Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-361/2022 06.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 26 sentyabr 2021-ci il tarixdə, axşam təxminən saat 21-22:00 radələrində "xxxx" ASC-də işdə olarkən quş saxlama sexində iş fəaliyyəti zamanı zəhərli toyuq peyininə bulaşmış yad cisimlərin üzünə düşməsi nəticəsində sağ gözünün xəsarət alması, “istehsalatda baş vermiş bədbəxt hadisə faktının” hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, "Siyəzən Broyler” ASC ilə 2020-ci ilin avqust ayında əmək müqaviləsi bağlayaraq operator (broyler toyqları yetişdirən) kimi iş fəaliyyətinə başlamış, iş rejimi belə müəyyən edilmişdir ki ,35-40 gün müddətində fabrikdə qalmaqla broyler toyuqlarını yetişdirməli idi, bu müddətdə onları evə buraxmırdılar, yəni fabriki tərk etmək ixtiyarlari yox idi. Elə o da bu qanunsuz iş rejiminin qurbanı olaraq, hal-hazırda bir gözünü itirmişdir və həkimlərin dediyinə görə, təcili müalicələr aparılmasa, digər gözündən də məhrum olmaq təhlükəsi vardır. Belə ki, 26 sentyabr 2021-ci il tarixdə, axşam saat təxminən 9:00-10:00 radələrində sexdə iş görərkən sağ gözünə zəhərli toyuq peyininə bulaşmış yad cisim düşmüş və fabrikin həkimi yalnız gündüzlər işdə olduğundan gecəni bir təhər dözüb səhəri günü, yəni 27 sentyabr 2021-ci tarixdə fabrikin həkiminin yanma getmişdir. Həkim ona ilk tibbi yardım göstərmiş, lakin o, göz həkimi ixtisaslı olmadığına görə müvafiq həkimin müayinəsi üçün ona iş yerini tərk etməyə icazə verilməmiş və işini itirməkdən qorxduğu üçün məcbur olub, briqadirin rədd cavabına etiraz etmədən quşların yetişib satışına, yəni 26 sentyabr 2021-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək (10 gün müddətində) elə gözü zədəli, habelə ağrı verdiyi halda fabrikdə qalmışdır. Bu müddət ərzində işəgötürən tərəfindən müvafiq ixtisaslı həkimə müraciət etmək imkanı yaradılmadığından zəhərli yad cisim gözünə əhəmiyyətli dərəcədə xəsarət yetirmişdir. Nəhayət o, quşları yetişdirib təhvil verdikdən sonra, 06 oktyabr 2021-ci il tarixdə evə buraxılmışdır. 07 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Dərnəgül qəsəbəsində olan Yaşar adlı həkimin müayinəsinə getmiş və xəstəliyi ciddi olduğundan Yaşar həkim onun təcili X6 adına Milli Oftalmologiya Mərkəzinə getməsini təkid etmiş, əks təqdirdə hər iki gözünü itirmək təhlükəsinin olduğunu bildirmişdir. Beləliklə o, 14 oktyabr 2021 – 15 noyabr 2021-ci il tarixlərdə (konservativ müalicə ilə müsbət dinamika qeyd olumadığna görə) X6 adına Milli Oftalmologiya Mərkəzində gözündən əməliyyat olunaraq stasionar müalicə almışdır. Bu müddət ərzində öz şəxsi hesabına müalicəsinə 1500 manat pul sərf etdikdən sonra pulu qurtarmış və müraciəti əsasında fabrikin Vüqar adlı rəhbəri tərəfindən ona cəmi 1060 manat maddi yardım edilmişdir. Həkimlərin göstərişinə əsasən, onun müalicəsi təcili və davamlı aparılmalıdır. Əks təqdirdə digər gözünə də xəstəliyin keçəcəyi və bununla da hər iki gözündən məhrum olunması bildirilir. Ən əsası bu idi ki, iş başında sağ gözündən xəsarət almasına, nəticədə sağlamlığına ciddi ziyan dəyməsinə və bununla da əmək qabiliyyətinin itməsinə baxmayaraq, bu barədə işəgötürən tərəfindən heç bir sənədləşmə aparılmamış, habelə Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməmiş və müvafiq İZ formalı akt tərtib edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş (İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının) tələblərinə görə “əmək vəzifələrini yerinə yetirərkən, həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, işçilərin səhhətinin pozulması halları təhqiq edilməlidir”. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X5 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X5 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə və ya tibbi rəy əsasında bir gündən artıq müddətə başqa işə nə səbəb olduqda istehsalatda baş vermiş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və qeydə alınır. Xəsarətlər - hər hansı bir xarici faktorun təsirindən toxumanın və orqanın anatomik tamlığının və ya anatomik tamlığı saxlanılmaqla fizioloji funksiyasının pozulması xəsarət adlanır. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının 1.7-ci müddəasının tələbinə əsasən “İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən gün X5 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X5 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda, yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir. Habelə bu qaydaların 1.9-cu müddəasına görə “Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır”. 2. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması: Bu qaydaların aşağıdakı müddəalarının tələblərinə əsasən; 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X5 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X5 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.6. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4-cü bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında 1 gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır. Bundan əlavə, Əmək Məcəlləsinin 217-ci ( İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları) maddəsinin 1,2,3,4 və 5-ci hissələrinin tələbinə görə “İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir”. Yuxarıda qeyd edilənlərə əsasən bir daha məhkəmənin nəzərinə çatdırır ki, o, 26 sentyabr 2021-ci il tarixində axşam saat təxminən 9:00-10:00 radələrində "Siyəzən Broyler” ASC-də işdə olarkən quş saxlama sexində iş görərkən sağ gözünə zəhərli toyuq peyininə bulaşmış yad cisim düşməsi nəticəsində gözünün görmə qabiliyyəti itməsi səbəbindən, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə (konservativ müalicə ilə müsbət dinamika qeyd olunmadığına görə) X6 adına Milli Oftalmologiya Mərkəzində gözündən əməliyyat olunaraq stasionar müalicə almışdır, xx.xx.2021-ci il tarixdən, “X3 X9 Şəxsi»nin poliklinikasında xx.xx.2022-ci il tarixə qədər bülletendə olmuş, bundan sonra xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixlərdə yenidən X6 adına Milli Oftalmologiya Mərkəzində müalicə almış və xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək “X3 X9 Şəxsi»nin polikilinikasında ambulator müalicədə, bülletendə olmuşdur. O, qanuna uyğun “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumatın verilməsi, İZ formalı aktın tərtib edilməsi və uçota alınması”, o cümlədən bədbəxt hadisəni təhqiq edən komissiyanın yaradılması üçün müvafiq tədbirlərin görülməsindən ötrü işəgötürən hər hansı tədbir görmədiyi üçün məcbur olub, xx.xx.2022-ci il tarixdən "Siyəzən Broyler” ASC-nin rəhbərliyinə və X5 Xidməti Quba regional ərazi şöbəsinə rəsmi müraciət etmişdir. Lakin müraciətdən 4(dörd) aydan artıq müddət keçməsinə baxmayaraq, bu günə qədər işəgötürən tərəfindən “İstehsalatda bas verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumatın verilməsi, İZ formalı aktın tərtib edilməsi və uçota alınması”, o cümlədən bədbəxt hadisəni təhqiq edən komissiyanın yaradılması, habelə komissiya yaradılsa da, təhqiqatın aparılması haqqında heç bir əməli tədbirlər görülməmişdir. Beləliklə, hazırda istehsalatda baş verən bədbəxt hadisə faktı müəyyən edilmədiyinə görə işəgötürəndən müvafiq maddi təminat tələb edib, əlaqəli digər müvafıq hüquqlarını həyata keçirə bilmir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 8-ci müddəasına görə “Azərbaycan Respublikası MPM-nin 307.2.7-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyətli faktın - yəni bədbəxt hadisə faktının müəyyən edilməsi ilə əlaqədar işlərə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 209-cu maddəsinin 1-ci hissəsinin 13 və 14-cü abzaslarının, eləcə də 217-ci maddəsinin və digər normativ hüquqi aktların tələbləri əsas götürülməlidir”. Habelə bu qərarın 8.1-ci müddəasına görə “Nəzərə alınmalıdır ki, bədbəxt hadisə faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi ərizəçiyə aşağıdakı məqsədlər üçün lazım ola bilər: peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi məqsədilə; bədbəxt hadisənin baş verməsində təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar tərəfindən ərizəçiyə dəyən zərərin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və buna görə yüngül işə keçirilmiş ərizəçiyə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisələrdən sığorta ödənişlərini almaq məqsədilə və sair. Bütün hallarda istehsalatda bədbəxt hadisə faktı şəxsi və ya əmək hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və yaxud onun xitamına səbəb olmalıdır (Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi)”. Ona fabrikdə baş vermiş bədbəxt hadisə faktının (gözünün zədələnməsi) hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi, peşə qabiliyyətinin itirmə faizinin təyin edilməsi, bədbəxt hadisənin baş verməsində təqsirkar sayılan müəssisə tərəfindən ərizəçiyə dəyən zərərin ödənilməsi və istehsalatda bədbəxt hadisələrdən sığorta ödənişlərini almaq məqsədilə lazımdır. Habelə bu qərarın 8.4-cü maddəsinin tələbinə görə “Bədbəxt hadisə faktının müəyyən edilməsini nəzərdə tutan məhkəmənin qətnaməsində bədbəxt hadisənin baş verməsi vaxtı və yeri, zərərçəkən şəxsin adı, soyadı və atasının adı, habelə bədbəxt hadisənin istehsalatla əlaqədar olaraq baş verdiyi göstərilməlidir”. Beləliklə, bədbəxt hadisəni təhqiq edən komissiya yaradılmadıqda, habelə komissiya yaradılsa da, təhqiqat aparılmadıqda məhkəmə bədbəxt hadisə faktının müəyyən edilməsi məqsədilə verilmiş ərizəni icraata qəbul etməlidir. Bununla da, “İstehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsi” barədə yuxarıda qeyd edilənləri, habelə Azərbaycan Respublikasının MPM-nin 30-31-ci fəsillərinin müvafiq maddələrini rəhbər tutaraq, "Siyəzən Broyler” ASC-nin broyler sahəsində operator vəzifəsində çalışan, Ərizəçi, 26 sentyabr 2021-ci il tarixdə axşam saat təxminən 9:00-10:00 radələrində "Siyəzən Broyler” ASC-də işdə olarkən quş saxlama sexində iş fəaliyyəti zamanı zəhərli toyuq peyininə bulaşmış yad cisimlərin üzünə düşməsi nəticəsində sağ gözünün xəsarət alması, “istehsalatda baş vermiş bədbəxt hadisə faktının” hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək, izahatında göstərdi ki, ərizəçinin istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməsi barədə ərizəsi tamamilə əsassızdır. Ərizəçi ilə bağlı Siyəzən rayon prokurorluğundan müvafiq araşdırma aparılmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş, habelə ekspert hadisənin hansı səbəbdən baş verməsini müəyyən edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş təhqiqat aktının ümumi hissəsində bütün faktlara qiymət verilmiş, həmçinin göz institutlarından təqdim edilmiş sənədlərdə də istehsalatla əlaqəsi olan hallara istinad edilməmişdir. Bundan əlavə, Axundov adına X1 X8 də verdiyi sənəddə təyin olunmuş diaqnozların peşə xəstəliyi hesab edilmədiyi göstərilmişdir. Yəni, təqdim edilmiş sənədlərdən və iş materiallarında olan faktlardan müəyyən olunur ki, Ərizəçi ərizəsi istehsalatda baş vermiş bədbəxt hadisə faktının müəyyən edilməməsi hallarına daxil olduğundan onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan əlavə, "Siyəzən Broyler” ASC 1984-cü il tarixdən etibarən hazırkı dövrə qədər müəyyən fasilələrlə fəaliyyət göstərmişdir. Hazırda müəssisədə çalışan 600-800-ə yaxın işçi canlı toyuqlarla birbaşa təmasda olurlar. Belə ki, bu 1 günlük cücələrlə başlayır, 36-cı günə, kəsim gününə kimi davam edir. İndiyə kimi quş peyinin gözə düşməsi nəticəsində hər hansı bir fəsadın baş verməsi ilə bağlı hadisə müşahidə edilməmişdir. Yəni, belə bir hal "Siyəzən Broyler” ASC-nin tarixində olmamışdır. Digər müəssisələrdə də quş peyinin gözə düşməsi nəticəsində hər hansı bir hadisənin baş verməsi barədə oxşar hallar müəyyən edilməmişdir. Odur ki, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını rica edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru Ərizəçi 26 sentyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının surətindən görünür ki, Komissiya təhqiqat aktının 4.1-ci bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru Ərizəçi ehtiyatsızlığını, 4.2-ci bölməsinə əsasən "xxxx" ASC-nin 11 nömrəli zonasının briqadiri X2 nəzarətsizliyini müəyyən etmişdir. Ərizəçi səhhətinin pozulması ilə nəticələnmiş hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" ASC-də uçota alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.7-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyətli faktın - yəni bədbəxt hadisə faktının müəyyən edilməsi ilə əlaqədar işlərə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 209-cu maddəsinin 1-ci hissəsinin 13 və 14-cü abzaslarının, eləcə də 217-ci maddəsinin və digər normativ hüquqi aktların tələbləri əsas götürülməlidir. Bədbəxt hadisə faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi ərizəçiyə aşağıdakı məqsədlər üçün lazım ola bilər: peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi məqsədilə; bədbəxt hadisənin baş verməsində təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar tərəfindən ərizəçiyə dəyən zərərin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və buna görə yüngül işə keçirilmiş ərizəçiyə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisələrdən sığorta ödənişlərini almaq məqsədilə və sair. Bütün hallarda istehsalatda bədbəxt hadisə faktı şəxsi və ya əmək hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və yaxud onun xitamına səbəb olmalıdır (Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi). Bədbəxt hadisə faktını o halda müəyyən edə bilərlər ki, ərizəçi həmin faktı təsdiq edən sənədi (təhqiqat aktını) başqa qaydada ala bilməsin və yaxud belə sənədi itirdiyindən onun bərpası mümkün olmasın. Bədbəxt hadisə faktının müəyyən edilməsinə dair işə baxan məhkəmə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və səbəblərini, habelə əlilliyin baş verməsi vaxtını, səbəblərini, qrupunu müəyyən edə bilməz. Bütün bunlar tibbisosial ekspert komissiyaları tərəfindən qüvvədə olan normativ hüquqi aktlara əsasən məhkəmədənkənar qaydada həll edilməlidir. Bədbəxt hadisə faktının müəyyən edilməsini nəzərdə tutan məhkəmənin qətnaməsində bədbəxt hadisənin baş verməsi vaxtı və yeri, zərərçəkən şəxsin adı, soyadı və atasının adı, habelə bədbəxt hadisənin istehsalatla əlaqədar olaraq baş verdiyi göstərilməlidir. İşin faktiki hallarından da göründüyü kimi "xxxx" ASC-nin quş yetişdirmə bölməsinin operatoru Ərizəçi 26 sentyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat 28 yanvar 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək aparılmaqla, bu barədə müvafiq akt tərtib edilmiş, habelə bu sənəd itirilməmiş, eləcə də ərizəçinin başqa qaydada ala bilməsi üçün maneələr olmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun buna oxşar hala münasibətdə yuxarıda qeyd olunan hüquqi mövqeyindən çıxış edərək, belə qənaətə gəlmək olar ki, Ərizəçi səhhətinin pozulması ilə nəticələnmiş hadisənin istehsalatla əlaqəsini təsdiq edən təhqiqat aktı artıq mövcud olduğundan onun ərizəsi ilə müəyyən edilməsini xahiş etdiyi hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi istisna edilir və yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yenə Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işin icraatına, işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən Ərizəçi tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, ərizəçi “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na uyğun olaraq İZ formalı aktın rəsmiləşdirilməsi və uçota alınması üçün "xxxx" ASC-yə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 261, 261.0, 261.0.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “istehsalatda baş verən bədbəxt hadisə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin, ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na uyğun olaraq İZ formalı aktın rəsmiləşdirilməsi və uçota alınması üçün "xxxx" ASC-yə müraciət etmək hüququna malikdir. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-361/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-361/2022
06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Bədbəxt hadisə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver