Məhkəmə qərarları › İş №2(059)-4/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-4/2023

24.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-4/2023 24.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh İddiaçı nümayəndəsi X2, eləcə də digər nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncu tərəfindən öz hesabına sökülməsi və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Siyəzən rayonu, Qalaaltı kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncunun hesabına sökülməsi və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı qarşı "tərəflər arasında bağlanmış 14 sentyabr 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmçinin bu məhkəmənin 04 may 2022-ci il tarixli, 2(006)-2787/2022 saylı qərardadı əsasında mülki iş icraata götürüldükdən sonra, 16 iyun 2022-ci il tarixli qərardadla Siyəzən Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncu tərəfindən öz hesabına sökülməsi və cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə 2(059)-415/2022 nömrəli mülki işə birləşdirilməsi üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, habelə 19 iyul 2022-ci il tarixdə 2(059)-503/2022 say altında məhkəmənin icraatına daxil olmuşdur. Daha sonra, iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə dəqiqləşməyə dair başqa bir ərizə ilə müraciət edərək, iddianın xahiş hissəsində səhvən müqavilənin ləğvi əvəzinə etibarsızlığı yazıldığını qeyd etməklə, müqavilənin ləğvini tələb etdiklərini bildirmişdir. Bundan daha əvvəl İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncu tərəfindən öz hesabına sökülməsi və cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə 12 sentyabr 2019-cu il tarixdə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin həmin tarixli, 2(059)-418/2019 saylı (hazırda 2(059)-4/2023 say altında) qərardadı ilə sözügedən iş icraata götürülmüşdür. Beləliklə, iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” və İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncu tərəfindən öz hesabına sökülməsi və cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki işlər üzrə tərəflər arasında yaranmış mübahisənin predmetini Siyəzən rayonu, Qalaaltı kəndində yerləşən daşınmaz əmlak təşkil etdiyinə, belə olan təqdirdə mülki işlər bir-biri ilə əlaqəli olduğuna görə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün sözügedən mülki işlər Siyəzən Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərardadı ilə 2(059)-415/2022 say altında (hazırkı 2(059)-4/2023 saylı) bir icraatda birləşdirilsə də, İddiaçı iddia tələbi bu məhkəmənin 24 yanvar 2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsi ilə baxılmamış saxlanılmışdır. İddiaçı Cavabdeh tərəfindən iddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,12 ha torpaq sahəsi tam payda onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 43 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində **********76 reyestr nömrəsi ilə qeydə alınmış və ona mülkiyyət hüququnu təsdiq edən 29 iyul 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. O, cavabdeh İddiaçı uzun müddət olar tanımış və yaxın münasibətləri olmuşdur. Həmin yaxın münasibətə görə 14 sentyabr 2016-cı il tarixdə ona məxsus torpaq sahəsinin 0,03 ha hissəsi cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, qeyd olunan torpaq sahəsinin 0,03 ha hissəsinə onun tərəfindən vaqon yerləşdirilməklə, yay aylarında istifadə etməsi üçün müvəqqəti olaraq cavabdehə verilmiş, həmçinin həmin vaxt sonuncunun kommunal xidmətin ödənişləri ilə bağlı onu tez-tez narahat etməməsi bəhanəsi ilə məhz cavabdehin istəyi əsasında kommunal xidmətlərin onun adına rəsmiləşdirilməsinə razılaşmışlar. Bu bəhanə ilə o, Siyəzən rayon Dövlət Notariat Ofisinə aparılmış və aldadılaraq mülkiyyətindəki Siyəzən rayonunun Qalaaltı kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,03 ha hissəsini cavabdehin adına rəsmiləşdirmişdir. Bu hal ona həmin torpaq sahəsinə tikili tikdiyi zaman müəyyən olmuşdur. Belə ki, cavabdehə qeyd olunan torpaq sahəsində tikili tikmək istədiyini bildirdikdə, sonuncu ona torpağın 0,03 ha hissəsinin ona məxsus olduğunu və artıq tikilinin bir hissəsinin onun mülkiyyətində olan torpaq sahəsinə keçdiyini bildirmişdir. Halbuki, torpaq sahəsi hazırda onun tam istifadəsindədir. Cavabdeh isə həmin torpaq sahəsindən istifadə etməmişdir. İşin məhkəmədən kənar həlli üçün cavabdehə pretenziya qaydasında müraciət edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu baxımdan mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərinə əsasən müqavilənin əhəmiyyətli dərəcədə pozulması müqavilənin ləğv edilməsi əsaslarından biri kimi tanınmışdır. Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi). Yalnız qanunla müəyyən edilmiş formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, müqavilə əsas etibarı ilə şəxslər arasında müəyyən bir hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Bu baxımdan demək olar ki, iki tərəfin müqavilə anlayışını əmələ gətirən meyar öhdəlikdir. Ona görə də iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakları olmadan keçirilməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, işin mahiyyəti üzrə baxılmasını tələb, iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini isə müdafiə etməklə izahatında göstərdi ki, iddia ərizəsində tələbin əsası kimi işin faktiki hallarına dair hissədə həqiqətə uyğun olmayan hallar göstərilmişdir. Belə ki, həmin iddia ərizəsində kommunal xərclərlə bağlı məqama toxunulmuşdur. Qeyd edir ki, həmin dövrdə Cavabdeh yaşadığı kənddə qaz və işıq təchizatı neft mədənlərinin hesabına olmuş, habelə bu xidmətlərə görə onun tərəfindən kommunal ödənişlər həyata keçirilməmiş, su təchizatı isə təbii bulaq suyu vasitəsilə təmin edilmişdir. Yəni, kommunal xidmətlə əlaqədar iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, habelə iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə, iddiaçı tərəf iddianın əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün heç bir dəlilə əsaslanmamış, sadəcə yazı ilə kommunal xidmətlə bağlı notariusa gedildiyini, nəticədə belə bir razılaşmanın yarandığını bildirmişdir. Lakin, alqı-satqı müqaviləsi notariat ofisində notariusun iştirakı ilə təsdiq olunmuş aktdır və bu aktın da məzmunu, eləcə də mənası ilə əlaqədar notarius tərəfindən suallar verilməklə dəqiqləşdirmələr aparılır. Yəni, notarius müqavilənin hansı şəraitdə, necə, nə üçün bağlanmasını dəqiqləşdirir. Eyni zamanda, tərəflər arasında 14 sentyabr 2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız (ləğv edilməsi) hesab edilməsi barədə iddia tələbi üzrə iddia müddəti keçmiş, yəni ötürülmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddətinin keçməsini də nəzərə alaraq, iddia müddətinin iddiaçı tərəfindən ötürülmüş hesab edilməklə, Azərbaycan Respublikası MPM-nin 375.2-ci maddəsinin tələblərinə əsasən iddia müddətini tətbiq edilməsi, habelə əsassız və qanunsuz iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X4 da iddia tələbini qəbul etməyərək, işin mahiyyəti üzrə baxılmasını tələb, iddia müddətinin tətbiq edilməsinə dair ərizəni isə müdafiə etməklə izahatında göstərdi ki, 14 sentyabr 2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilə üzrə onlar tərəfindən iddiaçı Cavabdeh notairusun iştirakı ilə müvafiq ödəniş həyata keçirilmişdir. Eyni zamanda, tərəflər o yaşda deyillər ki, onların iradəsinə bu və ya digər formada təzyiq göstərilsin. Yəni, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər sözlərdən, eləcə də təxəyyülün məhsulundan ibarətdir. Ona görə ki, nəsə iddia edilirsə, bu qanunla sübut edilməlidir. Qanun da hər bir şəxsə maddələr əsasında əsaslandırmaq, sübutlarla isə hüquqi bazanı formalaşdırmaq imkanı vermişdir. İddiaçının iddia tələbindəki qeyd olunanlar isə yalandır. Bundan əlavə, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı 14 sentyabr 2016-cı il tarixdə baş tutmuş, habelə cavabdeh iddia müddətini də ötürmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddətinin keçməsini də nəzərə alaraq, iddia müddətinin iddiaçı tərəfindən ötürülmüş hesab edilməklə, Azərbaycan Respublikası MPM-nin 375.2-ci maddəsinin tələblərinə əsasən iddia müddətini tətbiq edilməsi, habelə əsassız və qanunsuz iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon Dövlət Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin bu qurum səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan da, baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 29 iyul 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Siyəzən rayonu dövlət notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X1 tərəfindən 14 sentyabr 2016-cı il tarixdə reyestrdə 4Ə-102 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh mülkiyyətindəki Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsini İddiaçı 5150 manata satmışdır. İşdə olan Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 İddiaçı ünvanladığı 06 aprel 2022ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, məktubda Cavabdeh hüquqlarının pozulduğu və aldadıldığı göstərilməklə, İddiaçı 20 aprel 2022-ci il tarixədək onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar müraciət etməsi təklif edilmiş, əks halda məhkəmədə iddia qaldırılacağı qeyd olunmuşdur. İşdə olan 27 aprel 2022-ci il tarixli qəbzin surətindən görünür ki, iddia tələbi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş materiallarından, tədqiq edilmiş mötəbər sübutlardan və işin faktiki hallarından da göründüyü kimi 14 sentyabr 2016-cı il tarixdə tərəflər daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalamaqla iradələrini ifadə etmişlər. Belə ki, bağlanmış müqaviləyə əsasən Cavabdeh mülkiyyətindəki Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsini İddiaçı satmağı, alıcı İddiaçı isə həmin əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (5150 manatı) ödəməyi öhdəsinə götürmüş və öz öhdəliyini notarial qaydada lazımınca icra etmiş və bu zaman hər hansı bir tərəfin, o cümlədən üçüncü şəxslərin hüquqları pozulmamışdır. Belə ki, tərəflər qeyd edilən müqaviləni imzalayarkən iradələrini sərbəst olaraq bəyan etmiş, o cümlədən müqavilə onların bu iradələrinin ifadəsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd olunan Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Yenə bu Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Sözügedən Məcəllənin 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 421-ci maddəsinin İ və İİ hissələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Beləliklə, Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,03 ha hissəsinin 14 sentyabr 2016-cı il tarixdə alqı-satqısına dair müqaviləyə nəzər yetirdikdə görünür ki, bu müqavilə üzrə cavabdeh İddiaçı öz öhdəliyini lazımınca icra etmiş, iddiaçı Cavabdeh hüquqlarını hər hansı bir formada pozmamışdır. Bununla da, göstərilən müqavilənin ləğvi üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bununla da, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə, eləcə də fikrinə münasibətdə qeyd edir ki, iddia müddəti təmin edilən iddialara münasibətdə tətbiq edildiyinə, eləcə də hazırkı iddia tələbi əsassız olmaqla, təmin edilmədiyinə görə bu mülki mübahisəyə iddia müddətinin tətbiq edilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013cü tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar