Məhkəmə qərarları › İş №2(059)-64/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-64/2022

17.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-64/2022 17.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 34 saylı evin 11-ci mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, doğulduğu 22 avqust 1958-ci il tarixdən hal-hazıradək Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 34 saylı evin 11-ci mənzilində yaşayır. Valideynləri, eləcə də bacı-qardaşları da bu mənzildə yaşamışlar. Cavabdeh bacısı Cavabdeh1 1963-cü ilin may ayında doğulmaqla, 28 iyul 1988-ci il tarixdə evlənərək ünvan 1 ünvanında yerləşən ər evinə gəlin köçmüş və həmin vaxtdan da bu evdə yaşamaqdadır. Digər cavabdeh bacısı Cavabdeh2 da 1968-ci ildə sözügedən evdə doğulmaqla, 18 iyul 1992-ci il tarixdə evlənərək ər evinə köçmüş, həmin vaxtdan etibarən Siyəzən şəhəri, Gənclik qəsəbəsində yerləşən uşaq bağçasında yaşayır. Bütün bacı-qardaşları evləndikdən sonra mübahisə predmeti olan mənzili 23 aprel 2015-ci il tarixdə öz adına dövlət qeydiyyatından keçirmişdir. Cavabdehlərin qeydiyyat yeri mülkiyyət hüququ ilə ona məxsus olan mənzil olsa da, həmin şəxslər faktiki olaraq, Siyəzən şəhərində başqa ünvanlarda ailələri ilə birlikdə yaşayırlar. Cavabdehlərdən mənzilində qeydiyyatdan çıxmalarını tələb etsə də, onlar buna etinasız yanaşdıqları üçün Siyəzən rayon Polis Şöbəsinə müraciət etmiş, lakin oradan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə qeydiyyatda olmaları formal xarakter daşımaqla, faktiki vəziyyəti əks etdirmir və bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 1968-ci ildə Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 34 saylı evin 11-ci mənzilində doğulmuş, 18 iyul 1992-ci il tarixdə evlənərək əri ilə birgə Siyəzən şəhəri, Gənclik qəsəbəsində yerləşən uşaq bağçasına köçmüş və həmin vaxtdan halhazıradək orada yaşamaqdadır. Şifahi müraciətinə cavab olaraq, uşaq bağçasında qeydiyyata alınmasının mümkün olmaması ona bildirilmişdir. Əgər gələcəkdə yaşadığı evə dair çıxarış alsa, qeydiyyatdan çıxmağa razı olar. Odur ki, hazırda iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə hüquqlarını təmsil etdiyi şəxsin izahatına uyğun, eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməsə də, ərizə ilə məhkəməyə müraciət edərək xəstəsi olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, qətnamə qəbul edilməsini xahiş etmiş, buna görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, Cavabdeh1 ərizəsində iddia tələbini qəbul etdiyini göstərib, ona münasibətdə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını qeyd etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, digər Cavabdeh2 iddia tələbini qəbul etmədiyindən aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 23 aprel 2015-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 34 saylı evin 30 kv.m yaşayış, 12,5 kv.m yardımçı, 42,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı 11-ci mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********15-05101-093011 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RİH-in Mənzil İstismar Sahəsi tərəfindən 18 noyabr 2021-ci il tarixdə verilmiş, 778 nömrəli, eləcə də Siyəzən RİHB-in Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən eyni tarixdə verilmiş 2143 və 2144 nömrəli arayışlardan görünür ki, tərəflər Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 34 saylı evin 11-ci mənzilində qeydiyyatdadırlar. Eyni zamanda, Cavabdeh1 ünvan 3 ünvanda yaşasa da, Cavabdeh2 ünvan 4əti yaşayır. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin 30 sentyabr 2021-ci il tarixli, 183-10158T-3221 nömrəli məktubundan görünür ki, vətəndaşların qeydiyyata düşməsi və çıxması qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunda könüllülük prinsipləri ilə həyata keçirilir. Odur ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki məsələ kimi baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan 19 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-bülluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Beləliklə, məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olundu ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 34 saylı evin 30 kv.m yaşayış, 12,5 kv.m yardımçı, 42,5 kv.m ümumi sahədən ibarət 2 otaqlı 11-ci mənzili 23 aprel 2015-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər mübahisəli mənzildə qeydiyyatda olsalar da, Cavabdeh1 28 iyul 1988-ci il tarixdə Cavabdeh2 isə 18 iyul 1992-ci il tarixdə evlənərək oranı tərk edib, yaşamaq üçün başqa ünvana getmiş və onların mübahisəli mənzillə bir daha əlaqələri olmamışdır. Belə ki, Cavabdeh1 evləndikdən sonra ünvan 3, Cavabdeh2 isə şəhərin 5 saylı Uşaq bağçasına köçərək uzun illər həmin ünvanlarda daimi olaraq yaşamış və hazırda da yaşamaqda davam edirlər. Göründüyü kimi, cavabdehlər mübahisəli mənzili tərk edərək daimi yaşayış yerinə malik olmuşlar ki, bu da mənzil qanunvericiliyinə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə) əsasən onların mübahisə predmeti olan mənzilə olan istifadə hüquqlarının itirilməsinə əsas verir. Nəticədə, cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının hüquqlarını məhdudlaşdırır və sonuncunun mənzilə dair hüquqlarını həyata keçirməsinə mane olur. Həmçinin, cavabdehlər yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifələrini də yerinə yetirmirlər. Bununla belə, cavabdehlər mübahisəli mənzili müvafiq olaraq 1988-ci və 1992-ci illərdə tərk edənədək oranın keçmiş sahibləri olan valideynləri ilə birgə yaşamaqla, ümumi təsərrüfat idarə etdiklərindən onların həmin mənzildən iddiaçı ilə birlikdə istifadə hüquqları yaranmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı məqamda, cavabdehlərin mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi institutunun zəruri olduğu təəssüratı yaransa da, belə bir institutun tətbiqi üçün əsasların yaranması məhkəmə iclaslarında müəyyən edilməmişdir. Çünki, kompensasiya institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, evdən (mənzildən) istifadə hüquqlarına xitam verilən, başqa sözlə evdən (mənzildən) çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Qanunverici belə kompensasiyanın verilməsini yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkün hesab edir. Hazırda, mübahisəli mənzildə istifadə hüququnu əldə etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinin də, etiraf etdikləri kimi uzun müddət oradan istifadə etmədikləri və davamlı surətdə, daimi olaraq başqa yerdə yaşadıqları müəyyən edilmişdir. Əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Qeyd olunan bu bənzər, eləcə nəticələri uyğun olan hala, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında hüquqi qiymət vermiş, o cümlədən mövqeyini əsaslandırmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinin həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı hüquqları müdafiə olunmalı, onun əmlakından maneəsiz istifadə etmək hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 34 saylı evin 11-ci mənzilinə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 34 saylı evin 11-ci mənzilinə istifadə hüquqlarına xitam verilsin. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar