Məhkəmə qərarları › İş №2(059)-44/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-44/2023

15.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-44/2023 15.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilməklə, cavabdeh tərəfindən bağlanmış ümumi istifadədə olan yolun açılması və maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbi barədə iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilməklə, cavabdeh tərəfindən bağlanmış ümumi istifadədə olan yolun açılması və maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz olaraq zəbt etməklə, bağladığı ümumi istifadədə olan yolun açılması, habelə bu maneənin sonuncunun hesabına aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, 07 iyun 2017-ci il tarixdə Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən X1 mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin 67,8 kv/m hissəsini və 0,24398 ha həyətyanı torpaq sahəsini Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat kontorunda daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında satın almış, habelə 16 iyun 2017-ci il tarixdə ona mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış verilmişdir. Bundan sonra, o, qeyd olunan tarixdən etibarən torpaq sahəsində müəyyən abadlıq təmir-tikinti işləri həyata keçirmişdir. Bir neçə il əvvəl qonşuluğunda yaşayan Cavabdeh onun torpaq sahəsinin yaxınlığında və ona bitişik torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, həmçinin bu zaman onun və ondan başqa bir neçə qonşunun, ümumi istifadəsində olan kənd yolunu bağlayaraq, həm onların yolunu kəsmiş, həm də bələdiyyə torpağını zəbt etmişdir. Bundan sonra Cavabdeh bağladığı yolun açılması üçün qonşularla birlikdə müraciət etsə də, bu günə kimi heç bir nəticəsi olmamışdır. Buna görə də məcburiyyət qarşısında cavabdehin qanunsuz hərəkətləri barədə Siyəzən rayonu Məşrif bələdiyyəsinə və Siyəzən Rayon İcra Hakimiyyətinə rəsmi ərizə yazaraq, cavabdehin qanunsuz əməllərinə son qoyulması barədə xahiş etsələr də, bu günə kimi yolları açılmamışdır. Cavabdehin ümumi istifadədə olan kənddaxili yolu bağlaması nəticəsində o, bir neçə qonşusu, bir neçə müddət olar onlara münasib olmayan, bərbad vəziyyətdə olmaqla, məsafə baxımından uzaq olan, çətin relyefli, payız, xüsusilə qış fəslində istifadəyə yararsız kənd yolundan istifadə etmək məcburiyyətində qalmışlar. Cavabdeh bu qanunsuz hərəkətləri ilə digər qonşularla yanaşı, onun da qanunla qorunan hüquqları pozulmuş, qanuni mənafeyinə ziyan vurulmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, İddiaçı qeyd olunan ərazidə mülkiyyət hüququ ilə torpaq sahəsi almış və həmin torpaq sahəsində tikinti və abadlıq işləri həyata keçirmiş, ev tikmişdir. Bundan sonra qonşuluğunda yaşayan Cavabdeh da orada özünə ev tikmiş, habelə təxminən 2017-ci ildə iddiaçı ilə bərabər daha 7 nəfər kənd sakininin istifadəsində olan kənd daxili yolun bir hissəsini zəbt etməklə, həmin yoldan istifadəni mümkünsüz etmişdir. Bu səbəbdən də, qeyd olunan məsələ ilə əlaqədar əvvəlcə iddiaçı tərəfindən Siyəzən rayonu Məşrif bələdiyyəsinə müraciət olunsa da, digər istifadəçilər Siyəzən Rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmçinin cavabında yolun açılaraq əvvəlki vəziyyətinə bərpa edildiyi qeyd edilsə də, bu günə qədər həmin yol açılmamış, mübahisə predmetinin yerində müayinəsi zamanı, eləcə də təqdim edilmiş sübutlar və fotoşəkillərlə bunun əksi müşahidə edilmişdir. Siyəzən rayonu Məşrif bələdiyyəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, sonuncu, həm yerində müayinə, həm də əvvəlki məhkəmə iclaslarında tutulmuş ərazinin bələdiyyə mülkiyyətində olan kənddaxili yol olduğunu qeyd etmişdir. Eyni zamanda, mütəxəssislərin iştirakı ilə də oraya baxış keçirilmiş, müvafiq tədqiqat, o cümlədən ölçmə işləri aparılmış, nəticədə cavabdehin kənddaxili yolun bir hissəsini zəbt edərək, hasarladığı məlum olmuşdur. Beləliklə, iddia ərizəsində göstərilmiş işin faktiki hallarını, ona əlavə edilmiş sübutları, eləcə də mütəxəssis rəyini nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan əlavə, iddiaçı tərəfindən ümumilikdə 195 manat məhkəmə xərci çəkilsə də, sonuncunun həmin məbləği tələb etməməsinin də nəzərə alınmasını rica edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, heyvanlarının bayırda qalmamasına, həmçinin qonşunun həyətinə daxil olmamasına görə 2021-ci ilin aprel ayından mübahisəli ərazini otlaq sahə kimi tutmuşdur. Mübahisəli yol qəzalı olduğundan 1998-ci ildə övladına toy etmək ərəfəsində evinin yuxarı divarı uçmuş, həmçinin evinin bərpa olunması məqsədilə əraziyə iki maşın daş tökülmüş, həmin vaxt o, kənd icra nümayəndəsi Əlizaminə, sonuncu da öz növbəsində bu barədə Azərbaycan Respublikasının FHN-ə müraciət etmiş, habelə qeyd olunan qurumun əməkdaşları əraziyə gələrək yolu ölçmüş və evin tikintisində yardım etmişlər. Beləliklə, o, evin divarını hörüb qaldırmışdır. Mübahisəli yoldan hələ ondan qabaq da istifadə edən olmamış, habelə oranı tutarkən buna qonşular tərəfindən narazılıq bildirilməmiş, ondan şikayət edilməmişdir. İndiyə kimi heç kim o yolu bərpa etməmişdir. Əgər mübahisəli yola vaxtında diqqət yetirilsə idi, onun üçün də asan olardı. Belə ki, o, dəfələrlə qonşulara yolun bərpası üçün müraciət etsə də, sonuncular elə yolun onlara lazım olmadığını bildirmişlər. Hətta, yerində müayinəyə gəlinərkən istifadə olunmuş yola görə ondan vaxtilə 360 manat pul alınmış, habelə yolun oradan keçəcəyi, əvvəlki qəzalı, bərbad yolun isə onlara lazım olmadığı bildirilmişdir. Mübahisəli yoldan istifadə etmək, keçmək mümkün deyildir. Yol açılarsa, onun evinin gələcəkdə yararsız vəziyyətə düşməsinə kim cavabdehlik daşıyacaq? İddiaçı, yoxsa Siyəzən rayonu Məşrif bələdiyyəsinin sədri Nümayəndə1? Mübahisəli yolun bərbad vəziyyəti ilə bağlı Siyəzən rayonu Məşrif bələdiyyəsinin sədri Nümayəndə1 müvafiq sənədlər olsa da, o, hazırda məhkəmə iclasına gəlməmişdir. Bundan əlavə, 2019-cu ildə ondan Siyəzən RİH-ə müraciət etmiş şikayətçi İdris Baxşiyevin onun keçmiş əri ilə prinsipi olmuşdur. Eyni zamanda, İddiaçı şəxsən ona müraciətində yay ayında mübahisəli yoldan istifadə etməsi üçün ona şərait yaratmasını istədikdə, o, bununla bağlı hər hansı bir problemin olmadığını bildirmişdir. Belə ki, onsuz da, o, axşamdanaxşama mallarını orada saxlamaq, həmçinin heyvanların qonşunun həyətinə daxil olmasının qarşısını almaq üçün ora darvaza qoymuşdur. Bundan başqa, gələcəkdə oradan yol açılarsa, ərazidə traktorlar işləyərsə, evi yenidən bərbad vəziyyətdə qalacaqdır, çünki, ev tökmə torpağın üzərindədir. Bu səbəbdən də, o, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon Məşrif bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin bələdiyyə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən 16 iyun 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0,24398 ha torpaq sahəsinin üzərində yerləşən 67,8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27 sentyabr 2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının aparatının 03 avqust 2012-ci il tarixdə Lətif Cəfərov və digərlərinə ünvanladığı 713/kol-13 nömrəli məktubunun surətindən görünür ki, Siyəzən rayonunun Qalaaltı kənd sakini Kərim Kərimov tərəfindən kənddaxili yola qoyulmuş maneələr oradan götürülmüş və yol açılmışdır. Lakin, Kərim Kərimovun evi qəzalı vəziyyətdə olduğu üçün həmin yoldan ağır tonnajlı maşınların işləməsi məqsədəuyğun hesab edilməmiş və bu avtomaşınların alternativ yoldan istifadə etməsi tövsiyə edilmişdir. İşdə olan Siyəzən rayon Məşrif bələdiyyəsinin 22 iyul 2022-ci il tarixdə Cavabdeh ünvanladığı 27 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh Siyəzən rayonunun Qalaaltı kəndində yerləşən fərdi yaşayış evinin yanından keçən, ümumi istifadədə olan kənddaxili yolu zəbt edərək bağlamış, bu da həmin ərazidə yaşayan vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Buna görə də, həmin yolun qısa müddət ərzində açılması Cavabdeh tələb olunmaqla, açılmadığı təqdirdə, yolun açılması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı qeyd olunmuşdur. Eyni zamanda, Siyəzən rayonunun Qalaaltı kəndindəki mübahisəli yolun ümumi istifadə üçün nəzərdə tutulub-tutulmamasının, eləcə də, bu yolun Cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi məqsədilə 01 dekabr 2022-ci il tarixdə mübahisəli ərazinin yerləşdiyi sözügedən kənddə yerində müayinə keçirilmiş, habelə qoyulan sualın aydınlaşdırılması üçün keçirilən baxış zamanı İddiaçı xüsusi mülkiyyətində olan hasara alınmış, üzərində yarımçıq tikililərin olduğu 0,24 ha həyətyanı torpaq sahəsindən şimal tərəfə gedən ümumi istifadədə olması iddia olunan ərazinin bir hissəsinin Cavabdeh tərəfindən setka hasarla tutulması, həmçinin iddiaçının həyətyanı torpaq sahəsindən şimal tərəfdə cavabdehə məxsus 0,10 ha həyətyanı torpaq sahəsi üzərində ikimərtəbəli fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Bundan əlavə, baxış zamanı cavabdeh iddiaçının istifadəsindəki ərazinin sonuncunun xüsusi mülkiyyətində olan 0,24 ha-dan başqa zəbt sahəsi olmasını qeyd etmiş, eyni zamanda Cavabdeh ümumi istifadədə olduğu iddia edilən yolun bir qisminin özünə məxsus olmasını bildirməklə, mütəxəssislər tərəfindən ölçmə işləri aparılarsa, bunun müəyyən olunacağını da ifadə etmişdir. Fikri öyrənilərkən, Siyəzən rayon Məşrif bələdiyyəsinin sədri Nümayəndə1 mübahisəli ərazinin hələ 1970-ci illərdən kənd sakinlərinin ümumi istifadəsində olmaqla, bir neçə il bundan əvvəl cavabdeh tərəfindən zəbt edilməsini, habelə bu yolun tutulmasının kəndin digər sakinlərinin də narazılığına səbəb olmasını qeyd etmişdir ((Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(059)-660/2022 saylı protokolu)). İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 16 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2-115/2023 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı (**********74) və Cavabdeh (**********34) hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri naturada tanıdılmışdır. İstifadələrində olan məlumat bazasına əsasən hasara alınmış mübahisə predmetini təşkil edən ərazi Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları xaricindədir və sonuncun hasara aldığı mübahisə predmeti təşkil edən ərazi ümumi istifadədə olan torpaqlara (kəndarası yol) aiddir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı iddia üzrə 100 (bir yüz) manat dövlət rüsumu ödəməklə, yanaşı, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcini təşkil edən 95 (doxsan beş) manat vəsaiti də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Ərazi İdarəsinin hesablaşma hesabına ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər. Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane olmur. Zəruri hallarda, müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər, mütəxəssislər və şahidlər çağırıla bilər. Sübutlar olduğu yerdə müayinə və tədqiq edildikdən sonra dərhal protokol tərtib edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 202.3-cü maddəsinə əsasən müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar, sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar, yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bu Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlarına, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqlarına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara, xüsusi qorunan ərazilərin torpaqlarına, meşə fondu torpaqlarına, su fondu torpaqlarına və ehtiyat fondu torpaqlarına bölünür. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Yenə bu Məcəllənin 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları, meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla), Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar, təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları, dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar və dövlət ehtiyat fondu torpaqları daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinə, eləcə də "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları, ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları bələdiyyə ehtiyat fondu torpaqlarıdır. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Bu Məcəllənin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. İctimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri, sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri, nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri, təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarixmədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri, yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları, kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri, hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri, şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir. Sözügedən Məcəllənin 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, torpaq qanunvericiliyinin icrasını təmin edən normativ-hüquqi aktların qəbulu və onlara dəyişikliklərin edilməsi, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi, bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi, dövlət qeydiyyatına alına bilən torpaq sahələrinin minimum hədlərinin müəyyən edilməsi aydalarının müəyyənləşdirilməsi, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi, yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidlərinə istifadəyə verilməsi, vergitutma məqsədilə kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balların müəyyənləşdirilməsi, torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq ehtiyatlarının qorunmasına dair və digər təbiəti mühafizə tədbirlərinin dövlət proqramlarının hazırlanması və yerinə yetirilməsi, dövlət mülkiyyətində olan torpaqların istifadəsi ilə bağlı fəaliyyətin dövlət ekoloji ekspertizasının keçirilməsi və dövlət ekoloji ekspertizasının müsbət rəy vermədiyi obyektlərin tikintisinin və ya onların yenidən qurulmasının dayandırılması haqqında qərar qəbul edilməsi, torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılmasının təşkil edilməsi, bu Məcəllədə göstərilən və məhkəmədən kənar qaydada həll olunmalı torpaq mübahisələrinin həll edilməsi, qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləridir. Yenə həmin Məcəllənin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, eləcə də iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla, mütəxəssis rəyi və yerində müayinə protokolu ilə mübahisə predmetini təşkil edən, o cümlədən Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən torpaq sahəsinin hər hansı bir fiziki və ya hüquqi şəxsə, habelə Cavabdeh ayrılmadığı, eləcə də mülkiyyətə verilməsinə dair sənədin verilmədiyi, mübahisəli torpaq sahəsinin sərhədləri müəyyən edilməklə oranın məqsədli təyinatına görə ümumi istifadədə olan torpaqlara aid olduğu, həmin torpaq sahəsində tikinti işləri aparılmasa da, orada setka hasarın mövcudluğu və mübahisəli həmin ərazinin kəndarası yol kimi istifadə edildiyi müəyyən edilmişdir. Bundan əlavə, Cavabdeh məhkəmə iclasında torpaq qanunvericiliyinin tələblərinə əməl etməməklə, həmin ərazini qanunsuz olaraq zəbt edərək, bağladığını, habelə ümumi istifadədə olan yoldan heyvanlarını saxlamaq məqsədilə istifadə etdiyini etiraf etmiş, lakin oranın yenidən açılması ilə razılaşmadığını vurğulamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Bununla da, məhkəmə qeyd edir ki, Cavabdeh ümumi istifadədə olan yolu öz istəyinə görə şəxsi maraqları naminə, digərlərinin hüquqlarını nəzərə almadan, o cümlədən öz hüquqlarından sui-istifadə etməklə zəbt edərək bağlaması nəticəsində ictimai maraqlar, sosial ədalət, əxlaq tələblərinə zidd olmaqla iddiaçının, həmçinin üçüncü şəxslərin, yəni mübahisəli torpaq sahəsinin yaxınlığında yaşayan sakinlərin hüquq və mənafelərini pozmuşdur. Hazırda, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüququnun pozulduğunu əsas gətirməklə, onun bərpası məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 238-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Bu Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından və tədqiq edilmiş mötəbər sübutlardan da göründüyü kimi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla, iddiaçının kənddaxili yol kimi istifadə edilən və hamının buraxılması üçün açıq olan mübahisəli torpaq sahəsindən heç bir icazə almadan sərbəst şəkildə istifadə etmək imkanı olduğu halda, bu imkan cavabdehin hərəkətləri ilə onun üçün məhdudlaşdırılmışdır ki, bu da həm mülki, həm də torpaq qanunvericiliyin pozulması ilə nəticələnmişdir. Belə olan təqdridə isə iddiaçının hüquqları bərpa edilməli və onun mübahisəli ərazidən hamılıqla istifadə etmək imkanına yaranmış məhdudiyyət və maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı əsaslı olduğundan təmin edilməli, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməklə, bağlanmış, mübahisə predmetini təşkil edən, o cümlədən Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən ümumi istifadədə olan yol Cavabdeh hesabına açılaraq maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş cəmi 195 manat məhkəmə xərcinin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməklə, bağlanmış, mübahisə predmetini təşkil edən, o cümlədən Siyəzən rayonunun Qala-Altı kəndində yerləşən ümumi istifadədə olan yol Cavabdeh hesabına açılaraq maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş cəmi 195 (bir yüz doxsan beş) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar