyekti satacağı halda, bu barədə 6 ay əvvəlcədən xəbərdarlıq etmək barədə şərt olmamışdır. Bu ilin may ayında ona vacib pul lazım olduğu üçün mağazanı satmaq istəmiş, bunu iddiaçının qardaşı Elman Əliyevə bildirdikdə, sonuncu 8000 manat pul təklif etmiş, o, isə bu məbləğlə razılaşmayıb, daha yaxşı təklifə, yəni 30000 manata obyekti Ülvi adlı başqa şəxsə satmışdır. Bundan başqa o, mağaza ilə bağlı bütün danışıqları Elman Əliyevlə aparmış, obyekti də sonuncuya icarəyə vermişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, şahid X3 ifadəsində göstərdi ki, 2019-cu ilin dekabr ayında Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ticarət obyektini sonuncudan icarəyə götürməyə dair böyük qardaşı İddiaçılə cavabdeh arasında aylıq 170 manat icarə haqqı ödənilməklə razılaşma olmuşdur. O, işsiz olduğu üçün qardaşı Xalidin təklifi ilə mağazaya 3000 manatlıq mal-material alaraq, mağazanı işlətməkdə qardaşına kömək etmişdir. Dəfələrlə həm özü, həm də qardaşı Xalid Cavabdeh yazılı müqavilə bağlamaq təklifi etsələr də, sonuncu aralarında neçə illərdir qarşılıqlı inam və etibar olduğunu əsas gətirməklə, bundan yayınmışdır. Təxminən 2-3 ay bundan əvvəl isə Cavabdeh mağazanı satmaq niyyətində olduğunu qardaşı Xalidə, eləcə də ona bildirdikdə, onlar ilkin qiymət kimi 25000 manat təklif etsələr də, cavabdeh bununla razılaşmamışdır. Sonradan cavabdehin mağazanı Ülvi adlı şəxsə 30000 manata satdığını eşitdikdə, ona 31000 manat təklif etsələr də, sonuncu bununla da razılaşmamışdır. X1 ifadəsində göstərdi ki, o, 06 may 2021-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ticarət obyektini sonuncudan 10000 manata almış, qalan 20000 manatı isə müqavilə bağlandıqdan sonra cavabdehə ödəmişdir. Bundan təxminən 10 gün sonra mağazanı şifahi icarə müqaviləsi əsasında işlədən İddiaçılə, daha sonra sonuncunun qardaşı Elman Əliyevlə görüşüb mağazanı boşaltmalarını tələb etsə də, nəticəsi olmamışdır. Belə ki, sözügedən ticarət obyekti hazırda da iddiaçının istifadəsindədir. İşdə olan 21 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə şahid X2 ifadəsinə qiymət verərək qeyd edir ki, şahid iddiaçı tərəfin yaxın qohumu, qardaşı olmaqla sonuncunun cavabdehlə olan münasibətlərini bildiyindən, iş üzrə iddiaçı tərəfindən ifadə verməsi baxımından və beləliklə də, şahid dəvət edildiyi tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduğundan, eyni zamanda verilmiş şahid ifadəsi əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd olunan Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi nəzərdə tutulur. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. İcarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Məhkəmə iclasında verilən izahatlar, şahid ifadəsi, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamış, əmlakın kirayəyə verilməsi ilə bağlı bir-birinin qarşısında bu və ya digər formada öhdəlik götürməmiş, o cümlədən şərtləşdirməmişdir. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilənin olması zəruridir. Hazırda isə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün yazılı müqavilə mövcud deyildir və istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehdən onun xeyrinə müəyyən məbləğdə vəsaitin tutulması barədə məhkəmədə iddia qaldırılması barədə hüquqi səlahiyyətə, o cümlədən subyektiv hüquqa malik olmamasına baxmayaraq Azərbaycan Respublikasında bu sahədə mövcud olan münasibətləri tənzimləyən normativ aktların tələblərini pozmaqla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, iddiaçı faktiki yerləşdiyi obyektdə 25000 manatadək nisyə malının olduğunu, mağazanı boşaltmaq məcburiyyətində qaldığı üçün hazırda obyektdə satışın dayandığını, bundan əlavə, hər ayın ticarət dövriyyəsindən qazandığı təxminən 1000 manat gəlirdən də 01 iyun 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək məhrum olmaqla, 6000 manat ziyana düşdüyünü, eləcə də mağazada ticarət dövriyyəsi nisyə həyata keçirildiyi üçün 4000 manatadək nisyə ödəmələrinin qaldığını qeyd etməsinə baxmayaraq, bu hallar da hazırkı iddianın təmin edilməsi üçün hər hansı bir formada maddi və ya hüquqi əsas yaratmır, o cümlədən istisna edir. Çünki, iddiaçının istinad etdiyi bu hallar onun şəxsi mülahizələrindən ibarət olmaqla, mötəbər sənəd və ya sübutlarla təsdiq olunmamaqla, yanaşı onun hazırkı iddia üçün aktiv əsas yaratmaq niyyətindən irəli gəlir. Yəni, iddiaçı faktiki yerləşdiyi mağazadakı malların realizəsini digər yerlərdə də sərbəst surətdə təşkil edə və onun dəyərini alıcılardan tələb edə bilər. İddiaçı üçün qeyd olunan bu imkan isə cavabdeh tərəfdən bu və ya digər formada məhdudlaşdırılmamış, bu mənada iddiaçının hüquqları, eləcə də qanunla qorunan mənafeyi pozulmamış, bununla da, ona hər hansı bir formada zərər dəyməsi halı müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı faktiki yerləşdiyi mağazanın təmiri, o cümlədən emusiya vurulması, şiferlərin düzəldilməsi, fanelkaların quraşdırılması üçün 1000 manat məbləğində xərc çəkdiyini göstərsə də, o, istinad etdiyi bu halı da hər hansı bir mötəbər sübut və ya sənədlə təsdiq edə bilməmişdir. Həmçinin, iddiaçının özünün də məhkəmə iclasında etiraf etdiyi kimi fanelkaların tikilidən ayrılması mümkündür və bunların həmin tikilidən ayrılması ora hər hansı bir formada ziyan vurmamaqla, tikilinin təyinatına təsir etmir. Mülki Məcəllənin tələblərindən də göründüyü kimi iddiaçı əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Bu halda isə İddiaçı sözügedən tikiliyə quraşdırmış olduğu fanelkaları oradan ayırmaqla, çıxarmaq imkanı istisna edilmədiyindən həmin əşyalara görə də cavabdehdən hər hansı bir məbləğdə vəsaitin tutulması hazırkı məqamda mümkünsüzdür, habelə məqsədəmüvafiq deyildir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443-cü maddəsinin İ, İİ və İV bəndlərinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərindən də göründüyü kimi əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı mağazanın dövrü ticarət dövriyyəsi, o cümlədən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir və qazanc ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut və ya sənəd təqdim edə bilməmişdir. Belə olan halda, iddia tələbinin "6000 manat əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması" hissəsi hazırkı əsaslarla əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, iddiaçı əldən çıxmış faydanın əldə edilməsi üçün görmüş olduğu tədbirlər barədə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının cavabdehin hərəkətləri ilə zərər görməsinin heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bununla da, iddiaçının cavabdehə hər hansı bir məbləğdə pulu borc verməsi iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmadığından məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "əldən çıxmış fayda və vurulan maddi zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "əldən çıxmış fayda və vurulan maddi zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar