Məhkəmə qərarları › İş №2(059)-476/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-476/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-476/2021 10.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında "xxxx" ASC-nin iştirakı ilə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi, ona dəymiş ziyanın ödənilməsi və mənəvi ziyan kimi 500 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə "xxxx" ASC-yə ödədiyi 490 manat pul, 30 manat dövlət rüsumu, bankdan arayışın alınması üçün ödənilmiş 10 manat və etibarnamənin əldə edilməsi üçün ödənilmiş 15 manat olmaqla, cəmi 545 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, vəkilə ödədiyi 100 manat, mənəvi ziyana görə isə 500 manat pulun da cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərifindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək izahatında göstərdi ki, 2019-cu il tarixdə uşaqlıq dostu X1 onu hazırkı iş üzrə cavabdehin əri X7 ilə tanış etmişdir. Həmin vaxt X8 Qala-Altı sanatoriyasında işləyərək, 1200 manat, sonuncunun arvadı Cavabdeh isə Siyəzən şəhər 2 nömrəli tam orta məktəbdə müəllim işləyərək, 367 manat əmək haqqı almışdır. Rauf Rüstəmovu savadlı və mədəni insan hesab etdiyi üçün sonuncunun "xxxx" ASC-dən arvadı Cavabdeh adına götürülən kreditlə əlaqədar zamin dayanması barədə xahişini qəbul etmişdir. Lakin, Rauf Rüstəmov və arvadı Cavabdeh verdikləri vədə əməl etməyərək, bank qarşısında öhdəliklərini yerinə yetirmədikləri üçün onun əmək haqqından 14 iyun 2021-ci il tarixdə 490 manat pul tutulmuşdur. Bundan başqa, o, bu mübahisə ilə əlaqədar əlavə xərclər də çəkmişdir. Belə ki, hazırki iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödəmiş, eləcə də, "xxxx" ASC-dən arayışın alınmasına görə 10 manat, vəkilin etibarnaməsinə görə 15 manat olmaqla, cəmi 55 manat əlavə xərc çəkmişdir. Lakin, vəkillə bağlanılmış müqaviləyə görə ödədiyi 100 manat pulu hazırda cavabdehdən tələb etmir. Ağır şəkər xəstəsi olduğu üçün cavabdehin bu hərəkəti ona pis təsir etmiş, səhhətinin daha da pisləşməsinə səbəb olmuşdur. Ona vurulmuş mənəvi zərəri isə 500 manat məbləğində qiymətləndirir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddiaçının izahatına uyğun, eyni məzmunlu izahat verməklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, eləcə də onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 05 noyabr 2019-cu il tarixli, GTKR1602673A155 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 26,9% ödəmək şərti ilə 9000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 10 oktyabr 2021-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Məmmədov X2 Aida Əsgər qızının kredit borcuna görə "xxxx" ASC-nin xeyrinə 490,20 manat pul ödəmişdir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün, o cümlədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, etibarnamənin əldə edilməsi məqsədilə notariat işlərinin görülməsi və bankdan müvafiq arayışın alınması üçün cəmi 51,50 (əlli bir manat 50 qəpik) manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yarancaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 05 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün İddiaçı bir zamin kimi onun əvəzindən "xxxx" ASC-yə 490 manat ödəniş etmişdir. Beləliklə, zamin İddiaçı bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə kreditorun əsas borcluya qarşı kredit müqaviləsi üzrə hüquqları təmin edilmiş pul öhdəliyinə münasibətdə zaminə keçmiş və əsas borclunun zamin qarşısında məsuliyyəti yaranmışdır. Eyni zamanda, iddiaçı cavabdehdən 500 manat mənəvi ziyanın tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı İddiaçı cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinin İ cümləsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bildi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Bu Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 490 (dörd yüz doxsan) manat pul və məhkəmə xərci olan cəmi 51,50 (əlli bir manat 50 qəpik) manatın 49 %-i, yəni 25,24 (iyirmi beş manat 24 qəpik) manatı tutulmalıdır. Həmçinin, iddianın “vəkilin göstərdiyi yardıma görə xərcin cavabdehdən alınıb iddiaçıya ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə iddiaçı tərəfindən müdafiə edilmədiyindən təmin edilməsi istisna edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 490 (dörd yüz doxsan) manat pul və məhkəmə xərci olan cəmi 51,50 (əlli bir manat 50 qəpik) manatın 49 %-i, yəni 25,24 (iyirmi beş manat 24 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar