Məhkəmə qərarları › İş №2(059)-534/2019

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-534/2019

25.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-534/2019 25.12.2019 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh Şair oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Şair oğluna qarşı "istifadə hüquqlarına xitam verilməklə, cavabdehin qeydiyyatdan çıxarılması" tələbinə dair iddiası üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Şair oğluna qarşı "istifadə hüquqlarına xitam verilməklə, cavabdehin qeydiyyatdan çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Siyəzən şəhəri, H.Əliyev küçəsi 147 saylı evin 1-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, sonucunun həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 1967-ci ildən Siyəzən şəhəri, H.Əliyev küçəsi 147 saylı evin yaşayış sahəsi 24,7 k.v metr ibarət 2 otaqlı 1-ci mənzilində yaşayır və bu hal, Siyəzən rayonu İcra Hakimiyyəti başçısının 03 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bununla belə, bu mənzil bu və ya digər şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Qeyd olunan mənzildə onun ikisi qız, üçü oğlan olmaqla, beş övladı, o cümlədən Cavabdeh doğulmuşdur. Bundan sonra, Cavabdeh 25 iyun 2006-cı il tarixdə Elnarə Mirzəyeva ilə el adəti ilə toy edərək evlənmiş, sonuncu da, həmin tarixdən mübahisəli mənzilə gəlin köçmüşdür. Daha sonra, oğlu Cavabdeh 2008-ci ilin may ayından etibarən mübahisəli mənzili tərk edib, daimi yaşamaq üçün ailəsi ilə birlikdə Quba rayonunun Vəlvələ kəndinə köçmüşdür. O, uzun müddət olar, mübahisəli mənzildə tək yaşayır. Bundan əlavə, onun mübahisəli mənzildə kimlərin qeydiyyatda olmasından belə məlumatı olmamışdır. Belə ki, müraciəti əsasında Sumqayıt Asan Xidmət Mərkəzindən 21 oktyabr 2019-cu il tarixdə verilmiş arayışdan övladlarının, habelə cavabdehin, eləcə də iki nəvəsinin bu mənzildə qeydiyyatda olmaları məlum olmuşdur. Hazırda yaşadığı mübahisəli mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışı almaq üçün övladlarının razılıq ərizələri verməsi zəruri olsa da, Cavabdeh mübahisəli mənzilə ehtiyacının olmamasına baxmayaraq, sonuncu bundan imtina edir. Belə ki, cavabdehin özünün Quba rayonunda hər bir şəraiti olan evi vardır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şair oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun anasıdır. O, 11 avqust 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, 25 iyun 2006-cı il tarixdə X3 ilə el adəti ilə toy edərək evlənmiş, sonuncu da həmin tarixdən mübahisəli mənzilə gəlin köçmüşdür. Bundan sonra, anası Gülzədə ilə münasibətləri kəskinləşdiyindən 2008-ci ilin may ayından arvadı Elnarə ilə birgə bu mənzili tərk etmək məcburiyyətində qalmışdır. Məhz qeyd olunan tarixdən də, məcburiyyətdən qaynatası X4 Quba rayonunun Vəlvələ kəndində yerləşən fərdi yaşayış evində müvəqqəti məskunlaşmışdır. Onun ümumiyyətlə Quba rayonunda daimi yaşayış yeri yoxdur. Belə ki, işi, həmçinin baş verənlərlə əlaqədar müvəqqəti olaraq orada yaşayır. Bundan əlavə, qeyd edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi deyildir. Onun yaşayış yeri üzrə qeydiyyat əsasında iddiaçı ilə bərabər həmin mənzildən istifadə hüququ vardır. Həmçinin, qanunun tələblərinə əsasən arvadı Elnarə Mirzəyeva və üç azyaşlı uşaqları – Şair, Şaiq və Ayxan da, onunla bərabər mübahisəli mənzildə yaşamaq hüququna malikdirlər. İddiaçı tələbini onun Quba rayonunda hər bir şəraiti olan evdə yaşaması ilə əlaqələndirsə də, bu belə deyildir. Belə ki, o, hər hansı şəraitli evdə yaşamır, sadəcə ailəsinin maddi tələblərinin təminatı üçün müvəqqəti olaraq Quba rayonunun Vəlvələ kənd ərazisində başqa şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fəhlə işləyir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının 03 dekabr 2008-ci il tarixli, 332 nömrəli sərəncamının surətindən görünür ki, mübahisəli mənzildə 1967-ci ildən yaşayan İddiaçı yaşadığı bu mənzilin onun adına rəsmiləşdirilməsi, mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib, həmin çıxarışın İddiaçı verilməsinin təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsinin Siyəzən şöbəsinə tapşırılmışdır. İşdə olan Sumqayıt “Asan xidmət” Mərkəzindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 21 oktyabr 2019-cu il tarixli, ******* nömrəli arayışdan görünür ki, tərəflər mübahisəli mənzildə qeydiyyatdadırlar. İşdə olan Siyəzən şəhər sakinləri X5, X6, X1, eləcə də iddiaçı tərəfindən 05 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh Şair oğlu uzun illər olar Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 147 saylı evin 1-ci mənzilində yaşamır, həmçinin həmin ünvanda İddiaçı tək yaşayır. İşdə olan Quba rayon Vəlvələ bələdiyyəsi tərəfindən verilmiş 28 noyabr 2019-cu il tarixli, 188 nömrəli arayışdan görünür ki, Cavabdeh Şair oğlunun Quba rayonu Vəlvələ bələdiyyəsi ərazisində özəl pay torpaq sahəsi və həyətyanı sahəsi yoxdur. İşdə olan 07 noyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələbə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin 1 və 2-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 51-ci maddənin 1 və 2-ci hissəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Bu Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçı 1967-ci ildən Siyəzən şəhəri, H.Əliyev küçəsi 147 saylı evin yaşayış sahəsi 24,7 k.v metr ibarət 2 otaqlı 1-ci mənzilində yaşayır və bu hal, Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının 03 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Cavabdeh sözügedən mübahisəli mənzildə qeydiyyatda olmaqla, yanaşı bu mənzildə doğulmuş, habelə burada yaşayarkən, yəni 2006-cı ilin iyun ayında Elnarə Mirzəyeva ilə faktiki nikah münasibətlərinə daxil olmuş, 2008-ci ilin may ayında isə iddiaçı ilə münasibətləri kəskinləşdiyindən həmin tarixdən ailəsi ilə birlikdə qayınatası X10 rayonunun Vəlvələ kəndində yerləşən fərdi yaşayış evinə müvəqqəti yaşamaq üçün getmək məcburiyyətində qalmışdır. Hazırda qeyd edilən mənzillə bağlı tərəflər arasında mübahisə vardır. Mübahisəli mənzil bu və ya digər şəxsin mülkiyyətində deyildir (özəlləşdirilməmişdir). Deməli, tərəflərin hər birinin bu mənzildə yaşamaq hüquqları, həmçinin yaşayış sahəsindən istifadə etmək ixtiyarları vardır. Həmçinin, iddiaçı tərəf cavabdehin Quba rayonu, Vəlvələ kəndində hər bir şəraitə malik fərdi yaşayış evinin olduğunu göstərsə də, cavabdehin yaşayış üçün zəruri olan şəraitə, o cümlədən Quba rayonu Vəlvələ bələdiyyəsi ərazisində özəl pay torpaq və həyətyanı sahəsinə malik olmadığı müəyyən edilmişdir. Bu mənada, “01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlanndan məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Beləliklə, qeyd edilən mənzilin icarədarının ailə üzvü, oğlu Cavabdeh 2008-ci ilin may ayında yaşadığı mübahisəli mənzili tərk etməsinə və müvəqqəti yaşamaq üçün Quba rayonu, Vəlvələ kəndində qaynatasına məxsus fərdi yaşayış evinə sığınmasına baxmayaraq onun daimi olaraq yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi, köçməsi və ya hər hansı bir qanuni əsasla yaşayış yerinə malik olması halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehin daimi olaraq yaşamaq üçün başqa yerə getməsini və buna görə də cavabdehin mübahisəli mənzilə olan hüquqlarını itirdiyini bildirsə də, o, öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər əsaslandıra bilməmiş, sübuta yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Şair oğluna qarşı "istifadə hüquqlarına xitam verilməklə, cavabdehin qeydiyyatdan çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh Şair oğluna qarşı "istifadə hüquqlarına xitam verilməklə, cavabdehin qeydiyyatdan çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar