Məhkəmə qərarları › İş №2(059)-62/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-62/2024

04.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-62/2024 04.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə, İddiaçı2 iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdən istifadəyə törədilən maneəyə son qoyulması məqsədilə həyətyanı torpaq sahəsindəki sənədsiz tikililərdən cavabdehlərin, onlara məxsus əmlakların və heyvanların çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdən istifadəyə törədilən maneəyə son qoyulması məqsədilə həyətyanı torpaq sahəsindəki sənədsiz tikililərdən cavabdehlərin, onlara məxsus əmlakların və heyvanların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı1 xüsusi mülkiyyətində olan Siyəzən rayonunun Zarat kəndində yerləşən 0,2003 ha həyətyanı torpaq sahəsindən, o cümlədən yaşadıqları sənədsiz tikililərdən cavabdehlərin və onlara məxsus əmlakların, habelə heyvan tövləsindən heyvanların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu Zarat kəndində 0,2003 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 135,4 kv.m ölçüdə olan fərdi yaşayış evi 06 iyul 2020-ci il tarixli çıxarışa əsasən İddiaçı1 şəxsi mülkiyyətindədir. Cavabdehlər mübahisəli torpaq sahəsində əvvəllər mövcud olmuş mal tövləsini sonradan qanunsuz yaşayış sahəsi kimi istifadə etməyə başlamış və dəfələrlə onlara xəbərdarlıq edilsə də həyətyanı torpaq sahəsindən çıxmayaraq, üstəlik onları 6 nəfərdən ibarət ailənin, o cümlədən İddiaçı1, Nümayəndə, X4, İddiaçı2, X6 və X5 əmlakdan istifadəsini məhdudlaşdıraraq, formal mövcud olan qonşuluq hüquqlarını qərəzli şəkildə pozurlar. Belə ki, hazırda cavabdehlərin qeyri-qanuni istifadəsində 0,2003 ha torpaq sahəsi üzərində təxminən sonradan yaşayış yerinə çevrilən 100 kv.m yaşadıqları tikili və 90 kv.m qoyun tövləsi vardır. Bundan başqa, cavabdehlərin xasiyyəti onların ailə üzvlərinin xasiyyəti ilə uyğun gəlmir. Belə ki, onlar Ali baş Komandanın əmri ilə Vətən Müharibəsində fədakarlıq göstərən ailə olduqları halda, cavabdehlər narkotik maddələrin satışı ilə əlaqədar cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərdir. Belə ki, hazırda narkotik maddələrlə əlaqədar cavabdeh X12 adlı oğlu tutularaq, cəzaçəkmə müəssisəsində cəza çəkir. Bununla da, cavabdehlərin onların həyətyanı torpaq sahəsinin xeyli hissəsini zəbt edərək özlərinə mal tövləsindən yaşayış yeri, habelə digər hissədə heyvan tövləsi tikmələri əmlaklarından istədikləri kimi istifadə etmələrini məhdudlaşdırır. Habelə, cavabdehlər onlarla tez-tez münaqişələrə yol verirlər və belə hallarda, Vətən Müharibəsində iştirak edən, kontuziya alan İddiaçı2, cavabdehlər tərəfindən məcburi münaqişəyə cəlb edilir və sonra da psixi sarsıntı keçirən Sadiqin ağrıları şiddətlənir. Eyni zamanda, İddiaçı2 üçün həyətyanı torpaq sahəsində ev inşa etdirib sonuncunu evləndirə bilmirlər. Bundan başqa, İddiaçı2 vərəsə kimi mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair əsaslar vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə iddia tələbini qismən müdafiə edərək izahatında bildirdi ki, əri İddiaçı1 məxsus torpaq sahəsindən istifadə edən və bu torpaq sahəsi üzərində inşa edilmiş tikililərdə yaşayan cavabdehlərin həmin sahələrdən və tikililərdən əmlakları ilə birlikdə çıxarılmasını tələb etsələr də, sonuncular artıq həyətdəki tövlədən heyvanlarını çıxardıqlarına görə həmin hissədə iddianı müdafiə etmirlər. Odur ki, göstərilən halların nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsinə, habelə çəkdikləri məhkəmə xərclərinin qarşı tərəfdən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, qismən müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı2 da, digər İddiaçı1 nümayəndəsi olan anası Nümayəndə ilə həmfikir olduğunu bildirərək, o, da iddianın qismən təmin edilməsi, yəni cavabdehlərin sözügedən sahələrdən və tikililərdən əmlakları ilə birlikdə çıxarılması, barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə verilmiş ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən 0,2003 ha torpaq sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 08 aprel 2024-cü il tarixli, 3-21-3-31/2-1280/2024 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2- 10/3878 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi K. Allahverdiyevin mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR Publik Hüuquqi şəxsi tərəfindən 06 iyul 2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı1 xüsusi mülkiyyətində olan, Siyəzən rayonunun Zarat kəndində yerləşən 0,2003 ha torpaq sahəsində, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 istifadə etdiyi 130 kv.m fərdi yaşayış evi və 109 kv.m olan yardımçı tikili (tövlə) (83.6 kv.m hissəsi yuxarıda qeyd olunan çıxarışa əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsində, 25.4 kv.m hissəsi isə İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir) mövcuddur. Cavabdehlərin istifadə etdiyi 130 kv.m fərdi yaşayış evi tam, 109 kv.m olan yardımçı tikilinin (tövlə) isə 83.6 kv. m hissəsi yuxarıda qeyd olunan çıxarışa əsasən, İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsində, 25.4 kv. m hissəsi isə İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir. Qeyd olunan tikililərin hüquqmüəyyənedici sənədləri yoxdur. Həmçinin, iddiaçının mülkiyyətində olan sözügedən torpaq sahəsi cavabdehlər tərəfindən 220,7 kv.m hissədə zəbt edilmiş və zəbt olunmuş ərazidə 130 kv.m fərdi yaşayış evi, 83,6 kv.m, 1,9 kv.m və 4,08 kv.m olmaqla yardımçı tikililər mövcuddur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan mötəbər maliyyə və digər sənədlərindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət edərkən nümayəndəsi Nümayəndə vasitəsi ilə bank xidmətlərinin göstərilməsinə və dövlət rüsumuna görə 100,40 manat xərc çəkməklə yanaşı, mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hesabına 95 manat vəsait ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, İddiaçı1 mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə iclasında işin faktiki halları, habelə tədqiq edilmiş mötəbər sübutlarla, eləcə də ekspert rəyi ilə müəyyən edildi ki, Siyəzən rayonu Zarat kəndi ərazisindən 0,2003 ha torpaq sahəsi 06 iyul 2020-ci il tarixdə İddiaçı1 mülkiyyətinə verilmiş, lakin, cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinin 220,7 kv.m hissəsini zəbt etməklə, torpaq sahəsinin bu hissəsinin üzərindəki 130 kv.m yaşayış sahəsindən, eləcə də, 83,6 kv.m, 1,9 kv.m və 4,08 kv.m yardımçı tikililərdən istifadə edərək, İddiaçı1 mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşlar. Bu səbəbdən də, İddiaçı1 yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən 0,2003 ha torpaq sahəsinin zəbt edilmiş 220,7 kv.m hissəsindən və torpaq sahəsinin bu hissəsinin üzərindəki 130 kv.m yaşayış sahəsindən, eləcə də, 83,6 kv.m, 1,9 kv.m və 4,08 kv.m yardımçı tikililərdən cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən əmlaka münasibətdə mülkiyyət hüququ olmayan İddiaçı2 mübahisəli daşınmaz əmlak üzərində subyektiv hüquqa, o cümlədən hüquqi ixtiyara malik olmadığından onun iddia tələbinin təmin edilməsi istisna edilir. Həmçinin, iddianın “cavabdehlərə məxsus heyvanların iddiaçının mülkiyyətindəki torpaq sahəsində yerləşən tövlədən çıxarılması”na dair hissəsinə münasibətdə qeyd edilir ki, heyvanlar həmin tikililərdən cavabdehləri özləri tərəfindən çıxarıldığından, eləcə də, tələb bu hissədə iddiaçılar tərəfindən müdafiə edilmədiyindən, təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, qalan 50 %-i, yəni 50 (əlli) manatı isə cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. Həmçinin, mütəxəssis rəyinin alınması, bank xidmətlərinin göstərilməsi, eləcə də, iddia tələbi üzrə ödənilmiş cəmi 195,40 (bir yüz doxsan beş manat 40 qəpik) məhkəmə xərcinin 50%-i, yəni 97,70 (doxsan yeddi manat 70 qəpik) manatı cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı1 xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən 0,2003 ha torpaq sahəsinin zəbt edilmiş 220,7 kv.m hissəsindən və torpaq sahəsinin bu hissəsinin üzərindəki 130 kv.m yaşayış sahəsindən, eləcə də, 83,6 kv.m, 1,9 kv.m və 4,08 kv.m yardımçı tikililərdən cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birlikdə çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, qalan 50 %-i, yəni 50 (əlli) manatı isə cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Mütəxəssis rəyinin alınması, bank xidmətlərinin göstərilməsi, eləcə də, iddia tələbi üzrə ödənilmiş cəmi 195,40 (bir yüz doxsan beş manat 40 qəpik) məhkəmə xərcinin 50%i, yəni 97,70 (doxsan yeddi manat 70 qəpik) manatı cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar