Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-503/2025 26.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızı, İddiaçı cavabdehlər X7, X5, X6, X2, X3, X4, Cavabdeh5 və X1 qarşı “torpaq sahəsinin ona tanıdılması, həmin ərazinin bölgü sxeminin tərtib olunmaqla ona təqdim olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdehlər X7, X5, X6, X2, X3, X4, Cavabdeh5 və X1 qarşı “torpaq sahəsinin ona tanıdılması, həmin ərazinin bölgü sxeminin tərtib olunmaqla ona təqdim olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-0001, kod 30508038 nömrə ilə cavabdehlərə aid olan 87,59 ha torpaq sahəsindən Siyəzən rayon Dövlət Notariat Kontorunda xx.xx.2003-cü il tarixdə, 4-Ə-92 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə aldığı 50 ha torpaq sahəsinin ona tanıdılması və həmin ərazinin bölgü sxeminin tərtib olunmaqla ona təqdim olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini ona əlavə olunmuş sənədlərə birlikdə araşdıraraq hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan da, göründüyü kimi tələb torpaq sahəsinin tanıdılması və bölgü-sxemin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati orqanların Təsnifatı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarının 2-ci bölməsinin 31-ci sırasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi inzibati orqanlar kimi müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı torpaq sahəsinin 50 hektarının ona tanıdılmasını və bölgü-sxemin tərtib edilməsini tələb etməklə, mahiyyəti etibarilə məcburetmə haqqında iddia irəli sürmüşdür. Halbuki, hazırki tələblə ilk növbədə müvafiq inzibati orqana müraciət etmək, həmin orqan imtina etdikdə isə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında müraciət etməli olduqları halda, bununla bağlı ümumi məhkəməyə müraciət etmiş, habelə tələbinin cavab verməli tərəfi qismində Cavabdeh5, Şahidə Cəfərovanı, Nahidə Cəfərovanı, Kifayət Cəfərovanı, Zərifə Əliyevanı, Günel Cəfərovanı, Arifə Cəfərovanı və Ramilə Cəfərovanı göstərmişlər. Beləliklə, hazırkı tələb ilə bağlı ümumi məhkəmədə hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı hazırki tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və tələb Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-305/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bu Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Eyni zamanda iddiaçıya izah olunmalıdır ki, hazırki tələblə bağlı başqa və yeni əsaslar yarandığı təqdirdə müvafiq inzibati orqana, həmin orqan imtina etdikdə isə inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər X7, X5, X6, X2, X3, X4, Cavabdeh5 və X1 qarşı “torpaq sahəsinin ona tanıdılması, həmin ərazinin bölgü sxeminin tərtib olunmaqla ona təqdim olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlər, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki tələblə bağlı başqa və yeni əsaslar yarandığı halda müvafiq inzibati orqana, həmin orqan imtina etdikdə isə inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №2(059)-503/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-503/2025
26.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver