Məhkəmə qərarları › İş №2(059)-71/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-71/2024

29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-71/2024 29.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə Ərizəçi "doğum faktının müəyyən olunmasına" dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Şahid3 ilə Şahid4 birgə nikahından 01 iyun 2005-ci il tarixdə Siyəzən rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 01 iyun 2005-ci il tarixdə Siyəzən rayonunda ev şəraitində doğulmaqla, atası Şahid3, anası isə Şahid4dır. O, ev şəraitində doğulduğu üçün doğumu təsdiq edən tibbi arayışın olmaması səbəbindən, bu vaxta qədər onun doğumu dövlət qeydiyyatına alınmamışdır. Atası Şahid3 onun doğumunun dövlət qeydiyyatına alınması üçün Maraqlı şəxsnə müraciət etdikdə, qeydiyyat şöbəsindən doğumunu təsdiq edən tibbi arayışı tələb edilmiş, həmin arayışın olmamasını bildirdikdə isə qeydiyyat şöbəsindən atasına imtina məktubu verilərək, məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi müdafiə etdiyi ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, təhsil almasa da, evdə olduğu müddətdə anası Şahid4 ev işlərində köməklik etmiş, habelə 01 iyun 2005-ci il tarixdə doğulmasını böyüklərindən öyrənmişdir. Özündən əlavə evlənmiş iki böyük bacısı da vardır. Atası Şahid3 Siyəzən rayonunun Dərə Zarat kəndində heyvandarlıqla məşğul olsa da, anası Şahid4 hər hansı bir işlə məşğul olmamaqla yanaşı, işləmir. O, doğulduğu andan daim valideynlərinin yanında, Siyəzən rayonunun Dərə Zarat kəndində yaşamış, lakin doğum faktı müəyyən edilməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X4 ərizəni qəbul etdiklərini bildirərək, Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiklərini qeyd etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, o, 11 dekabr 1991-ci il tarixdə Şahid3lə nikahlarını rəsmiləşdirməklə evlənmiş, habelə bu nikahdan 01 iyun 2005ci il tarixdə, Siyəzən rayonunun Dərə Zarat kəndində, ev şəraitində Ərizəçi doğulmuş, əri Fəxrəddinin səhlənkarlığı səbəbindən Şəlaləyə doğum haqqında şəhadətnamə almamışlar. Bundan əlavə, Şəlalənin doğuşu zamanı qonşuları mərhum Minəbacı, eləcə də mərhum qaynanası Ruqiyyə də yanında olmuş, doğuşun gedişatında iştirak etmişlər. Eyni zamanda, Ərizəçi onun üçüncü uşağı olmaqla, sonuncudan əvvəl daha iki qız övladı doğulmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, qızı Ərizəçi 01 iyun 2005-ci il tarixdə, Siyəzən rayonunun Dərə Zarat kəndində, ev şəraitində doğulmuş, lakin, özünün səhlənkarlığı səbəbindən qızı Şəlaləyə doğum haqqında şəhadətnamə almamışlar. Əvvəllər həkimdən müvafiq sənəd ala bilsə də, bu sənədi də itirdiklərindən qızı Şəlalənin doğumunu təsdiqləyə bilməmişlər. Yaşadıqları Siyəzən rayonunun Dərə Zarat kəndində məktəb olmadığı, həmçinin ata-anası yaşlı olduqları üçün onlara qulluq edilməsi məqsədilə Şəlaləni, eləcə də digər qızlarını təhsildən kənarda qoymuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi 2005-ci ilin yay aylarında qonşuları Şahid3lə Şahid4 birgə nikahından doğulmuşdur. Özü birbaşa iştirak etməsə də, doğuşda qonşuları mərhum Minəbacı iştirakçı olmuş, habelə Şəlalə ev şəraitində doğulmaqla, o vaxtdan atası Fəxrəddin və anası Zəminə ilə Siyəzən rayonunun Dərə Zarat kəndində yaşamaqdadır. Bundan əlavə, Şəlalənin doğum haqqında şəhadətnaməsinin olmamasından hazırkı vaxta kimi məlumatı olmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən 01 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 343588 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid3 ilə X2 11 dekabr 1991-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 212 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Quliyeva" soyadı verilmişdir. İşdə olan Siyəzən RİHB-nin Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 oktyabr 2023-cü il tarixli, 127 nömrəli arayışından görünür ki, valideynlərinin dediyinə görə şəkildəki Ərizəçi Siyəzən rayonu Dərə Zarat kənd sakini Şahid3 ilə Şahid4 birgə nikahdan olan övladıdır. İşdə olan Maraqlı şəxs 20 iyul 2023-cü il tarixli, 130 nömrəli məktubundan görünür ki, doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün Şahid3 01 iyun 2005-ci il tarixdə doğulmuş qızının doğumunun qeydə alınması mümkün olmamış, habelə ona bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X7 25 dekabr 2023-cü il tarixli, 18-1- 69/2-Q-508-31-531/2023 saylı məktubundan görünür ki, Ərizəçi aid “doğum haqqında əvəzləmə kartası” xəstəxananın arxivində mövcud deyildir. Eyni zamanda, Ərizəçi doğumu haqqında tibb müəssisəsinə müraciət edilməsi və ambulator kartası tapılmamışdır. Ambulator kartaların saxlama müddəti 5 il olduğu üçün və Ərizəçi doğum tarixi 2005-ci il olduğundan saxlanma müddətini keçmişdir. İşin faktiki hallarından göründüyü kimi Şahid3 01 iyun 2005-ci il tarixdə doğulmuş qızının (Ərizəçi) doğum haqqında şəhadətnaməsinin alınması üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, lakin, uşağın doğum haqqında tibbi şəhadətnamə olmadığına görə onun müraciəti müsbət həll edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda, ərizəçinin atası tərəfdən tibbi şəhadətnamənin əldə edilməsi üçün müvafiq tibb müəssisəsinə müraciət edilməsinə baxmayaraq, oradan ərizəçiyə aid “doğum haqqında əvəzləmə kartası” xəstəxananın arxivində mövcud olmadığı bildirilmişdir. Beləliklə, ərizəçinin tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmadığına, eləcə də bu səbəblə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan qeydiyyat şöbəsi onun doğumunu qeydə almaqdan imtina etdiyinə görə ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə məcbur qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə belə qənaətə gəlir ki, 01 iyun 2005-ci il tarixdə doğulmuş qız cinsindən uşağın doğum faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmadığına və ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyinə görə onun bu hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 158-ci maddəsinin İ və İİ hissələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Sözügedən Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.1-ci bəndinin tələbinə görə doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu Qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il, 3 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iclasında proses iştirakçılarının izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Şahid3 ilə Şahid4 11 dekabr 1991-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, onların bu münasibətlərindən 01 iyun 2005-ci il tarixdə qız cinsindən övladları (ərizəçi) doğulmuşdur. Uşaq doğulduqdan sonra sağsalamatdır, sağlamdır və valideynləri ilə birgə yaşayır. Məhkəmə hesab edir ki, atası Şahid3, anası Şahid4 olan 01 iyun 2005-ci il tarixdə, Siyəzən rayonunun Dərə Zarat kəndində doğulmuş qız cinsindən olan uşağın (ərizəçinin) doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ərizə üzrə ödənilməli 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Atası Şahid3, anası Şahid4 olan 01 iyun 2005-ci il tarixdə, Siyəzən rayonunun Dərə Zarat kəndində doğulmuş qız cinsindən olan uşağın (ərizəçinin) doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilməli 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar