Məhkəmə qərarları › İş №2(059)-380/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-380/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-380/2021 26.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "cavabdehin istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "cavabdehin istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, başqa ünvanda yaşamaqla, formal olaraq onun mülkiyyətindəki Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 49 saylı evin 35-ci mənzilində qeydiyyatda olan cavabdehin bu mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 49 saylı evin 35-ci mənzilini 09 iyul 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almış, elə həmin müqavilə əsasında da, bu mənzil 13 iyul 2013cü il tarixdə dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Bu yaxınlarda iddiaçı mülkiyyətindəki mənzili özgəninkiləşdirmək istəyərkən Cavabdeh orada pasport qeydiyyatında qalması barədə məlumatlanmışdır. Belə ki, mənzilin keçmiş sahibi oranı satıb getsə də, bu mənzilin keçmiş sakinlərindən olan cavabdeh formal olaraq pasport qeydiyyatında qalmışdır. Cavabdehin iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxması üçün sonuncu, Siyəzən RPŞ-yə ərizə ilə müraciət etsə də, müraciəti müsbət həll edilməmiş, habelə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehin pasport qeydiyyatında qalması iddiaçının xüsusi mülkü olan mənzilinə hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişlərini ona təqdim etmək mümkün olmamış və bildirişlər aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməklə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 09 iyul 2013-cü il tarixdə təsdiqlənmiş, 4Ə-145 reyestr nömrəsi ilə qeydə alınmış həmin tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X4 mülkiyyətindəki Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 49 saylı evin 35-ci mənzilini İddiaçı 35 000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 13 iyul 2013-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin T. İsmayılov küçəsində 49 saylı evin ümumi sahəsi 77,8 kv.m-dən ibarət 35-ci mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********30-05101-093034 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan sənədlərdən, o cümlədən şəxsin fərdi uçot kartoçkasının surətindən görünür ki, cavabdeh 2004-cü ildən iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatdadır. İşdə olan 07 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinın izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, 09 iyul 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətindəki Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 49 saylı evin 35-ci mənzilini İddiaçı 35 000 manata satmış, elə həmin müqavilə əsasında bu mənzil 13 iyul 2013-cü il tarixdə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Mənzilin satıldığı vaxtdan mənzilin keçmiş sakinləri köçüb getmiş, lakin keçmiş sakinlərdən olan cavabdeh mənzildən qeydiyyatdan çıxmamışdır. Məhkəmə hesab edir ki, X2 adına mübahisəli mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyi və həmin mənzilə mülkiyyət hüququ İddiaçı keçdiyi, o cümlədən bu mənzilin keçmiş sakinləri mübahisəli mənzilin satılmasına razılıq verdikləri üçün cavabdehin Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 saylı evin 35-ci mənzilinə olan istifadə hüququna xitam verilmiş hesab edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddiaçının hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi də nəzərə alınmalıdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının məqsədi cavabdehin qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına da nail olmaqdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 saylı evin 35-ci mənzilinə olan istifadə hüququna xitam verilmiş hesab edilməsi barədə qətnamə onun həmin mənzildən qeydiyyatdan çıxması üçün əsas verir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 saylı evin 35-ci mənzilinə olan istifadə hüququna xitam verilmiş hesab edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 saylı evin 35-ci mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar