Məhkəmə qərarları › İş №2(059)-388/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-388/2022

08.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-388/2022 08.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən X12 oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən kompensasiya məbləğinin alınıb ona verilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən kompensasiya məbləğinin alınıb ona verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 30000 manat məbləğində kompensasiyanın və ödənilmiş 180 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun doğma qardaşı, Cavabdeh2 isə qardaşının arvadıdır. Mərhum valideynləri ilə evlənənə qədər mübahisəli evdə yaşamış, 2002-ci ildən nikahı rəsmi qaydada pozulduqdan sonra, qızı Fatimə Novruzova ilə mübahisəli evdə yaşamağa başlamış, heç bir problemi olmamışdır. Sonradan cavabdehlər iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə “mənzilə köçürülməklə, oradan maneəsiz istifadə etmələri” tələbi ilə müraciət etmiş, habelə məhkəmənin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaları təmin olunmuşdur. Məhz həmin vaxtdan onunla qızının faciəsi başlamışdır. Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı evin 4 otaqdan ibarət 18-ci mənzilinin ikisindən o və qızı istifadə etmişdir. Məhkəmə qərarına əsasən qardaşı öz ailə üzvləri ilə birlikdə sözügedən mübahisəli evə yerləşdirdikdən sonra, onu və qan xəstəliyindən əziyyət çəkən qızını küçəyə atmış, onların isdifadə etdikləri hər iki otağın qıfıllarını dəyişdirmişlər. Hazırda onları uzun illər yaşadıqları mərhum valideynlərindən miras qalmış evə buraxmırlar. Elə bu səbəbdən hesab edir ki, 2019-cu ildən məhkmə qərarı ilə gəlib mübahisəli evə yerləşən qardaşı Cavabdeh1 və arvadı Cavabdeh2 ona və qızına bir otaqlı mənzil alıb, verməyə və ya 30000 manat kompensasiya ödəməyə borcludurlar. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, digər bacı-qardaşları kimi Siyəzən şəhərinin H. Aslanov küçəsindəki 7 saylı fərdi yaşayış evində yaşamış, mərhum atası X2 şəhəri, T.İsmayılov küçəsindəki 48 nömrəli evin, 4 otaqdan ibarət 18 saylı mənzilini satın aldıqdan sonra ailəliklə həmin mənzilə köçmüşlər. Evləndikdən sonra, mübahisə predmeti olan evdən köçsə də, 2003-cü ildə nikahı pozulduqdan sonra həmin ilin mart ayından etibarən sözügedən mənzilə qayıtmış və qızı Fatimə Novruzova ilə bu mənzildə yaşamağa başlamışdır. O, qardaşı Cavabdeh1 və onun ailəsi ilə eyni mənzildə yaşamaq istəmir. Belə ki, əvvəllər, yəni mərhum anası Nənəxanım Tahirovanın sağlığında eyni evdə yaşasalar da, həmin müddətdə yola getməmiş, daim qardaşı Nadir və sonuncunun arvadı Cavabdeh2 ilə aralarında mübahisə olmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan mənzilə köçürüldükdən sonra məcbur qalıb, evi tərk etsə də, hazırda yaşamağa başqa evi yoxdur. Bununla əlaqədar məcbur olub, kirayə məzildə yaşamaqla, yanaşı ağır işlərdə işləyərək, qazandığı əmək haqqının çox hissəsini kirayə haqqını ödəməyə sərf edir, bu səbəbdən də maddi durumu çox ağırdır. Bundan əlavə, mərhum atası Tahir Tahirov 1990-cı ildə, anası Nənəxanım Tahirova isə 2006-cı ildə ölsə də, Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 48 nömrəli evin 18 saylı mənzili hələ də, mərhum anası Nənəxanım Tahirovanın adına qeydiyyatdadır və hazırda mənzil digər ailə üzvünün mülkiyyətinə keçməmiş, özələşdirilməmişdir. Mübahisə predmeti olan evin satılmasını və ona düşən payın verilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinə olan etiraz və mülahizə cavabdehlər tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, hazırda irəli sürülən iddia tələbinin faktiki halları əsasında cavabdehlərdən pul formasında kompensasiya tələb edilməsinin hər hansı hüquqi əsası yoxdur. Belə ki, iddia ərizəsində tələbin faktiki halları kimi göstərilir ki, "... Məhkəmə qərarına əsasən qardaşım öz ailə üzvüləri ilə birlikdə sözügedən mübahisəli evə yerləşdirildikdən sonra məni və qan xəstəliyindən əziyyət çəkən qızımı küçəyə atdılar. Ha-hazırda bizi uzun illər yaşadığımız mərhum valideyinlərimdən miras qalmış evə buraxmırlar. Elə bu səbəbdən hesab edirəm ki, 2019-cu ildən məhkəmə qərarı ilə gəlib mübahisəli evdə yerləşən qardaşım Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 mənə və qızıma bir otaqlı mənzil alıb verməyə və ya 30000 manat kompensasiya ödəməyə borcludurlar. Göründüyü kimi yuxarıda qeyd edilən tələbin faktiki hallarından çıxış edərək, pul formasında kompensasiya tələbi irəli sürülə bilməz, ona görə ki, bunun hüquqi əsası yoxdur. Bundan başqa, iddiaçı tərəfindən ümumiyyətlə, tələbin faktiki halları düzgün ifadə olunmamış, işin həqiqi halları təhrif olunmuşdur. Birincisi, ona görə ki, əksinə onların istifadəsinə hüquqları çatan mənzildə yaşamaqlarına hər zaman iddiaçı maneçilik göstərib, yəni onların iddiaçını mənzildən qovmaq kimi hər hansı formada imkanları olmamış və halhazırda iddiaçının gəlib, qızı ilə birlikdə mübahisəli mənzildə yaşamaqlarına vaxtı ilə iddiaçıdan fərqli olaraq cavabdehlərin heç bir formada etirazı yoxdur. İkincisi, əksinə mənzildən istifadələrinə edilən maneələrə görə tərəflərindən, hazırkı iddiaçıya qarşı “mənzilə köçürülməklə oradan maneəsiz istifadə etmələri” tələbinə dair Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən mənzildən istifadə hüquqları təmin olunaraq, hazırkı iş üzrə cavabdehlər mübahisəli mənzilə ailliklə köçürülmüşdür. Habelə, İddiaçı Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsində (2ci səhifə, 2-ci abzas) izahatında göstərir ki, nikahı 2003-cü ildə pozulduğdan sonra həmin ilin mart ayından etibarən sözügedən mənzilə qayıtmış və qızı X4 ilə bu mənzildə yaşamağa başlamışdır. O, özü də qardaşı Cavabdeh1 və onun ailəsi ilə bir mənzildə yaşamaq istəmir. Onsuz da iki ay müddətində mübahisəli mənzili tərk edəcəkdir. Məhz o, mübahisəli mənzili tərk etdikdən sonra qardaşı Nadir öz ailəsi ilə birlikdə həmin mənzilə köçüb və yaşaya bilər’. Bu izahatdan görünür ki, hazırkı iş üzrə iddaçının tələbinin əsası kimi qeyd etdiyi “sonra məni və qan xəstəliyindən əziyyət çəkən qızımı küçəyə atdılar” arqumenti əsassızdır, çünki iddiaçı öz sözləri ilə izahatında bildirir ki, qardaşı Nadir evə köçdükdən sonra, onlar mənzili könüllü tərk edəcəklər. Beləliklə şərh edilənlərdən məlum olur ki, iddia tələbinin əsaslandırdığı faktiki hallar tələbin kompensasiya ödənilməsi kimi əsasını təşkil edə bilməz. İddia tələbinin əsaslandırdığı faktiki hallar dedikdə, iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar başa düşülür ki, bu da iddianın bir elementi olmaqla, onun faktiki əsasını təşkil edir. Habelə, iddiaçının Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsində (2-ci səhifə, 2-ci abzas) qeyd edilən izahatı ilə subut olunur ki, tələbin “sonra məni və qan xəstəliyindən əziyyət çəkən qızımı küçəyə atdılar” ifadəsi əsassızdır. Məlum olduğu kimi iddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı cavabdehlərdən 30000 manat məbləğində pul kompensasiyasının alınmasından ibarətdir. Lakin qeyd edilməlidir ki, hər kəs özünün pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər, o şərtlə ki, onun subyektiv hüquq olsun. İddiaçının hazırkı iş üzrə subyektiv hüququ mövcud deyildir. Ümumiyyətlə, mənzildən istifadə hüququna və ya mənzilə dair paylı mülkiyyət hüququna məxsus olan şəxs, istifadə hüququnu və ya mənzilə dair paylı mülkiyyət hüququnun əvəzi olaraq kompensasiya tələbinə dair normaların tələbinə görə hazırkı, tələbin faktiki halları əsasında cavabdehlərdən kompensasiya tələbinin hüquqi əsasları yoxdur. Belə ki, MM-nin 220-ci ( Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması) maddəsinin 220.3-cü hissəsinin tələbinə görə “Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir”. Normanın bu hissəsinin mənasına görə “ayrılan mülkiyyətçi (hazırkı iş üzrə iddiaçı) öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məlum olduğu kimi hazırda tərəflərin heç biri (iddiaçı və cavabdehlər) “paylı mülkiyyətçi” kimi statusa malik deyildirlər. Habelə, bu maddənin 220.4-cü hissəsinin mənasına görə isə “Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər”. Habelə, MM-nin 228-ci (Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ) maddəsinin 228.2-ci hissəsinin tələbinə görə “ .... Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər”. Yuxarıdakı normaların mənalarına görə əvvəla birinci halda mülkiyyətçilərin payları müəyyən olunmalıdır. İkinci halda müvafiq kompensasiya verməsi yolu ilə istifadə hüququna xitam verilməsi mülkiyyətçiyə məxsusdur. Məlumdur ki, cavabdehlər mülkiyyətçi deyildirlər. Hazırda mübahisəli mənzil tərəflərin mərhum anası, X1 adına vərəsələr arasında bölünməyən miras əmlak kimi mövcuddur. Beləliklə, şərh olunanlarla müəyyən olunur ki, irəli sürülən hazırkı, iddia tələbinin faktiki halları əsasında cavabdehlərdən pul formasında kompensasiya tələb edilməsinin hər hansı hüquqi əsası yoxdur və iddiaçının hazırkı tələb üzrə subyektiv hüququ mövcud deyildir. Ona görə ki, iddiaçı paylı mülkiyyətçi, cavabdehlər isə mübahisəli mənzilin mülkiyyətçiləri deyildirlər. Cavabdehlər elə iddiaçı kimi mübahisəli mənzilə münasibətdə eyni hüquqa malikdirlər, yəni mənzildən istifadə hüquqları vardır. Göründüyü kimi iddia ərizəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun etimallarının əsaslandırdığı hallar, cavabdehlərə münasibətdə mülki məsuliyyət yaratmır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bundan əlavə, məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2001-ci ilə atasına məxsus evin yanında özü üçün tikdirdiyi evin sənədlərini düzəltməsinə köməklik etməsi məqsədilə savadı olmadığından qardaşı Soltan Tahirova pul vermiş, lakin sonuncu evi öz adına rəsmiləşdirmişdir. 2019-cu ildə Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ilə həmin mənzildən çıxarıldıqdan bir müddət sonra, mübahisəli mənzilə köçürülməklə, oradan maneəsiz istifadə etməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, habelə bu məhkəmənin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Bundan sonra, iddiaçı özü könüllü olaraq evi tərk etmiş, habelə hazırda da, sonuncunun evdə yaşamasına heç bir etirazı yoxdur. Habelə, sözügedən mənzili sonradan, ev təmirsiz, eləcə də, evdə qaz, işıq və su olmadığından öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 da iddia tələbini qəbul etməyərək izahatında həmçinin göstərdi ki, o, Cavabdeh1la evləndikdən sonra Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 48 nömrəli evin 18 saylı mənzilinə köçmüşdür. Mənzilə köçdüyü vaxtdan etibarən iddiaçı ilə aralarında daim mübahisələr olmuşdur. Mərhum qaynanası Nənəxanım Tahirova 2006-cı ildə ölsə də, sözügedən mübahisə predimeti olan mənzil hələ də, sonuncunun adına qeydiyyatdadır və hazırda mənzil digər ailə üzvünün mülkiyyətinə keçməmiş, özəlləşdirilməmişdir. Eyni zamanda, iddiaçının onlarla birlikdə orada yaşamasına heç bir etirazı yoxdur, lakin İddiaçı hər dəfə ora gedərək mənzilin qapısını, pəncərəsini sındırmaqla, ziyan vurmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(059)-120/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 övladları 03 mart 2003-cü il təvəllüdlü Aydan, 11 iyun 2004-cü il təvəllüdlü Aynur, 07 iyul 2005-ci il təvəllüdlü Eldəniz ilə birlikdə Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki 48 saylı evin 18-ci mənzilinə köçürülməklə oradan maneəsiz istifadə etmələri qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 17 fevral 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 054397 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 23 aprel 2006-cı il tarixdə Siyəzən şəhərində ürək çatmamazlığından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 may 2006-cı il tarixdə 55 nömrəli qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 76,3 kv.m olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 48 saylı evin 18-ci mənzili mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan qəbzlərdən görünür ki, İddiaçı oğlu məhkəməyə müraciət edərkən 180 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd olunan Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Yenə bu Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu, həmçinin Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 mart 2019-cu il tarixli, 2(059)-120/2019 saylı qətnaməsi ilə müəyyən olundu ki, keçmiş Dəvəçi (indiki Şabran) rayon X11 Soveti İcraiyyə Komitəsi tərəfindən 30 dekabr 1981-ci ildə tarixdə verilmiş 50 nömrəli orderə əsasən Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki 48 saylı evin 18-ci mənzili iddiaçının və cavabdehlərdən Cavabdeh1 atası X6 ayrılmış, həmçinin bu mənzil 12 avqust 2020-ci il tarixdə, 23 aprel 2006-cı il tarixdə ölmüş anaları Nənəxanım Tahirovanın adına qeydiyyata alınmışdır. Verilmiş izahatlardan da göründüyü kimi tərəflər Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki 48 saylı evin 18-ci mənzilinə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyillər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Hazırda Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki 48 saylı evin 18-ci mənzili mərhum Nənəxanım Tahirovadan qalmış mirasa daxil olmuşdur. Bu mənada, qeyd olunur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan əlavə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda isə vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Hazırda mərhum Nənəxanım Tahirovadan miras qalmış əmlakın onun övladları İddiaçı və ya Cavabdeh1 tərəfindən qəbul edilməsi halı müəyyən edilməməklə, yanaşı bunu təsdiq edəcək mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Odur ki, tərəflərə mərhum Nənəxanım Tahirovanın vərəsələri olmalarına dair hüquq müəyyənedici sənəd əldə edəcəkləri təqdirdə, ondan qalan mirasa, o cümlədən mübahisəli mənzilə dair hüququn tanınması barədə aidiyyəti quruma və ya məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhz tərəflərin miras əmlaka göstərəcəkləri münasibətdən, yəni bu əmlaka münasibətdə hüquqlarından istifadə etmə aktivliyindən asılı olaraq ya kompensasiya institutunun tətbiqinə, ya da ayrılan ümumi mülkiyyətçinin mülki qanuvericilikdə nəzərdə tutulan mərhələlilik prinsipi nəzərə alınmaqla, öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ yaranacaqdır. Göründüyü kimi tərəflərdən hər hansı biri əmlaka münasibətdə mülkiyyətçi hüquqlarına malik deyillər, habelə qeyd edilən institutların hər hansı birinin tətbiq edilməsi istisna edilir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehlərə qarşı sonunculardan ona kompensasiya ödənilməsini tələb etməklə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən kompensasiya məbləğinin alınıb ona verilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, hazırda iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərdən kompensasiya məbləğinin alınıb ona verilməsi" tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar