Məhkəmə qərarları › İş №2(059)-42/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-42/2022

10.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-42/2022 10.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylar müəyyən olunmaqla bölünməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylar müəyyən olunmaqla bölünməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı qızı X3 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülməsi, həmçinin onun bu mənzilə, eləcə də Qəsr-1 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, iddiaçının və qızı X3 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülməsi, həmçinin iddiaçının Qəsr-1 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı Cavabdeh ilə 18 noyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahlarından 15 oktyabr 2008-ci il tarixdə qızları X5 doğulmuşdur. Tərəflər xeyli müddət birgə nikah münasibətlərində olsalar da, hazırda münasibətləri korlanmış və İddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(011)-2897 nömrəli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş və birgə nikahdan olan 15 oktyabr 2008-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anasının yanında qalması qət edilmişdir. Tərəflər birgə yaşadıqları dövrdə, yəni 2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş sahəsi 135 kv.m olan 11-ci mərtəbədə yerləşən 3 otaqlı 64 saylı mənzili almışlar. Həmin mənzili təmir etdikdən sonra tərəflər 2020-ci ilin avqust ayında birlikdə bu mənzildə köçmüş və 15 fevral 2021-ci ilədək cavabdeh iddiaçını və övladı Əsmanuru mənzildən çıxaranadək həmin mənzildə yaşamışlar. Hazırda iddiaçının bütün əşyaları sözügedən mənzildə olsa da, özü övladı Əsmanurla birgə valideynlərinə məxsus evdə qalır. Qızının və onun bütün əşyaları Bakı şəhəri, Nəsimi rayonu, Cavabdxan küçəsi "xxxx" MTK tərəfindən inşa edilmiş 3 otaqlı 64 saylı mənzildə qalmışdır. İddiaçı və övladı bu mənzilə cavabdeh tərəfindən buraxılmır. Bundan başqa, tərəflər evlilik müddətində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 281 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş ümumi sahəsi 59,4 kv.m sahəsi olan 9-cu mərtəbədə yerləşən 1 otaqdan ibarət 72 saylı mənzili də, almışlar. Qeyd edir ki, "xxxx" MTK ilə ünvan 2 ünvanında yerləşən mənzilə dair 01 noyabr 2019-cu il tarixli müqavilə iddiaçı ilə bağlanmışdır. Digər "xxxx" MTK ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 281 ünvanında yerləşən ümumi sahəsi 59,4 kv metr sahəsi olan 9-cu mərtəbədə yerləşən 1 otaqdan ibarət 72 sayı mənzilə dair 14 aprel 2019-cu il tarixli müqavilə Cavabdeh ilə bağlanmışdır. Hazırda iddia tələbinin həcminin azaldılmasına zərurət yarandığı üçün iddiaçının qızı Əsmanur Məmmədli ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 27 nömrəli binanın 64-cü mənzilinə köçürülməsini, iddiaçının ünvan 3 ünvanda "xxxx" MTK tərəfindən inşa edilən ümumi sahəsi 59,4 kv.m olan olan 9-cu mərtəbədə yerləşən 1 otaqdan ibarət 72 saylı mənzilin ½ hissəsinə payının müəyyən edilməsini xahiş edirlər. Bundan əlavə, "xxxx" MTK-ya verdiyi sorğu əsasında tərəflərin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə görə MTK-ya ipoteka krediti üzrə 15000 manat borclarının qaldığı məlum olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını rica edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə 18 noyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 15 oktyabr 2008-ci il tarixdə qızları X5 doğulmuşdur. Onlar xeyli müddət birgə nikah münasibətlərində olsalar da, aralarında tez-tez mübahisələr olmuşdur. Hazırda isə münasibətləri tamamilə pozulmuş və İddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi əsasında iddiaçı ilə arasında olan nikah pozulmuş və birgə nikahdan olan 15 oktyabr 2008-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anasının yanında qalması qət edilmişdir. Birgə nikah dövründə mübahisəli iki mənzil alınsa da, bu mənzillərin maliyyə mənbəyi onların birgə nikah dövründə əldə etdikləri vəsait deyil, tamamilə başqa mənbədən olmuşdur. Belə ki, o, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən baba evini satıb 2006-cı ildə Abşeron rayonu, Hökməli qəsəbəsində 1 sotu 1300 manat olmaqla, cəmi 3900 manata 0,03 ha torpaq sahəsi alaraq, üzərində öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmişdir. Qeyd edir ki, tikintisinə 2006-cı ildə başlanan, 2009-cu ildə təmir olunan bu evi və torpağı həmin vaxt rayonda qeydiyyatda olduğu üçün torpağın onun adına keçirilməsində problemlər olduğundan iddiaçının adına keçirmişdir. Sonradan isə 2019-cu ilin mart ayında tikinti və təmir işlərinə ümumilikdə 82 000 manat vəsait xərclədiyi bu evi 65000 manata satmışdır. Həmin pulun 20 000 manatını Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 27 nömrəli binanın 64-cü mənzilinə, 18 000 manatını isə ünvan 3 ünvanda "xxxx" MTK tərəfindən inşa edilən ümumi sahəsi 59,4 kv.m olan 9-cu mərtəbədə yerləşən 1 otaqdan ibarət 72 saylı mənzilə ilkin ödəniş olaraq sərf etmişdir. Eyni zamanda, aylıq ödənişləri daim yüksək vəzifələrdə işləyərək, öz vəsaiti hesabına ödəsə də, hazırda Bakı şəhəri, Nəsimi rayonunda Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 27 nömrəli binanın 64-cü mənzilə görə 15000, ünvan 3 ünvanda yerləşən mənzilə görə 18550 manat borcu qalmışdır. İddiaçı isə evli olduqları müddətdə hər hansı məbləğdə vəsait əldə etməmiş, habelə bu mənzillərin alınmasında ona maddi köməklik göstərməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırmaqla belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" MTK ilə Cavabdeh arasında 14 aprel 2019-cu il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, "xxxx" MTK ünvan 4 ünvanında inşa etdiyi binanın C girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,4 kv.m olan 72 saylı 1 otaqlı mənzili payçıya (Cavabdeh) verməyi, payçı (Cavabdeh) isə həmin mənzili qəbul etməyi və mənzilin dəyərini bu müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MTK tərəfindən 12 noyabr 2021-ci il tarixdə təqdim edilmiş arayışın surətindən görünür ki, Cavabdeh, "xxxx" MTK-nın ünvan 4 ünvanında inşa etdiyi binanın C girişi, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,4 kv.m olan 72 saylı 1 otaqlı mənzilə görə MTK-ya 12 noyabr 2021-ci il tarixə kimi 21 450 manat ödəmiş, lakin, onun 18 550 manat borcu qalmışdır. İşdə olan "xxxx" MTK ilə İddiaçı arasında 01 noyabr 2019-cu il tarixdə bağlanmış 53 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsinin qərb hissəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən sahəsi 135,4 kv.m olan 3 otaqlı 64 saylı mənzili alıcıya (İddiaçı) verməyi, alıcı (İddiaçı) isə həmin mənzili qəbul etməyi və bu müqaviləyə uyğun mənzilin haqqını ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MTK-nın 22 may 2021-ci il tarixli, 07 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64cü mənzilinin kredit şərti ilə alınması və pul vəsaitinin ödənişləri Cavabdeh tərəfindən həyata keçirilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(011)- 2897/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Bakı şəhəri Səadət Sarayında 18 noyabr 2007-ci il tarixli, 3985 saylı akt qeydinə əsasən bağlanmış nikah pozulmuş, 15 oktyabr 2008-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün anası İddiaçı yanında qalmış, həmçinin uşağın saxlanılması üçün 24 fevral 2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan 01 iyun 2021-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 40 (qırx) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında dinlənilmiş izahatlar, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, tərəflər 18 noyabr 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və birgə nikahdan 15 oktyabr 2008-ci il tarixdə Əsmanur adlı uşaqları doğulmuşdur. Tərəflər birgə nikahda olduqları dövrdə, 14 aprel və 01 noyabr 2019-cu il tarixlərdə müvafiq olaraq "xxxx" MTK, eləcə də "xxxx" MTK ilə bağlanmış müqavilələr əsasında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü və ünvan 1 ünvanda 72-ci mənzilləri əldə etmiş, habelə, payçı (sifarişçi) kimi qeyd edilən mənzillərin dəyərini təşkil edən məbləğləri MTK-ların hesabına tam şəkildə ödəməsələr də, həmin mənzillərə dair əmlak hüquqları əldə etmişlər. Bundan sonra, tərəflər arasında olan rəsmi nikah münasibətləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozularkən tərəflər arasında əmlakla bağlı mübahisə olmamışdır. Hazırda isə, tərəflər arasında münasibətlər kəskinləşmiş, onlar arasında mülki mübahisə vardır. Belə ki, İddiaçı övladı Əsmanur ilə birgə daimi yaşadığı mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilini bir müddət müvəqqəti olaraq, tərk etmək məcburiyyətində qalsa da, hazırda onların qanunla müəyyən edilmiş qaydada daimi yaşamaq üçün yeri yoxdur. Buna görə də, İddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı mülki və ailə qanunvericiliyinin tələblərindən çıxış edərək Qəsr-1 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin ½ hissəsinə payının müəyyən edilməsi də xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Bu Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Bu Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Yenə bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Bu Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Azərbaycan Respublikası Ailə Məcəllsinin 32.1-cü maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-cü maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qeyd olunan Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Sözügedən Məcəllənin 36.1-cü maddəsində qeyd olunur ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu Məcəllənin 36.3-cü maddəsinə görə isə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-cü maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, mübahisəli mənzilləri tərəflər birgə nikah dövründə əvəzli olaraq əldə etmiş və bu hal məhkəmə iclaslarında dinlənilmiş izahatlar, eləcə də işin faktiki halları ilə öz təsdiqini tapmış, habelə bunun əksini təsdiq edəcək mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, mübahisəli mənzillərin tərəflərin birgə nikah dövründə qazandıqları əmlak olduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın ümumi mülkiyyəti hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Beləliklə, iddia tələbinin iddiaçının, övladı ilə birgə mübahisəli mənzilə köçürülməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilindən öz iradəsindən asılı olmayan səbəbdən çıxması, o cümlədən istifadə edə bilməməsi onun həmin mənzildə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun, övladı ilə birlikdə layiqli həyat şəraiti təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli bu mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzil mövcuddur və hazırda da yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, bu fakt verilmiş izahatlar, eləcə də mülki iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdeh bu mübahisəli yaşayış sahəsində normal şərtlər daxilində yaşadığından, iddiaçının da həmin şərtlər daxilində o mənzildə yaşamaq hüququ vardır. Həmçinin, məhkəmə digər mübahisəli, yəni Qəsr-1 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Göründüyü kimi, Qəsr-1 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzili Cavabdeh payçı (sifarişçi) qismində əldə etməsinə baxmayaraq, mübahisəli mənzil tərəflərdən hər hansı birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından sonuncuların hazırkı vəziyyətdə mənzilə dair sərəncam vermək hüquqları mövcud deyildir. Eyni zamanda, mübahisəli mənzillə bağlı qabaqcadan müəyyənləşdirilmiş pay dəyərinin əhəmiyyətli hissəsi birgə nikah dövründə əldə edilmiş vəsait hesabına payçı (sifarişçi) Cavabdeh tərəfindən ödənilmiş, eləcə də, hazırda bu mübahisəli mənzilə münasibətdə müəyyən məbləğdə borcun qalmasına baxmayaraq, cavabdehin pay hüququ itirilməməklə, saxlanılmışdır. Bu mənada qeyd olunur ki, "xxxx" MTK tərəfindən inşa edilən mübahisəli mənzilin pay haqqı cavabdeh tərəfindən tam ödənilmədiyindən tərəflərin hazırkı məqamda həmin əmlaka dair tam sahiblik və istifadə etmək hüquqları əmələ gəlməmişdir. Bununla belə, bu mənzilin 40 000 manat pay dəyərinin yarıdan çox hissəsi, yəni 21450 manatı birgə nikah dövründə əldə edilmiş vəsait hesabına ödənildiyindən bu vəsaitə, yəni ümumi birgə mülkiyyətə münasibətdə ər-arvadın ümumi gəliri prinsipi tətbiq edilməli, habelə sözügedən mənzilə münasibətdə ödənilmiş məbləğin yarısı həcmində iddiaçının pay hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı övladı 15 oktyabr 2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülməli, birgə nikah dövründə əldə edilmiş, Qəsr-1 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin 1/3,7296 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 40 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. İddiaçı övladı 15 oktyabr 2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsindəki 27 saylı evin 64-cü mənzilinə köçürülsün. Birgə nikah dövründə əldə edilmiş, Qəsr-1 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanda 9-cu mərtəbədə yerləşən 59,4 kv.m ümumi sahədən ibarət 1 otaqlı 72 nömrəli mənzilin 1/3,7296 hissəsinə İddiaçı payı müəyyən edilsin. İddia tələbi üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar