Məhkəmə qərarları › İş №2(059)-589/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-589/2025

30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-589/2025 30.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "ölüm faktının təsdiq edilməsi"nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri 24 avqust 1968-ci il təvəllüdlü X4 Jarjisin 16 may 2025-ci il tarixdə vəfat etdiyini, lakin ona ölüm haqqında şəhadətnamə almadığını, hazırda da ölüm faktının məhkəmədənkənar qaydada təsdiq edilməsinin mümkün olmadığını, vərəsəliklə əlaqədar sənədləşmə işləri ilə bağlı bu faktın təsdiq olunmasının vacib olduğunu bildirmişdir. İddia tələbi Ərizəçi "ölüm faktının təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24 avqust 1968-ci il təvəllüdlü X4 Jarjisin 16 may 2025-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X4 Jarjis xx.xx.2025- ci il tarixində ev şəraitində vəfat etmişdir. O, dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün bugünə kimi ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X3 Abed Jarjis 16 may 2025-ci il tarixində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Təzə Kənd qəbristanlığında dəfn olunmuşdur. Bundan başqa Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsindən verilən arayışa əsasən həmin ünvanda yerləşən qəbirstanlıqda dəfn olunması barədə arayış təqdim edilmişdir. Onun vəfat etməsi barədə tibbi arayış olmadığından bügünə kimi onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bundan başqa, vərəsəliklə bağlı gələcəkdə ölüm haqqında şəhadətnamə olması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, əri X3 Abed Jarjis xərçəng xəstəliyindən əziyyət çəkmiş, 16 may 2025-ci ildə uzun sürən xəstəlikdən sonra ev şəraitində vəfat etmişdir. Həmin vaxt onun başı dəfnlə bağlı işlərə qarışdığı üçün mərhuma ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda vərəsəlik işləri ilə bağlı ölüm haqqında şəhadətnamə ona vacibdir, məhkəmədən kənar qaydada alınması qeyri-mümkündür. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Mülki Prosessual Məcəllə

119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında.

307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Ailə Məcəlləsi

158.2 Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı:

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

Məhkəmə ərizəçinin izahatını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X4 Jarjis xx.xx.1968-ci ildə İraq Respublikasında doğulmuşdur. İşdə olan Bakı Nikah evi tərəfindən 21 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 160985 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Jarjis və Ərizəçi 05 noyabr 2002-ci il tarixdə, 1896 nömrəli akt qeydi ilə nikahlarını bağlamışdır. İşdə olan “Bakı şəhər Təcili və X1 Stansiyası” PHŞ tərəfindən verilmiş 16 may 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 16 may 2025-ci il tarixdə çağırış üzrə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 108 ünvanına gedərkən həkimə qədər kişi cinsli X4 Jarjis adlı şəxsin ölməsi müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsinin 19 may 2025-ci il tarixli, 02/M-505 nömrəli məktubundan görünür ki, 16 may 2025-ci il tarixdə Binəqədi qəsəbəsinin Təzə kənd qəbristanlığında X4 Jarjisin dəfni icra olunmuşdur. İşdə olan “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X2 35 №-li Şəhər Poliklinikasının 19 may 2025-ci il tarixli, 319 nömrəli məktubundan görünür ki, 24 avqust 1968-ci il təvəllüdlü X4 Jarjisin (xx.xx.2025-ci il tarixdə vəfat etmiş) hər hansı xəstəliklə əlaqədar müraciəti olmadığı, ölüm səbəbi məlum olmadığı üçün “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı “ASAN XİDMƏT” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 03 iyun 2025-ci il tarixdə verilmiş 3-16-5/8-4721/25 nömrəli məktubdan görünür ki, X4 Jarjisin ölüm haqqında tibbi arayışı olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 20 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işin faktiki hallarından, ərizəçinin izahatından və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 24 avqust 1968-ci il təvəllüdlü X4 Jarjis 16 may 2025-ci il tarixdə Binəqədi rayonu, 3-cü mədən korpusu, 108 ünvanında vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24 avqust 1968-ci il təvəllüdlü X4 Jarjisin 16 may 2025-ci il tarixdə Binəqədi rayonu, 3-cü mədən korpusu, 108 ünvanında ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin olunsun. 24 avqust 1968-ci il təvəllüdlü X4 Jarjisin 16 may 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpusu, 108 ünvanında ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar