Məhkəmə qərarları › İş №2(059)-627/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-627/2025

06.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-627/2025 06.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi- vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və Cavabdeh6 qarşı “payların naturada bölgüsü, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətlərində olan əmlaklarının bölünməsini tələb edir, cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair hər hansı münasibət bildirməmişlər. İddia tələbi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və Cavabdeh6 qarşı “payların naturada bölgüsü, qiymətləndirilməsi və hərracda satılması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin paylara uyğun olaraq İddiaçı1, İddiaçı3, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızı, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızı və Cavabdeh6 arasında payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçıları tərəfindən onunla əsaslanıdırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil X11 məxsus olmuş, sonuncunun vəfatından sonra sözügedən mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 arasında müvafiq olaraq paylara bölünmüşdür. Vaqif Mahmudov vəfat etdikdən sonra isə payı, qanuna uyğun qaydada vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızı, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızı və Cavabdeh6 arasında paylara bölünmüşdür. Onlar özlərinə məxsus əmlakı satmaq üçün digər mülkiyyətçilərə yazılı ərizə ilə xəbərdarlıq etsələr də, qanunla nəzərdə tutulmuş müddət keçməsinə baxmayaraq, bununla razılaşmamışlar. Həmçinin qeyd edilmişdir ki, onlar kirayə evdə yaşamaqla yanaşı, maddi vəziyyətləri çox ağırdır. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızı, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızı və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, onlar məhkəmə hazırlıq və baxış iclaslarında iştirak etməmiş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 30 oktyabr 2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını, ekspertiza ilə əlaqədar vəsatətlərinin olacağını bildirmiş, bu məqsədlə məhkəmə iclası yenidən təxirə salınsa da, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, habelə iddiaçıların hər biri 10 sentyabr 2025-ci il tarixli ərizələri ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, yekun qərar qəbul edilməsini xahiş etmişlər. Buna görə də məhkəmə digər iddiaçıların, eləcə də, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq və baxış iclaslarında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2023-cü ildə qeyd edilən mübahisə ilə bağlı Siyəzən Rayon Məhkəməsinə müraciət etmişlər, iş ilə bağlı müvafiq ekspertizalar təyin edilmiş, həmçinin evin naturada bölünə bilinməyəcəyinə və evin qiymətləndirilməsinə dair ekspert rəyləri verilmişdir. Hazırda, hər iki ekspert rəyi ilə razıdırlar. Bundan başqa, cavabdehlər məqsədli şəkildə məhkəmə proseslərində iştirak etməyərək, işin baxılmasını uzadırlar. Belə ki, Cavabdeh3 İddiaçı1 “whatsap” tətbiqi vasitəsi ilə mesaj göndərərək, sözügedən evi onlara verməcəyini qeyd etmişdir. İddiaçı1 16 ildir kirayədə yaşasa da, bu mübahisələr sonuncunun qayınatası Vaqif Mahmudov vəfat etdikdən sonra başlamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, mərhum əri X1 Respublikası ərazisində vəfat etmiş, habelə qeyd olunan dövlət tərəfindən onlara kompensasiya verilməli olmuş, habelə bu sənədin imzalanması qarşılığında mərhum qayınatası ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin 1/4 hissədə ona pay verilməsini istəmişdir. Bundan başqa, o, 16 ildir övladları ilə birlikdə Bakı şəhərində kirayə evdə yaşayır. Belə ki, əri vəfat edərkən qızının 1 yaşı olmuş, elə həmin vaxtdan maddi çətinliklə dolanmışdır. Mübahisəli mənzilin satılaraq, onlara veriləcək pay ilə özlərinə ev almaq, kirayə üçün verdiyi pulu yeni almaq istədiyi evin ödənişinə vermək niyyətindədir. Habelə, sözügedən mənzildə hazırda heç kim yaşamır. Belə ki, mənzilin qayınanası olan Cavabdeh1, qızı Cavabdeh3 və oğlu Cavabdeh6 ilə birlikdə Bakı şəhərində yaşayırlar. Həmçinin, Cavabdeh3 hazırki mübahisə barədə bildirdiyində, sonuncu bütün işlərini vəkilə həvalə etdiyini bildirib, “sonra danışarıq” deyə cavab vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını iddiaçı Kamala Mahmudovanın və onun nümayəndəsivəkilinin məhkəmə hazırlıq və baxış iclaslarında verdikləri izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 28 aprel 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 39,7 kv.m, yaşayış sahəsi 29,3 kv.m, yardımçı sahəsi 10,4 kv.m olan 2 otaqdan ibarət Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzili hər birinə 1/4 hissədə olmaqla, İddiaçı1, İddiaçı3, İddiaçı2 və mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(059)- 249/2023 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-292/2024 saylı qətnamələrindən görünür ki, mərhum X2 miras qalmış Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3-cü mənzilinin 1/4 hissəsinə münasibətdə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 1/7 hissədə paylarının müəyyən edilməsi və iddiaçılar Cavabdeh1, eləcə də Cavabdeh3 onlara aid hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Siyəzən rayon Dövlət Notariat Ofisinə həvalə edilməsi, mərhum X2 miras qalmış həmin miras kütləsinin 1/4 hissəsindən mərhum X8 çatası 1/7 hissəyə münasibətdə vərəsələri cavabdehlər İddiaçı3 və İddiaçı2 bərabər (hər bir vərəsəyə 1/2 hissədə) şəkildə paylarının müəyyən edilməsi qət edilmiş, qətnamədən iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. İşdə olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və Cavabdeh6 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçılar bu məktubda ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilin özlərinə məxsus paylarını satmaq niyyətində olduqlarını mülki qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdar etmiş, bunu ilk olaraq cavabdehlərə təklif etmişlər, həmçinin sözügedən məktuba 5 gün rəsmi cavab verilməli olmasını, əks halda, həmin müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmalarını bildirmişlər. İş materiallarında olan poçt qəbzindən görünür ki, həmin bildiriş məktub xx.xx.2025ci ildə Cavabdeh1 tərəfindən qəbul edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(059)-3/2024 saylı qətnaməsindən və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-357/2025 saylı qərardadından görünür ki, İddiaçı1 cavabdehlər İddiaçı3, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və Cavabdeh6 qarşı "payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, habelə sözügedən qətnamədən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh3 nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(059)-3/2024 saylı qətnaməsi ləğv edilməklə, İddiaçı1 cavabdehlər İddiaçı3, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və Cavabdeh6 qarşı "payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması" tələbinə dair iddiası baxılmamış saxlanmışdır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174083 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda ürək çatmamazlığından ölmüş, bu barədə 31 avqust 2021-ci il tarixdə 199 nömrəli akt qeydi tərtib olunmuşdur. İddia tələbindən görünür ki, iddia tələbi 3 hissədən ibarətdir: 1) əmlakın naturada bölünməsi 2) qiymətləndirilməsi 3) hərracda satılması Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, 152.1-ci maddə). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllə, 213.1-213.3-cü maddələr). Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5- 215.6-cı maddələr). Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. İlk növbədə qeyd olunmalıdır ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllə, 220.4-cü maddə). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadında formalaşdırılan hüququ mövqeyə görə əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması İşin araşdırılan hallarından görünür ki, ünvan 3 ünvanında olan 3 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X8 məxsus olmuş, onun vəfatından sonra əmlak hər birinə 1/4 hissə pay müəyyən edilməklə X3 (atası), X6 (arvadı), İddiaçı2 (qızı) və İddiaçı3 (oğlu) xüsusi mülkiyyətinə verilmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən həmin əmlak üzərində olan 1/4 hissə payına müasibətdə Siyəzən Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(059)-249/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 1/7 hissədə paylarının müəyyən edilməsi və iddiaçılar Cavabdeh1, eləcə də Cavabdeh3 onlara aid hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Siyəzən rayon Dövlət Notariat Ofisinə həvalə edilməsi, mərhum X2 miras qalmış həmin miras kütləsinin 1/4 hissəsindən mərhum X8 çatası 1/7 hissəyə münasibətdə vərəsələri cavabdehlər İddiaçı3 və İddiaçı2 bərabər (hər bir vərəsəyə 1/2 hissədə) şəkildə paylarının müəyyən edilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-292/2024 saylı qətnaməsi ilə qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X16 və həmin şöbənin icra məmuru X9 tərəfindən 26 avqust 2024-cü il tarixdə tərtib edilmiş, eləcə də, sonuncular və həmin şöbənin icra məmuru X10 tərəfindən 10 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş aktların sürətlərində görünür ki, 06 avqust 2024-cü il tarixli, 2(059)-249/2023-022 saylı icra işinin icrası ilə əlaqədar 26 avqust 2024-cü il tarixə təyin edilmiş icra tədbiri Cavabdeh2 iştirak etməməsi, 10 sentyabr 2024-cü il tarixə təyin edilmiş icra tədbiri isə tədbiri Cavabdeh3 iştirak etməməsi səbəbindən təxirə salınmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, ünvan 3 ünvanında olan 3 saylı mənzil üzərində İddiaçı1 - 14/56 pay, İddiaçı2- 15/56 hissə İddiaçı3, 15/56 pay Cavabdeh1- 2/56 pay, Cavabdeh2 -2/ 56 pay, Cavabdeh3 -2/56 pay, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızının- 2/56 pay, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızının-2/56 pay və Cavabdeh6 - 2/56 payı mövcuddur. İşin araşdırılan hallarından görünür ki, ilk dəfə məhkəmə iclasında hazırki mübahisəyə baxılan zaman iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 03 fevral 2023-cü il tarixli, 10/7972 nömrəli rəy verilmişdir. Həmin rəydən görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı 3 saylı mənzilinin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq, naturada bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun 4 bərabər hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Qeyd olunan ekspert rəyi iddiaçılar tərəfindən qəbul edilmiş, mübahisələndirilməmiş və sübut kimi qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlər məhkəməyə teleqram göndərərək yeni ekspertiza keçirilməsi tələbləri olduqlarını bildirsələr də, hansı növ ekspertiza keçirilməsi ilə bağlı tələb irəli sürməmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, evin natura bölünüb-bölünməməsi məsələsi ilə bağlı ekspert rəyi var və bu hal sonradan dəyişə biləcək hallar sırasına daxil deyil (məsələn evin qiymətinin artıb-artmasmı halı kimi və s.) o zaman həmin rəy sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadında formalaşdırılan hüququ mövqeyə görə araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Məhkəmə qeyd edir ki, mülki iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olsa da, işdə olan qanuni qüvvəsini almış qətnamələrdən görünür ki, tərəflər arasında paylı mülkiyyətdə olan əşyanın bölünməsinə dair mübahisə 2023-cü ildən başlamış, hazırki iş üzrə cavabdehlər məhkəmə iclasıda iştirak etməmiş və əşya üzərində mülkiyyəti davam etdirmək istəmələrinə dair hər hansı tələb irəli sürməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərardadında formalaşdırılan hüququ mövqeyə görə mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir. Məhkəmə əşyanın hərracdan satılması ilə bağlı qeyd edir ki, işdə olan “X7” MMCnin 21 avqust 2023-cü il tarixli, 44 nömrəli məhkəmə qiymətləndirmə ekspertizasına dair rəyindən görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı 3 saylı mənzilinin orta bazar qiyməti təxminən 29 800 manat müəyyən edilmişdir. Qeyd olunan ekspert rəyi iddiaçılar tərəfindən qəbul edilmiş, mübahisələndirilməmiş və sübut kimi qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl satın almaqda üstünlük hüququnun həyata keçirilməsi məqsədilə cavabehlərə yazılı bildiriş göndərilmiş, həmin bildiriş cavabdehlər tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, qanunun tələblərinə əsasən 45 (qırx beş) gün keçsə də onlar bu hüquqlarından istifadə etməmişlər. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı 3 saylı mənzili açıq hərracdan satılmalı, ilkin satış qiyməti 29800 manat müəyyən edilməli, satışdan əldə olunan pul iddiaçılar və cavabdehlərin paylarına uyğun aralarında bölünməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 09 sentyabr 2025-ci il tarixli ödəniz qəbzindən görünür ki, iddiaçılar məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişlər. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş məhkəmə xərcləri cavabdehlərdən tələb edilmədiyindən ödənilmiş 100 manat məhkəmə xərci onların özlərinə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 25 nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı 3 saylı mənzili açıq hərracdan satılmalı, ilkin satış qiyməti 29800 manat müəyyən edilməli, satışdan əldə olunan pul iddiaçılar və cavabdehlərin paylarına uyğun, yəni İddiaçı1 - 14/56 pay, İddiaçı2- 15/56 hissə İddiaçı3, 15/56 pay Cavabdeh1- 2/56 pay, Cavabdeh2 -2/ 56 pay, Cavabdeh3 -2/56 pay, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızının- 2/56 pay, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızının-2/56 pay və Cavabdeh6 - 2/56 paya uyğun aralarında bölünməli, iddia qalan hissədə təmin edilməməli, iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 25 nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı 3 saylı mənzili açıq hərracdan satılsın və satışdan əldə edilmiş pul paylara uyğun, yəni 14/56 hissədə İddiaçı1, 15/56 hissədə İddiaçı2, 15/56 hissədə İddiaçı3, 2/56 hissədə Cavabdeh1, 2/56 hissədə Cavabdeh2, 2/56 hissədə Cavabdeh3, 2/56 hissədə Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, 2/56 hissədə Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına, 2/56 hissədə Cavabdeh6 ödənilsin. Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 25 nömrəli evin yaşayış sahəsi 29,3 kv.m, yardımçı 10,4 kv.m, ümumi sahəsi 39,7 kv.m olan iki yaşayış otaqlı 3 saylı mənzilin ilkin satış qiyməti 29800 (iyirmi doqquz min səkkiz yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar