Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-6/2024 04.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-i tərəfindən onun mülkiyyətində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməklə, onun üçün yaratdığı maneənin cavabdehin hesabına aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun sonuncudan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli, 5-6 nömrəli qərarı və torpaq icarə müqaviləsi əsasında Siyəzən şəhəri, Şəhriyar küçəsində 0,01 ha torpaq sahəsi 99 il müddətinə onun icarəsinə verilmişdir. Bundan sonra, o, qanunvericiliyin tələblərinə uyğun olaraq, hüquqlarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müvafiq qaydada müraciət etmiş, müraciəti ilə əlaqədar, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən 26 may 2014-cü il tarixdə RX seriyalı, ******* nömrəli çıxarış, habelə həmin torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Müəyyən iqtisadi çətinliklərlə əlaqədar həmin torpaq sahəsini tam hasara ala bilməmiş, habelə bu yaxınlarda cavabdeh ASC-nin əməkdaşları onun icarə hüquqları qeydə alınmış torpaq sahəsinin içərisindən yüksək gərginlikli elektrik hava xətti çəkmiş, hətta bu xəttin bir dayağını sözügedən torpaq sahəsinin daxilinə basdırmışlar. Cavabdeh "xxxx" ASC-nin bu qanunsuz hərəkətləri barəsində qonşu torpaq sahəsinin icarəçisi X3 21 noyabr 2022-ci il tarixdə yazılı ərizə ilə "xxxx" ASC-yə müraciət etmiş, həmin müraciətə 27 dekabr 2022-ci il tarixdə verilmiş 6- 02/06/K-197/10228 saylı cavab məktubunda göstərilir ki, “ünvan 1 ünvanında yüksək gərginlikli elektrik veriliş xəttinin trassasının dəyişdirilməsi barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, yüksək gərginlikli elektrik veriliş xəttinin trassasının dəyişdirilməsi üçün “ASAN Xidmət” mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.” Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan hüquqları pozulmaqla mənafeyinə ciddi ziyan vurulmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş rəyə əsasən, hüquqlarını təmsil etdiyi şəxsin icarə hüquqları qeydiyyata alınmış sözügedən torpaq sahəsində elektrik xəttinə aid dayaqlar aşkar olunmasa da, həmin torpaq sahəsi üzərindən 6 kVt elektrik hava xəttinin keçməsi müəyyən edilmişdir. Odur ki, iddia ərizəsində cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması dedikdə, məhz yüksək gərginlikli elektrik xəttinin ərazidən kənarlaşdırılmasını nəzərdə tutmuşlar. Həmçinin, iddiaçı həmin torpaq sahəsini sahibkarlıq məqsədilə almaqla, orada ticarət obyekti inşa etdirmək niyyətində olmuşdur. Lakin, cavabdeh ASC tərəfindən yaradılmış maneələr nəticəsində iddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etmək imkanından məhrum olmuşdur. Habelə, o, özü də Siyəzən şəhər sakini olaraq bilir ki, həmin ərazidən 1985-ci ildə elektrik xətti keçməmiş, bu xətlər torpağın icarəsinə dair iddiaçı tərəfindən müvafiq sənədləşmələr aparıldıqdan sonra çəkilmişdir. Belə ki, həmin vaxt yüksək gərginlikli elektrik xətti torpaq sahəsinin mühafizə zolağından keçmiş olsaydı, nə bələdiyyə, nə reyestr orqanı müvafiq sənədləşmələri apara bilməzdi. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC-nə sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, Sumqayıt Apellyasiya Məhkəməsində təyin edilmiş məhkəmə iclaslarında iştirakları ilə əlaqədar hazırkı iclasda iştirak edə bilməyəcəklərini qeyd etməklə, iclasın nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, buna görə də məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən bələdiyyəsi sonuncu məhkəmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, buna görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahatında göstərmişdir ki, sözügedən ərazidə elektrik xətti 1985-ci ildə quraşdırılmış, habelə həmin dövrdə "xxxx" ASC mövcud olmamış, təmsil etdiyi təşkilat Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Bələdiyyə tərəfindən qeyd edildiyi kimi elektrik hava xətti 2018-ci ildə çəkilmiş olsaydı, mütləq bələdiyyə onlara yer ayırmalı idi. Habelə, təmsil etdiyi "xxxx" ASC-nin X1 etdiyi müraciətə cavab olaraq, sözügedən torpaq sahəsində 1985-ci ildə elektrik hava xətti çəkilməklə, köhnə taxta dirəklərin hazırda da ərazidə mövcud olması məlum olmuşdur. Həmçinin, əgər sözügedən xətt ləğv edilərsə, Siyəzən rayonunun ərazisinin çox hissəsinin elektrik enerjisi ilə təmin edilməsi mümkün olmayacaqdır. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən bələdiyyəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, sözügedən kondensator xətti rayonda ən dayanıqlı xətt hesab olunmaqla, əvvəllər oradan fiziki şəxslərə deyil, idarələrə elektrik paylanılmışdır. Siyəzən şəhər sakini kimi deyə bilər ki, 1980-ci illərdə kondensator xətti sözügedən ərazidən deyil, başqa ərazidən keçmiş, mübahisəli ərazidən 1985-ci ildə elektrik xətti keçməmiş, bu xətlər torpağın icarəsinə dair iddiaçı tərəfindən müvafiq sənədləşmələr aparıldıqdan sonra çəkilmişdir. Belə ki, həmin vaxt yüksək gərginlikli elektrik xətti torpaq sahəsinin mühafizə zolağından keçmiş olsaydı, nə təmsil etdiyi bələdiyyə, nə reyestr xidməti müvafiq sənədləşmələr apara bilməzdi. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 15 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-547/2024 nömrəli məktubla göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Siyəzən Bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli, 5-6 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərində yerləşən bir tərəfdən yol, digər tərəflərdən boş sahə ilə əhatə edilmiş, hasarlanmamış, təyinatı üzrə istifadə olunan 0,01 ha torpaq sahəsi ilə bağlı mübahisə olmamaqla, həmin sahədə icazəsiz tikililər mövcud olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 26 may 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı 99 il müddətinə icarəyə verilmiş və sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 03 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2- 3362/2023 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7770 nömrəli ekspert rəyindən görünür ki, Siyəzən şəhəri, Şəhriyar küçəsində icarə hüquqları ilə İddiaçı məxsus 0,01 ha torpaq sahəsindən 6 kVt elektrik xətti keçir və torpaq sahəsi bütovlükdə elektrik xəttinin mühafizəsinə düşür. Həmçinin, sözügedən torpaq sahəsində elektrik xəttinə aid dayaq aşkar edilməyərək, bu torpaq sahəsinin üzərindən 6 kVt elektrik hava xəttinin keçməsi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəməklə yanaşı, mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hesabına 95 manat vəsait ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sözügedən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin İİ hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Sözügedən Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmçinin, “İcarə haqqında “Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin İ hissəsinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Eyni zamanda, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanunun 22-ci maddəsində torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək icarəçinin hüququ kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iclasında işin faktiki halları, habelə tədqiq edilmiş mötəbər sübutlarla, eləcə də ekspert rəyi ilə müəyyən edildi ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə verildikdən sonra, 26 may 2014-cü il tarixdə müvafiq çıxarışa əsasən həmin torpaq sahəsinin üzərində onun icarə hüquqları qeydə alınmış, habelə qeydə alma zamanı sözügedən torpaq sahəsi ilə bağlı mübahisə olmamaqla, həmin ərazidə icazəsiz tikililər, habelə 6 kVt gərginlikli elektrik hava xətti mövcud olmamışdır. Lakin, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərində İddiaçı icarə hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, cavabdeh "xxxx" ASC-yə məxsus 6 kVt gərginlikli elektrik hava xəttinin həmin ərazidən keçməsi müvafiq ekspert rəyi ilə aşkar olmaqla, hazırkı işin təkzib olunmaz halıdır. Bununla da, İddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlməkdə haqlı olmuşdur. Göründüyü kimi İddiaçı dövlət qeydiyyatına alınmış icarə hüquqları əsasında istifadəsində olan daşınmaz əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 26 may 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərindəki 6 kVt elektrik hava xətti cavabdeh "xxxx" ASC-nin hesabına çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, iddianın “Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq zəbt edilməsi”nə dair hissəsinə münasibətdə qeyd edilir ki, müvafiq rəylərə əsasən, sözügedən ərazidə cavabdeh ASC-nin elektrik xəttinə aid dayaq aşkar edilmədiyinə, habelə orada torpaq sahəsinin faktiki zəbt halına rast gəlinmədiyinə görə iddia tələbinin həmin hissədə təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, qalan 50 %-i, yəni 25 (iyirmi beş) manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. Həmçinin, mütəxəssis rəyinin alınması, eləcə də, iddia tələbi üzrə ödənilmiş cəmi 195 (bir yüz doxsan beş) manat məhkəmə xərcinin 50%-i, yəni 97,50 (doxsan yeddi manat 50 qəpik) manatı cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 26 may 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərindəki 6 kVt elektrik hava xətti cavabdeh "xxxx" ASC-nin hesabına çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, qalan 50 %-i, yəni 25 (iyirmi beş) manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Mütəxəssis rəyinin alınması, eləcə də, iddia tələbi üzrə ödənilmiş cəmi 195 (bir yüz doxsan beş manat) məhkəmə xərcinin 50%-i, yəni 97,50 (doxsan yeddi manat 50 qəpik) manatı cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-6/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-6/2024
04.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver