Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-59/2021 10.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasının direktoru X2, cavabdehin nümayəndəsi və vəkili X4, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba regional ərazi şöbəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı "dərs yükünün bərpa edilməsi, və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi" tələbinə dair mülki işə Siyəzən şəhərində, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı "dərs yükünün bərpa edilməsi, və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud olmuş 15 saat riyaziyyat fənni və 3 saat fakültativ qrup məşğələ üzrə tədris saatları, cəmi 18 saat dərs yükünün bərpa edilməsi, məktəbin 2020-2021-ci tədris ili üçün müəllimlərin dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdehdən tələb edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxxxx 2001-ci il tarixindən riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, xx xxxxxxxx 2004-cü il tarixdə keçmiş Siyəzən şəhər əsas internat məktəbinə (hazırki Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya) 15 saat riyaziyyat fənni tədris etməklə müəllim təyin olunmuşdur. 2019-2020-ci tədris ili üçün xx xxxxxxxx 2019-cu il tarixindən 18 saat, o, cümlədən 15 saat riyaziyyat, ixtisaslı müəllim olmadığına görə 3 saat informatika fənnindən dərs yükü ilə təmin olunmuşdur. O, hal-hazırda adı çəkilən gimnaziyada işləyir. Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya da xx xxxxxxx 2019-cu il tarixdə direktor fəaliyyətinə başlamış X5, onunla bağlanmış əmək müqaviləsinin şərtlərini, o cümlədən, əmək qanunvericiliyinin tələblərini öz xeyrinə pozması nəticəsində 2004-cü il tarixindən tədris etdiyi riyaziyyat fənni üzrə dərs saatları 15 saatdan 10 saatadək azaldılmışdır. Belə ki, 2019-2020-ci tədris ilində 15 saat riyaziyyat fənni və guya müəllim olmadığından (X9 informatika ixtisaslı müəllimdir) vakansiya üzrə 3 saat informatika fənni də ona həvalə olunmuşdur. Lakin, bir müddətdən sonra direktor ondan 3 saat və digər iki müəllimdən də 3 saat olmaqla, ümumilikdə 6 saat informatka dərs yükünü geri alaraq xx xxxxxx 2019-cu il tarixindən özü tədris etməyə başlamışdır. Aynurə Dadaşovanın əmək qanunvericiliyinin tələblərini pozaraq, qanunsuz dərs bölgüsü aparması, fakültativ qrup məşğələlərini öz mənafeyinə uyğun bölüşdürməsi barəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Ali hakimiyyət orqanlarına etdiyi müraciətlərə aidiyyəti təşkilatlarda heç bir tədbir görülmədiyinə görə, direktor ondan qisas almaq qərarına gələrək, 19 il fasiləsiz tədris etdiyi 15 saat dərs yükünü qərəzli şəkildə azaltmaqla, 10 saata endirmişdir. Direktor özü informatika ixtisası üzrə müəllim olmasına baxmayaraq, 5 saat informatika fənnini vakansiya verərək, riyaziyyat müəllimlərinə aid dərs saatlarını öz üzərinə götürmüşdür. Hansı ki, informatika fənnini ixtisaslı müəllim kimi özü tədris edə bilərdi. Baxmayaraq ki, Təhsil Naziri çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Müəllimlik peşəsində işləyən müəllimlərin əmək haqlarının yüksək olması üçün çalışmalıyıq. Hər müəllimin əmək haqqısı onların dərs dediyi saatla bağlıdır. Bu saatların azaldılması hesabına vakansiya yerləri ayrılmamalıdır”. Lakin, bütün bu tələblərə baxmayaraq, direktor 5 saat riyaziyyat fənnini əlindən alaraq, diaqnostik balı az, yəni 18 bal olduğuna görə onu az dərs yükü ilə təmin etdiyini bildirir. Amma, məktəbdə digər müəllimlər arasında dərs bölgüsü onların diaqnostik ballarına uyğun mütənasib bölünməmişdir, Başqa sözlə, direktor özünün dediyi kimi, öz istəyinə uyğun olaraq, ona bu həcmdə dərs saatı vermişdir. Diaqnostik balı az olan digər müəllimləri yüksək dərs saatı ilə təmin etməsinin səbəbini direktordan soruşduqda, həmin fənn üzrə bir ixtisas müəlliminin olduğunu bildirir. Onda sual olunur ki, həmin müəllimlərə topladıqları bala görə 5 saat dərs yükü düşdüyü halda, həmin fəndən niyə vakansiya çıxarılmır? Amma riyaziyyat müəllimi sıxlığı mövcud olan bir məktəbdə informatika fənnini vakansiya çıxarır. X9 ixtisaslı kadr olduğundan, bu fənni özü tədris edə bildiyi halda, əsassız vakansiya çıxararaq, bunun əvəzinə riyaziyyat fənni üzrə dərs saatlarını öz xeyrinə ondan qərəzli olaraq almışdır. Bununla da cavabdeh direktor 19 il pedaqoji stajı olan bir müəllimin bu illər ərzində çəkdiyi əzab-əziyyəti heçə endirərək, müəllim adına yaraşmayan əməllərlə məşğul olur. Habelə, direktor tərəfindən dərs bölgüsü müəllimlərin, savadı, metodik vərdişləri, təcrübəsi və dərs tədris etmə keyfiyyətləri nəzərə alınmaqla deyil, yalnız özünün şəxsi mülahizəsinə və onun əmrləri ilə sözsüz oturub-duran müəllimlərə münasibəti əsasında aparılaraq, onları yüksək dərs saatları ilə təmin edir. Məktəbin illik dərs bölgüsünü özü istədiyi müəllimlərlə tərtib edir. Karantin rejimini bəhanə gətirib məktəbə aid ümumi məsələləri hər hansı pedoqoji şuranın iclası çağırmadan istədiyi müəllimlərlə birlikdə həll etdiyinə görə hazırda onun 15 saat riyaziyyat fənnindən dərs saatı 10 saata endirilmiş və şikayət etməməsi üçün 6 saat tərbiyəçilik işi ona həvalə edilmişdir. Buna baxmayaraq, yenə də bir müəllimin ən azı haqqı çatan 18 saat dərs yükü alınmır. Direktorun ona qarşı qərəzli münasibəti müəllim həmkarı Ceyran Rəhbərinin məktəbdə olan qanunsuzluqlar haqqında şikayətlərində göstərdiyi faktların həqiqətən mövcudluğu üçün şahidlik etməsindən sonra yaranmışdır. Hesab edir ki, məhkəmə direktorun qanunsuz dərs bölgüsü işini araşdıraraq, ondan əsassız alınan 5 saat dərs yükünü qaytarmalı və bir müəllimin haqqı çatan ən azı 18 saat, o cümlədən, 15 saat riyaziyyat fənninin tədrisini və 3 saat fakultativ məşğələnin ona verilməsini təmin etməlidir. Habelə məhkəmənin nəzərinə çatdırır ki, direktor törətdiyi bu qanunsuzluqları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qayda və tələbləri kobud şəkildə pozmaqla həyata keçirmişdir. Məsələn, məktəbin adı dəfələrlə dəyişdirilib hazırda Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya adlansa da, bu dəyişikliklə əlaqədar onunla məktəb rəhbərliyi arasında yenidən hər hansı müqavilə bağlanmamış, hətta bu barədə əmək kitabçasında hər hansı qeyd aparılmamışdır. Əlavə olaraq qeyd edir ki, Aynurə Dadaşova məktəbə direktor təyin olunandan sonra dəfələrlə tələb olunmasına baxmayaraq, müəllimlərin diaqnostik balına uyğun dərs bölgüsü cədvəli hər kəsin görə biləcəyi yerdən asılmamışdır. Bu fakt isə məktəbdə direktor tərəfindən müəllimlər arasında ayrı-seçkilik salınmaqla, eləcə də, diaqnostik balın və müəllimlərin dərs saatı gizlədilməklə, heç də hər bir müəllimə diaqnostik balına, savad və təcrübəsinə görə dərs saatı ayrılmamasına dəlalət edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, ixtisasca riyaziyyat müəllimi olmaqla, xx xxxxxxx 2019-cu il tarixdə Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyaya direktor təyin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx xxxxxxxx 2020-ci il tarixli, F-394 nömrəli əmrinə əsasən 2020-2021-ci tədris ili üzrə riyaziyyat fənnindən fakültativ dərs məşğələlərin tədrisi nəzərdə tutulmamışdır. Əvvəllər isə fakültativ dərslər riyaziyyat fənninə verilmişdir. Bu səbəbdən digər riyaziyyat müəllimləri kimi, iddiaçının fakültativ dərs məşğələləri ilə təmin edilməsi mümkün olmamışdır. Bundan başqa, 2019-2020-ci tədris ilində ixtisaslı müəllim olmadığına görə, informatika fənnini özü tədris etmişdir. Belə ki, qeyd etdiyi fənn üzrə ixtisasartırma kursu keçdiyinə görə, o, bu fənni tədris edə bilər. Lakin, onu da məhkəmənin nəzərinə çatdırır ki, informatika fənni üzrə diaqnostik qiymətləndirmədə nəzərdə tutulan balı toplamadığına görə, şagirdlərin keyfiyyətli təhsil hüququnun təmin edilməsindən ötrü, bu ilki tədris ili üçün informatika fənni üzrə vakansiya vermiş, müəllimlərin diaqnostik qiymətləndirilməsində yüksək bal toplamış Vəfa İsmayılova informatika müəllimi təyin edilmişdir. Vəfa İsmayılova isə ibtidai siniflərdə ayrılmış informatika dərs saatlarından könüllü olaraq imtina etdiyinə görə, müvafiq təlimatlara əsasən həmin fənnin tədrisini ibtidai sinif müəllimlərinə həvalə etmişdir. Hazırda direktoru olduğu məktəbdə riyaziyyat fənni üzrə 25 dərs saatı, iddiaçı və özü də daxil olmaqla, cəmi 3 riyaziyyat müəllimi vardır. Müəllimlərin diaqnostik qiymətləndirilməsi üzrə xx xxxxxx 2016-cı il tarixdə İddiaçı öz ixtisası üzrə mümkün 40 baldan cəmi 18 bal toplamışdır ki, həmin bala əsasən sonuncuya həftəlik cəmi 7 dərs saatı düşür. Bununla belə, o dərs bölgüsü zamanı humanistlik edərək, iddiaçıya və digər riyaziyyat müəlliminin hər birinə 10 saat, özünə isə cəmi 5 saat dərs götürmüşdür. Müəllimlərin topladıqları diaqnostik bala görə dərs bölgüsü cədvəlinin təqdim edilməsi hər hansı təlimat və ya əmrlərdə nəzərdə tutulmamışdır. Həmçinin qeyd edir ki, müəllimlərin diaqnostik qiymətləndirmə balının şagirdlərin görə biləcəyi yerdən asılması onların işgüzar nüfuzuna xələl gətirə bilər. Odur ki, iddianı təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X10 cavabdeh Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aynurə Dadaşovanın izahatına uyğun, eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba regional ərazi şöbəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, iddiaçının xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətə DƏMX-nin Quba regional ərazi şöbəsində baxılmış, aparılmış araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən İddiaçı xx xxxxxxxx 2004-cü il tarixdə Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyaya riyaziyyat müəllimi təyin edildiyi məlum olmuşdur. Bundan başqa, İddiaçı 2018-2019-cu tədris ilində xx xxxxxxxx 2018-ci il tarixli, 64 nömrəli əmrlə ixtisası üzrə 15 saat riyaziyyat fənni və xx xxxx 2019-cu il tarixli, 15 nömrəli əmrlə 2 saat musiqi fənni tədris etmiş, 2019- 2020-ci tədris ili üçün xx xxxxxxxx 2019-cu il tarixli, 76 nömrəli əmrlə 18 saat dərs yükü ilə təmin olunmuşdur. Qeyd olunan dərs yükündən 15 saat riyaziyyat fənnindən, 3 saat informatika fənnindən boş vakansiya üzrə ixtisaslı müəllim olmadığından ona həvalə edilmişdir. Lakin, xx xxxxxxx 2019-cu il tarixdən gimnaziyanın direktoru təyin olunmuş X5 informatika fənni üzrə ixtisaslı olduğundan Təhsil Nazirliyinin təlimatına əsasən xx xxxxxx 2019-cu il tarixli, 106 nömrəli əmrlə tədrisin keyfiyyətini yüksəltmək məqsədilə ona və X6 verilmiş hər biri 3 saat olmaqla, cəmi 6 saat informatika fənninin tədrisini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibatitəsərrüfat, tədris- köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”ın 3-cü hissəsinə görə gimnaziyaların direktorları tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata qədər də dərs apara bilər. Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati- təsərrüfat, tədris- köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2016-cı il tarixli, 723-1 nömrəli əmrinə uyğun olaraq diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Gimnaziyada keçirilən diaqnostik qiymətləndirmə zamanı İddiaçı ixtisası üzrə 40 baldan 18 bal toplamışdır. Bununla da, ona 18 bala əsasən 7 saat dərs yükü düşsə də, sonuncuya 15 saat riyaziyyat fənnindən və xx xxxx 2020-ci il tarixdə 30 nömrəli əmrə əsasən 2 saat fakultativ, əsas dərs yükü kimi verilmiş və ümumilikdə 17 saat dərs yükü olmuşdur. Əlavə olaraq bildirir ki, gimnaziyanın direktoru X5 tərəfindən 2019-2020-ci və 2020-2021-ci tədris ili üçün dərs bölgüsünün aparılmasında əmək qanunvericiliyinin tələbləri gözlənilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Siyəzən şəhər ümumi orta internat məktəbinin direktoru X7 ilə İddiaçı arasında xx xxxxxxxx 2004-cü il tarixdə bağlanmış əmək müqaviləsinin, eləcə də əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Günay Sərdarova həmin məktəbə müddətsiz olaraq riyaziyyat müəllimi təyin edilmiş, həmçinin bu müqaviləyə edilmiş dəyişikliklərdə, işəgötürən kimi X5 qeyd edilmişdir. İşdə olan Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aynurə Dadaşova tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 02 nömrəli arayışdan görünür ki, gimnaziyanın riyaziyyat müəllimi İddiaçı, Bakı Dövlət Universitetini 2006-cı ildə bitirmiş, (qiyabi), xx xxxxxxxx 2004-cü il tarixdə Siyəzən şəhər İnterqasiya təlimli internat tipli gimnaziyaya riyaziyyat müəllimi təyin edilmişdir. Bundan sonra, xx xxxxxx 2016-cı ildə müəllimlərin Diaqnostik Qiymətləndirməsində iştirak etmiş, ixtisası üzrə 18 bal toplamış və 2020/2021 tədris ili üçün dərs yükü 16 saat (10 saat riyaziyyat, 6 saat tərbiyə saat) müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, H- 3307/04/09 nömrəli məktubunun surətindən görünür ki, ümumi təhsil müəssisələrində müəllimlər arasında dərs bölgüsü diaqnostik qiymətləndirmə nəticələrinə proporsional olaraq aparılır. Təhsil Nazirliyinin xx xxxxxx 1999-cu il tarixli, 59 nömrəli əmrinə əsasən ümumtəhsil məktəblərinin, liseylərin, gimnaziyaların, peşə məktəbi və peşə liseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs apara bilərlər. İşdə 2020/2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin İ-Xİ siniflər üzrə əsas tədris planının surətindən görünür ki, bu tədris planı Azərbaycan Respublikası Təhsil nazirinin xx xxxxxxxx 2020-ci il tarixli, F-394 nömrəli əmrinə əsasən təsdiq edilmiş, habelə fənlər və siniflər üzrə saat bölgüsü aparılmışdır. İşdə olan Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyanın xx xxxxxxxx 2020-ci il tarixli, 64 nömrəli əmrindən çıxarışdan görünür ki, Gimnaziyanın riyaziyyat müəllimi İddiaçı Vİİ sinifdə 5 saat, Vİİİ sinifdə 5 saat olmaqla, cəmi 10 saat və 0,25 st tərbiyəçilik saatı ilə təmin olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxx 2020-ci il tarixli, **********3 nömrəli məktubunun surətindən görünür ki, gimnaziyanın direktoru X5 tərəfindən 2019-2020-ci tədris ili üçün dərs bölgüsünün apaılmasında əmək qanunvericiliyinin tələbləri gözlənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Çünki, iddiaçı məhz cavabdehin direktoru tərəfindən dərs saatlarının əsassız azaldıldığını, həmçinin, hazırda cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya adlansa da, bu dəyişikliklə əlaqədar onunla məktəb rəhbərliyi arasında yenidən hər hansı müqavilə bağlanmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.22-ci bəndinə əsasən təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək təhsil sahəsində dövlətin vəzifələrindəndir. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2010-cu il tarixli, 215 nömrəli qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. İşin faktiki halları və təqdim olunmuş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2016-cı il tarixli, 723-1 nömrəli əmrinə uyğun olaraq diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Gimnaziyada keçirilən diaqnostik qiymətləndirmə zamanı İddiaçı ixtisası üzrə 40 baldan 18 bal toplamışdır. Bununla da, ona 18 bala əsasən 7 saat dərs yükü düşsə də, 15 saat riyaziyyat fənnindən və xx xxxx 2020-ci il tarixdə 30 nömrəli əmrə əsasən 2 saat fakultativ, əsas dərs yükü kimi verilmiş və ümumilikdə onun 17 saat dərs yükü olmuşdur. Bundan başqa, 2020/2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin İ-Xİ siniflər üzrə əsas tədris planı Azərbaycan Respublikası Təhsil nazirinin xx xxxxxxxx 2020-ci il tarixli, F-394 nömrəli əmrinə əsasən təsdiq edilmiş, habelə fənlər və siniflər üzrə saat bölgüsü aparılmış, o cümlədən Gimnaziyanın riyaziyyat müəllimi İddiaçı Vİİ sinifdə 5 saat, Vİİİ sinifdə 5 saat olmaqla, cəmi 10 saat və 0,25 st tərbiyəçilik saatı ilə təmin olunmuş, habelə bu müvafiq əmrlə rəsmiləşdirilmişdir. Eyni zamanda, məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən şəhər ümumi orta internat məktəbinin adı Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına dəyişdirildikdən, həmçinin ora yeni direktor, yəni X5 təyin edildikdən sonra İddiaçı ilə təhsil müəssisəsi arasında xx xxxxxxxx 2004-cü il tarixdə bağlanmış əmək müqaviləsində bu barədə dəyişikliklər aparılmış, o cümlədən bu dəyişiklik əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsi bildirişində öz əksini tapmışdır. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”ın 3-cü hissəsinə görə gimnaziyaların direktorları tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata qədər də dərs apara bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MM-nin 5.3-cü mddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, göründüyü kimi gimnaziyanın direktoru X5 tərəfindən 2019-2020-ci tədris ili üçün dərs bölgüsünün apaılmasında əmək qanunvericiliyinin tələbləri gözlənilmiş, 2020/2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin İ-Xİ siniflər üzrə əsas tədris planı müvafiq qaydada təsdiq edilmiş, habelə fənlər və siniflər üzrə saat bölgüsü aparılmış, o cümlədən Gimnaziyanın riyaziyyat müəllimi İddiaçı Vİİ sinifdə 5 saat, Vİİİ sinifdə 5 saat olmaqla, cəmi 10 saat və 0,25 st tərbiyəçilik saatı ilə təmin olunmuş, habelə bu müvafiq əmrlə rəsmiləşdirilmişdir. Bundan əlavə, iddiaçıya verilməli dərs yükü diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilmiş, bununla əlaqədar təhsil və ya əmək qanunvericiliyi pozulmamışdır. Belə olan halda, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı istisna edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı "dərs yükünün bərpa edilməsi, və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, iddianın “müəllimlərin dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdehdən tələb edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müəllimlərin dərs bölgüsü cədvəlinin tərtib olunması, habelə bununla əlaqədar müəyyən məlumatların verilməsi qaydası ilə əlaqədar müvafiq normativ hüquqi aktlar mövcud olmadığından, həmçinin bunun üçün dövlət ümumtəhsil məktəblərinin nizamnaməsinin mövcudluğu müəyyən edilmədiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Eyni zamanda, İddiaçı dərs yükünün müvafiq əmrlə rəsmiləşdirilməsi, habelə hazırda dərs yükünün azlığının bu iddia ilə mübahisələndirilməsi, iddiaçının müvafiq əmrdən məlumatlı olmasına yüksək dərəcədə dəlalət edir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddianın rədd edilməsi, eləcə də iddiaçının bu kateqoriya işlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilməsi rüsumla əlaqədar məsələdə nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı "dərs yükünün bərpa edilməsi və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-59/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-59/2021
10.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver