Məhkəmə qərarları › İş №2(059)-354/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-354/2022

01.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-354/2022 01.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdeh X4 qarşı “cavabdehə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh X4 qarşı “cavabdehə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən əmlakların, o cümlədən yataq dəstinin, şifonerin, güzgülü termonun, kamotun, divan üstünün, 2 ədəd gecə lampasının, 2 ədəd dolabçanın, soyuducu və sintifon yorğanın ona məxsus Siyəzən rayonu Böyük Həmyə kəndində yerləşən evindən cavabdehin hesabına çıxarılması və ödənilmiş 46 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Niftulla oğlu ilkin dinləmələr zamanı bildirdi ki, hazırkı iddia ərizəsində göstərilən əşyalar birə bir məhkəmənin qanuni qüvvəsini almış 17 dekabr 2019-cu il tarixli qətnaməsində sadalanan əşyalardır. Siyəzən rayon icra və probasiya şöbəsinin əməkdaşları icra tədbiri qaydasında üç dəfə onun evinə gələrək sözügedən əşyalara baxış keçirsələr də, cavabdehin əşyaları götürməməsi, eləcə də icra məmurlarının özlərinin saxlanc yeri olmaması səbəbindən həmin əmlaklar hal-hazıradək onun evindən çıxarılmamışdır. Cavabdeh X4 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, iclasın iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(059)-179/2019 saylı qətnaməsi ilə cavabdehlərə (X6 və İddiaçı Niftulla oğluna) aid Siyəzən rayon Böyük Həmyə kəndindəki evdə qalmış əşyalar, o cümlədən qiyməti ümumilikdə 1800 manat olan Türkiyə istehsalı King markalı şifoner, şkaf, çarpayı, qiyməti ümumilikdə 80 manat olan Türkiyə istehsallı 2 ədəd King markalı dolabça, qiyməti 200 manat olan Türkiyə istehsalı King markalı iki qapılı vitrin, qiyməti 500 manat olan Rusiya istehsallı Bryus markalı soyuducu, qiyməti ümumilikdə 60 manat olan 2 ədəd bənövşəyi rəngli gecə lampası, qiyməti 80 manat olan 1 ədəd sintifon yorğan dəsti, qiyməti ümumilikdə 50 manat olan 2 ədəd divan üstü, qiyməti ümumilikdə 9 manat olan 6 ədəd adi büllur stəkan, qiyməti ümumilikdə 90 manat olan 6 ədəd büllur bakal, qiyməti ümumilikdə 60 manat olan 6 ədəd düz model büllur bakal, qiyməti ümumilikdə 60 manat olan 6 ədəd orta model büllur bakal, qiyməti ümumilikdə 120 manat olan 1 ədəd böyük, 6 ədəd balaca ağ lepkalı bakal, qiyməti ümumilikdə 60 manat olan 6 ədəd göy bakal, qiyməti ümumilikdə 50 manat olan 2 ədəd səbət şirniyyat qabı, qiyməti 15 manat olan 1 ədəd saç feni, qiyməti 30 manat olan 1 ədəd (50 ml) “Antoni Banderas” ətri, qiyməti 30 manat olan 1 ədəd narkotic ətir, qiyməti ümumilikdə 30 manat olan 3 ədəd uşaq dəsti (paltar), qiyməti 15 manat olan 1 ədəd ağ-qaralı süfrə, qiyməti 15 manat olan 1 ədəd çəhrayı rəngli süfrə, qiyməti 10 manat olan 1 ədəd pas-pas vedrə, qiyməti 5 manat olan 1 ədəd dəmir vedrə, qiyməti 20 manat olan 1 ədəd göy çemodan, qiyməti 12 manat olan 1 ədəd elektrik çaydan, qızıl-zinət əşyaları, o cümlədən qiyməti 384 manat olan İtaliya istehsalı olan ağ rəngli, çəkisi 4,8 qram, əyarı 750 olan bir ədəd nişan üzüyü, qiyməti 1808 manat olan çəkisi 22,6 qram, əyarı 750 olan boyunbağı, qiyməti 880 manat olan çəkisi 11 qram, əyarı 750 olan qolbaq, qiyməti 432 manat olan çəkisi 5,4 qram, əyarı 750 olan sırğa, qiyməti 320 manat olan çəkisi 4 qram, əyarı 750 olan 1 ədəd üzük, qiyməti 120 manat olan Rusiya istehsallı çəkisi 2 qram, əyarı 523 olan 1 ədəd sarı rəngli üzüyün və ya həmin əşyaların cəmi dəyəri 7345 (yeddi min üç yüz qırx beş) manatın cavabdeh X2 alınaraq iddiaçı Cavabdeh qaytarılması qət edilmişdir. Göründüyü kimi, iddiaçı X3 cavabdehlər X6 və İddiaçı Niftulla oğluna qarşı “cehiz və qızıl zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə baxılmış və hazırkı iddia tələbi ilə , eyni predmet, eyni əsaslı həmin iddiaya qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə artıq münasibət bildirilmiş və qeyd edilən iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Belə ki, eyni tərəflər arasında olan mülki mübahisə ilə bağlı həm hazırkı iddia ərizəsi, həm də əvvəlki iddia ərizəsi nəzərdən keçirilərkən hər iki iddia tələbinin məzmun və mahiyyət etibarı ilə eyni əsasla verilməklə, eyni predmeti ehtiva etdiyi məlum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bu Məcəllənin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə, X1 cavabdeh X4 qarşı “cavabdehə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddiasına münasibət bildirməklə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı X5 tərəfindən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 170.1, 261.0.2, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh X4 qarşı “cavabdehə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iş üzrə icraata xitam verilsin və iddiaçı Sənan Ağamalıyev tərəfindən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar