Məhkəmə qərarları › İş №2(059)-368/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-368/2023

17.07.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-368/2023 17.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi Ramazanova (Bayramova) Səmirəl Ağaqulu qızının iştirakı ilə ərizəçi Ramazanova (Bayramova) Səmirəl Ağaqulu qızının "şəxsin ölmüş elan edilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: ərizəçi Ramazanova (Bayramova) Səmirəl Ağaqulu qızı "şəxsin ölmüş elan edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 iyun 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş X4 20 aprel 2018-ci il tarixdən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə, ərizəçi Ramazanova (Bayramova) Səmirəl Ağaqulu qızı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, xəbərsiz itkin düşmüş və ölmüş hesab edilən X4 onun əri olmuş, habelə, sonuncu yaşıllaşdırma adlanan idarədə işləməklə, hadisə günü, yəni 20 aprel 2018-ci il tarixdə işdən evə gəlib, iş çantasını evə qoyaraq, heç bir söz demədən naməlum istiqamətə getmişdir. Ertəsi günü, yəni 21 aprel 2018-ci il tarixdə hadisə barəsində Polis şöbəsinə xəbər verilmiş və yaxın qohumları, o cümlədən atası, qardaşı və s., habelə digər şəxslər tərəfindən Mirzəcanın axtarışına başlanılmışdır. Axtarış zamanı Çıraq Qala yolunun yaxınlığından keçən Taxtakörpü su anbarından gələn su kanalının kənarından Mirzəcana aid gödəkcə, habelə cibindən ona məxsus mobil telefon və “900 manat borcunun olması, bu borca görə kim evə gələrsə, pulu ona verilməsini, gündən-günə batdığını və intihar edəcəyi kimi ....” sözlər yazılmış kağız vərəqə tapılmışdır. Beləliklə hadisənin ertəsi günündən, yəni 21 aprel 2018-ci il tarixindən başlayaraq, aidiyyəti orqanlar vasitəsi ilə qanunda nəzərdə tutulmuş qaydada Mirzəcan Bayramovun axtarışı aparılmış, habelə tərəflərindən “Səni axtarıram” adlı televiziya verilişinə müraciətlər edilmiş və verilişin aidiyyəti əməkdaşları ilə birlikdə dəfələrlə keçmiş ərinin axtarılıb tapılmasına səy göstərilmişdir. Lakin, Mirzəcan Bayramovun olduğu yer, onun özünü öldürməsi və ya öldürülməsi müəyyən edilməmişdir. Beləliklə Siyəzən rayon prokurorluğunun 03 may 2023-cü il tarixli, 19-6037 nömrəli rəsmi məlumatına görə “Siyəzən şəhərinin İ. Qayıbov küçəsindəki 14 saylı evdə yaşamış, 07 iyun 1991-ci il təvəllüdlü Mirzəcan Bayramovun 20 aprel 2018-ci il tarixdə, saat 17:00 radələrində iş yerindən yaşadığı evə gəldikdən sonra naməlum istiqamətə gedərək, itkin düşməsi faktına görə Azərbaycan Respublikası Baş prokurorunun sabiq birinci müavini cənab Rüstəm Usubov tərəfindən Azərbaycan Respublikasının CM-nin 125-ci maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı aidiyyəti üzrə rayon prokurorluğunda aparılmışdır. Aparılmış istintaq zamanı Mirzəcan Bayramovun olduğu yer, onun özünü öldürməsi və ya öldürülməsi müəyyən edilmədiyindən cinayət işi üzrə təqsiriləndirilən şəxs qismində cəlb olunmalı şəxs və ya şəxslərin dairəsi müəyyən olunmamışdır. Qeyd olunanaları nəzərə alaraq, X1 olduğu yer, onun özünü öldürməsi və ya öldürülməsi müəyyən edilənədək, (RPŞ-yə əməliyyat tapşırığı verilmişdir) cinayəti işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.1-ci və 53.3.1-ci maddələrinə əsasən dayandırılmışdır”. Hazırda onun xəbərsiz itkin düşmüş və ölmüş hesab edilən X4 ilə birgə nikahından 28 aprel 2017-ci il təvəllüdlü Əsma adlı qız övladları qalmış və sonuncu onunla birlikdə yaşayır. Mirzəcan Bayramov qanuna görə hazırda ölmüş hesab olunmasına baxmayaraq, onlarda keçmiş ərinin ölməsi barədə rəsmi sənəd, o cümlədən ölüm haqqında şəhadətnamə olmadığına, başqa sözlə əldə olunmadığı səbəbindən onunla birlikdə yaşayan qız övladı Əsma, atasının vəfatına, yəni ailə başçısını itirməyə görə sosial müavinət hüququnu və digər əmlak hüquqlarını həyata keçirə bilmir. Elə, keçmiş əri Mirzəcan Bayramovun məhkəmə qaydasında ölmüş elan edilməsində məqsədləri də bundan ibarətdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan ərizəçi Ramazanova (Bayramova) Səmirəl Ağaqulu qızı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 19 iyul 1991-ci il tarixdə verilmiş XVİ- ЖГ seriyalı, 281564 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, atası X7, anası X3 olan X4 07 iyun 1991-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən qeydiyyat şöbəsi tərəfindən 23 may 2017-ci il tarixdə verilmiş AZ- İİİ seriyalı, 941880 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X4 anası X2 olan X5 28 aprel 2017-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(059)-156/2021 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi ərizəsi təmin edilməklə, 07 iyun 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 14 saylı evdə qeydiyyatda olan X4 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Eyni zamanda, qətnamədən görünür ki, həmin vaxt tədqiq edilmiş mötəbər sənədlərdən də göründüyü kimi X1 harada olması barədə uzun müddət olar, heç bir məlumat yoxdur. İşdə olan Maraqlı şəxs tərəfindən 10 iyun 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 382489 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında olan nikaha 22 may 2021-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 10 iyun 2021-ci il tarixdə 17 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişi öz soyadında qalmış, qadına “Ramazanova” soyadı verilmişdir. İşdə olan 04 may 2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olundu ki, X4 20 aprel 2018-ci il tarixdə yaşadığı Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 14 saylı evdən çıxmış və bir daha geri qayıtmamışdır. Həmin tarixdən Mirzəcan Bayramovun olduğu yer məlum olmamış və o, yaşayış yerində görünməmiş, hazırda da ailə üzvlərinin onun harada olması barədə məlumatları yoxdur. X6 ölümü haqqında şəhadətnamə olmadığına görə sonuncu ilə ərizəçi Səmirəl Ramazanovanın (Bayramovanın) birgə nikahından doğulmuş 28 aprel 2017-ci il təvəllüdlü Əsma atasının vəfatına, yəni ailə başçısını itirməyə görə sosial müavinət almaq və digər əmlak hüquqlarını həyata keçirmək hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən də, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Bu Məcəllənin 313-cü maddəsinə müvafiq olaraq, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 41-ci maddəsinin İ, İİİ və İV hissələrinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırıb, belə hesab edir ki, 07 iyun 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş X4 barəsində 20 aprel 2018-ci il tarixdən sonra onun sağ olmasına dəlalət edən hər hansı bir məlumat olmadığından ərizə təmin olunmalı və Mirzəcan Bayramov ölmüş elan edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Ramazanova (Bayramova) Səmirəl Ağaqulu qızına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 07 iyun 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş X4 20 aprel 2018-ci il tarixdən ölmüş elan edilsin. Qətnamə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd aparılması üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Ramazanova (Bayramova) Səmirəl Ağaqulu qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar