Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-645/2024 25.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı " əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki işə Siyəzən şəhərində, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsinə dair cavabdeh ASC tərəfindən tərtib olunmuş 27 mart 2024-cü il tarixli, 199/X nömrəli əmrin ləğv edilməklə işə bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, 23 avqust 2023-cü il tarixdə "xxxx" ASC-yə Təhlükəsizlik şöbəsinin biogüvənliyə nəzarət şöbəsinə nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" ASC-də qanunsuzluqların baş alıb getməsi və işçilərin hüquqlarının pozulması ilə əlaqədar dəfələrlə müəyyən qurumlara şikayət etmişdir. Belə ki, əmək müqaviləsində onun, eləcə də onun kimi 30-dək işçinin iş rejimi 6 gün qeyd olunsa da, müəssisə onları növbəli qrafik ilə işlətmiş, həmin iş saatlarından artıq işə cəlb olunmaqla, iki gün gündüz, iki gün gecə vaxtı işləmişlər. Habelə, iş vaxtından əlavə işlədilən saatlara, eləcə də, gecə vaxtı görülən işlərə görə müəssisə tərəfindən onlara əlavə ödənişlər həyata keçirilməmişdir. O, qeyd edilənlərlə bağlı “142” saylı Çağrı Mərkəzinə zəng etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Quba-Xaçmaz rayonu üzrə filialına çağırılmaqla, orada ətraflı izahat vermiş, habelə oradan ona köməklik göstəriləcəyi bildirilmişdir. O, sonradan əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü ilə əlaqədar müavinət ödənişini də müəssisədən ala bilməmişdir. Habelə, qalan işçilərin hər birinin əmək müqaviləsinin müddəti uzadılsa da, təkcə onun müqaviləsinin müddətini uzadılmamışdır. O, işçilərin hüquqlarını qoruduğu halda özü işdən azad edilmişdir. Çünki cavabdeh ASC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddələrinin tələbləri kobud şəkildə pozulur. Belə ki, cavabdeh şirkətdə əmək müqaviləsinin müddəti bitən bütün işçilərin əmək müqavilələrinin müddəti uzadılsa da, onun əmək müqaviləsinə 27 mart 2024-cü il tarixdə 199/X nömrəli əmrə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “b” maddəsinə uyğun olaraq qərəzli şəkildə xitam verilmişdir. O, evli olmaqla, himayəsində azyaşlı övladı var. Həmçinin, başqa qazanc yeri yoxdur və maddi vəziyyəti qənaətbəxş deyildir. Həmçinin işlədiyi illər ərzində heç bir əmək və icra intizamını pozmamış, əmək funksiyasını və əmək müqaviləsindən irəli gələn bütün öhdəlikləri daim yerinə yetirmişdir. Bu səbəbdən də, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Düşünür ki, o, heç bir səbəb və əsas olmadan qanunsuz olaraq, müəssisə rəhbərliyinin qərəzli mövqeyi nəticəsində işdən azad olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, 14 avqust 2023-cü il tarixdən cavabdeh "xxxx" ASC-də əmək fəaliyyətinə başlamasına rəğmən, onun şikayətindən sonra əmək münasibətləri 23 avqust 2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Habelə, 28 noyabr 2023-cü il tarixdə həmin əmək müqaviləsinin müddəti 23 fevral 2024-cü il tarixədək uzadılmışdır. Onun cavabdeh şirkətdə baş verən qanun pozuntuları ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya çoxsaylı şikayətləri ilə bağlı əmək müqaviləsinin müddəti başa çatan digər işçilərlə müqavilənin müddəti uzadılmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmamış, 27 mart 2024-cü il tarixdə qanunsuz şəkildə işdən azad edilmişdir. Habelə, bunun səbəbi onun müəssisədə işçi hüquqlarının pozulması ilə əlaqədar çoxsaylı müraciətlər etməsidir. Bu müraciətlərin nəticəsində hazırda müəssisədə işəyən işçilər bayram mükafatları alsalar da, o, qanunsuz olaraq işindən azad edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 23 avqust 2023-cü il tarixdə Cəmiyyətin 660/Q-15 nömrəli əmrinə əsasən, "xxxx" ASC-nin “Biogüvənliyə nəzarət şöbəsinə” biogüvənlik üzrə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddətinin 23 fevral 2024-cü il tarixdə bitməsi ilə əlaqədar isə qanunvericiliyə uyğun olaraq ona xəbərdarlıq edimişdir. Bundan sonra, iddiaçı 15 fevral 2024-cü il tarixdən 15 gün müddətinə əmək məzuniyyətində olmuş, 27 fevral 2024-cü il tarixdən isə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı 20 mart 2024-cü il tarixədək xəstəlik vərəqəsi təqdim etmişdir. Xəstəlik vərəqinin ilk 14 gününə düşən müavinəti müəssisə tərəfindən, digər qalan günləri isə DSMF tərəfindən ödənişə göndərilmişdir. Xəstəlik vərəqinin bitmə tarixi bayram günlərinə təsadüf etdiyindən günlər uzadılaraq, işçinin əmək müqaviləsinə 27 mart 2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən 199/X nömrəli əmrlə xitam verilmişdir. Bundan başqa, iddiaçının müəssisədə baş vermiş qanun pozuntuları barədə şikayətləri əsasında araşdırma aparılmış və sonuncunun qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, şahid X2 ifadəsində göstərdi ki, o, 2023-cü ilin aprel ayından noyabr ayınadək "xxxx" ASC-də mühafizəçi vəzifəsində işləmiş, habelə o, sözügedən müəssisədə işləyərkən İddiaçı 2023-cü ilin yay fəslində orada işə qəbul edilmişdir. Həmçinin, o, 2023cü ilin noyabr ayında "xxxx" ASC-də işdən azad edildiyi vaxt İddiaçı həmin müəssisədə işləmiş, sonuncuya qarşı ASC tərəfindən qərəzli münasibətin şahidi olmamaqla, onun qanunsuz işdən azad edilməsindən məlumatı olmamışdır. X1 ifadəsində göstərdi ki, o, 28 fevral 2023-cü il tarixdən 2024-cü ilin mart ayınadək "xxxx" ASC-də nəzarətçi vəzifəsində işləmişdir. Dəqiq tarixini xatırlamasa da, İddiaçı 2023cü ilin yay aylarında işə başlamışdır. Nurlan işdən çıxanda artıq sözügedən müəssisədə işləməmişdir. Lakin, Nurlanla söhbət zamanı sonuncu işdən qərəzli və qanunsuz şəkildə azad olunduğunu ona bildirmişdir. Bununla belə, iddiaçının işdən çıxarılmasından təfərrüatlı məlumatı olmamışdır. İş vaxtı artıq işlərə cəlb olunmuş, iş vaxtından artıq işlədiklərinə görə onlara əmək haqqı ödənilməmişdir. İşdə olan sənədlərdən, o cümlədən 23 avqust 2023-cü il tarixli əmrin və eyni tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 23 avqust 2023-cü il tarixdən ərizəsinə əsasən, 3 ay 1 gün müddətinə, yəni 23 noyabr 2023-cü il tarixədək "xxxx" ASC-də “biogüvənlik üzrə nəzarətçi” vəzifəsinə təyin edilmişdir. Eyni zamanda, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 23 avqust 2023-cü il tarixdə bağlanmış sözügedən əmək müqaviləsinin 9.1-9.2-ci bəndlərində göstərilmişdir ki, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68,69,70,73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İşəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. İşdə olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı 28 noyabr 2023-cü il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC-də 23 avqust 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti 23 fevral 2024-cü il tarixədək uzadılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən 06 fevral 2024-cü il tarixdə tərtib edilmiş və 09 fevral 2024-cü il tarixdə İddiaçı lazımi qaydada çatdırılmış bildirişin surətindən görünür ki, sonuncu ilə bağlanmış əmək müqaviləsinin müddəti 23 fevral 2024-cü il tarixdə qurtardığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviləsi üzrə müansibətlərin tərəflərindən növbəti dövr üçün davam etdirilməyəcəyi, 23 fevral 2024-cü il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi və ona əmək qanunvericiliyinin tələblərinə uyğun son haqq-hesab apılaracağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan əmək qabiliyyətinin olmaması barədə vərəqələrin surətlərindən görünür ki, İddiaçı 27 fevral 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək ümumi xəstəlik səbəbindən sosial məzuniyyətdə olmuşdur. İşdə olan 10 fevral 2024-cü il tarixli, 104/M nömrəli əmrin surətindən görünür ki, İddiaçı 23 avqust 2023-23 avqust 2024-cü iş ilinə görə 15 fevral 2024-29 fevral 2024-cü il tarixlərində 15 təqvim günü müddətinə növbəti əmək məzuniyyəti verilmiş, habelə işçi 01 mart 2024cü il tarixdən işdə hesab edilmişdir. İşdə olan 27 mart 2024-cü il tarixli, 119/X nömrəli əmrin surətindən görünür ki, "xxxx" ASC-nin Təhlükəsizlik şöbəsinin Biogüvənliyə nəzarət şöbəsi bölməsində “Biogüvənlik üzrə nəzarətçi vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. İşdə olan 26 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b”, 11-ci maddəsinin İ hissəsinin “a” bəndinə əsasən müvafiq olaraq əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək əmək müqaviləsi və əmək münasibətləri sahəsində işçi və işəgötürənin hüquqlarındandır. Qeyd olunan Məcəllənin 43-cü maddəsinin İ və İV hissələrinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 47-ci maddəsinin "f" bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər (Əmək müqaviləsinin 2.3-cü bəndində bu hal nəzərdə tutulmuşdur). Bu Məcəllənin 68-ci maddəsinin İİ hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinin 12 avqust 2024-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinin İİ hissəsinin 12 avqust 2024-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş işəgötürən tərəfindən xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yenə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. İşin faktiki hallarına, tərəflərin izahatlarına əsasən məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 23 avqust 2023-cü il tarixdən ərizəsinə əsasən 3 ay 1 gün müddətinə, yəni 23 noyabr 2023-cü il tarixədək "xxxx" ASC-də biogüvənlik üzrə nəzarətçi vəzifəsinə təyin edilmiş, habelə 28 noyabr 2023-cü il tarixdə həmin əmək müqaviləsinin müddəti 23 fevral 2024-cü il tarixədək uzadılmışdır. Əmək müqaviləsinin müddəti 23 fevral 2024-cü il tarixdə qurtardığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviləsi üzrə münasibətlərin davam etdirilməyəcəyi və 23 fevral 2024-cü il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi barədə "xxxx" ASC tərəfindən İddiaçı 06 fevral 2024-cü il tarixdə bildiriş göndərilmiş və həmin bildiriş 09 fevral 2024-cü il tarixdə sonuncuya çatdırılmışdır. Habelə, 15 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək 15 təqvim günü müddətinə növbəti əmək məzuniyyətində olmuş İddiaçı 27 fevral 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək ümumi xəstəlik səbəbindən sosial məzuniyyətdə olmuş, eyni zamanda, 20-27 mart tarixləri arası bayram günlərinə təsadüf etdiyindən, 27 mart 2024-cü il tarixdə iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, İddiaçıla cavabdeh "xxxx" ASC arasında müqavilə müddətli bağlanmış, həmin müddət bitdiyinə görə də əsaslı olaraq 27 mart 2024cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin İİ hissəsinə əsasən işdən çıxarılmışdır. Belə olan təqdirdə, iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Çünki, qeyd olunan müqavilə bağlanarkən iddiaçı iradəsini sərbəst ifadə etmiş, habelə onun iradəsi bu və ya digər formada təhrif edilməmişdir. Bundan əlavə, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin növbəti dəfə uzadılmayaraq, əmək müqaviləsinə xitam verilməsini özünün müəssisədə baş verən qanunsuzluqlara bağlı etdiyi şikayətlərlə əlaqələndirsə də, o, istinad etdiyi bu halların real olmasını sübut edə biləcək mötəbər əsaslara malik olmamış, habelə, qeyd etdiyi halların təsdiq edilməsindən ötrü sonuncunun vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlər müəssisədə işlədikləri müddətdə müəssisə rəhbərliyi tərəfindən iddiaçıya qarşı qərəzli münasibətin bilavasitə şahidi olmadıqlarını bildirmiş, habelə, iddiaçı müəssisədə işdən azad edilərkən məhkəmə iclasında ifadə vermiş şahidlərin heç biri artıq "xxxx" ASCdə işləməmişlər. Bütün bunlar da, İddiaçı istinad etdiyi bu halların yalnız özünün şəxsi mülahizələrdən ibarət olduğuna dəlalət edir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı " əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Sözügedən Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddianın rədd edilməsi, eləcə də iddiaçının bu kateqoriya işlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilməsi rüsumla əlaqədar məsələdə nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat məhkəmə xərci iddia rədd edildiyinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı " əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-645/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-645/2024
25.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver