Məhkəmə qərarları › İş №2(059)-51/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-51/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-51/2021 06.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə iddiaçı İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsi, əmlakdakı payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi və ya cavabdehə düşən hissə payın pulunun ondan alınıb, sonuncuya ödənilməsi ilə fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında onun adına keçirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsi, əmlakdakı payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi və ya cavabdehə düşən hissə payın pulunun ondan alınıb, sonuncuya ödənilməsi ilə fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında onun adına keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə mülkiyyətdəki fərdi yaşayış evinin ona düşən hissəsinin pulunun kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsi və ya cavabdehə düşən hissə payın pulunun ondan alınıb, sonuncuya ödənilməsi ilə fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında onun adına keçirilməsi, bunla olmadıqda isə mənzilin hərrac yolu ilə satılaraq payların bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə 12 mart 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə, evlənmiş, toydan sonra bir müddət mehriban yaşasalar da, aralarında yaranmış narazılıqlar səbəbindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, habelə birgə nikahdan doğulmuş 06 sentyabr 2009-cu il təvəllüdlü Solmaz və 07 aprel 2013-cü il təvəllüdlü Sübhan adlı uşaqları onun yanında qalmaqla, aliment məsələsi həll edilmişdir. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 138,2 kv.m olan 1 mərtəbədən ibarət 333 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə onun mülkiyyət hüququ tanınmış, bu məhkəmənin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehə qarşı “fərdi yaşayış evinin naturada paylara uyğun bölünməsi” tələbinə dair iddiası evin naturada bölünməsi texniki cəhətdən yol verilməz olduğuna görə təmin edilməmişdir. Hazırda mübahisə predmeti olan evin orta bazar qiyməti 25 000 manat müəyyən edilmişdir. O, cavabdehə evin sonuncuya düşən hissəsinə görə 13000-15000 manat ödənilməsini təklif etmiş, cavabdeh isə bununla razılaşmayaraq ondan özünə düşən payına görə 20000 manat verilməsini tələb etmişdir. Eyni zamanda, o, əvvəllər və sonra paylı mülkiyyətdən özünə düşən hissəsinə görə qarşı tərəfdən 13000 manat kompensasiya tələb etsə də, cavabdeh maddi imkansızlığnı əsas gətirərək həmin məbləği ona ödəməkdən qəti şəkildə imtina etmişdir. Belə olan halda, göstərilən məbləği cavabdeh tərəfindən ona ödənilmədiyi üçün hazırda evin hərrac yolu ilə satılmasını və satışdan əldə edilmiş pulun payına uyğun ona ödənilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən ümumi sahəsi 138,2 kv.m olan 3 otaq 1 mərtəbədən ibarət 333 saylı fərdi yaşayış evinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmış, həmçinin bu məhkəmənin 21 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının ona qarşı “fərdi yaşayış evinin naturada paylara uyğun bölünməsi” tələbinə dair iddiası evin naturada bölünməsi texniki cəhətdən yol verilməz olduğuna görə təmin edilməmişdir. Hazırda mübahisə predmeti olan evin orta bazar qiyməti 25000 manat müəyyən edilmişdir. Mübahisə predmeti olan evin qiymətinin iddiaçıya düşən hissəsini sonuncuya ödəmək üçün maddi imkanı olmadığına görə bu hissədə iddianı qəbul etmir. İddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən onun payına uyğun təklif edilən kompensasiyanın məbləği – 15000 manat onu qane etmədiyindən bu təkliflə də razı deyildir. Belə ki, iddiaçı ona payına görə 20000 manat kompensasiya ödəyəcəyi təqdirdə, o, öz payından qarşı tərəfin xeyrinə imtina edə bilərdir ki, bununla da iddiaçı razılaşmır. Tələbin üçüncü hissəsinə münasibətdə isə bildirir ki, mübahisəli paylı mülkiyyətdə olan əmlakın satılması üçün hərraca göndərilməsinə, həyətdə olan əlavə tikililəri (sənəddə göstərilməyən) sökmək şərtilə etiraz etmir. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 iyun 2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri Babək Bayramov küçəsində 0,05 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşən ümumi sahəsi 138,2 kv.m olan 333 saylı fərdi yaşayış evi ½ hissədə Ağayeva (Əkbərli) Zülfiyyə Sabir qızının, ½ hissədə isə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2(059)-522/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı "birgə mülkiyyətdəki fərdi yaşayış evinin satılması və ya cavabdeh tərəfindən ona düşən payın dəyərinin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(059)-176/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Əkbərli (Ağayeva) Zülfiyyə Sabir qızının Cavabdeh qarşı "fərdi yaşayış evinin naturada paylara uyğun bölünməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan iddiaçı Cavabdeh tərəfindən 06 yul 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, iddiaçı tərəfin ona təklif etdiyi 15000 manat kompensasiya məbləği ilə razı olmamaqla, yanaşı, iddiaçının əvvəllər payına görə tələb etdiyi kompensasiyanı da ödəmək iqtidarında olmadığından payı əldə etməkdən imtina etmiş, lakin, iddia tələbini qismən qəbul edərək, fərdi yaşayış evinin həyətində olan əlavə tikililəri sökəcəyi şərtilə, oranın açıq hərracdan satılmasına razı olmuşdur. İşdə olan “X2” MMC-nin 02 mart 2021-ci il tarixli, 25 nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair rəyindən görünür ki, Siyəzən şəhəri, Babək Bayramov küçəsində yerləşən 0,05 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 138,2 kv.m olan 5 otaq, 1 mərtəbədən ibartə natamam təmirli 333 saylı fərdi yaşayış evinin orta bazar qiyməti təxminən 25000 manat müəyyən edilmiş, həmçinin evin yerləşdiyi torpaq sahəsinin 0,01 ha (1 sotunun) orta bazar qiyməti 700 manat hesablanmışdır. “X2” MMC-nin 02 mart 2021-ci il tarixli, 25 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. İşdə olan 24 sentyabr 2020-ci il tarixli qəbzlərdən görünür ki, iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisənin mahiyyəti üzrə məhkəmə nəzərə alır ki, Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək, hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Bu mənada, qanuni qüvvəsini almış yekun məhkəmə qətnamələri ilə hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinə paylarının, habelə fərdi yaşayış evinin naturada real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, iş üzrə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı tərəfindən payına münasibətdə təklif etdiyi məbləğin (kompensasiyanın) onun tərəfindən ödənilməməsini (kompensasiya verilməməsini) maddi imkanının olmadığı ilə əsaslandırılmış, mübahisənin həlli kimi fərdi yaşayış evinin satılması ilə bağlı qətnamə çıxarılmasına razılıq vermiş, həmçinin tərəflər bununla bağlı məhkəmədə niyyətlərini bildirmiş, o cümlədən cavabdeh bununla bağlı məhkəməyə yazılı müraciət etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçinin payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsinin qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Bu baxımdan iddia tələbi məhz paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə hissəsində əsaslıdır və yalnız bu hissədə də təmin olunmalıdır. Bununla da, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, Siyəzən şəhəri, Babək Bayramov küçəsində yerləşən və tərəflərin paylı mülkiyyətində olan 0,05 ha torpaq sahəsi və bu torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 138,2 kv.m olan 3 otaq, 1 mərtəbədən ibarət 333 saylı fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə edilmiş pul paylara uyğun, yəni ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manatın 50 %-i, yəni 150 (bir yüz əlli) manatı İddiaçı, qalan 50 %-i, yəni 150 (bir yüz əlli) manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı hesablaşma hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Siyəzən şəhəri, Babək Bayramov küçəsində yerləşən və tərəflərin paylı mülkiyyətində olan 0,05 ha torpaq sahəsi və bu torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 138,2 kv.m olan 3 otaq, 1 mərtəbədən ibarət 333 saylı fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul paylara uyğun, yəni ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsn. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manatın 50 %-i, yəni 150 (bir yüz əlli) manatı İddiaçı, qalan 50 %-i, yəni 150 (bir yüz əlli) manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı (kod-201218, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ64AİİB400900C**********208) hesablaşma hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar