Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-466/2025 13.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1 Mərkəzi Cavabdeh qarşı “meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin müddətinin bitməsi ilə əlaqədar cavabdehin Dəvəçi meşəbəyliyində zəbt etdiyi 0,20 ha meşə fondu torpağından istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Mərkəzə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, o cümlədən elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi mülki iş aidiyyəti üzrə ümumi məhkəməyə, yəni Siyəzən Rayon Məhkəməsinə aid deyildir. Çünki, Cavabdeh (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mübahisə hər iki tərəfin məhz bu fəaliyyəti həyata keçirməsi ilə əlaqədar bağlanmış mülki-hüquqi əqddən yaranmışdır. Belə ki, dövlət orqanı sayılan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X2 və Bərpası Müəssisəsi (indiki adı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1 Mərkəzi) ilə fərdi sahibkar olan Cavabdeh arasında, sonuncuya, illik 120 manat icarə haqqı ödənilməsi müqabilində istirahətrekreasiya məqsədilə 0,20 ha torpaq sahəsinin ayrılmasına dair 21 may 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin müddətinin bitməsindən irəli gələn hazırkı tələb mahiyyət etibarı ilə iqtisadi məzmun kəsb etdiyindən, bu tələbdən irəli gələn mübahisəyə sahibkarlıq fəaliyyətini tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir. İş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsi isə işə ağlabatan müddətdə baxılmasında yarana biləcək çətinliyin aradan qaldırılmasına və şəxsin pozulmuş hüquqlarının səmərəli, habelə daha tez bərpa edilməsinə şərait yaradır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 23-cü bəndinin İ və İİ cümlələrində, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı məhkəmələrə izah edilmişdir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabərhüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bütün bunlar isə hazırkı mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti üzrə məhkəməyə, yəni Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinin tələbinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təşkilatın bu kateqoriya işlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilməsi rüsumla əlaqədar məsələdə nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1 Mərkəzinin Cavabdeh “meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-466/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-466/2025
13.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver