Məhkəmə qərarları › İş №2(059)-699/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-699/2021

21.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-699/2021 21.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı "işə bərpa olunma" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı "işə bərpa olunma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mübahisə əmək münasibətlərindən irəli gəlir, buna baxmayaraq, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya yolu ilə həlli üzrə mediasiya prosesində iştiraka dair hər hansı sənəd təqdim etməmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin V hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İ və İİ hissələrinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd olunan Qanunun 27-ci maddəsinin İ hissəsinin İ bəndinə əsasən fərdi əmək münasibətlərindən irəli gələn mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Bu Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Bu Məcəllənin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Eyni zamanda, “Siyəzənneft” NQÇİ cavabdehlər siyahısında göstərilsə də, NQÇİ hüquqi şəxs olmamaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994cü il tarixli, 13 saylı əmrinə əsasən Quruda Neft və X1 tərkibində yaradılmış, 08 aprel 2003-cü il tarixli, 28 saylı əmr əsasında isə "Azneft" İstehsalat Birliyinin tərkibinə verilmişdir. Bu isə qeyd olunan cavabdehin formal cəhətdən sözügedən siyahıya daxil edildiyinə dəlalət etməklə, yanaşı bunun hazırkı mübahisəyə Siyəzən Rayon Məhkəməsində baxılmasına hüquqi əsas formalaşdırmaq niyyətinin olması təəssüratını yaradır. Halbuki, “Siyəzənneft” NQÇİ əsasnamə əsasında "Azneft" İstehsalat Birliyinin tərkibində olan təşkilat (nümayəndəlik) funksiyalarını həyata keçirir və hüquqi şəxs deyildir. Buna görə də mülki və mülki prosessual qanunvericiliyə əsasən nümayəndəlik funksiyasını həyata keçirdiyindən bu qurumun mülki hüquq münasibətlərində subyekt kimi, o cümlədən cavabdeh kimi iştirakı istisna edilir. İş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsi isə işə ağlabatan müddətdə baxılmasında yarana biləcək çətinliyin aradan qaldırılmasına və şəxsin pozulmuş hüquqlarının səmərəli, habelə daha tez bərpa edilməsinə şərait yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Beləliklə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizələrinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla ərazi aidiyyəti üzrə məhkəməyə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı "işə bərpa olunma" tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar