Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-427/2021 20.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Orucova (Usubova) Məhbubə Rzaxan qızına qarşı “cavabdehin mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onun bu evdən qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Orucova (Usubova) Məhbubə Rzaxan qızına qarşı “cavabdehin mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onun bu evdən qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 5 saylı evin 49-cu mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onun mənzilindən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi iddaçı tərəfindən sənəndlərlə onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ailə üzvləri ilə birlikdə Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 5 saylı evin 49cu mənzilində qeydiyyatda olmaqla, yaşayır. Bu mənzil ona işlədiyi idarədən order əsasında verilmiş, 09 aprel 2011-ci il tarixdə isə mənzil üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Hazırda mülkiyyətçi kimi qanunla ona verilən hüquqlardan istifadə edərək evini satmaq istəsə də, mübahisəli mənzildə onun ailə üzvü sayılmayan, qardaşı Davud Orucovun keçmiş arvadı Orucova (Usubova) Məhbubə Rzaxan qızının (onlar 2019cu ilin avqust ayında boşanmışlar, nikahın pozulması haqqında şəhadətnamənin surəti iddia ərizəsinə əlavə olunmuşdur) qeydiyyatda olması mənzilinin üzərində sərəncam vermək hüquqlarını həyata keçirməyə mane olur. Cavabdehin ona aid olmaqla, ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə hansı əsaslarla qeydiyyata düşməsi, ona məlum deyildir. Siyəzən rayon Mənzil İstismar Sahəsindən verilmiş arayışdan da göründüyü kimi cavabdeh evində bir gün də olsa, yaşamamış, yəni mənzilinə qeydiyyatı formal xarakterli olmuşdur. Cavabdeh qardaşı ilə evli olduğu müddətdə Siyəzən şəhərində başqa ünvanda yaşamışdır. X1 rəsmi nikahda olmuş, 2019-cu ildə isə nikahları pozulmuş cavabdeh Məhbubə Orucova (Usubova) boşandıqdan sonra Bakı şəhərinə çıxıb getmiş, hazırda da orada yaşayır. Cavabdehin onun mənzilindən istifadə hüquqları yoxdur, istifadə hüquqları yaranmamışdır. Belə ki, həmin hüququn yaranması üçün müvafiq olaraq, qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyildir, mənzilində bir gün də olsun yaşamayan cavabdehin həmin sahədən istifadə hüququ da yoxdur. O, cavabdehin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Siyəzən rayon Polis Şöbəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmənin baxış iclasına gəlsə də, cavabdeh, eləcə də üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasın cavabdehin, eləcə də üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçının hüquqi marağı istifadə hüququ olmayan cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından ibarət olduğundan bununla bağlı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosussual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə isə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə isə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 261, 261.0, 261.0.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Orucova (Usubova) Məhbubə Rzaxan qızına qarşı “cavabdehin mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və onun bu evdən qeydiyyatdan çıxarılması” barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, mübahisəli yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı aidiyyəti üzrə inzibati orqana müraciət etmək, müraciəti müsbət həll edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-427/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-427/2021
20.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver