Məhkəmə qərarları › İş №2(059)-440/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-440/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-440/2021 22.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Ağayeva (Qasımova) Sürahi Cavanşir qızının iştirakı ilə iddiaçı Ağayeva (Qasımova) Sürahi Cavanşir qızının Cavabdeh qarşı "birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi" tələbinə dair mülki işə Siyəzən şəhərində, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ağayeva (Qasımova) Sürahi Cavanşir qızı Cavabdeh qarşı "birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahları dövründə onun adına "xxxx" ASC-nin Siyəzən filialından 08 dekabr 2017-ci il tarixdə 48 ay müddətinə götürülmüş 3100 manat məbləğində kredit ailənin ehtiyaclarına sərf olunduğundan, ayrı yaşadıqları, iyun 2020-ci il tarixdən-dekabr 2021-ci il tarixədək dövr üçün 1939,86 manat kredit borcunun yarısını təşkil edən 969,93 manat pulun, eləcə də onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 999,93 məbləğində vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ağayeva (Qasımova) Sürahi Cavanşir qızı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onunla cavabdeh arasında 26 may 2015-ci il tarixdə bağlanmış nikah cavabdehin tələbi əsasında Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikahları dövründə, o, "xxxx" ASC-nin Siyəzən filialından 08 dekabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən illik 27,84% faiz dərəcəsi olmaqla, 48 ay müddətinə, yəni son ödənilmə tarixi 08 dekabr 2021-ci il tarixədək 3100 manat məbləğində kredit götürmüş, bu məbləğ ailənin birgə təsərrüfatına və ehtiyaclarına xərclənmişdir. Əvvəllər cavabdehlə birgə yaşadıqları üçün qeyd olunan aylıq ödənişlər onların ailə büdcəsinə ciddi təsir etməsə də, cavabdehdən ayrıldıqdan sonra, yəni 26 iyun 2020-ci il tarixdən sonra kreditin aylıq ödənişləri onun və övladlarının ailə büdcəsinə ciddi təsir etmişdir. Hazırda onun kredit üzrə borcu qalmamışdır. Hesab edir ki, götürülmüş kredit ailənin ehtiyaclarına sərf olunduğundan, borcun qaytarılması üçün cavabdeh də onunla birlikdə məsuliyyət daşıyır. Bundan əlavə, cavabdeh, ayrı yaşadıqları dövrdən hər bir üsulla ona həm maddi, həm də mənəvi cəhətdən təsir etməyə, onun və uşaqlarının dolanışığını çətinləşdirməyə çalışmışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarımasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəməmiş, lakin məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddianı qəbul etmədiyini, bankdan götürülmüş kreditdən onun xəbəri olmadığını, iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh iddia tələbinə münasibətdə məhkəməyə ünvanlandığı etiraz ərizələrində ailələrinin ilk vaxtlardan münaqişəli olduğunu, kredit borcundan məlumatının olmadığını, həmin vəsaitin ailənin ehtiyacları üçün sərf edilmədiyini göstərib, ailə təsərrüfatına xərclənsə idi, borcun onun tərəfindən qarşılanmalı olduğunu göstərmiş, habelə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(059)-28/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 26 may 2015-ci il tarixdə, 62 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 10 fevral 2017-ci il təvəllüdlü X2 və 26 iyul 2019-cu il təvəllüdlü X1 anaları Ağayeva (Qasımova) Sürahi Cavanşir qızının himayəsində və yanında saxlanılmış, həmçinin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Sürahi Qasımovanın xeyrinə 21 sentyabr 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan 08 dekabr 2017-ci il tarixli, 155CLM********** saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı gündəlik tələbatlarının ödənilməsi məqsədilə illik 27,84% faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 3100 manat məbləğində kredit bank hesabı açılaraq, cari bank hesabına köçürülmə üsulu ilə verilmişdir. İşdə olan 08 dekabr 2017-ci il tarixli ödəniş qrafikinin surətindən görünür ki, 3100 manat məbləğində kredit 48 ay müddətinə faizlərlə birlikdə hər ayın 08-də 107,77 manat, sonuncu ay isə 107,78 manat hesablanmaqla ödənilməli idi. İşdə olan 14 oktyabr 2021-ci il tarixli, 101/155 saylı arayışından görünür ki, İddiaçı ilə 08 dekabr 2017-ci il tarixdə rəsmiləşdirilmiş, 155CLM********** referensli 3100 manat kredit müqaviləsi bağlanmış və heç bir borcu qalmamış, habelə 08 iyul 2020-ci il tarixdən 08 dekabr 2021-ci il tarixə kimi təşkil etmiş 1939,87 manat tam ödənilmişdir. İşdə olan 16 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021ci il tarixli qətnaməsi ilə məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahlarını 26 may 2015-ci il tarixdə qeyd etdirməklə evlənmiş, bu nikahdan 10 fevral 2017-ci il tarixdə Əsra, 26 iyul 2019-cu il tarixdə Elxan adlı iki uşaqları doğulmuşdur. Bundan sonra, tərəflər birgə nikahda olduqları dövrdə, yəni 08 dekabr 2017-ci il tarixdə İddiaçı "xxxx" ASC ilə bağladığı müqavilə əsasında 3100 manat məbləğində kredit götürmüş, habelə ailə münasibətləri kəskinləşdiyindən nikahları 26 iyun 2020-ci il tarixdə əvvəlcə faktiki, 19 fevral 2021-ci il tarixdə isə məhkəmə qaydasında pozulmuşdur. Götürülmüş kredit məbləği tərəflər arasında mübahisə olmadığı dövrdə ailənin birgə ehtiyacları üçün sərf edilmiş, habelə bununla bağlı həmin dövrdə iddiaçı tərəfindən kredit götürülərkən cavabdeh tərəfdən etiraz daxil olmamışdır. Bundan əlavə, cavabdeh 12 oktyabr 2021-ci il tarixli etirazında iddiaçı tərəfindən götürülmüş kreditdən xəbərinin olmamasını qeyd etsə də, onun xərclənməsini ehtimal etdiyi istiqamətləri göstərməsi bir növ öz fikrini təkzib etməsinə yüksək dərəcə dəlalət edir və məlumatsız olmasının nə dərəcədə qeyri-real olmasını sübut edir. Yəni, mübahisə olmayan dövrdə ailə bağlarının kövrək olması, eləcə də ərin arvadın və ya əksinə arvadın ərin hərəkətlərindən məlumatlı olmaması inandırıcı deyildir. Göründüyü kimi kredit məbləği ailənin birgə ehtiyaclarına sərf edildiyindən bu ər-arvadın ümumi borcuna çevrilmişdir. Eyni zamanda, kredit məbləği iddiaçı tərəfindən tam şəkildə ödənilməklə, "xxxx" ASC qarşısında olan öhdəlik icra edilmişdir. Bu səbəbdən də iddiaçı borcun ümumi olduğunu əsas gətirməklə, cavabdehlə ayrıldıqları dövrdən qalıq qalmış borca münasibətdə payların müəyyən edilməsini və ona ödənilməsini xahiş etməklə, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Bu Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yenə bu Məcəllənin 37-ci maddəsinin İ və İİİ hissələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, birgə nikah dövründə yaranmış 1939,86 manat ümumi borcun ½ hissəsi, yəni 969,93 (doqquz yüz altmış doqquz manat 93 qəpik) manatı, eləcə də ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Ağayeva (Qasımova) Sürahi Cavanşir qızına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Birgə nikah dövründə yaranmış 1939,86 manat ümumi borcun ½ hissəsi, yəni 969,93 (doqquz yüz altmış doqquz manat 93 qəpik) manatı, eləcə də ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Ağayeva (Qasımova) Sürahi Cavanşir qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar